Qara damın suvağı və nənəmin qabyuyan maşını
YAŞLI QADINLAR TELEVİZORDA KİŞİ
GÖRƏNDƏ YAŞMAQLANIRDILAR
Sizin yadınıza gəlməz.
Siz deyəndə, iyirmi birinci əsrin uşaqların nəzərdə tuturam.
Lap əvvəllər hər
evdə televizor yox idi. Televizor
olan ev xüsusi
diqqətdə olardı.
Kəndimizə ilk televizoru İsmayıl
babam xaricdən, o vaxtın diliylə desək, urisetdən gətirmişdi. Babam kəndin yeganə pal-paltar, məişət əşyaları satılan
mağazasında işləyirdi.
Qəşəng xarici
malları olurdu. Elə balaca ekranlı ağ-qara televizoru da bu mallardan biri idi. Kənd yerində o vaxtlar mərkəz deyilən yerdə bir dənə radio qovşağı
vardı. Ağır-batman
kişilər dünyada,
ölkədə nələr
olduğunu radiodan eşitmək üçün
kəndin çayxanasına
yığışardılar.
Gün
o gün olur ki, İsmayıl kişi televizor adlanan sehrli qutunu evə
gətirir, düzür-qoşur.
Kəndə səs düşür ki, dükançı
İsmayıl bir qutu gətirib, içində adamlar var, danışırlar, oxuyurlar.
Bütün məhlə
hər axşam yığışırdı İsmayıl
babamgilə. Maraqla, heyrətlə baxırdılar
balaca qutuya. Aman Allah, bu nədi, adamlar
ora necə giriblər? Yaxına gedib, ehtiyatla televizora toxunardılar. Bir
maraqlı məqam da
o idi ki, yaşlı qadınlar televizorda kişi xeylağı görəndə yaşmaq
alardı, xalxın kişilərindən ayıbdı,
deyərdi. Bilirəm,
bunlar sizə gülməli gəlir. Gülməyin, vallah düz deyirəm.
Yəqin
ki, yaşlı nəslin
yadına gələr.
Altmışıncı illərə
qədər kəndimizdə
hamı yay aylarında
damların üstündə
yatardı. Ərik-alcanı
da bir tərəfə
sərərdilər. Damların
hamısının üstü
suvaq olardı. Kimsənin şiferli evi yox idi.
Yağış yağmasın,
yağdısa, evlər
damardı. Damcı
daman yerlərə analarımız
seyinden, vedrədən,
qazandan, əllərinə
nə keçsə qoyardı. Bizlər isə mışıl-mışıl
yatardıq. İslanmayaq
deyə, yorğanlarımızın
üstünə cecim
atardılar.
Yaz vaxtı damların üstündə otlar yarım metrdən də uca qalxardı.
Biz isə çıxıb
otları yolar, yerinə isə təpələrdən xərtək
(torpaq növü) daşıyıb, iplərlə
çəkib, damların
üstünə tökər,
möhkəm ayaqlayardıq.
O günlər çətin
olsa da, insanlar çox mehriban idi.
Yadımdadı, nənəm deyərdi
ki, lap əvvəllər kənddə,
eləcə də məhləmizdə bulaq suyu yox idi.
Qışın günü
gedirdik çaylağa,
yəni kəndin yanından axıb gedən gur sulu çayın qırağına.
Buz kimi havada donmuş, sırsıra bağlamış
suyun buzunu qırır, oradan su götürüb qablarımızı, paltarlarımızı
yuyurduq. Əllərimiz
gömgöy göyərirdi.
Evə gəlib çıxınca dişimiz
dişimizə dəyirdi.
İsti otağa girincə göynərtidən
az qala ağlayırdıq.
Sonra məhlələrə Çimən bulağından
su çəkdilər.
Soyuqda su növbəsinə durduğumuz
günlər başladı...
Elə bizim dövrün - sovet dövrünün uşaqları da yaxşı
xatırlayar. Daş kömürün istisində
oturub, çaydanın
cızıltısında yorğunluqlarını
çıxaranlar bilir
ki, o daş kömürü
çox vaxt soyuqda əlcək geyib, çəkiclə qırırdıq, xəkəndazla
vedrəyə yığıb
gətirərdik. Peçin
içinə lap altdan
neftlənmiş kərmə
qırığı, üstündən
üç-dörd odun
parçası və
onun da üzərinə
doğranmış kömür
töküb yandırırdıq.
Peç qızışdımı,
istisindən durmaq olmurdu. Nahaq vaxtı beş-on kartof yuyub peçin
köz tökülən
yerinə yığırdıq.
