Qərbi Azərbaycanın böyük oğlu - Bala Əfəndiyev
"Əgər tarixi faktları araşdırmalı
olsaq, onda xatırlatmalıyam ki, indiki
Ermənistan ərazisi
vaxtilə Azərbaycan
torpaqları idi. Bir vaxtlar bu yerlər
Azərbaycana məxsus
olmuş, lakin
1918-1920-ci illərdə Ermənistana
verilmişdir. Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız
gələcəkdə mütləq
və mütləq gedib öz gözəl
Göyçə torpağını,
doğma dağlarını,
bulaqlarını, çaylarını,
ata-babalarının qəbirlərini
görəcəkdir. Mən
buna heç şübhə
etmirəm".
Ulu öndər Heydər Əliyevin bir zamanlar söylədiyi bu müdrik kəlamlar və Respublikamızın Prezidenti
cənab İlham Əliyevin
2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati
binasında bir qrup ziyalı ilə görüşündəki
çıxışı bütün
xalqımızı həsrət
qaldığımız torpaqlarla
bağlı daha dərindən düşündürmüş,
bu məsələ ilə əlaqədar konkret tədbirlər görməyə ruhlandırmışdır.
Öz çıxışı
ilə Qərbi Azərbaycana qayıdışın
yol xəritəsini təqdim edən cənab Prezident soydaşlarımızın tarixi
diyarımıza qayıdacaqlarına
əminliyini ifadə edərək bütün informasiya resurslarından məqsədyönlü şəkildə
vahid konsepsiya və siyasət çərçivəsində istifadə edilməsini tövsiyə etmişdir:
"Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu
bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Qərbi
Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin
adları Azərbaycan
mənşəlidir və
biz yaxşı bilirik
ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Biz
öz tarixi torpaqlarımıza mütləq
geri qayıdacağıq".
Bu baxımdan yanaşılaraq
Qərbi Azərbaycanın
məşhur ziyalılarından
biri olan Bala Əfəndiyevin həyat yoluna kiçik bir ekskurs edərək bir nəfərin və onun ailəsinin
simasında soydaşlarımızın
tarixi torpaqlarımızdakı
çoxəsrlik fəaliyyəti,
rastlaşdıqları haqsızlıqlar,
apardıqları mübarizələr,
həmçinin təhsil
sisteminin və digər strukturların tarixən Azərbaycan dilində mövcud olması barədə təkzibedilməz faktları
görə bilərik.
Belə yazılarda tarixi hadisələrin təfsilatı ilə təqdim edilməsi cənab Prezidentin həmin görüşdə
qeyd etdiyi kimi, sənədlər, sübutlar vasitəsilə
Qərbi Azərbaycanın
bizim əzəli torpaqlarımız olduğunu
təsdiqləyir.
Məsələ burasındadır ki, bu il Qərbi Azərbaycanın görkəmli
ziyalılarından biri
olan, uzun müddət müxtəlif
vəzifələrdə çalışaraq
bədnam qonşularımızın
təzyiqləri altında
yaşamağa məhkum
edilmiş xalqımızın
problemlərinin həllində
çətin və mürəkkəb missiyanı
şərəflə yerinə
yetirmiş Bala Əfəndiyevin anadan olmasının 130 illik yubileyi tamam olur. Qərbi Azərbaycanın ictimai-siyasi
mühitində özünəməxsus
yeri və rolu olan görkəmli
şəxsiyyətlərinin öyrənilib cəmiyyətə
yaxından tanıdılması
tariximizin kompleks şəkildə öyrənilməsinə,
araşdırılmamış səhifələrinin üzə
çıxarılmasına kömək edərək Qərbi Azərbaycan həqiqətlərinin daha
da aydınlaşmasına gətirib
çıxara bilər.
