Həm cəllad, həm can Stalin
Rafael HÜSEYNOV
Akademik
Kitablar adamlar kimidir. İnsanlar kimi, onların da öz
taleyi var. Elə kitablar var ki, yaranırlar, sonra əsrlərcə
yaşayırlar, hər yeni zamanla müasir ola
bilirlər. Elə kitablar da var ki, yaranır,
müəyyən siyasətlərin, inzibati yönəltmələrin
sayəsində əl-əl gəzir, sanki hamı tərəfindən
oxunur. Amma qısa bir müddət
keçir, tarix süni şöhrət havasını
dağıdır, dünənəcən ətrafında
hay-küy səngiməyən kitabların hamısı dəbdən
düşür, unudulur, yaddan çıxır, qalır
tarixin dünənində.
Mənim ev kitabxanamda yaranacağını
düşündüyüm ayr-ayrı yazılarımın
xatirinə atmayıb saxladığım bir yığın
kitab var ki, onlar da vaxtilə həmin əl-əl gəzənlərdən
olubdur. Bunları oxuyurlarmış, bir-birinə
ötürürlərmiş, kitab dükanlarında, qiraətxanalarda
bu kitablar ən yuxarı başda, ən hörmətli yerdə
sıralanırmış. Bunlar Stalinin əsərləridir,
onun haqqında yazılmış - ömür yolunu, siyasətini
əks və mədh edən kitablardır. Zamanında bu
kitablar əsasında nə qədər kitablar yazılıb!
O kitablar da ölüb, bu kitablar da artıq dünənin
malıdır. Amma Stalin keçmişdə
qalsa da, bu gün də adı, onunla bağlı müəyyən
əhvalatlar, xatirələr yaşamaqdadır. Səbəbsiz deyil. Müxtəlif
əyyamların imperatorları, çarları, kralları,
şahları, sultanlarının biri müdrik olub, digəri
qaniçən, biri yüngülağıllı olub, obiri adil,
biri səxavətli, biri uzaqgörən, biri sözəuyan,
biri əhlikef - hər cürəsi olub. Amma onların
hamısını birləşdirən bir cəhət də
var: hakim-imütləq, küll-i ixtiyar sahibi olduqlarından əllərində
hüdudsuz hakimiyyət cəmlənib, talelərə, hərdənsə
lap tarixin gedişinə təsir göstərə biliblər.
Stalinsə məxsusən. O, Azərbaycanın
da tərkibinə daxil olduğu Sovet İttifaqına 29 il rəhbərlik edib. Amma hakimiyyət
taxtına qalxmasından xeyli əvvəl də gəncliyinin
xeyli ili Bakıda keçib.
Söz yox, sovet lideri kimi onun Azərbaycanın -
respublikanın və xalqın, ayrı-ayrı
insanlarımızın da həyatına ciddi təsirləri
olub. Qanlı sovet siyasi repressiyaları baş verib - bu da
dövlətin siyasi xəttini aparan birinci şəxs kimi ilk
növbədə Stalinin əməlidir, onun əlləri bu
gedişatda itirdiyimiz nəsil-nəsil qiymətli insanların
qanına da batıb. Amma onun bilavasitə təsiri
ilə Azərbaycanın bir çox insanları da
parlayıblar, ucalıblar, böyük uğurlara və
şöhrətə çatıblar, gözəl əsərlərinin
ortaya çıxmasına geniş yol açılıb.
Obiriləri deyəndə, bunları da yaddan
çıxarmamalıyıq.
İosif Stalinlə bağlı, onun həyatının
Bakı dövrü ilə əlaqədar əhvalatlar
çoxdur və onların bir çoxu haqqında mən
müxtəlif illərdə ayrı-ayrı görkəmli
şəxsiyyətlərdən - ya şəxsən onu
görmüş insanlardan, ya da ən yaxın qaynaqdan bu əhvalatı
bilən insanlardan eşitmişəm.
Və həmin Stalin hekayətlərinin bəziləri sənədləşsin
deyə lentə almışam, bəzilərini qeyd dəftərlərində
əks etdirmişəm, hansılarısa çoxlarına bəlli
olduğu üçün elə mən də yadda
saxlamışam.İstəyirəm ki, illərcə topladığım
o tarix tikələri unudulmasın. Çünki bunlar bir
tərəfdən məşhur bir tarixi simanın portretini
tamamlayan cizgilərdir, digər yandan Azərbaycan tarixinin
unudulmuş qəlpələridir. Həm də bunlar eyni
zamanda Azərbaycan tarixində həmişəlik qalacaq şəxsiyyətlərin
ömürlərinin az adama məlum həyəcanlı,
bəzənsə müqəddəratla bağlı vacib
parçalarıdır. Bu ömür dəqiqələrini
diriltməkdə məqsədim o deyil ki, Stalini ya indiyədək
göründüyündən daha parlaq, ya
tanıdığımızdan bir az da
tünd boyalarla göstərim. Tarixin münsiflik aynası həmişə
daha insaflı, daha dəqiqdir - ağı ağ
göstərir, qaranı qara. Zaman ötüb
keçəndən sonra sən köhnə yaddaşla daha
heç nəyi dəyişə bilməzsən. Olmuşlar vaxt sovuşduqca durulaşacaq,
aydınlaşacaq, nə var, olduğu kimi görünəcək.
Amma həmin əhvalatlar ki çoxu unuduluşa məhkumdur və
yaddan çıxmamasını, hafizələrdə
qalmasını umuram, onların müstəvisində tariximizi
də, tariximizlə ayrılmazlaşmış misilsiz şəxsiyyətlərimizi
də bir az da düzgün seyr və dərk
etmək mümkündür.
Azərbaycanda Stalin haqqında çoxlu şeirlər
yazılıb, nəğmələr bəstələnib, rəsm
əsərləri çəkilib, bütün Azərbaycan
boyu onun abidələri ucalıb. Necə ki,
bütün Sovet İttifaqı boyu eyni işlər
görülüb.
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində iri həcmli bir tablo qorunur. Nizami Gəncəviyə
həsr edilmiş mərasim keçirilir, Azərbaycanın ən
seçkin alimlərindən biri kürsüyə qalxır, ən
seçkin alimlərin neçəsi rəyasət heyətindədir
və yuxarı başda Stalinin portreti. Stalin
orada yalnız şəkil olaraq görünmür. Stalin
o hadisələrə də, o alimlərin həyatına da, Azərbaycan
gerçəkliyinə də hər an təsir
göstərmək imkanında olan və təsir göstərmiş
şəxsiyyətdir.
Vaxtilə bu muzeydə də, elə digər muzey və
qalereyalarda da Stalinli rəsmlər, təbii ki, çoxmuş. 1950-ci illərin
ikinci yarısında, Kremlin şəxsiyyətə pərəstişin
mənfi nəticələrini aradan qaldırmaq adı ilə
apardığı antistalinist cərəyan zamanı bir
çoxu sənət baxımından da yüksək dəyərə
malik həmin əsərlərin, demək olar ki, hamısı
məhv edilib. Elə həmin tablo ki,
haqqında bəhs edirəm, o da ləğv edilməsi qərara
alınmış və siyahılardan silinmiş əsərlər
qəbilindəndir. Ancaq Nizami muzeyini
1990-cı illərin ortalarında yenidən qururkən mən
həmin əsəri bərpa etdirdim, pasportlaşdırdıq
və heç kəsin görmədiyi saxlanca qoymadıq,
ekspozisiyaya da çıxardıq. Tarixi necə
ötr-basdır etmək olar!
