Adi günləri
tarixə döndərmək
qüdrəti
O,
dünya siyasətinin nəhəngləri ilə oturub-durub.
Dünyanın ən böyük dövlətlərinin
adı tarixə həkk olunan liderləri onun haqqında ən
yüksək tərifləri dilə gətirib - özü həyatda
olanda və ömür yolu bitəndən sonra. Onun sevənləri
həmişə çox olub, ancaq həyatının
bütün mərhələlərində istəməyənləri,
rəqibləri, hətta barışmaz düşmənləri
də tapılıb.
Haçandır
ömür möhləti bitib, yenə saysız sevənləri
var, ondan vaxtca aralandıqca qədrini daha artıq bilərək
sanki yenidən kəşf edənlərinin miqdarı da
artmaqdadır, ancaq keçmişlərdə olduğu kimi, yenə
əleyhdarları da, düşmənləri də əskik
deyil. Əsas odur ki, ona laqeyd qalmaq, bu gurluqda
işığı görməzliyə vurmaq mümkün
deyil. Onu peyğəmbərə də oxşadıblar, ona
iblis də deyiblər. Bunu kimsə xəlvətdə,
xısın söhbətlərdə dilə gətirmiş
olsaydı, indi heç üstünü vurmazdım. Amma o
sözlər milyonlarla insanın gözü
qarşısında söylənib, lentləşdirilib,
yaddaşlaşdırılıb və yazılıbsa, qalacaq.
Həmin səbəbdən gərək onların da
böyründən etinasız keçməyəsən. O, uzaqgörən
idi, aqil idi, tükü tükdən seçən idi, bilgin
idi, yaxşılıq etməyi bacaran idi və
yaxınlaşdıqca bu məziyyətlərindən ona gendən
baxanlardan daha artıq hali olaraq şəxsiyyətinə daha
artıq da vurğun kəsilənlər, qəlbən pərəstiş
etdikləri şəxsiyyəti müqəddəslərə
şamil edilən kəlmələrlə adlandıranda bunu
başa düşmək olur. Ancaq mən əleyhdarları da
anlayıram. Heydər Əliyevi aldatmaq
mümkünsüzdü. El sözü, yerin altını da,
üstünü də, insanın içərisini də,
çölünü də bilirdi, yalana, xəyanətə,
etibarsızlığa, qudurğanlığa,
cızığından çox çıxmağa
qarşı amansız idi, "çürük" dediyi belələrindən
ikrah edirdi və yeri düşdükcə cəzalarını
verirdi. Odur ki, ona heç vədə bata bilməmiş şər
qırıqlarının, özləri şeytan
qırığı olanların bu zirvənin ardınca hərzə-hədyan
püskürməkdən o yana nəyə taqəti çatar
ki!
Ancaq
o, nə peyğəmbər idi, nə də iblis. O, insan idi.
Amma sadə insan da yox, hər baxımdan qeyri-adi olan,
böyük olan insan. Zatında quruculuq, ilham, eşq vardı.
Ona görə də ömrü boyu qurdu, yaratdı, yollar
açdı, uçmaq təpəri olanlara qanadlar
bağışladı, gələcək günlərçün
təməllər tökdü. Nə etdisə də, sevgiylə
etdi və buna görə də daim sevgiylə anılmaq ona
tale töhfəsidir.
İkinci
Heydər Əliyev olmayacaq. Adı, soyadı Heydər
Əliyev olanlar doğulacaq və bu gün neçəsi var.
Birinin damarlarında öz qanı axır - doğmaca nəvəsi
də onun adıyla böyüyür. Heydər Əliyevlərin
içərisindən də işıqlı azərbaycanlılar
çıxacaq, istedad Azərbaycanın varlığında,
millətin qanında olduğundan zaman keçdikcə yeni əyyamlara
uyğun görkəmli siyasətçilər də, qabil
dövlət xadimləri də, seçkin liderlər də
yetişəcək. Ancaq ikinci Heydər Əliyev olmayacaq. O, tək
gəldi, tək getdi. O, Azərbaycanın bəxtinə
düşmüş müstəsna bir ƏSƏR idi. Elə
möhtəşəm və təkrarsız ƏSƏR ki, əsəri,
təsiri, dalğası bu millətlə həmişəlik
qalacaq.
