Torsuz tennis oyunu
esse
Sərbəst şeir poeziyada
yenilikdirmi? O, şeir tarixində yeni mərhələmi
deməkdir?
Bəzilərinin fikrincə sərbəst
şeir, qafiyəli şeirdən daha əvvəl yaranıb. Qafiyə sonrakı hadisədir, mətn yadda qalsın deyə şeirə əlavə olunub. Bəlkə də.
Amma bir şey var ki, altmışıncı illərdə
sərbəst şeirin
ədəbiyyatda geniş
vüsat alması çoxlarının əlini-qolunu
açdı, heca vəznində çətinlik
çəkənlər kütləvi
şəkildə sərbəst
şeirə üz tutdular.
Sözsüz ki, qafiyənin bir
çox fəzilətlərini
və mənfi cəhətlərini sadalamaq
olar. Dediyimiz kimi, qafiyəli şeir daha asanlıqla yadda qalır, şeiri müəyyən
çərçivəyə salır, amma qafiyənin də təkrarlanma, tükənmə
təhlükəsi var, həm
də özünə
hörmət edən şair - getdi, etdi, bitdi, itdi,
atdı, batdı, yatdı, satdı, aldı, daldı, çaldı, saldı və s. kimi feillərdən qafiyə tutmağı özünə
rəva bilmir.
Böyük fransız şairi
Pol Valeri qafiyənin üstünlüyünü
vurğulayaraq deyirdi
ki, qafiyə diletantları
qorxudur, onları şeirdən əllərini
çəkməyə vadar
edir.
Amma hecə vəznində yaxşı yazan da yerində saymamallıdır,
onun uğurlu qafiyələrlə zəngin
şeirləri, ələlxüsus
da qoşmaları Molla
Pənah Vaqifin, dədə Ələsgərin
qoşmalarından fərqlənməlidir,
bu fərqin özəyini yeni reallığın
bənzərsizliyi və
özünəməxsusluğu təşkil etməlidir.
Bir çox ədəbiyyatların
verliblistlərindən fərqli
olaraq şeirlərinin
əksəriyyətini sərbəst
vəzndə yazan bizim şairlər ara-sıra qafiyədən
də ustalıqla faydalanırlar. Vaqif Səmədoğlu ilə
Vaqif Bayatlı Ödərin şeirlərində
bu cür naxışlara tez-tez rast gəlmək olur. Sərbəst vəzndə yazdığı
şeirlərində yeri
gəldikcə qafiyəyə
müraciət edən
görkəmli fransız
şairi və dramaturqu Pol Klodelinin fikrincə verlibrdə istifadə olunan qafiyə xoş ahəng üçün deyil, o, dənizə atılmış qarmaq kimi axtarış sahəsini müəyyənləşdirir,
bəzən müəllif
üçün gözlənilməz
ifadələri belə
tapmaqda yardımçı
olur.
Bir halda ki, hecə və sərbəst vəzndə yazılan poetik nümunələrin
xüsusiyyətindən danışırıq,
verlibrin struktur baxımından nəsrə
çox yaxın olduğunu nəzərə
alaraq bir aksiomanı unutmamalıyıq
- şeirə yaşamaq
hüququ verən yeganə cəhət onu nəsrdən fərqləndirən şeydir.
Dahi amerikan şairi Robert Frostun bu barədə
rəyi çox maraqlı və diqqətə layiqdir. Görün o nə deyir: Verlibr torsuz tennis oynamaq kimi bir şeydir.
Yəni şeirdə qafiyə tennis stolunu ikiyə bölən tor rolunu oynayır, başqa sözlə, qafiyə şeir meydanında qaydaları və şərtləri əvvəlcədən müəyyənləşdirir,
qayda-qanun yaradır. Frostun bu sözləri,
yəni tor məsələsi
zamanında çoxlarını
qıcıqlandırdı. Əslində isə "sərbəst şeir"
deyəndə, elə
Robert Frostun dediyi məna nəzərdə tutulur. Düşünürəm
ki, bu yerdə bir şeyi də
demək yerinə düşərdi: oyun meydançasını ikiyə
bölən tor olmaya bilər, amma o, nəzərdə tutula bilər. Bəzən görünməyən, amma
nəzərdə tutulan
şey daha təsirli olur.
Bütün hallarda iki ifratı da nəzərdən
qaçırmamalıyır: Bəzən verlibr, müəllifi şirnikdirə-şirnikdirə
sırf nəsrə aparıb çıxarır.
Poeziyayla nəsrin səddi silinir, şair başqa bostana keçdiyini hiss etmir. Bu, bir ifrat.
İkinci
ifrat dərəcəsi
də buna bənzəyir,
amma artıq ənənəvi şeirdə
baş verir. Müəllif qafiyənin gur səsinə o qədər aludə olur ki, poetik mətndən nə vaxt kənara çıxdığından xəbəri
olmur. Hər hansı publisistik bir mətni (həmin mətn iqtisadi də ola bilər, tarixi də, sosial da) götürüb
nəzmə çəkir.
Düşünür ki, şeir
yazdı. Belə bir qafiyəli mətn şeirdirmi? Bəli, o, şeir ola bilər, amma poeziya yox.
Hər iki halda poetik
dilin, poetik ifadənin və nahəyət poetik duyğu böhranının
şahidi oluruq. Belə ki, problem ənənəvi
və yaxud sərbəst şeirdə
deyil, problem poetik dilin zəifləməsində,
son nəticədə itməsindədir.
İmir
MƏMMƏDLİ
525-ci qəzet.-
2023.- 1 sentyabr.- S.12.