Tarixdə şəxsiyyətin rolunu inkar edən
Marksizm fəlsəfəsinin
ziddinə olaraq qeyd etmək istərdik ki, şəxsiyyətlər
hər zaman cəmiyyətin
aparıcı qüvvəsi
olmuş, min illərlə
xalqın nicat yolu, ümid yeri kimi baxdığı
lider funksiyasını
yerinə yetirmişdir.
Qərbi Azərbaycan belə şəxsiyyətlərlə
zəngin olsa da, Qaraqoyunlu dərəsinin Çaykənd kəndində
dünyaya gələn
Bala Əfəndiyev öz əməlləri, nəcibliyi, təhsili, dünyagörüşü və
xalqa gərəkliliyi
ilə seçilmiş,
dövrünün tanınmış
ictimai xadimi, ziyalısı, maarifçisi,
əlifba islahatçısı
kimi tarixə düşmüşdür.
Bala
İbrahim oğlu Əfəndiyev 1893-cü ildə
Gəncə quberniyası,
Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində
ruhani ailəsində doğulmuşdur. Onun mənsub olduğu Əfəndilər nəslinin
başçısı, babası
Hacı Alı Əfəndi təhsilli
din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı,
sayılıb-seçilən tayfalarından idi. Bala dünyaya gəlməmiş atası
İbrahim Əfəndi dünyasını
dəyişir. Bala ilə böyük qardaşı Lətif, anası Yaqutun - əmiləri Molla Məhəmmədin və
Əhmədin himayəsində
böyüyürlər. Əmisi
Molla Məhəmməd
Balanı təhsil almaq üçün molla yanına qoyur. İlk təhsilini kənd mollaxanasında almış Bala təhsilini artırmaq üçün 1907-ci ildə
Çaykənddə açılan
rus-tatar məktəbinin
hazırlıq sinfinə
daxil olur. O, bir il bu məktəbdə
oxuduqdan sonra təhsilini 1908-ci ildə Qazaxdakı dördsinifli rus məktəbində davam etdirir. Bala təhsil aldığı illərdə
ərəb, rus və digər dillərə də yiyələnir.
O, 1912-ci ildə bu məktəbi
uğurla başa vurduqdan sonra Bakıya
gəlmiş və Sabunçudakı "Molot"
zavodunda fəhlə kimi işləməyə
başlamışdır. 1914-cü ildə Şubanı neft mədənlərində
fəhlə, sonra isə iş icraçısı vəzifəsində
çalışır. Bakının
ictimai mühiti Bala Əfəndiyevin düyagörüşünün və ictimai düşüncələrinin formalaşmasına,
sonrakı siyasi fəaliyyətinə böyük
təsir göstərmişdir.
Böyük ictimai xadim XX əsrin əvvəllərində Azərbaycanda
bir sıra partiyaların olmasına baxmayaraq, o zaman xalq həyatına daha yaxın görünən
hümmətçiliyə üstünlük vermiş
və "Hümmət"
təşkilatına qoşularaq
bolşevizm ideyaları
uğrunda mübarizə
aparmış və bu hərəkatın fəallarından biri olmuşdur. O, sidq-ürəkdən
hümmətçilik-bolşevizm ideallarına inanmış
bu siyasi təşkilatın elan etdiyi
"fəhlə-kəndli hökuməti"
qurmaq prinsiplərini Azərbaycanda əhalinin mütləq əksəriyyətini
əhatə edən aşağı təbəqənin,
hüquqları əlindən
alınmış savadsız
kütlənin həyatındakı
qaranlıqların aydınlığı
kimi qəbul etmişdi.
Bala Əfəndiyev İrəvan
Azərbaycanlı Qadınlar
Klubunun üzvləri ilə, İrəvan 1923 aprel.
Bala Əfəndiyev 1917-ci ilin oktyabr ayından, 1918-ci ilin mart ayına qədər Bakı Soveti İcraiyyə Komitəsinin yanında fəaliyyət göstərən
"Məlumat bürosu"nun
üzvü və Bakı Partiya Komitəsinin təbliğatçısı
vəzifəsində çalışmışdır.