Nə
qədər iri zaman keçsə də, hər halda minillərin
və yüzillərin o tayında qalan böyüklərimizi
tanıyırıq. Əlbəttə ki, hamısını
yox. Unudulanlar lap çoxdur. Hər xalqın onun
keçmişini yaratmışlara bələd olmasına, əslini-kökünü
bilməsinə ehtiyacı var. Keçmişin böyük
olduqca özünü bugün içərisində daha
güvənli, daha inamlı hiss edirsən. Yox yerdən
özünə tarix düzəltməyə
çalışanları, kağız üzərində guya
qədimlərdə ərazilərinin hüdudsuz olduğunu
sübut etmək sevdasına düşənləri, başqa
millətlərdən çox dəyərləri, hətta məşhur
simaları belə mənimsəyərək öz adına
çıxarmağa can atanları da qınamayın. Milli
natamamlıq duyğusu vadar edir ki, onlar özlərində
başqa millətlərə nisbətən
çatışmaz saydıqlarını nə yollasa aradan
qaldırsınlar. Təqdir etməsən də, hər halda o
cür səylərə gərək bir qədər
dözümlü, bir az təbəssümlə -
anlaşıqlı yanaşasan. Dərd odur ki, bütün
tarix boyu bir-birindən qüdrətli şəxsiyyətlərin
ola, çoxunu hələ yeni nəsillərə gərəyincə
tanıda bilməyəsən, dözülməsi çətin
olan budur ki, tarix içərisində iftixara layiq çox
uğurların ola, amma başqaları özünə
ordan-burdan oğurlayaraq, oxşadaraq, dəyişərək
nailiyyət tarixçələri yaratsın, sənsə
şanlı dünəninin çox səhifələrinə
çatmağa tələsməyəsən. Çox vaxt məhz
belə arxayın biganəlik səbəb salır ki,
saxtakarlar, olmayanı olan kimi qələmə verənlər
meydan sulamağa girəvə tapırlar.
Azərbaycanın
son 1300-1400 il boyunca 3 mindən artıq şairinin
yaşayıb-yaratdığını təzkirələr xəbər
verməkdədir. Bu gün onların neçəsini
xalqımız yaxşı tanıyır? Uzaq başı 100-nü.
Amma bu, qətiyyən o demək deyildir ki,
insanlarımızın az tanıdığı, ya xəbərsiz
olduğu əski şairlərimizin arasında bu gün əsərləri
yaşamağa, özləri də elə indi bizə
yaxşı bəlli 100-ə qədər məşhur ədibimiz
kimi tanınmağa və sevilməyə tam layiq olan daha
neçə-neçə yüzlər yoxdur. Əlbəttə,
var. Üzə çıxarıldıqca, öyrənilib təqdim
edildikcə insanlarımız heyrətlənir ki, niyə indiyədək
belə xəzinələrdən bixəbər
qalıbmışıq! Elə bu cür müxtəlif bilik
sahələrindəki güclü alimlərimiz, dərin
filosoflarımız, vergili musiqiçilərimiz, rəssamlarımız,
memarlarımız... olub, azını tanıyırıq. Millətin
və yurdun taleyində izi qalan qüdrətli sərkərdələrimiz,
el qəhrəmanlarımızınsa lap barmaqla sayılacaq qədər
azına aşinayıq. Orta çağdan üzü bu yana
böyük dövlət xadimlərimiz, sadəcə hakimiyyət
sahibi olmayıb, həm də xalqı yeni yollarla irəlilədən,
məmləkəti yüksəltməyi bacarmış
dövlət başçılarımızın neçəsinin
adı, hünər və zəfər tarixçələri
bu gün hər kəsə bəllidir? Ha sayaq, 10-15 nəfər
olacaq, bəlkə bundan da az. Heydər Əliyevin adı bu
şərəfli sırada əbədi yerini tutub. Ancaq gərək
dünənlərimizə tez-tez boylanaq və yaxşı
tanıyaq. Hamısını tanıyaq və tanıdaq.
