Səni verənə şükür!

DOSTUM FƏXRİ UĞURLUNUN DOĞUM GÜNÜNƏ

 

Sevdiyin adam haqqında yazmaq çox çətindi. Necə yazasan ki, sən tanıdığın adamı bir başqası da o cür tanıya bilsin; onu hansı sehrli sözlərlə təqdim etməlisən ki, yad adam üçün doğmalaşsın? Ancaq neyləyəsən ki, bir səhifə yazıda tanıtmaq istədiyin adamı sən, ən azından, otuz ildi tanıyırsan, onunla, necə deyərlər, "bir pud duz yemisən", "bir ton çörək kəsmisən", yollar yormusan, onu çətin gündə, xoş gündə görmüsən, heç kimə demədiyin söz-söhbəti, dərd-sərini onunla bölüşmüsən, ona etibar eləmisən. İndi otuz ilin yaratdığı təəssüratı bir səhifədə necə verəsən?

Fəxri ziyalı ailəsində böyüyüb. Rəhmətlik Ağa müəllim övladlarına yaxşı təhsil verməklə yanaşı, onları gözəl insan kimi yetişdirməyi bacarıb. Bu, hər ataya qismət olmur, hər kişinin qaldıra biləcəyi yük deyil.

Fəxrini sevdirən xüsusiyyətlərdən ən başlıcası onun göründüyü kimi olmasıdır: səmimi, dürüst, ləyaqətli, haqqı nahaqqın ayağına verməyən, haqsızlıq görəndə susmayan. Təbii ki, belə yaşamaq asan deyil. Çünki qaranlıq meşələrdə, işıqlı kabinetlərdə ayılar, canavarlar da var. Çünki şax duruşun kimlərinsə xoşuna gəlməyə bilər. Ancaq sən başqa cür yaşaya bilmirsən, səni Allah bu cür yaradıb. Lazım gəlib ürəyinə yox, canına əziyyət verməyi üstün tutmusan, rahatlığını eyninə almamısan, papağını götürüb getmisən. Ancaq gec-tez haqqını da almısan. Haqqın da dostların sənə olan sevgisidir.

Heç şübhəsiz ki, hərənin ürəyində Fəxri özünə bir ayrı cür yer eləyib. Ancaq hamımız onu istedadlı yazıçı, publisist, naşir kimi tanıyırıq. Onun biliyinə, dünyagörüşünə, mütaliəsinə, yaddaşına, beyninin çevikliyinə həmişə həsəd aparmışam belə bir dostum olduğuna sevinmişəm.

Bu sözləri sənə Qazaxdan, öz ata evimdə "div otaq" dediyim, divarlarının boyası tökülmüş, bir çox yazılarıma şahidlik etmiş otaqdan yazıram bu uzaqlıqdan sənə öz sıcaq salamlarımı çatdırıram. Əlbəttə, sənin bu əlamətdar günündə yanında olmağı çox istəyərdim. Ancaq neyləyəsən, sağlıq olsun, əvəzini çıxarıq. Səni bağrıma basıb öpürəm, yüz yaşında arxaya baxanda könlünü isidəcək xoş günlər arzulayıram. Bir sağlıq olsun, məni Laçına, Oğuldərəyə apararsan.

Səni verənə şükür!..

 

Saday BUDAQLI

525-ci qəzet.- 2023.- 2 sentyabr.- S.13.