O, 1918-ci ildə "Hümmət"
bolşevik təşkilatı
tərəfindən təşkil
edilmiş "Qırmızı
qvardiya"nın heyətində
çalışmış və həmin ilin aprelindən Bakı qəza komissarı təyin edilmişdir. Azərbaycanın
Müvəqqəti Hərbi
İnqilab Komitəsi 1920-ci ilin may ayının 6-da Bala Əfəndiyevi Gəncə quberniyasının
quberniya komissarı Həmid Sultanovun müavini və eyni zamanda fövqəladə
komissarı təyin edir. O, 1921-ci ilin sentyabr ayından həmin ilin aprelinədək Şamxor
(indiki Şəmkir) qəzası inqilab komitəsinin
sədri vəzifəsində
işləmişdir. Bala
Əfəndiyev öz
əqidəsinə sadiq,
milli maraqlara xidmət
edən bir şəxsiyyət olmuşdur.
Onun şəxsi keyfiyyətləri Bala Əfəndiyevin karyerasının
inkişafında başlıca
faktorlardan biri olmuşdur. Bala Əfəndiyev ona tapşırılan bütün
məsələlərin həllində
yüksək məsuliyyət
nümayiş etdirmişdir.
1921-ci ilin iyul ayında
Zaqafqaziya Ölkə Komitəsi mürəkkəb
və ziddiyyətli bir dövrdə Bala Əfəndiyevi Qərbi Azərbaycana (indiki Ermənistana) Xalq Daxili İşlər
Komissarının müavini
vəzifəsinə işə
göndərir. Qərbi
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1918-1920-ci illərdə
erməni daşnaklarının
zülmü nəticəsində
ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş azərbaycanlılar yenidən
öz vətənlərinə
geri dönməyə
başladılar. Rəsmi
İrəvan bu işdə yoluxucu xəstəliklərin yayılma
ehtimalını bəhanə
gətirərək azərbaycanlı
qaçqınların geri
qayıtmasını əngəlləyirdi.
Baxmayaraq ki, 1921-ci ilin
aprel ayının
10-da Ermənistan İnqilab Komitəsi ölkəni tərk etmiş qaçqınların geri
qayıtmasına özü
icazə vermişdi. Erməni - azərbaycanlı
münasibətlərinin yenidən
kəskinləşəcəyindən ehtiyat edən Zaqafqaziya
Ölkə Komitəsi
bu vəziyyəti dözülməz hesab etmiş və 1922-ci ilin iyununda Ermənistan
K(b)P MK-nın nəzdində
"Azsaylı xalqlar şöbəsi" yaratmışdır.
Azərbaycanın görkəmli
oğlu, ictimai xadim Bala Əfəndiyevin
bu bölməyə rəhbər təyin olunmasından sonra onun fəaliyyəti daha da gücləndirilmişdi.
Azərbaycanlılara qarşı
təqib və təzyiqlər bir qədər səngimiş,
münasibətlərdə müəyyən dərəcədə
nisbi və zahiri həlimlik yaranmışdı.
Bu bölmənin rəhbəri
Bala Əfəndiyevin və digər mətin iradəli ziyalılarımızın
fəaliyyəti sayəsində
1922-ci ildə İrəvanda
Azərbaycan teatrı
yenidən bərpa olunmuş, həmin ildə Qərbi Azərbaycanda ana dilində
yeganə mərkəzi
mətbuat orqanı olan "Rəncbər"
qəzeti, 1923-cü ildə
Azərbaycanlı Qadınlar
klubu, 1924-cü ildə
Azərbaycanlı Pedaqoji
texnikumu, 1924-cü ildə
"Zəngi" qəzeti,
1927-ci ildə Azərbaycanlı
yazarlar bölməsi,1928-ci ildə Azərbaycanlı kənd təsərrüfatı
texnikumu, bir sıra mədəni-maarif
ocaqları yaranaraq fəaliyyətə başlamışdı.