Onları daha yaxşı tanıyıb bildikcə bir millət
olaraq özümüzü də daha artıq tanıyacaq,
qarşımızda dünənin xəritələri, səmt
nişan verən bələdçiləri varkən sabahlara
doğru da daha əmin, hədəfləri daha dəqiq təsəvvür
edərək yönələ biləcəyik.
Şəxsiyyətlərimizin
hərəsi bir dərslikdir. Həmişə oxunulası və
ibrətlər alınası dərslik. Heydər Əliyevin
ömrü, yolu, irsini yaxşı bilməyimiz ona görə
vacibdir ki, o həm bir imperiya içərisində yaşayan
yarımasılı Azərbaycanın, həm də müstəqil
Azərbaycan dövlətinin rəhbəri olub. Daha əvvəlki
zamanlarda da başqa səltənətlər tərkibində
yarımasılı yaşamağımız olub, elə
bugünün özündə də oturuşmuş müstəqil
dövlətimizlə yanaşı, başqa dövlət tərkibində
vilayət kimi mövcudluğumuz da bir gerçəklikdir. Heydər
Əliyev hər insan kimi həyatını yaşayıb
gedib. İrs qalır. Hər yönünə bələd
olmaq gərəkdir ki, gələcəkdə nəyi necə
etməli və necə etməməli olmanın öyüdlərini
alasan. Heydər Əliyevin iş ömrünə
gün-gün, saat-saat daha dərindən nüfuz etdikcə
görürəm ki, necə ürəklə, fədakarlıqla,
sanki həyatın yalnız elə işdən ibarətliyini
düşünərək çalışıb.
İnsan
bəzən arxaya boylananda hansısa işlərə daha
artıq vaxt, güc sərf etdiyinə, bunun əvəzinə
bəlkə də daha artıq dincəlmək, əzizləriylə
bir yerdə olmaq fürsətlərini
qaçırdığına heyifsilənir. Ancaq insan o təhər
yaşayıbsa, ruhca o cürdürsə, vaxt tərsinə
dönsə, yenə hər şeyi təzədən
başlamalı olsa, yenə elə həminki kimi olacaq.
Çünki xəmiri belə yoğrulub, çünki məhz
belə olmaq onun mahiyyətidir.
Yaşı
70-i, 80-i, hətta 90-ı keçmiş insanlar var ki, bu
gün Azərbaycanda və Azərbaycandan kənarlarda Heydər
Əliyev haqqında bəzən haqlı, bəzən
haqsız danışırlar, yazırlar. Onlar Heydər
Əliyevi görənlərdir. Gələcəkdə onun
dünyadan getməsindən sonra həyata gəlmişlər
də danışacaqlar, yazacaqlar. Yenə hərdən
haqlı, hərdən haqsız olacaqlar. Daha çox
yaxınlaşdıqca onun nəhəngliyini daha artıq dərk
edirəm. Əgər o indi danışan və yazanların da
hər biri bu nəhəngliyi və ənginliyi yaxından
görmək imkanında olsaydı, ya buna cəhd etsəydi,
şəksiz ki, danışmaqdan və yazmaqdan öncə
hökmən tərəddüd keçirəcəkdi. Öyən
də, söyən də! Heydər Əliyev pambıq
tarlasında, "ağ qızıl"ı əkib-becərənlərin
arasındadır, onlarla danışır, baxırsan ki, həmin
ağır, çoxzəhmətli işin xüsusiyyətlərini
onlardan az bilmir, üzümlüklərdədir, ya
üzümçülüyün inkişafı ilə
bağlı müşavirə keçirir, o adamlarla
onların öz dilində söhbət edə bilir, bir gün
neftçilərlədir, sabahsa hansısa zavodda, bu gün bir
teatr tamaşasındadır, sabah dünya siyasətinin
çox düyünlü nöqtələriylə
bağlı müzakirələrin getdiyi məclisdə. Hər
sahədə əsl peşəkar kimi görünür və
hətta həmin sahənin peşəkarlarından da bir cəhətdən
üstün təsir bağışlayır. Çünki o,
bəlli sahənin peşəkarından fərqli olaraq, hər
sahənin bilicisidir və bütün bildiklərinin
üstündə bir dövlətçi baxışı da
var. O, həmin müxtəlif müzakirələrdə
hamı ilə eyni masa arxasında ola-ola həm də
bütün bunlara quş uçuşu
hündürlüyündən baxmaq gücündədir.
