Kitab qoxusu
Esse
Gürcüstan paytaxtı ilə
bağlı adamların
ehtiyacları müxtəlifdir:
Tiflisə avtomobil hissələri dalınca gedənlər də var, elə-belə Rustaveli prospektini
görməyə gedənlər
də. Həkimə, futbola baxmağa, zooparka, Dezertir bazarına, "Sofiko"
restoranına - Pepperoni pizzası,
ya da "Acaruli" xaçapurisi yeməyə
gedənlər də bir ayrı!
Mən Tiflisə əsasən
"ədəbiyyat gətirmək"
üçün varıb
gedən azsaylı qardaşlardanam: bir-iki nəşriyyata, Maçabeli-13 ünvanında yerləşən
Gürcüstan Yazıçılar
Evinə, "Gürcüstan"
qəzeti redaksiyasına,
Qalaktion körpüsündən
keçməyə, Tiflisi
"dünya yerinin cənnəti" adlandıran
M.P.Vaqifi dostlarla birlikdə Meydanın gözəl bir guşəsində xatırlamağa, Ortacalanın
cazibələrinə qərq
olmağa...
Ortacala
- Tiflisdə yer adıdır. Tiflisə girişdə də, çıxışda da Ortacaladan
keçirəm; bu da doğulub boya-başa çatdığım Aran Dəllərinin
və hazırda yaşadığım Kazreti
qəsəbəsinin, bütövlükdə
inzibati-ərazi vahidi olaraq aid olduğumuz Bolnisinin Tiflisə nisbətən yerləşdiyi
cəhətlə bağlıdır;
yəni cənub-şərq
tərəfi ilə.
İndiyədək paytaxtımıza xeyli
səfər etmişəm;
"şəhri-Tiflis" (ifadə "Aşıq Qərib"dəndir) yolunun
yolçusu olmuşam.
İki dəfə məyus qayıtdığım
daha çox yadımda qalıb nədənsə: bunun da birincisi 2014-cü ilin martına, ikincisi isə 2019-cu ilin sentyabrına düşür.
2014-cü
ilin yazında Orxan Pamuk xüsusi dəvətlə Tiflisə
gəlirdi. Onun bütün yaradıcılığından
dolayı, "İstanbul: xatirələr
və şəhər"
əsəri məni valeh eləmişdi. Görüşdə iştirak
çox əlamətdar
olardı! Lakin görüşün
təşkilatçılarının sözçüsü, az-az
da Qalaktion Tabidzenin ilham pərisi Meri Şervaşidzeyə oxşarı
olan xanım qız, murazımı gözümdə qoydu:
- Hörmətli cənab, - dedi, - təəssüf
ki, görüş məhdud
dairəyə hesablanıb,
üzrlü sayın,
lütfən! İstəyi
olanlar isə çoxdur.
...Tiflisdə biryolluq azıb qalmağı üstün tutardım, nəinki bu cür uğursuz cavabı!
İkinci
məyusluq isə Peru
əsilli Mario Varqas Lyosa ilə bağlıdır. Ustad yazıçı "İntellekt"
nəşriyyatının dəvətinə
artıq razılıq
vermişdi və bədii ədəbiyyatın
cazibəsində yaşayanların
"qara daş"ı
da göyərirdi! "İntellekt"
nəşriyyatın adı
ilə Daniel Golemanın
dünyaca məşhur
"Emosional intellekt"
əsərinin qohumluq
tellərini sarmaşıq
şəklinə salırdım
özüm üçün
və inanırdım
ki, bu görüş
mütləq baş tutacaq, inşallah! Həm də görüşdə iştirakçı
sayına da məhdudiyyət
qoyulmayacaqdı!
Lakin necə deyərlər, sən saydığını
say! Müxtəsəri, bu
dəfə də olmadı. Varqas isə səfərdən imtina etməsini Tiflisdəki Milli Kitab Evinin
ədalətsiz ləğvi
ilə əsaslandırırdı.
Burasını da deyim: Orxan Pamukun da, Mario Varqas Lyosanın da mükafata layiqolma səbəblərini,
yəni İsveç
Kral Akademiyasının
yazılı qərarlarını
da əzbərləmişdim.
O.Pamuk (2006):
"Doğma şəhərin
melanxolik ruhunun axtarışı nəticəsində
mədəniyyətlərin toqquşması və qovuşması yönündə
yeni simvollar tapdığına
görə".
V.Lyosa
(2010):
"Hakimiyyət strukturunun detallı açıqlanmasına
və insanın mübarizəsi, üsyanı
və məğlubiyyətinin
kəskin təsvirinə
görə".
Ədəbiyyatın cazibəsindən
çıxa bilməyənlərə
çox çətin
olur belə sıxıntılar: axı
onlar üçün
arada-sırada əbədiyyət
özü də - elə ədəbiyyatdır!