Bala Əfəndiyev qaçqınlıq nəticəsində
sahibsiz qalmış azərbaycanlı uşaqları
qoruyub saxlamaq üçün kimsəsiz
uşaqlar evi yaratmış, onların hərtərəfli qayğı
ilə əhatə olunması üçün
əlindən gələni
əsirgəməmişdir. O, azərbaycanlı gənclərin
quruculuq prosesində fəal iştirak etməsi üçün
də böyük səy göstərirdi. Azərbaycanlı gənclərdən
partiya və dövlət işçiləri
hazırlanması məsələsi
daim Bala Əfəndiyevin diqqət
mərkəzində olmuşdur.
1922-ci ildə ilk dəfə
olaraq onun təşəbbüsü və
dəstəyi ilə partiya və dövlət strukturlarında
işləmək üçün
İrəvanda 40 nəfərlik
hazırlıq kursu təşkil edilmişdir.
Bu tip hazırlıq kursları
sonralar Uluxanlı, Vedibasar və Basarkeçər rayonlarında
da təşkil edilmişdi.
Bakı partiya məktəbinə isə
11 nəfər göndərilmişdi
ki, onlardan da beşi qadın, altısı isə kişi idi. 13 nəfər isə Gəncə partiya məktəbinə göndərilmişdi. Bu gənclər
hazırlıq kurslarını
və məktəbləri
bitirdikdən sonra əksəriyyəti geri dönüb Qərbi Azərbaycanda milli ictimai-mədəni
mühitin inkişafına
öz töhfələrini
verirdilər.
Bala Əfəndiyev Qərbi Azərbaycanın ictimai-siyasi
həyatında fəal
iştirak etmiş, burada yaşayan azərbaycanlıların mənəvi
atası olmuşdur. Bunu iki cəhətdən
izah etmək olar. O, 1921-ci ildən
1929-cu ilin əvvəllərinə
qədər İrəvanda
işlədiyi dövrdə
Ermənistan KP MK-nın,
Ermənistan MİK-in üzvü,
Respublika Daxili İşlər
Komissarının müavini,
Ermənistan MK-nın
yanında "Azsaylı
xalqlar şöbəsi"nin
müdiri və Ermənistan İctimai Təminat Naziri vəzifələrində çalışmışdı.
Bala Əfəndiyevin yüksək vəzifələrdə
çalışması ona
dövlət idarələri
qarşısında Azərbaycan
türklərinin problemlərini
qoymağa və bu problemlərin həllinə nail olmağa
imkan yaratmışdır.
Soldan
6-cı Bala Əfəndiyev
İrəvan Yeni Türk
Əlifba Komitəsinin
bir qrup üzvləri ilə, İrəvan 1926
O, Azərbaycanda başlanan latın əlifbası hərəkatının İrəvanda
rəhbəri olmuş,
1926-cı ildə Bakıda
keçirilən Birinci
türkoloji qurultayda Ermənistan nümayəndə
heyətinin başçısı
kimi iştirak etmişdir. Bala Əfəndiyev qurultayın
15-ci iclasında İrəvanda
Azərbaycan məktəblərinin
də yeni türk əlifbası əsasında
ana dili tədrisinin bəzi məsələlərindən
danışmış və
bu haqda qurultayın qərar layihəsini hazırlayan komissiyanın tərkibinə
daxil edilmişdi.
O, redaktoru olduğu "Zəngi" qəzetini bütünlüklə yeni latın
əlifbası ilə
çap etmək üçün Bakıda
olarkən Səməd
Ağamalı oğlu
və başqalarının
köməyi ilə
15 pud latın şriftli çap dəzgahı alaraq İrəvana gətirmişdir.