Böyük dövlətçi olduğundan ən xırda
olanda, ən adidə ən böyüyün izini, cövhərini,
rişəsini görə bilir. Çoxşaxəli peşəkar
olduğunda gözündən heç nə
qaçmırdı, ən böyük olandakı ən
xırda hissəcikləri də seyr etməyə qadir idi,
zahirən lap balaca, cüzi olanın da şah damarından
tutaraq onu ən vacib olan, ən böyük mətləblərlə
də əlaqələndirməyi bacarırdı. Heydər
Əliyevə bütövlükdə, ya onun hansısa əməlinə
qiymət vermək həvəsinə düşərkən gərək
ən əvvəl düşünəsən ki, onun yerində
sən olmuş olsaydın, qəfil sual qarşısında
naçar qalardın, ya hansısa cavab tapa bilərdin, ya sən
özün onun gücdə, onun təpərdə ola bilərdinmi
və ya ümumən onun kimi ola bilən bir özgəsi
varmı, yaxud belə ola bilmək istedadı tək bizdə
yox, bütün dünyada neçə yüzmində,
neçə milyonda birinin qismətinə düşüb?
Açın
qapını, bir kənardan qulaq asın, izləyin
toplantını. O vaxt - 1972-nin 12 mayında Mərkəzi Komitənin
həmin Büro iclası keçiriləndə
yığıncaq qapalıymış, orada müzakirə
edilən, imzalanan hər sənədin üstündə
"məxfidir" sözü varmış, yad bir adamın
da orada cərəyan edənləri izləməsi
yasaqmış.
İndi
həmin iclas, orada nə söylənibsə, nə
yazılıb-pozulubsa, hamısı tarixdir. Bizim tarix! Öz
tariximizin dəqiqələridirsə, demək, sizin hər
birinizindir. Çəkinmədən, rahatca bir qıraqdan
oturub baxın, qulaq asın. Narahat olmayın, onlar onsuz da sizi
görmür. Amma deyəsən, bircə Heydər Əliyev
yalnız bu iclasdakıların deyil, elə illər sonra həmin
qapalı toplantıları sənin, mənim, digərlərinin
də izləyəcəyini o başdan duyurmuş,
görürmüş, bilirmiş və ona görə də
hər toplantıda elə danışıb, elə
davranıb ki, baxanların, görüb-eşidənlərin
sayı birə-beş yox, birə-min də artsa, irada yer
olmayacaq. İndi o lentlərə, dünən yadigarı
xronikalara baxanda heyrətə düşməyə bilmirsən
- sanki heç bir hadisə o anda, qəfilcə baş vermir,
sanki öncədən bilirmiş belə hərəkət
ediləcək, belə söz söylənəcək və həmin
hərəkətin müqabilində, həmin sözə
qarşılıq olaraq mütləq bu cavabı vermək
lazımdır. Çünki artıq bugündən baxıb
saf-çürük edərkən görürsən ki, bir
söz artıq, bir söz əskik söylənsə, ya
hansısa fikir o məqamda məhz onun dediyi kimi deyilməzdisə,
nizam pozulardı, arzuolunan nəticə alınmazdı.
1970-ci
illər uzaqdır, 1990-cı illər ki yaxındadır,
videoyazılarını da vaxtaşırı seyr etmək
imkanınız var. Gözlənilməzliklərlə dolu
anlardır. 1990-cı ilin qara və qanlı yanvarından
1994-1995-ci illərin fırtınalarınadək. Əksəriyyət
büdrəyir, yanılır, ya öz aləmində haqlı
olduğunu düşünüb yaxa yırtır.