Böyük xalçaçımız və
xalçaşünaslıq elmimizin banisi Lətif Kərimov
söyləyirdi (və fotosunu da mənə göstərmişdi)
ki, sovet dövründə Azərbaycanın ən nüfuzlu mədəniyyət
ocağı hesab edilən Lenin muzeyində (indiki Muzey Mərkəzi)
onun toxuduğu iri bir xalça asılıbmış. Həmin
xalçanı tələbəlik illərimdə mən də
görmüşdüm. Muzeyə daxil olan
kimi ekspozisiyanın ən gözəgəlimli yerində
tamaşaçını üstündə Leninin portreti olan
çox iri və çox da nəfis bir Azərbaycan xalçası
qarşılayırdı. Amma Lətif
müəllimin mənə göstərdiyi fotoda xalça həmin
xalça olsa da, üstündə bir deyil, iki surət
vardı - Leninlə Stalin yanaşı idilər. Lətif
müəllim danışırdı ki, Stalin vurulub adı hər
yerdən silinməyə başladığı günlərdə
məni bir axşam Mərkəzi Komitəyə
çağırıb qəti tapşırıq verdilər
ki, get təcili o xalçanı dəyiş, Stalinin şəkilni
çıxart, Lenin tək qalsın, ləngimə, bir-iki
günə hazır olsun. Deyir, qayıtdım ki, nə bir-iki
gün, bu, heç bir-iki aya başa gələsi iş deyil. Bu, kətan üzərində çəkilmiş
portret deyil ki, pozub təzədən çəkəsən.
O portretlər bütün xalça ilə bərabər, ilmə-ilmə
toxunub, qayçı götürüb kəsmək də
mümkün deyil, bütün xalça dağılacaq. Təkid
etdilər ki, bilmirik, get düzəlt.
İşin
mahiyyətindən xəbərsizə, xalçanın nə
olduğunu bilməyənə lap yüz kərə söylə,
ha izah et, anlamayacaq ki! O nə başa
düşsün ki, lap Stalinin şəklini oradan söküb
çıxarsan da, Lenini bir az sağa
çəkmək mümkün olmayacaq, onu da hökmən təzədən
toxumalı, kompozisiyaya uyğunlaşdırmalısan.
Lətif müəllim danışırdı ki, bir dəstə
mahir xalçaçı qadını topladım, özüm
də onlarla birgə gecə-gündüz bilmədən həftələrlə
çalışdıq, mümkünsüz bir işi yerinə
yetirdik. Mərkəzi Komitədən gəlib baxdılar,
dedilər ki, bəs deyirdin alınmaz, müqavimət göstərirdin,
sadə bir işmiş, görürsən, təzyiq göstərilincə
qısa müddətə həll elədin.
"Sağ
ol!" əvəzinə "Bir də belə
intizamsızlıqlar eləmə" deyib hədələyərək
gedirlər.
Lətif
müəllim zarafatla deyirdi ki, mən köməkçilərimlə
bu xalçanı toxumağa başlayanda da, bundan əvvəl
Stalinə həsr edilən, onun 70 illiyi münasibətilə
xalçanı toxumaq ərəfəsində də həm lap
az vaxt qoymuşdular, həm də hərbə-zorba gəlmişdilər
ki, Stalini yaxşı oxşada bilməsən, bəyənilməsə,
cəzalanacaqsan, ona görə dəbiz Stalinin tək
olduğu xalçanı toxuyanda təkcə onun sifətindəki
cizgiləri, rəng keçidlərini effektli verməkçün
210 müxtəlif çalarlı sapdan istifadə etmişdik. Sonra Leninlə Stalinin qoşa olduğu xalçadan
Stalini söküb çıxarmaq məsələsi ortaya gələndə
də yenə mənə bərk təpindilər. Toxuyanda elə, sökəndə də belə.
Bunlar Stalinin özünün üzündən
idi. Harada adı vardısa, orada bir zəhm,
təhlükə də hökmən vardı. Hərçənd
Lətif müəllim bunu da danışırdı ki,
Kişinin 70 illiyinə toxuduqları həmin nəhəng və
Kremldə də çox bəyənilmiş xalça onu da,
köməkçisi xalçaçı xanımları da o
vaxt mümkün repressiyaladan da qorumuşdu.
...Stalinin
vəfatından qırx-əlli il ötəndən
sonra onun haqqında saysız məqalələr, çoxlu
kitablar yazılıb. Hansısa yazıda onu mənfi,
hansısa yazılarda daha müsbət nə şəkildəsə
dəyişmək, onu daha mənfi, ya daha müsbət təqdim
etmək, bəlli təsəvvürləri dəyişmək
niyyəti daşımır. Oxucu
özü nəticə çıxarsın. Mən nə "yaxşıdır", nə
"pisdir" deyirəm. Bu əhvalatlarla
o həqiqəti çatdırıram ki, Stalin həm də
budur. Olub keçənlər özləri
söyləyir ki, bu insanın hər halda silinməz izi var,
tarixdə və ömürlərdə dərin təsiri olub.
Şəxsiyyətlərin tarixdəki yerini biz
heç zaman öz iradəmizlə nə silə, nə
arıtlaya, nə əlvan boyaya bilərik. Tarix bütün acısı və şiriniylə
özüdür, toxunulmaz, müdaxiləedilməz Əlahəzrət
Tarix olduğu kimi yazılmalı, bütün doğru
ayrıntıları ilə bəyan edilməlidir.
...Üzeyir
bəyin hər əsəri sevimlidir, amma "Arşın mal alan"ın yeri məxsusidir.
"Arşın mal alan"a Üzeyir bəyin
bütün digər əsərlərindən daha artıq
şöhrət nəsib oldu. Bu əsər 70-ə
yaxın dilə tərcümə edildi, dünyanın 50
ölkəsinə gedib çıxdı, 150-dən artıq səhnədə
tamaşaçı ilə görüşdü. Amma
"Arşın mal alan" filminin
şöhrət dalğası, əlbəttə ki, daha
geniş idi. İlk dəfə bu əsər 1916-cı ildə
ekranlaşdırılmış, ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı
"Forum" kinoteatrında göstərilmişdi. "Filma" Səhmdar Cəmiyyətinin
istehsalı olan bu tammetrajlı filmi rejissor Boris Svetlov çəkmişdi
və kino hələ lal idi. Əsgər
rolunda Hüseynqulu Sarabski çəkilmiş, Süleymanı
Mirzağa Əliyev oynamışdı. Bu
filmdə çəkilmişlərin hamısı o
dövrün məşhur səhnə xadimləri idi. Əhməd Ağdamski, Ələkbər
Hüseynzadə, Yunis Nərimanov, Mirzağa Əliyev,
Aleksandra və Yeva Olenskayalar, Hənəfi Terequlov. Azərbaycan səssiz kinonu səsli etməyin də
yolunu tapıbmış. Hüseynqulu
Sarabski Əsgərin, Əhməd Ağdamski
Gülçöhrənin parçalarını film getdikcə
elə pərdə arxasından canlı oxuyurmuşlar.
20 il ötür, artıq gerçəkdən
səsli olan təzə "Arşın mal alan" filmi
çəkilir. Ancaq ekrana çıxan bu film
oğurluq idi. 1937-ci ildə bizdən xəbərsiz
Amerikada bu ağ-qara lenti "Marana Films" studiyası
çəkmişdi. Hadisə
Şuşada cərəyan edirdi. Hadisələr
Üzeyir bəy necə yazıbsa, o cür, musiqi Üzeyir bəy
nə təhər bəstələyibsə, həmin sayaq.