Bala Əfəndiyev Azərbaycan YTƏK-in Daşkənddə
çağrılan ikinci
plenumunda ÜİYTƏ MK-nın üzvü seçilmişdir. O, Qərbi
Azərbaycanda yeni türk
əlifbasının həyata
keçirilməsi üçün
tez-tez rayonlarda geniş iclaslar çağırır, məruzələr
edir, yerlərdə xüsusi savad kursları açır, latın əlifbası əsasında tərtib edilmiş yeni türk əlifbası ətrafında
geniş və qızğın təbliğat
işləri aparırdı.
Yeni əlifbanın tətbiq
edilməsi uğurundakı
mübarizədə Bala
Əfəndiyev ön
cəbhədə dayanırdı.
İrəvanda yaşadığı müddətdə xalqımızın
savadlanmasından tutmuş,
hüquqlarının qorunmasına
qədər səriştəli
bir rəhbər kimi çalışmış,
həmçinin İrəvanda
Azərbaycan dilində
əvvəlcə "Rəncbər",
sonralar isə "Zəngi"adı ilə
nəşr olunan qəzetin redaktoru olmuşdur. Onun təşəbbüsü ilə
"Zəngi" qəzetinin
iki səhifəsi latın əlifbası ilə çap olunurdu. Ermənistanın
hakim dairələri "Zəngi"
qəzetinin çıxmasına
nə qədər əngəl törətsələr
də, hətta bağlanmasına belə cəhd göstərsələr
də Bala Əfəndiyevin milli və
siyasi iradəsi, güclü müqaviməti
onların bu çirkin niyyətlərini
gerçəkləşdirməyə imkan vermirdi. Çünki bu qəzet Qərbi Azərbaycandakı ziyalılar
üçün mötəbər
bir tribuna idi.
Bala Əfəndiyev bir çox sahələrdə
fəaliyyət göstərmişdir.
O, bu fəaliyyət sahələri ilə yanaşı, dövrü
mətbuatda da məqalələrlə
çıxış edirdi.
Həmin dövrdə
onun İrəvanda Azərbaycan dilində nəşr olunan "Rəncbər", "Zəngi"
qəzetlərində bir
sıra məqalələri
çıxmışdır. Adları çəkilən
bu mətbu orqanlarda dərc olunan yazılarının
mövzusu mövcud dövrün siyasi hadisələri və yeni
əlifba ilə bağlı məsələləri
əhatə edirdi. Bu məqalələrdə o, həm
bir çox önəmli hadisələr
və yeni əlifbanın
əhəmiyyəti haqqında
məlumatlar verir, həm də müəyyən məsələlərlə
bağlı öz fikirlərini oxucularına
çatdırırdı. O, qəzetdə Əfəndiyev
imzasıyla çıxış
edirdi.
Bala Əfəndiyev həm siyasi, həm də pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. O, 1924-cü ildə
açılmış İrəvan
Azərbaycanlı Pedaqoji
texnikumunda ictimaiyyət
fənnini tədris etmişdir. Həmin vaxtlarda İrəvanda təşkil olunmuş hazırlıq kurslarında
dərs demiş, savadsızlığın aradan
qaldırılmasında və
pedaqoji kadrların hazırlanmasında böyük
əmək sərf etmişdir. Tez-tez məktəblərdə azərbaycanlı
ziyalıların yığıncaqlarını
təşkil edir, onları maraqlandıran məsələlər barədə
ətraflı müzakirələr
aparardı.
Bala Əfəndiyevin və digər ziyalılarımızın
təşəbbüsü, fədakarlığı sayəsində
1922-ci ildə İrəvan
Azərbaycan teatrı
yenidən bərpa olunur. Yeni yaranmış teatrı ağır vəziyyətdən çıxarmaq
üçün həyat
yoldaşı Fatma Əfəndiyeva və başqaları ilə bu sənət məbədinin ətrafına
toplaşaraq onun dirçəlməsinə, canlanmasına
böyük təsir göstərmişdilər. Onlar
azərbaycanlı əhali
arasında teatr mədəniyyətini təbliğ
edir, geniş xalq kütlələri ilə bu sənət
ocağının əlaqələrini
möhkəmləndirməyə çalışırdılar. Hətta Fatma xanımın
həmin vaxtlarda səhnə fəaliyyəti
onlarla azərbaycanlı
qadınını teatr
sənətinə - səhnəyə
cəlb edilməsinə
stimul yaratmışdı.