Axı insana İnsan olduğunu məhz ədəbiyyat xatırladır! Çünki
onun təməl daşları sevgidən yoğrulmuşdur! Baxın:
(yenə də Nobelçi!) Yasunari Kavabatanın yaradıcılığında azı min dəfə
"sevmək" sözü
işlənmişdir və
heç bircə dəfə də olsun "nifrət" sözünə rast olunmur!
..."Cazibə" demiş, bəzi qədimi kitablarda Ortacala ilə bağlı söz düşəndə,
bir Ortacala bağlarından da bəhs
edilir. Və hərdən-birdən mənə
belə gəlir ki,
İsaak Nyuton əfəndi
özünün Ümumdünya
Cazibə Qanununu da məhz elə Ortacala bağlarında kəşf edib. Yəni başına düşən o məşhur
ser Nyuton alması buralar alması olub!
Doğrudur, cazibə olaraq:
bir var cisimlərin bir-birini cəzb etməsi xassəsindən
ibarət fiziki hadisə.
Bir də var - insanın könlünü cəzb edən xassə: lətafət, təravət
və sairə. Bu haqda H.Cavid
əfəndi gözəl
deməyibmi:
Səndə bir öylə hüsnü cazibə var;
Ki, olur hər görən
pərəstişkar!
Məsələn, ədəbiyyat, (mənim
nümunəmdə) Ortacala,
ilham pərisi cazibələri misilli!..
...ümid qonaqlıqlarından
"yeyib-içib" qayıtdığımızı,
həkim deyil, Ağrı olduğumuzu, malı-mülkü deyil, həqiqəti sərvət
saydığımızı görənlər "aclıq
illəri"ndə kinayə
ilə çox dedilər:
- Getsinlər indi ədəbiyyat yesinlər!..
Amma axı ədəbiyyat bizim qardaşımızdır,
qardaşının ətini
yeməyə kim razı olar axı?..
Deyən
demiş: Allah sevdiyinə
əzab göndərər!
Məsələn, yaradıcılıq: yazıçılıq-şairlik əzabı! Lakin bu əzabdakı işıqdan
işıqlı, fərqli
bir işıq növü, bundan artıq cilalanmış cazibələr hələ
ki tapılmayıb! Yaradıcı
insanın bir seçilmiş tərəfi
də arada-sırada Cazibə (Qravitasiya) Qanunu istiqamətinə qarşı getmək cəhdləridir! Yəni aşağılara deyil, yuxarılara - lətafətə,
təravətə, ulduzlara,
qalaktikalara meyllənmək!
Yəni bədii-ədəbi-mənəvi
Sözdən yıxılanda
da aşağıya deyil,
yuxarılara yıxılmaq!
Burada aşağıdan
- yuxarıya yağan yağışlar da mümkündür,
duyğular da; bəzən
göz yaşları şəklində olsun, bədii sarmaşıqlar-eşqlər
şəklində olsun
- fərq etməz. Yəni yuxarıdan - aşağıya düşən
"Nyuton almaları"ndan
da fərqli:
Şair
qəlbi tez cəzb olur, Nyuton əmi...
...üçtel, dördtel... ürəyimdən
yuxalaram mən.
Aşağıdan yuxarıya yağar yağışım,
aşağıdan yuxarıya yıxılaram
mən!
Bir dəfə
"Ortacala cazibələri"ni
əlyazma şəklində
oxuyan bir qələm dostum kitabın ideyası ilə bağlı soruşdu. Ona "misilsiz poetik gözəlliklə birləşdirdiyi
parlaq satirasına, idealizm və humanizmlərlə zəngin
yaradıcılığına görə" ədəbiyyat
üzrə Nobel mükafatı almış
və ilk dəfə təltifin pul tərəfindən imtina etmiş unudulmaz Bernard Şou cənablarından bir nümunə danışdım:
Bernard Şoudan
soruşanda ki, "Ürəklərin parçalandığı
ev" pyesinizin əsas ideyası nədir?" - belə cavab vermişdi:
- Hardan bilim? Mən,
sadəcə olaraq, müəllifəm.
O boyda Dublinli ilə müqayisədə
mənim "Cazibələr"im
hər nə qədər ufaq-tufaq görünsə də, mənə gəlincə,
"Ortacala cazibələri"min
ideyasını mən
də bilmirəm...
...Burasını da deyim ki, bir vaxtlar hökmdarların
yeməyini dadmaqla onun zərərsiz olduğunu müəyyənləşdirən
adamlar - çaşnigirlər
- olurmuş. Arada-sırada
mənə belə gəlir ki, ədəbiyyatda,
duyğular məkanında
yaşayanlar, sanki son dəfə nəfəs alırmış kimi, həzin, sinədolusu nəfəs alanlar - insanı, dağı, daşı, yeri, göyü zəhərsiz-zərərsiz eləyənlərdir.
...Tiflisə bu dəfə də Ortacala tərəfdən daxil oluram.
...Tiflis kitab
qoxuyur!
İBRAHİMXƏLİL
525-ci qəzet.-
2023.- 1 sentyabr.- S.12.