Ancaq titrlərdə onun adından əsər-əlamət
yox. Filmin rejissoru da, prodüseri də, Əsgər
rolunun ifaçısı da eyni adam idi -
Setraq Vartyan. Titrlərdə bir-bir bütün
iştirakçıların adları gedirdi: Lüiza Barsamyan
-Gülçöhrə, Ruben Stepanyan - Süleyman, Bart Ankin -
Asya, Setraq Zurabyan - Sultan bəy, Qayuş Sinko - Xala, Vram Sakayan
- Vəli, Maşa Zubaryan - Telli. Əsərin əsl
sahibindən savayı, hər kəsin adı göz
qabağında. Və nə yaxşı
ki, həmin film gəlib çıxır İrana. Bu əhvalatısa mənə artıq unudulmaz
rejissorumuz, Xalq artisti Şəmsi Bədəlbəyli
danışırdı. 1942-ci ildə İrandaymış,
bir axşam Tehranda afişalardan "Arşın mal alan" filminin göstəriləcəyi
sorağını alınca dostlarla yollanırlar kinoteatra. Şəmsi baxır ki, elə filmin nümayişi
başlanınca kadrlarda əsl müəllif əvəzinə
"Şərq əfsanəsi əsasında tərtib
edilmişdir" sözləri göründü. Axıracan da Üzeyir bəyin adı titrlərdə
görünmədi. Yəni bu filmin
başdan-sonacan mənimsəmə olması
açıq-aşkar idi. Şəmsi müəllim
deyirdi ki, Bakıya qayıdınca bununla bağlı Mircəfər
Bağırova müraciət etdim, o da tapşırıq verdi ki, bütün bunları təfsilatı
ilə yaz.
Şəmsi yazır, bu məktub əsasında Bakı
Moskvaya - Stalinə müraciət edir, o da lazımi göstərişlərini
verir. Az sonra
ovaxtkı SSRİ xarici işlər naziri Vyaçeslav Molotov
Üzeyir bəyə telefon açır, bildirir ki, bizim Amerika
ilə müəllif hüquqlarının qorunması ilə
bağlı müqaviləmiz yoxdur, sizi müdafiə edə
bilməyəcəyik. Ancaq Üzeyir bəyin köməkçisi
olmuş Ramazan Xəlilovun söyləməsincə, Molotovun
ardınca Sovet İttifaqının Kinematoqrafiya İşləri
üzrə Komitəsinin sədri İvan Bolşakov zəng
vurur, çatdırır ki, yoldaş Stalin tapşırdı
sizinlə əlaqə saxlayım, göstəriş verib ki,
bir halda bu əsərin müəllif hüquqlarını
qorumaq imkanımız yoxdur, onda özümüz təzə
"Arşın mal alan" filmi çəkək.
Və
1945-ci ildə lentə alınan, sonra dünya ekranını fəth
edən "Arşın mal alan" beləcə
yaranır. Amma... Filmin böyük ekrana
çıxması astanasında yox yerdən ortalığa təzə
bir əmma pırtlayıb çıxır. Moskvada
"Arşın mal alan"ın ilk
sınaq baxışı keçiriləcək, bədii
şura filmə qiymətini verib qəbul etməlidir. Münsiflər görkəmli sənətkarlardır
- Sergey Eyzenşteyn, Mixail Romm, Sergey Gerasimov və neçə-neçə
başqaları. Film gedir, sonra müzakirələr
başlanır. Çıxış edənlərdən
bəziləri o dövr üçün hətta bədii məziyyətlərdən
də artıq əhəmiyyət verilən ideya-məzmun məsələsinə
diqqət yönəldir, dodaq büzürlər ki, belə
film bizə lazımdırmı, bu kinolent başdan-ayağa
keçmiş həyatın tərənnümüdür,
xalqa bu gün sovet gerçəkliyini,
quruculuqlarımızı tərənnüm edən əsərlər
lazımdır.
Siyasi damğa vurulmuşdu və artıq filmin ekrana
yolunun açılması böyük sual altında idi. Lakin "Arşın mal alan"ın və Üzeyir bəyin bəxti
onda gətirir ki, Stalin özü filmə baxır. Sadəcə
bəyənmir, hələ özünün Bakı illərindən
tanış olduğu və sevdiyi
"Arşın mal alan" operettasının ekran təcəssümü
ona ləzzət edir və Stalin heyranlığını sadəcə
sözlə deyil, o çağ üçün SSRİ-də
ən ali sayılan mükafatla ifadə edir. 1946-cı ildə
bəstəkar Üzeyir Hacıbəyova, rejissor Rza Təhmasibə,
əsas rolları ifa etmiş Rəşid Behbudova, Leyla Bədirbəyliyə,
Münəvvər Kələntərliyə, Lütfəli
Abdullayevə və Ələkbər Hüseynzadəyə
"Stalin" mükafatı verilir.
Çox keçmir ki, bu film Sovet İttifaqını da
fəth edir, ayağı dünya ekranlarına da
açılır.
Stalinin Bakı dövrü ilə bağlı daha bir
maraqlı əhvalatı mənə XX əsrin əvvəllərinin
məşhur milyonçusu Musa Nağıyevin ailə üzvləri
nağıl ediblər. Bakıdakı siyasi fəaliyyətləri ilə əlaqədar
olaraq maddi məsrəflərini ödəmək
üçün Stalin və silahdaşları lazım gələndə
bank da yarırmış, ayrı-ayrı zənginləri girov
götürərək onlardan pul da
çırpışdırırmış. Növbəti
şikara çevrilən milyonçu Musa Nağıyev olur.
Saxlayırlar və hökmlə tələb
edirlər, 500 manat verməlisən. 500
manat da o vaxt üçün bütöv var-dövlət idi.
Musa Nağıyev bir tərəfdən Bakıda bir-birindən
gözəl 100 imarət tikdirərək buranı Avropanın
ən cazibədar şəhərlərindən birinə
çevirməyi qət etmiş yetərincə səxavətli,
o biri yandan da qəpiyinin üstündə əsən qədər
xəsis görünən bir qəribə adammış. Ondan pul tələb edənlərə deyir ki, məndə
500 manat nə gəzir, uzaqbaşı 100 verə bilərəm.
Bunlar inad edir ki, istədiyimizi verməsən,
onda səni öldürərik. Bu da
tövrünü pozmadan rişxəndlə dillənir ki,
öldürürsünüz öldürün, onda heç
100 manat da olmayacaq. Belə olanda
Ağamusanı götürüb aparırlar dəstəbaşının
yanına. Aparırlar və içəri girən kimi
Nağıyevlə dəstəbaşı tanış
çıxırlar, mehribancasına görüşürlər
və milyonçu ərklə qayıdır ki, ay Koba, bu nə
işdir mənim başıma gətirmisən?
"Koba" Stalinin təxəllüsü idi,
cavanlıq illərində inqilabçı olaraq bu ləqəblə
məşhur idi və bu adı da Gürcüstanın məşhur
yazıçısı Kazbeginin "Ata qatili"
romanından götürmüşdü. O əsərdə Koba
çarizmə qarşı xalq hərəkatına rəhbərlik
edən el igidi kimi təsvir edilirdi.
Koba üzrxahlıq edir ki, tanımayıblar sizi, diqqətsizlik
göstəriblər. Amma bilirsiniz də, bizim işlərimiz elədir
ki, maddi ehtiyacımız çoxdur. Musa Nağıyev ərklə
deyir: "Əşi, ehtiyacın var, xəbər göndərəydin,
mən də biləydim sənə lazımdır, nə qədər
gərəkdir yollayardım".
Milyonçunu gətirənlər faytonla aparıb
qoyurlar evinə. Sabahısı günsə Musa Nağıyev tələb
olunan məbləğdən bir az da
artığını Kobaya çatdırır. Və ailə üzvləri - nəvə-nəticələri
mənə söyləyirlər ki, bu hadisənin
üstündən iki gün də keçir. Səhər obaşdandan qapı döyülür.