Bala Əfəndiyev İrəvanda teatrın, anadilli mətbuatın, savadsılığın ləğvi
və yeni türk əlifbasının həyata
keçirilməsi işində
tükənməz bir
enerji ilə çalışmışdır. Teatrın şöhrətini
yüksəlmək, onu
kütləviləşdirmək məqsədilə o, teatrı
rayonlara qastrol səfərlərinə aparar,
tamaşadan sonra kütlə qarşısında teatrın
əhəmiyyəti barədə
çıxışlar edərdi.
Yaşlı nəslin
nümayəndələri danışırdılar
ki, Bala Əfəndiyev
həmişə soydaşlarımızın
arasında olar onların dərd-səri ilə yaxından maraqlanardı.
Bu yüksəlişin önündə
Bala Əfəndiyev və Fatma xanımla yanaşı, dövrün
maarifçi ziyalıları
da dururdu. Onlar bu illərdə azərbaycanlı gəncləri
ictimai mühitdə sağlam ruhda tərbiyə etmək üçün məktəblə
yanaşı, qiraətxanaların
da rolunu yüksək qiymətləndirmiş, azərbaycanlılar
yaşayan kəndlərdə
qiraətxanaların təşkilində
də səmərəli
işlər görmüşlər.
Bala Əfəndiyevin milli maraqların
yüksəlişinə xidmət
edən bu fədakar fəaliyyəti
"erməni bolşevik
hökumət"inin siyasi
xəttinə uyğun
gəlmədiyindən onları
ciddi narahat edirdi. Onun bu
fəaliyyəti gələcəkdə
ermənilərin azərbaycanlılara
qarşı çirkin
planlarını həyata
keçirmək üçün əlverişli
olmadığından Bala
Əfəndiyevi İrəvandan
uzaqlaşdırılmasına çalışırdılar. Əslində Azərbaycanda
sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsində mühüm xidmətlər
göstərmiş, böyük
dövlət vəzifələrində
çalışmış Bala Əfəndiyevin Ermənistandan Azərbaycana
göndərilməsi Qərbi
Azərbaycandakı soydaşlarımıza
qarşı hesablanmış
sərt tədbirlərdən
biri idi.
1929-cu ilin ortalarında Bala Əfəndiyev Azərbacan KP MK-da məsul
vəzifəyə dəvət
edilir. Burada o, üç il ərzində
Azərbaycan KP MK-nın
Mərkəzi Nəzarət
Komissiyasının katibi
vəzifəsində işləyir.
1933-1934-cü illərdə Sabirabad, 1934-cü ildə
Lənkəran rayon İcraiyyə
Komitəsinin sədri,
1935-ci ildə isə Zaqatala rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində
çalışmışdır. Bala Əfəndiyev İrəvanı tərk etdikdən sonra da soydaşlarımızın ictimai-siyasi,
ədəbi-mədəni həyatı
ilə hər zaman yaxından maraqlanmış,
onlardan diqqət və qayğısını
əsirgəməmişdir. Azərbaycan DTK-na doluşmuş erməni müstəntiqləri repressiya
dövründə digər
ziyalı azərbaycanlılar
sırasında onu da əksinqilabçı, pantürkist
kimi məhv etmişlər. O, 1937-ci ilin
avqust ayında həbs edilmiş, 1938-ci ilin yanvar ayının
8-də güllələnmişdir. Bəzi məlumatlara görə, həbsindən
bir az əvvəl
Azərbaycan SSR-nin Yüngül Sənaye Naziri vəzifəsinə təyin edilibmiş.
