"Şimali
və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti"
BAKIDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ KONFRANS
TƏŞKİL EDİLİB
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin təşkilatçılığı
ilə Dağ Yəhudilərinin Beynəlxalq
Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan
Centre) birgə layihəsi
olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti"
mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
Konfransdan
əvvəl Bar-İlan
Universitetinin nəzdində
Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Rəvan Həsənov,
Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Bar-İlan Universiteti Təhsil fakültəsinin
dekanı Zehavit Qrossun görüşü
olub.
Mərkəzin icraçı direktoru
Rəvan Həsənov
ölkəmizdə multikulturalizmə
aid tədbirlərin keçirilməsinin
ənənəvi hal aldığını qonaqların
diqqətinə çatdırıb.
Rektor Kamal
Abdulla Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək qeyd edib ki, bu
gün universitetdə
20-yə yaxın dil öyrədilir. Buraya təkcə Avropa dilləri daxil deyil, universitetdə Yəhudi Dili Mərkəzi də var: "Paralel olaraq çalışırıq
ki, Azərbaycan dilini də digər ölkələrdə
yayaq. Bu məqsədlə bəzi
ölkələrdə Azərbaycan
Dili Mərkəzi də var. İsraildə
də bu cür mərkəzlər
yaradılarsa, sevinərik".
Rektor əlavə
edib ki, universitet müasir dillərin öyrənilməsində
300-cü yerdədir. Bu,
1600 universitet arasında
aparılan statistikadır.
K.Abdulla qonaqların
diqqətinə çatdırıb
ki, Azərbaycanda yəhudilərlə münasibətlər
çox gözəl inkişaf edib: "Ümumiyyətlə, ölkəmizdə
bütün dinlər
arasındakı münasibətlər
harmonik vəziyyətdir.
Dövlətimizin siyasəti
nəticəsində bütün
konfessiyalara bərabər
münasibət göstərilir.
Bu münasibət Azərbaycanda multikulturalizmin
çiçəklənməsinə gətirib çıxarıb".
Bu görüşdən
sonra konfrans Azərbaycan və İsrailin himlərinin səsləndirilməsi ilə
başlayıb.
"Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti"
mövzusundakı beynəlxalq-elmi
konfransda çıxış
edən Bar-İlan Universitetinin nəzdində
Dahan Mərkəzinin direktoru Şimon Ohayon bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Bar-İlan Universiteti arasında əməkdaşlıq əlaqələri
qurulacaq. Bu da universitetlər arasındakı münasibətləri
yaxşılaşdıracaq. O, Dağ, Avropa və Gürcüstan yəhudiləri haqqında
məlumat verərək
deyib ki, bu konfrans vasitəsilə
akademik və mədəni əməkdaşlığın
əsası qoyulur və bunun təzahürlərini
gələcəkdə görəcəyik.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qeyd
edib ki, bugünkü konfrans elmi cəhətlərinə
görə vacib əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan və İsrail münasibətləri
üçün xüsusi
bir gündür. Çünki konfrans elmi, mədəni və siyasi mahiyyətinə görə
əhəmiyyətlidir. Rektor
vurğulayıb ki, ölkəmizdə tarix boyu yəhudilər yaşayıblar. Bu səbəbdən də iki ölkənin tarixində, mədəniyyətində
oxşarlıqlar var.
"İsraildə Azərbaycan
Dil və Mədəniyyət Mərkəzinin
yaradılması məsələsini
israilli qonaqlarla müzakirə etdik. İnanırıq ki, yaxın zamanlarda bu, baş verəcək".
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov
diqqətə çatdırıb
ki, yəhudilərin keçmişdəki sürgünlərdən
sonra məskunlaşdığı
yerlər arasında Azərbaycan da var. Bu da
ölkəmizin bütün
millətlər, dinlərin
nümayəndələri üçün
təhlükəsiz ölkə
olmasını göstərir.
Diqqətə çatdırıb
ki, Azərbaycan İlahiyyat İnstitutunda yəhudi dini ilə bağlı dərslər də keçirilir. Yəhudi icması ilə də yaxın münasibətlər var. Biz bunu akademik
səviyyədə də
inkişaf etdirmək istəyirik.
Qeyd edək
ki, Azərbaycan Dillər Universitetində reallaşan konfransa Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox
tədqiqatçı-alim qatılıb.
Konfrans Bar-İlan
Universitetinin nəzdində
Dahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Dillər Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Akademik Aşkelon Kolleci (İsrail), Dağ Yəhudilərinin Beynəlxalq
Xeyriyyə Fondu "STMEGI"nin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İki gün
davam edən beynəlxalq konfransın
13 panel iclasında -
"Adət və ənənələr". "Azərbaycanda və yəhudi icmasında multikulturalizm", "Milli
və etnik kimlik", "Sionist fəaliyyət və Qafqazdan immiqrasiya",
"İsrail-Azərbaycan münasibətləri",
"Bakıdakı yəhudi
icması: Tarix və cəmiyyət",
"Dil və kimlik", "Qafqaz yəhudiləri müasir dövrdə", "Dağ
Yəhudiləri İkinci
Dünya müharibəsi
dövründə", "Mədəniyyət və
incəsənət", "Yəhudilər Azərbaycanda",
"Qafqaz yəhudilərinin
tədqiqi mənbələri"
mövzularında geniş
müzakirələr aparılıb.
525-ci qəzet.- 2023.- 1 sentyabr.- S.6.