Enib açırlar. Görürlər
ki, aşağıda iki hambal dayanıb, yanlarında da iri
royal. Soruşurlar ki, bu nədir?
Hamballarla gələn adam deyir ki, bəs
bunu Koba göndərib. Təşəkkür eləyir
ki, ağa bizə çox köməklik göstərdi, bu da
bizim kiçik hədiyyəmizdir.
...Bir millətin
tarixində və taleyində istiqlaldan və dövlət
müstəqilliyindən şirin hansı nemət var ki! Azərbaycan 1918-ci ilin 28 Mayında dövlət
müstəqilliyini qazandı, istiqlalını elan etdi. Amma nə acı ki, bu istiqlal çox
yaşamadı. 1920-ci ilin 28 aprelində
bolşeviklər gəldi, dövlət müstəqilliyimizi
beşikdəcə boğdular. Təbii ki,
bolşevizmin öndəgedənlərindən olan İosif
Stalinin bu qəsddə birbaşa payı vardı. Amma şəklin başqa tərəfi də var. Ona
da göz qapamayaq. Məhəmməd
Əmin Rəsulzadə istiqlalımızın qurucularından
idi. Və Dövlət Təhlükəsizlik
Komitəsinin arxivində şahid sənədlər qalır.
Artıq Məhəmməd Əmin Rəsulzadənin
güllələnməsi haqqında cəllad Pankratov əmr
imzalayıb. Həmin əmrin əslini mən
illər öncə "Söz heykəli" kitabımda
çap etmişəm. Hökmün
icrası bir-iki saatın işidir. Rəsulzadə
kiçik kağız parçasında məktub yazır,
rica edir ki, Stalinə çatdırsınlar. Dəmiryol vağzalındakı xüsusi vaqonda
Stalinin qərargahı yerləşmişdi. Məktubu ünvanına çatdırmamağa cəsarət
etmirlər. Stalin özü durub gəlir həbsxanaya.
Haqqında ölüm hökmü
çıxarılmış dustağı həbsxanadan
götürərək özü ilə aparmaq istəyir.
Rəsulzadə "Tək deyiləm" deyir.
Stalin digər iki nəfəri də alıb
gedir.
Öz vaqonunda Rəsulzadəni Moskvaya aparır, orada onu
işə də düzəldir və başqa təkliflər
də edir.
Bunu artıq illər sonra Rəsulzadə özü
yazırdı ki, Stalin mənə dedi ki, ya qal burada işlə,
mənimlə həmkar ol, silahdaş olaq, ya da istəsən,
mühacirətə də gedə bilərsən.
1922-ci illərin sonlarında Məhəmməd Əmin Rəsulzadə
Sovet İttifaqından birdəfəlik getdi. Qürbətdə
onillərcə yaşadı, bir-birindən dəyərli əsərlər
yazdı, mühacirətdə istiqlal düşüncəsini
sönməyə qoymadı, misilsiz bir vətənsevərlik
və mübarizə irsi doğurdu. Buna
görə biz ona həmişə minnətdarıq. Amma Rəsulzadə 1920-21-ci illərdə məhv
olub gedə bilərdi, Stalinin bu xilaskarlığı
olmasaydı, o, artıq ölümlə göz-gözə
idi.
1923-cü ilin yanvarında artıq Türkiyədə
özünə ilkin şəraiti düzəldərək
nisbətən toxtamış Rəsulzadə Stalinə məktub
göndərmişdi. Yazırdı ki, mən siyasi əqidəmdə
qalmaqla yanaşı, sizə olan dostluğumda da sadiqəm.
Mənə etdiyiniz yaxşılığın əvəzini
çıxmağa da hazıram.
Stalinin Rəsulzadə ilə
yaxınlığının, dostluğunun yaşı uzun
idi. Rəsulzadənin də daha əvvəllər Stalinə
ən dar macalda nicat verdiyi, onu böyük təhlükələrdən
çıxardığı olmuşdu.
Ancaq bu məsələnin
bir başqa ilginc tərəfi də var. Stalinin Rəsulzadəni
ölümdən qurtarması bir yana,
axı Məhəmməd Əminin həyatı mühacirətdə
də qəfilcə bitə bilərdi. Azı
Trotskinin, ya elə özümüzünkülərdən
mayor Fətəlibəyli-Düdənginskinin ki KQB casusları
tərəfindən xaricdə xüsusi amansızlıqla qətlə
yetirilmələrinin təfərrüatları sirr deyil.
Bütün bunlar mühacirətin Rəsulzadə
kimi önəmli simasının qarşısına
çıxmadısa, yenə səbəb Stalinin üzdən
görünməyən örtülü qoruyuculuğudur.
Üç on ilə sığan bir müddətdə Rəsulzadənin
işığı gəldisə, buna görə Stalinə
bir qaibanə təşəkkür borcumuz da var.
1953-cü
ilin martına - Stalinin vəfatınadək
Rəsulzadə onun haqqında kəskin mənfi fikirlər
söyləmir. Yalnız Stalinin vəfatından az sonra "Azadlıq" radiosundan 28 May
münasibətilə səslənən (və lent
yazısı da qalan) bayram təbriki və müraciətində
Rəsulzadə Stalinin də adını çəkirdi:
"Rusiyadan ayrılmanın bir irtica, başqalarından
ayrılmanın bir inqilab olduğunu söyləyən sovet
diktatoru Stalin ölmüşdür. Amma onun
sistemi - stalinizm ayaqdadır. Bu sistem gün
keçdikcə dünya həqiqətləri ilə daha
çox qarşılaşmaqda, haqq ilə batil, yalanla
doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət
parıldayacaq. Azadlıq əsasını,
birləşmiş millətlər prinsipini və insan
haqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət günəşi bütün istibdad
zülmü altında inləyən vətənimizdə
1918-ci il 28 Mayıs kimi yenidən
doğacaqdır. Buna qətiyyən şübhə
etməyiniz, vətəndaşlar".
...1930-cu
illər Azərbaycanın həyatında həm fərəhli,
həm də narahat illər idi. Ruh yüksəkliyi
ilə daşan illərdi, ona görə ki, ədəbiyyatda,
mədəniyyətdə bir-birinin ardınca əks-sədalı
dəyərli əsərlər ortaya çıxırdı,
istedadlı yaradıcıların bolluğu idi. Amma həm də nigaran, sıxıntılı tarix
kəsiyi idi, ona görə ki, 1930-cu illərdə artıq
siyasi repressiya burulğanları müdhiş dalğalara
çevrilərək üzə çıxmağa, bir-bir
qurbanlarını aparmağa başlamışdı. Həmin şiddətlənən dalğaların
uzaq olmayan günlərin birində görkəmli aktyor və
müğənni Hüseynqulu Sarabskini də udacağı sadəcə
ehtimal deyil, artıq həniri duyulan qaçılmaz təhlükə
idi.
O həyəcanlı,
sarsıntılı günlərin ovqatını mənə
qorxunc ayrıntıları ilə 1980-ci illərin lap
başlanğıcında Hüseynqulu Sarabskinin oğlu,
teatrşünas alim Azər Sarabski danışırdı (Və
söhbətlərini də o çağlar tarixləşdirmiş,
sənədləşdirmişəm, o müsahibələrin
də əlavə edildiyi verilişlərim Azərbaycan
Radiosunun səs xəzinəsində və Dövlət Səs
Yazıları Arxivində qorunmaqdadır). Azər
müəllim söyləyirdi ki, xüsusən 1937-ci ildə
Hüseynqulu Sarabski çox narahat imiş. Artıq
aşkar hiss edirmiş ki, nəzarət altındadır.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı
və Mədəniyyəti Ongünlüyünə Sarabskinin
baş rolda oynadığı "Leyli və Məcnun"un
aparılmaması da ona ağır təsir edib ümidlərini
qırıbmış. Ongünlükdə iki
yeni opera - Üzeyir bəyin "Koroğlu"su,
Müslüm bəyin "Nərgiz"i təqdim ediləcəkdi.