Tarixi ədalət bərpa edildikdən sonra onun xatirəsini əbədiləşdirmək üçün
bir sıra tədbirlər həyata keçirilmişdir. Həmvətənlərinin,
qaraqoyunluların müraciəti
və tələbi sayəsində Çaykənd
tam orta məktəbinə
onun adı verilmiş, kənddə büstü ucaldılmışdır.
1973-cü ilin may ayının
22-də Çaykənd kəndində
görkəmli dövlət
xadimi Bala Əfəndiyevin 80 illik yubileyinə həsr edilmiş böyük toplantı keçirilmişdir.
Toplantıda Ermənistanın
müxtəlif bölgələrindən
olan ziyalılar, dövlət adamları, o
cümlədən, Azərbaycandan
da xeyli nümayəndələr
iştirak etmişdi. Böyük ictimai xadimin adını daşıyan Çaykənd
orta məktəbinin direktoru Köçəri
Ramazanov Bala Əfəndiyevin həyatı,
tarixçi alim Teymur Miralayev onun təşkilatçılıq və siyasi fəaliyyəti barədə
geniş nitq söyləmişdir.
İctimai xadim Rza Vəlibəyov isə yaxın dostu, məsləkdaşı
barədə öz xatirələrini bölüşmüşdür.
Azərbaycan KP Gədəbəy
rayon partiya Komitəsinin
katibi Süleyman Əliyev, tarix elmləri doktoru Həmid Əliyev Bala Əfəndiyevin coşqun ictimai və inqilabi fəaliyyəti barədə
məlumat vermişlər.
Şairlər Osman Sarıvəlli,
Hüseyn Hüseynzadə
(Arif) və başqaları Bala Əfəndiyevə həsr
etdikləri şerləri
oxumuşlar. Azərbaycanın
görkəmli jurnalisti
Qulam Məmmədlinin,
Bala Əfəndiyevin həyat yoldaşı
Fatma Əfəndiyevanın və başqalarının
çıxışları da toplantı iştirakçıları
tərəfindən böyük
maraqla qarşılanmışdır.
Təəssüf ki, görkəmli dövlət
xadimi Bala Əfəndiyevin çoxcəhətli
fəaliyyəti Azərbaycan
tarixşünaslığında az öyrənilmişdir. Onun çoxcəhətli ictimai-siyasi, maarifçilik,
mətbuatçılıq fəaliyyətinin geniş
planda, ciddi arxiv sənədləri və dövrü mətbuat materialları əsasında yenidən öyrənilib ümumiləşdirilməsinə
ciddi ehtiyac var. Bu görkəmli şəxsiyyətin
keçdiyi çətin,
keşməkeşli və
şərəfli ömür
yolunun əsaslı şəkildə araşdırılması
əslində XX əsrin
əvvəllərinin indiyə
qədər öyrənilməmiş
məqamlarının aydınlaşdırılmasına
da çox böyük
kömək etmiş olardı.
Bala Əfəndiyev yaşayıb-işlədiyi
mürəkkəb ictimai-siyasi
bir dövrdə öz xalqına doğma övladlıq borcunu layiqincə yerinə yetirmiş, bu gün də
böyük hörmət
və minnətdarlıqla
yad edilən tarixi şəxsiyyətlərdəndir. Bu il anadan olmasının 130 illik yubileyi tamam olan, Azərbaycan
xalqının şərəfli
oğlu, ictimai-siyasi xadim Bala Əfəndiyev xalqımızın
ictimai-mədəni tarixində
silinməz iz qoymuşdur.
Misir
MƏRDANOV
AMEA-nın müxbir üzvü
Cəlal
ALLAHVERDİYEV
filologiya
üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2023.- 1 sentyabr.- S.10-11.