Bişdikcə külləmə
kartofun qoxusu adama ləzzət verirdi. Hələ o kartof təndirdə bişə, yanında da isti təndir çörəyi, istiotu,
duzu, soğanı. Bəh-bəh, dadından doymaq olurdumu məgər? İndi külləmə
kartofu restoranda, yeməkxanada tütyə kimi gətirirlər süfrəyə.
Bir də görürdün, səhər yuxudan dururduq ki, hər tərəf ağappaq, yarım metr qardı. Kirəmiti, şiferi olmayan damın qarın tökmək üçün
səfərbər olurduq.
Çünki gün qalxdıqca, içəridən
peçin istisi vurduqca, qar əriyər,
evlər damardı. Damdan qar tökməyin
də başqa ləzzəti vardı. Kürüyüb tökdüyümüz
qar az qala
damın divarı boyda olurdu. Sonda
özümüzü qar
qalağının üstünə
atıb yerə düşürdük.
Qar yağır, qar adamı,
Bax, yıxır qar adamı.
Belə
yağsa sübhəcən
Ağardar qara damı.
Amma qara damların qaralığını görməyən
adamlar var bu dünyada. Niyə qara dam ifadəsi yaranıb? Lap əvvəlllər
böyük bir dam tikərdilər. Palçıqdan
suvanmış, divarlarında
qab qoymaq üçün taxçaları
olan bir evimiz vardı, deyərdi nənəm. Evin bir tərəfində
təndir, ocaq, bir tərəfdə mal-heyvan pəyəsi, toyuq-cücə hini olardı. Təndirin, hər gün xörək bişirib çay qoymaq üçün yandırılan
ocağın hisi-qarası
çökərdi divarlara.
İndikilər bir az çətinliyə düşəndə tıncıxır,
elə bilirlər ən ağır həyatı bunlar yaşayıb.
Qara damın suvağı və nənəmin qabyuyan maşını...
Onu da deyim ki, bu məşhur
qara damın divarının eni metrdən artıq olardı. Ona görə də yayda sərin,
qışda isti olurdu (Daha indiki
bəzi evlər kimi yox. Saat
asmaq üçün
divara vurduğum mıxın o biri ucuna qonşım şəklini asır. Bir az ucadan danışırsan,
qonşu istər- istəməz qulaq günahkarı olur). Sözüm onda deyil. Babam bu
qara damın divarına küçə
səmtdən qalın
suvaq çəkmişdi.
Bilirsiz də suvağı necə tuturlar. Xam torpağın
içinə saman ovuğu
qatır, su ilə yaxşıca isladıb qarışdırırlar.
Suvağın yaxşı
gəlməsi, divara saqqız kimi yapışması üçün
azı üç gün arada su verməklə saxlayar, qıjqırdardılar.
Elə ki, saman torpağa,
torpaq suya qarışdı, ya çəkmə geyərdilər,
ya da elə ayaqyalın suvağı möhkəm ayaqlayar, hazır hala gətirərdilər. Bu suvağı
damların üstünə,
divarına çəkərdilər.
Bu palçıqdan bir
kərpic kəsərdilər
ki, sümük kimi, vur başına, yarılsın. Babamla nənəm də köməkləşib qara
damlarını beləcə
suvamışdılar. Doxsanıncı
illərə kimi kəndimizdə bu işlər hələ də vardı. İndi deyirsən, danışırsan,
nəvələr, nəticələr
gülür, elə bilirlər, zarafat eləyirsən.
Nənəmin nə paltaryuyan,
nə də qabyuyan maşını olub. Məhləmizdə ara-sıra kəsilib gələn bir su krantı vardı. On-on iki ev o sudan istifadə
edirdi. O vaxtı qabların yağını
təmizləmək üçün
qab pastası yox idi e... təmiz
yerdən torpaq götürüb, qabları
yaxşıca parıldadırdıq.
Bir dəfə nənəmgilin
qara damından suvaq qaşıyıb tökmüşdüm qabların
içinə. Çünki
suvağın qoxusu xoşuma gəlirdi. Yağış yağmış
torpaq qoxusu gəlirdi ondan. Və nənəmin hirsinə ürcah gəlmişdim. Divardakı
qaşıq yerini görüb məni möhkəm tənbehləmişdi
- "Ev tikən olun, ev yıxan,
ev uçuran yox. Həyət-baca doludu torpağınan, divarı niyə oyursan?"