Amma Hüseynqulu Sarabski müğənniliyi,
aktyorluğundan əlavə püxtə etnoqraf idi, yaxşı
əl qabiliyyəti də vardı, müxtəlif maketlər
düzəltməkdə, ekspozisiyalar qurmaqda mahir idi və
dekadaya gedən heyətə hər halda onun da adını
daxil etmişdilər - Azərbaycan sərgisinin tərtibçisi
kimi.
Dekada müvəffəqiyyətlə yekunlaşır, səfərin
sonuncu günündə təntənəli ziyafətdən
öncə Azərbaycan Kommunist Partiyasının rəhbəri
Mircəfər Bağırov ongünlükdə məharətini
göstərmiş əsas aktyor və müğənniləri
bir-bir Stalinə təqdim edir. Növbə gəlib
çatır Sarabskiyə. Hüseynqulu
Sarabskini Stalinə təqdim edən Bağırov "Agto
pioner naşey operı - pervıy ispolnitelğ roli Medjnuna
Sarabskiy" deyir, yəni "Bu da bizim operanın pioneri, Məcnun
rolunun birinci ifasıçısı Sarabskidir".
Stalin
Sarabskiyə zənnlə baxır və soruşur ki:
"Vaşa familiə ne Rzaev? - "Sizin familiyanız Rzayev
deyilmi?"
Hüseynqulu Sarabski bu əhvalatı oğlu Azərə
danışanda deyibmiş ki, Stalin belə soruşanda ürəyim
düşdü. Çünki 1908-ci ildən etibarən, "Leyli və
Məcnun"dakı ilk çıxışımdan bəri,
əslinə baxsan, hələ ondan da bir az
əvvəldən mən "Sarabski" sözünü
özümə səhnə təxəllüsü
götürmüşdüm. Çox adam,
hətta yaxınlarım mənim "Rzayev" olduğumu ya
unutmuşdu, ya bilmirdi.
"Fikirləşdim ki, əgər Stalin mənim əsl
familiyamı bilirsə, demək, haqqımda cinayət işi
açılıb, təbii ki, orada tərcümeyi-halımla
bağlı hər şey yazılıb, bu da oradan bilir. Demək,
tutulmağım bugün-sabahlıqdır".
Stalin adətən bir sual verəndən, ya hansısa
mühüm mətləbi dilə gətirəndən sonra
pauza edərmiş və bir neçə saniyəlik bu nəfəsdərmə
həmsöhbətə saat qədər uzun,
üzüntülü gələrmiş.
Sarabski də
yada salırmış ki, Stalinin sualı verəndən
sonrakı pauzası mənə il qədər
uzun gəldi, gedib o dünyanı görüb qayıtdım.
Stalin bir az da susandan sonra deyir: "Ə pomnö vas,
vı peli baətı na poxoronax Xanlara" - "Siz mənim
xatirimdəsiniz, Xanların dəfnində bayatı
oxuyurdunuz".
Həmin əhvalatsa 1907-ci ildə baş vermişdi. Təsəvvür edin, gənc
inqilabçı Xanlar Səfərəliyevin
ölümündən 31 il keçirdi
(Xanlarla Stalin yaxın dost olmuşdular, XX əsrin əvvəllərində
Bakıda müştərək inqilabi fəaliyyətdə
idilər. Onların bu ülfəti Səməd
Vurğunun vaxtilə Bakıda Milli Dram Teatrının səhnəsindən
düşməyən "Xanlar" pyesində şairanə
dillə təsvir edilib). O çağın mətbuatından
da bəlli olur ki, Xanların dəfni çoxminli izdihamla
müşayiət edilibmiş. Əslində
Stalin və məsləkdaşları bu dəfn mərasimini də
bir siyasi məzmunlu mərasimə çevirməyi
bacarmışdılar. Bu hadisə baş verib 1907-ci il sentyabrın 26-da.
Gedib Bibiheybət səmtində, dağ döşündəki
həmin məzara baxmışam və getməkdə məqsədim
bolşevik Xanların qəbrini ziyarət etmək yox, o məzarın
yanındakı bir başqa Stalin izini görmək idi. Bakını
Stalin üçün əziz edən xatirələrdən
biri də erkən itirdiyi sevgilisi - Polşa əsilzadəsi,
Xanlardan altı-yeddi ay sonra vərəmdən vəfat edərək
onunla yanaşı basdırılan Sofia Leonardovna Petrovskaya idi.
Yəni Bakı, özünün də etiraf etdiyi kimi, Stalini
nostaljili cazibəsi ilə həmişə çəkirmiş).
Rəhmətlik
Azər Sarabski deyirdi ki, atam həmişə "Bayatı
kürd"ü özünün xilaskarı
adlandırır, söyləyirmiş ki, vaxtilə
ölünün dəfnində oxuduğum bir parça muğam
özümü ölümdən qurtardı, Bakıya
qayıdandan sonraaçıqda bir söz deyilməsə də,
hiss etdim ki, mənə münasibət dəyişilib, ətrafımda
dolaşan qara buludlar qısa bir zaman içərisində
dağıldı.
Azər Sarabski bir başqa əhvalatı da nağıl
edirdi. Deyir, bir gün Bakı kəndlərindən
atamın köhnə dostlarından biri evimizə gəldi.
Əvvəl xeyli üzrxahlıq elədi ki, məni
dəvətsiz təşrif gətirdiyimə görə
qınamayın, naçaram, vəziyyət məcbur edib, gəlmişəm,
məncə, tutulhatutuldayam.
Qonaq çıxarıb masanın üstünə bir
köhnə fotoşəkil qoyur ki, Sonqulu, bir bu ortadakına
fikir ver, onu cavan Stalinə oxşadıram. Sonra da
danışır ki, bizim kənddə bir inqilabçı
cavan vardı, atam da ağır seyid idi. Bir gecə həmin
bolşevik qapımızı döydü, atamdan xahiş etdi
ki, bir gürcü dostum var, təvəqqe edirəm ki, iki
gün sizin evdə qalsın, onu hökumət axtarır, bəlkə
bizim kəndə də gəldilər, ancaq sizdən
şübhələnməzlər, məhlənizə gəlməzlər,
rəva görməyin qonağım ələ keçsin. Həmin
adam iki gün bizdə gecələdi,
üçüncü gün səhər bolşevik həmkəndlimiz
bir neçə dostu ilə gəldi, nəsə sənəd
düzəlməli idi deyə özləri ilə fotoqraf da gətirmişdilər,
o da aparatının üçayağını qurdu, əvvəlcə
həmin qonağı tək, sonra hamımızı bir yerdə
çəkdi. Xeyli sonralar həmin
inqilabçı kəndçimiz o şəkildən birini
heç kəsə göstərməmək şərti ilə
atama bağışlamışdı. İndi
baxıram o şəklə, həmin bizdə gizlənmiş
o gürcü qonağı Stalinə yaman oxşadıram.
Sən təcrübəli adamsan, Sonqulu, məsləhətə
gəlmişəm, ürəyimdən keçir dərdimi də
yazım, bu şəkli də qoyum üstünə, Stalinə
məktub yollayım.
Sarabski də fotoya diqqətlə baxır, yaz göndər
deyir.
Azər
müəllim xatırlayırdı ki, bir neçə ay sonra
həmin adam bizə təzədən gəldi.
Dedi ki, məktubu göndərdim Kremlə, Stalinin adına, doğrudur, heç bir cavab gəlmədi,
ancaq nədirsə, məndən də əl çəkdilər,
daha incidib-edən yoxdur...
...1908-ci
ildən ta 1920-ci ilə qədər Üzeyir bəy məhsuldardır,
ilhamla, işləmək şövqü ilə doludur. Hər
il qəzet-jurnalda neçə sanballı məqaləsi
çıxır, yeni mahnılar, romanslar yazır, köhnələr
öz yerində, amma təqribən hər il təzə bir
operası, operettası səhnədədir, di gəl, 1920-ci
ilin apreli yetişir, istiqlalımız əldən gedir,
Cümhuriyyət devrilir, Şura hökumətinin
dövranı başlanır. 1920-ci illərdən
ta 1938-dək olan zamansa Üzeyir bəyin həyatındakı
ən səksəkəli zolaqdır. Üzeyir
bəy Azərbaycan Xalq Cümhuriyyəti ilə yüz tellə
bağlı idi, himni bəstələmişdi. "Azərbaycan"
qəzetinin redaktoru olmuşdu, qardaşı Ceyhun sabiq
hökumətin təmsilçisi olaraq Parisə gedib orada
qalmışdı, siyasi mühacir idi və bütün
bunların üstündə Üzeyir bəy oğlu idi, hər
kəsin hörmət bəslədiyi nüfuzlu şəxsiyyət,
ardınca kütlələr düşə bilən nüfuz
sahibi idi. Bioqrafiyasındakı bu və buna bənzər
çox məziyyətlər onun əziyyətə
düçar olmalılar sırasında önə
çıxmasına, yubatmadan repressiyaya
uğradılmalılar siyahısında yer almasına sadəcə
heyanların gümanlar deyil, qəti inam yaradırdı.
Və Üzeyir bəy istənilən kəlməsindən
yapışıla bilinəcək sözlü əsərlər
yazmaqdan çəkinirdi. Qələm
sözünə baxmır. 1920-ci ildən
etibarən 1930-cu illərin ortalarına qədər, demək
olar, yeni musiqi əsərləri, məqalələr ortaya
çıxmır. Həmin dövrdə əsasən
nəzəriyyə ilə məşğul olur, konservatoriyada
oxuduğu mühazirələrin mətnlərindən ibarət
"Azərbaycan xalq musiqisinin əsasları"
kitabını hazırlayır. Ancaq 1930-cu
illərin ortalarında günlərin birində onu xalq maarif
komissarı Mustafa Quliyev dəvət edir. Mustafa
Quliyevi müəyyən ifratçı, proletkultçuluq təəssüratı
oyadan baxışları və hərəkətlərinə
görə ən müxtəlif yazılarda tənqid etsək
də, onun oçağkı millətə xeyir əməlləri
də görməzliyə vurulmamalıdır. Elə biri Üzeyir bəylə olan bu söhbəti
- çağırır və deyir ki, siz elə bir əsər
yazın, orada azadlıq uğrunda mübarizə olsun, inqilabi
mövzu əksini tapsın. Üzeyir bəy də
qayıdır ki, elə bir opera başlamışam, "Dəmirçi
Gavə"ni yazıram.
"Dəmirçi
Gavə" də İran şairi Əbülqasım
Firdovsinin "Şahnamə" əsərində el qəhrəmanına
çevrilən bir dəmirçi idi,
döşlüyünü çıxarıb bayraq
etmişdi, xalq kütlələrinin qabağına düşərək
onları istibdada, zülmə qarşı üsyana
qaldırmışdı.
Bütün bunları Üzeyir bəy Mustafa Quliyevə
söyləyəndə xalq komissarı qəbul etmir, "bizə
indi İranın Dəmirçi Gavəsi lazım deyil,
özümüzün Koroğlumuz var, o mövzuda opera bəstələyin"
deyir.
Üzeyir bəy tərəddüd edir ki, axı bu
mövzuda operanı artıq Müslüm bəy yazmaq istəyir,
mən biləni, işə başlayıb da. Mustafa Quliyev israr edir:
"Kim yazır-yazsın, ancaq siz bəstələyənin
yeri başqa olacaq. Həm də bunu hökumət
də dəstəkləyəcək. Təxirə
salmadan işə başlayın".
Üzeyir bəy "Koroğlu"nu yazır və bu əsər
onun taleyini - hamımızın qismətini dəyişir. Üzeyir bəyin
dəyişən taleyi Azərbaycan musiqisində tamam yeni bir
üfüqün açılması deməkdi. 1938-ci il - Moskvada Azərbaycan Ədəbiyyatı və
İncəsənəti Ongünlüyü keçirilir və
ora Üzeyir bəyin təzə operası -
"Koroğlu" da aparılır. "Koroğlu"nun
nümayişinə Stalin Kremldəki əshabələri ilə
gəlir.
Stalin əsəri çox bəyənir və təbii
ki, yaxınında əyləşmiş, gözləri onda
qalan ətrafındakılar da rəhbərin razı
qaldığını hiss edirlər.
Artıq
tamaşa bitib, Stalin yaradıcı heyətlə
görüşür və əsərin Stalinin qəlbinə
yatdığına əmin olan Kliment Voroşilov bir az tələskənlik edərək Üzeyir bəyə
üz tutaraq dillənir: "Nadoparu takix oper napisatğ" -
"İki belə opera yazmaq lazımdır". Stalinin bu sözlərə reaksiyası hamını
şoka salır. Əlbəttə ki, ilk
növbədə rəhbərin münasibət bildirməsini
gözləmədən belə bir qiymətverici fikir söyləmiş
Voroşilovu, amma ondan da qat-qat artıq Üzeyir bəyi.
Voroşilov o cür deyəndə Stalin dərhal etiraz edir:
"Net!" - "Yox!"
Üzeyir bəyin həmin anlar barədə dediklərini
mənə Maestro Niyazi söyləmişdi. Üzeyir bəy deyirmiş
ki, Stalin o sözü deyəndə gözüm qaraldı,
düşündüm ki, batdım, mən ümidimi
"Koroğlu"ya bağlamışdım ki, bəlkə xoşa gələ, yolum açıla, bu da belə,
evim yıxıldı. Baxdım ki, Voroşilovun
da rəngi avazıyıb.
Stalin üzücü, nəbzin
sürətini ikiqat artıran ənənəvi pauzasından
sonra davam edir: "Net! Dve parı takix oper nado
sozdatğ" - "Yox! İki cüt belə
opera yaratmaqlazımdır". Təbii ki,
məclisdə ovqat həmin andaca büsbütün dəyişir,
hamının əhvalı yüksəlir. Üzeyir bəy Moskvadan "SSRİ Xalq artisti"
kimi qayıdır. Amma həm də Stalinin
birbaşa zəmanəti ilə partiyaya qəbul olunur. O
vaxt Sovet İttifaqı Kommunist Partiyasına qəbul olunmaq
çox şərəfli, şərəfli olmaqdan savayı,
həm də hər kəsin iş karyerasında son dərəcə
vacib bir mərhələ sayılırdı və uzun
sınaqlı bir gedişatdı - üzvlükdən əvvəl
gərək üç il namizədlik
müddəti də keçəydin. Amma Stalinin
zəmanəti ilə Üzeyir bəyi partiyaya birbaşa qəbul
edirlər və sovetlər dönəmində bu nadir ehtiram
Üzeyir bəydən başqa yenə elə Stalinin zəmanəti
ilə akademik B.Y.Patona nəsib olmuşdu.