Nənəm haqlı idi. Min
bir əziyyətlə
başa gəlmiş işi zay eləmək
düzgün sayılmazdı.
Biri əlini atıb birinin divarından əl boyda qopartdımı,
qırğın düşürdü.
Ən yaxşısı
həyətin, əkin
yerinin təmiz torpağından qab pastası kimi yararlanmaq idi. Krantda növbə çox olurdu. Onda nənəm böyük ləyənə
su doldurub, palçıqla qəleylədiyimiz
qabların palçığını
yuyar, sonra təmiz suya çəkərdi. O zaman bizim
qab pastamız torpaq, qabyuyan maşınımız buzlu
bulaq, alminium ləyən, mis qazan idi.
Yüzillik tut ağacı, şirəyə
gələn milçəklər
və "Kommunist"
qəzeti...
Nənəmgilin həyətində uludan-ulu
tut ağacı vardı.
İndi də qalır.
Amma barı yoxdu, kantallaşıb. İyun-iyul
aylarında tut bayramı
olurdu. Ağ tut, barmaq boyda, şipşirin,
bal kimi. Kişilər işdə olanda, həyət xamuşanlıq olurdu. Əmiqızımla düz
çıxırdıq tutun
təpəsinə. Kim daha
ucaya dırmaşar deyə, mərc də gəlirdik. Tutun ən uca
budağından gediş-gəlişli
xəstəxana yolu görünürdü. Əmcanımın:
- "Yuxarı qalxmayın,
yıxılarsız, ehtiyatlı
olun" sözlərinə,
hər ikimiz fəth etdiyimiz "uca zirvə"dən aşağı enib, budaqları astaca tərpədirdik. Ağ
tut yağış kimi
ələnirdi yerə.
Yerə yox, dörd- beş nəfər tərəfdən
açılmış böyük
yelənin üstünə
tökülürdü. Yeyirdik,
olmayana pay da tuturduq, ehsandı deyə. İndi
hər gün o tut ağacının yanından
keçəndə, səsli-küylü
həyət, tut ağacının
gəlhagəlli vaxtları
yadıma düşür.
Bu ağac evin düz qabağında olduğu üçün,
həyət iki ay boyunca şirəli olurdu. Şirəyə gələn bəzi adamlar kimi arılar,
milçəklər də
bu dadlı yeməyə uçub gəlirdilər. Onları
həyətə çəkən
təkcə tut şirəsi
deyildi. Kənd yeriydi. Malı-heyvanı, toyuğu-cücəsi vardı.
İndi sanki göyə
çəkilib hər
şey. Dinimiz-bərəkətimiz,
dadımız- duzumuz
o vaxtkı kəndlə
getdi. Sözüm milçəklərə gəlir
axı. Milçəklərin
bir qənimi vardı-nənəmin bürmələyib
əlinə aldığı
"Kommunist" qəzeti.
Şappaşab öldürürdü
onları (Sonra çubuğun
başına əl boyda rezin bağlayıb
daha "müasir"
milçəkqıran düzəltdilər).
Deyəcəksiz, nənə
hara, qəzet hara? Hə,
nənəm siqaret çəkirdi axı... Təəccüblənməyin. O vaxt yaşlı qadınların əksəriyyəti
eşmə çəkirdi.
Eşmə nədi? Eşməni ovulmuş tütündən hazırlayardılar.
Əmim, atam nənəmə həmişə
dövrün ən məhşur qəzeti olan "Kommunist" qəzeti alıb gətirərdilər. Nənəm
də onu kvadrat şəklində kəsər, döşəkcəsinin
altında saxlayardı.
Ürəyi istəyəndə,
tütün kisəsindəki
narın tənbəkini
qəzetin arasına qoyar, barmağı ilə yaşlayıb səliqəli bükərdi.
Və cavankən
itirdiyi oğlanları
Akiflə Yusifin, müharibədə həlak
olmuş babamın, itkin düşmüş,
hələ də öldü-qaldı xəbəri
bilinməyən Mamed
(Məmməd) əmimin
acısını sanki
ciyərlərindən tüstü
ilə çıxarardı.
Sarı nikelli dəmir külqabısı
yanından əskik olmazdı. Yadıma gəlir, axır vaxtlar ucuz siqaret
olan "Astra" çəkirdi
nənəm...
O vaxtlardan qırx ildən çox vaxt ötsə də, heç nə yadımdan çıxmır. Sanki hər
şey dünən imiş kimi xatirimdədir.
Təranə ARİFQIZI
525-ci qəzet.-
2023.- 1 sentyabr.- S.15.