Və beləcə, Stalinin "Koroğlu"nu
xoşlaması, əsərə yüksək dəyər verməsi
Üzeyir bəyi yalnız repressiya təhdidlərindən
qurtarmır, onun konservatoriyadakı həyatını, bəstəçilik
fəaliyyətini də, ictimai-siyasi mühitdəki yerini də
kökündən dəyişir. Üzeyir bəy daha artıq inam və
arxayınlıqla yaşamağa və yaratmağa
başlayır, məhz 1938-ci ildən sonra yenə əvvəlki
məhsuldar, əvvəlki qələmi daim işləyən
Üzeyir bəy meydandadır: yazır, yaradır, tələbələr
yetişdirir, Azərbaycan mühitində şəfalı
nurunu saçmaqda davam edir.
1920-30-cu
illərdə Üzeyir bəyin başı üzərindəki
digər labüd təhlükə, hər an
kəsməyə hazır "Domokl qılıncı"
doğma qardaşı Ceyhun Hacıbəyli idi. Üzeyir bəyi
istənilən an aradan götürməkçün siyasi
mühacirətdəki qardaşdan artıq nə bəhanə
lazımdı ki! Ancaq 1938-ci il
dekadasında bu kor düyün də çözülür. Bunusa mənə vaxtilə Üzeyir Hacıbəyli
muzeyinin direktoru olmuş, bəstəkarın sabiq katibi Ramazan
Xəlilov söyləmişdi. Stalin
Üzeyir bəydən "Fransadakı qardaşınız
necədir?" soruşur. Üzeyir bəy
nigaranlıqla cavab verir ki, yoldaş Stalin, bizim illərdir ki əlaqəmiz
yoxdur. Stalin tövsiyə edir: "Yox, hər halda
qardaşınızdır. Məktublaşmaq
lazımdır". Üzeyir bəy Bakıya
qayıdıb gəlirvə üstündən çox
keçməmiş Parisdən məktub alır - Ceyhun
göndərmişdi. Ali səviyyədə
rüsxət verilmişdi və Üzeyir bəy isti-isti cavab məktubu
yazır, yollayır, bir-iki ay sonra poçtalyon növbəti
Paris məktubunu gətirir. Beləcə,
ardıcıl yazışmaları başlayır.
Mən Üzeyir bəyin Ceyhun bəyə, Ceyhun bəyin
Üzeyir bəyə 1910-cu illərdə göndərdiyi, ərəb
əlifbasında olan, bəzənsə rusca
yazılmış məktubları görüb oxumuşdum. Amma bu
sonrakı Paris məktubları, əlbəttə ki, daha
maraqlı idi. Görünür, o
yazışmalar bizdən daha artıq Fransadakı siyasi
mühacirətdən nə şəkildəsə məlumatlar
almaq baxımından xüsusi xidmət orqanları
üçün maraqlı imiş ki, belə qapı
açılmışdı. Yəni bu
imkanın yaradılması, mənim nəzərimcə,
Üzeyir bəyə xüsusi sayğıya görə yox,
dövlətə gərək olması səbəbindən
mümkünləşmişdi.
...Dəhşətli
1941-45-ci illər müharibəsində Azərbaycandan 600.000
insanın iştirak etdiyi yazılır. Bu, rəsmi
statistikada belədir, köhnə sovet ensiklopediyaları bu
cür göstərir. Əslində isə
son illərin dəqiqləşdirilmiş araşdırmaları
təsdiq edir ki, cəbhəyə gedənlərimizin
miqdarı 700.000-dən çox olub. Ən
müdhişi isə budur ki, əksəri cavan olan bu 700.000-dən
çox vətəndaşımızın yarıdan
çoxu cəbhələrdən geri qayıtmayıb - həlak
olub, itkin düşüb. Sovet dönəmində 41-45
müharibəsində iştirak edənlərə verilən ən
ali təltif "Sovet İttifaqı Qəhrəmanı"nın
"Qızıl Ulduz"u idi. Azərbaycanın
o dövrdən 42 Sovet İttifaqı Qəhrəmanı var.
41-i bu ada elə müharibə dövründəcə layiq
görülüb - kimisi sağkən, kimisi ölümündən
sonra. 42-ci qəhrəmanımızın
mükafatının növbəsi isə davadan xeyli sonra -
1957-ci ildə çatıb. Həmin 42-cini bütün
Azərbaycan tanıyır: Mixaylo - Mehdi Hüseynzadə. Amma ola bilərdi ki, Mehdi bu ada layiq görülməsin,
tam unudulsun, xatırlansa belə, xain kimi anılsın. Çünki Mehdi Hüseynzadə almanlara əsir
düşmüş, həbs düşərgəsində
saxlanmış, sonra faşistlərin yaratdığı milli
legionda xidmət etmişdi. Sovet dövlətinin
ozamankı yanaşmalarına görə isə hətta Mehdi
müharibədən sağ-salamat Azərbaycana, Sovet
İttifaqına qayıtsaydı, hökmən həbs ediləcəkdi,
sürgünə göndəriləcəkdi. Legionda xidmət etmişlərə güzəşt
yox idi. O dövrün sərt meyarları belə idi.
Lakin həlak olmasından 8 il sonra Mehdi
Hüseynzadənin naxışı gətirir. 1952-ci
ildə Sovet İttifaqı Kommunist Partiyasının XIX
qurultayı keçirilirmiş. Adətən
belə qurultaylara müxtəlif ölkələrdə olan
kommunist partiyalarının təmsilçiləri də dəvət
edilirdilər. İtaliya Kommunist
Partiyasının rəhbəri Palmiro Tolyatti də qonaqlar
arasındaymış. Stalinlə
görüşündə o, 1944-cü ildə italyan
partizanları ilə birgə faşizmə qarşı
mübarizədə misilsiz şücaətlər göstərmiş
"Mixaylo" adlı qafqazlının adını çəkir.
Stalin göstəriş verir, dərhal təhqiqat
başlayır. Bu araşdırmalarla o
zaman Dövlət Təhlükəsizlik Komitəsi məşğul
idi. Yuqoslaviyanın, İtaliyanın
çeşidli arxivlərinə müraciət edilir, həqiqətən
də Mehdi Hüseynzadənin müstəsna şücaətləri
haqda ciddi sənədlər üzə çıxır.
Bu minvalla unudulmuş bir qəhrəman yenidən
həyata qayıdır. Bu işlərə təkanı
Stalin vermişdi, 1953-cü ildə o, vəfat etsə də,
artıq dövlət maşını bu istiqamətdə
işləyirdi, Moskva ilə yanaşı, Azərbaycan da
proseslərə qatılmışdı, bizdə bu işlərə
rəhbərlik etmək o zaman Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində çalışan Heydər Əliyevə həvalə
edilmişdi. Heydər Əliyev qəhrəman haqqındakı
"Uzaq sahillərdə" filminin çəkilməsi
gedişatına da, Mixaylo ilə bağlı bir çox
iftixar oyadan gerçəklərin aşkarlanmasına da
töhfələrini verir, unudulmuş Vətən
övladı layiqli haqqını alır, tarixə
qayıdır, hamının olur.
...1948-ci
ilin noyabrında Azərbaycan Üzeyir bəyi itirdi. Bu, kədərli, hamını yandıran
ayrılıqdı. Əlbəttə, hər
qırılan ömür yolu göynədir, qəlb
sıyırır. Ancaq Üzeyir bəy
kimi təkrarsızların, millət sərvəti
olanların əbədi gedişi həmişə vaxtsız,
qat-qat sarsıdıcıdır. Üzeyir
bəyin ürəyi 63 yaşında dayandısa, bu gedişi
sürətləndirən bir çox danılmaz səbəblər
vardı - onu çərlədib öldürdülər.
1940-cı illərdə, xüsusən
müharibədən sonra Üzeyir bəyin vəziyyəti
heç də ürəkaçan deyildi. Tez-tez
onun rəhbərlik etdiyi konservatoriyaya müxtəlif təftişçiləri
yoxlamalara göndərirdilər, onu
sıxışdırırdılar, təqib edirdilər, həbs,
sürgün təhlükəsi istisna deyildi və bu rəzalətlərin
yönəldicisi Mircəfər Bağırov idi. 1948-ci ilin noyabrından fotolar yadigar qalıb. Üzeyir bəyin tabutunu çıxarırlar, onu dəfn
etməyə aparırlar, öndə gedən Mircəfər
Bağırovdur. Sifətinə kədər
maskası taxıb. Amma təfərrüatlardan
xəbərdaram axı, gərgin günlərin şahidlərinin
lentə aldığımız ifşaedici söhbətləri
qalır və onların hamısı birmənalı şəkildə
işarə edir ki, Üzeyir bəyin ağır şəkər
xəstəliyinə tutulmasında, bu erkən ölümdə
yerdəki əzrayıl vəzifəsini iblisliklə icra edən
bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi olmuşdu.
Rəhmətlik Şəmsi Bədəlbəyli qubarla mənə
ürəkqarsan bir əhvalatı danışırdı. Deyir, vacib bir
mərasim keçirilirdi, partiya-dövlət rəhbərliyi
də, sənət xadimləri də iştirak edirdilər.
Üzeyir bəy də kürsüyə qalxdı,
çıxış elədi və Mircəfər
Bağırov çımxıraraq bir az
ikrahla onun sözünü kəsdi, təkəbbürlü əda
ilə dedi ki, söz vermişdin ki, "Babək"
operası yazacam, nə oldu, bəs niyə yazmırsan?
Şəmsi
müəllim qəhərlənərək yada salırdı
ki, Üzeyir bəy həyəcandan titrəyərək əlindəki
qalın qara dəftəri açdı, dedi ki, bax budur,
yazıram.
Bunun üzərindən bir neçə gün
ötüncə baş verən hadisə isə daha
könüldağlayandır. Bunu da mənə
Şəmsi müəllim söyləyirdi. Deyir, getmişdim Üzeyir bəyi yoluxmağa. Onda artıq Monolitdəki binada yaşayırdı.
Üzeyir bəyin əlində ekzema da əmələ gəlmişdi,
isti havalarda çıxırdı balkona, əllərini
gün işığına tuturdu, aşağıdan, Sabir
heykəlinin yanından, Kommunist küçəsindən (indi
İstiqlaliyyət) keçənlər dayanırdılar,
eyvandakı Üzeyir bəyə həsrətlə, sevgi ilə
baxırdılar: "Gəlmişdim Üzeyir bəydən
hal-əhval tutmağa, baxdım ki, həmişəkindən
daha üzgündür, sanki son bir neçə günün
içərisində xeyli sınıxıb da, gözləri
çuxura düşmüşdü, dodaqlarının
qanı qaçmışdı, rəngi ağappaqdı. Soruşdum ki, ay Üzeyir bəy, nə baş verib?
Dedi ki, heç soruşma, dünənəcən babat idim. Dünən axşam məni Mərkəzi Komitəyə
çağırdılar, dedilər Mircəfər
Bağırovla görüşməliyəm. Getdim, qəbul otağında əyləşib
gözləməyə başladım. 10
oldu, 11-i keçdi, gecə 1, 2. Məni 5
saat orada otuzdurdular. Nəhayət ki,
içəri çağırdılar. Girib-çıxmağım
iki dəqiqə çəkmədi. Mircəfər dedi
ki, səni çağırtdırdım ki, şad xəbər
verim, yoldaş Stalin zəng vurmuşdu, dedi, məndən
Hacıbəyova salam deyin. Elə
bu xəbəri verməkçün səni
çağırtdırmışdım. Gedə
bilərsən".
Mircəllad yaxşı bilirdi Üzeyir bəy xəstədir,
Moskvadan, uzun müalicədən yenicə qayıdıb,
yüksək şəkəri var, ona həyəcanlanmaq
heç yaramaz. Ancaq əqrəb idi, sancmalı idi, bu, onun təbiəti
idi, yaxşı agahdı ki, beş saat
gözlətməsi Üzeyir bəyi hansı stressə salacaq
və nə edirdisə, qəsdlə edirdi. Mən də fərz
edirəm, elə Şəmsi müəllim də bu
gümandaydı ki, Stalinin Üzeyir bəyə məxsusi
münasibəti olmasaydı, Mircəfər 1947-48-ci illərin
yeni repressiyalar dalğasında Üzeyir bəyin
axırına çıxmağı hədəf
götürmüşdü...
...Tarixin
qəribə hikmətləri var. Çəkməçi
oğlu Soso Cuqaşvili taleyin hökmü ilə XX yüzildə
dünyanın iki ən böyük imperiyasından birinin rəhbəri
oldu. Qarşısında milyonlar zağ-zağ əsirdi.
Amma tale kəc üzünü də göstərdi.
Bir zaman insanları ürcah etdikləri öz bəxtinə
də çıxdı. Heykəllərini
uçurtdular, adını hər yerdən sildilər və
tarix qəribə bir cazibə ilə elə etdi ki, onun şəkillərinin
qaldığı yeganə yer elə çəkməçi
dükanları oldu. Tarix haqq-hesab çəkməyi sevən
qüdrətdir! ...Azərbaycanda vaxtilə İosif Stalin
haqqında sıra-sıra şeirlər yazılıb, bəstəkarlar
nəğmələr qoşub, aşıqlar onu vəsf ediblər,
haqqında səhnələrdə pyeslər oynanılıb. Amma hakimiyyətdə olanda da, tifaqı
dağılandan sonra da əleyhinə yazılar da olub. Unudulmaz alimimiz Əkrəm Cəfər iri poema
yazmışdı - "Cəlladnamə". Stalini tar-mar edən bir əsər.
Zamanında
Azərbaycan radiosu ilə hər səhər az
qala himn kimi səslənən bir nəğmə
varmış:
Yaşa-yaşa, can Stalin,
Dillərdə dastan Stalin.
Sözlərini
Rəsul Rza yazmışdı, musiqisini Niyazi bəstələmişdi.
Hər gün, bəzən lap bir gündə bir
neçə dəfə o nəğmə səslənirdi. Stalin epoxası bitdi, o nəğmə də
öldü. Bir dəfə Maestro Niyaziyə dedim ki, heyifdir, qəşəng
melodiyadır, itməsin, gəlin sözlərini dəyişək,
bunu mən də edə bilərəm, yaxud Anara deyin, Rəsul
Rzanın oğlu kimi daha artıq ixtiyarla o dəyişsin.
Maestro fikrə getdi: "Bu mahnı o illərin içərisində
yaranıb, o illərin məşhur nəğməsi olub. Qoy o
illərdə də qalsın".
...Razıyam, tarixin elə hadisələri var ki, gərək elə dünəndə qala. O şeirlər, o nəğmələr, o əsərlər ki Stalini mədh edirdi, onların ömrü haçandır ki bitib, onlar gərək elə dünəndə qala. Amma o əhvalatlar ki şəxsiyyətlərimizin ömrünə işıq tutur, tariximizin hansısa guşələrindəki qaranlıqları qovur, dünəni daha aydın və dürüst görməyimizə yardımçı ola bilir, onlar gərək yaddaşın alt qatında qalaraq unudulmasın. Gərək itib-batmasın, sabahdakıların da bilməsi üçün gələcəyə ötürülsün. Məgər yaddaşlardan yığaraq qovuşdurduğum bu xatirə qırıqları Azərbaycanın çöhrəsini və böyük azərbaycanlıların ömrünü qəliz zaman içərisində bir az da dəqiq göstərən cizgilər, naxışlar deyilmi?
25 oktyabr 2023
525-ci qəzet 2023.- 28 oktyabr, ¹196.- S.14-16.