İndi
baxırsan, bircə Heydər Əliyevi görürsən ki, əvvəldən-sona
bütün tarıma çəkilmiş anlarda müvazinətini
sonacan saxlayan, iradəsi sarsılmayan, ayaqlar yerə
döyüləndə, mikrofonu bağlananda da susmayan, dediyi hər
söz də tam yerində olan yalnız odur.
Müsəlmanın
sonrakı ağlıyla, köhnə tarixə indiki təcrübəylə
tumar çəkərək sözdə nəyisə dəyişə
bilərsən. Ancaq dünəni olduğu kimi bugünə
çatdıran lentlərdə nəyi dəyişə bilərsən?!
Zaman özü onlara "əl vurma!"
möhürünü həkk edib.
Və
həmin dünənlərin içərisindən
görünən hər nöqtədə Heydər
Əliyevin alnı açıq, qaməti şax, sözü
dürüstdür. Nə hərəkətlərinin, nə
deyişlərinin islaha, redaktəyə ehtiyacı var.
Özü də təsdiqləyirdi ki, axı
ömrümün hər mərhələsi mənimçün
əzizdir.
Kim
döşünə döyüb deyə bilər ki, həyatı
uzunu nə edibsə, hamısından qanedir? Ömrünün
ötən illərində hansısa etdiklərini dəyişə
bilmək fürsəti əlinə düşsə, hər
adam özünü xoşbəxt saymazdımı?! O boyda
Ömər Xəyyam deyibsə ki: "Fələyin
yazdığını mən poza bilsəydim həmən, Onu
arzumla, məramımla yazardım yenidən", sıradan
olan insanların öz keçmişinə düzəliş
edə bilmək arzusuna niyə çox təbii yox, birtəhər
baxmalıyıq ki! Heç kəs belə istəyi gizlicə
qəlbindən haçansa keçirmiş olduğunu boynundan
atmasın, bu, hamıya, bəşər övladına
xasdır.
Ömrünün
hər parçasını necə
düşünülmüş yaşayasan, yolunu necə tam
ölçülü-biçili keçəsən ki, gələcəkdə
də keçmişdəki özünü seyr və təhlil
edərkən Heydər Əliyev kimi "mən
ömrümün hər parçasından razıyam,
ömrümün hər dövründə nə etmişəmsə
inanaraq, ürəkdən etmişəm" deyə biləsən.
Nə
isə, kənarda durmayın, içəri buyurun - Tarixin
içərisinə. Vaxtın dünənindəki o iclas
salonunda bir yanda əyləşib baxın, dinləyin...
...İçəridəsə
artıq növbəti müzakirə başlanacaq. Elə indicə,
bu dəqiqələrdə başa
çatdırdıqları fikir mübadiləsi
"Respublikanın kolxoz və sovxozlarına gətirilən
cins və cinsi yaxşılaşdırılmış
mal-qaranın yerləşdirilməsi və
saxlanılmasının vəziyyəti" haqqında idi. Kənd
təsərrüfatı naziri, respublika sovxozlar nazirinin
müavini, Üzümçülük və Şərabçılıq
Komitəsinin sədri, baytarlıq idarəsinin rəisi, Azərbaycan
Cins Heyvanlar Birliyinin sədri danışıblar və Heydər
Əliyev çıxış edib. Bu, sovet dövrü Azərbaycanının
həyatı idi, sənaye və kənd təsərrüfatı
məsələləri dövlət işinin aparıcı səmti
idi və belə mövzuların çoxu elə sovetlə
birgə qalıb keçmişdə. Ancaq bu köhnə və
həm də köhnəlmiş söhbəti bihudə yada
salmıram. Obiri danışanların hamısı kənd təsərrüfatı
üzrə illərcə çalışmış, bu sahədə
iş və həyat təcrübəsi olan şəxslərdilər,
bəziləri sırf heyvandarlıq mütəxəssisiydilər,
ancaq bütün bunlar zahirən Heydər Əliyevdən uzaq
söhbətlərdi, respublikaya rəhbərliyinin heç 2
ili tamam deyildi, Mərkəzi Komitəyə gələnəcən
belə mövzulardan büsbütün aralı olmuşdu,
rayon uşağıydısa da, yeniyetməliyində, ilk gəncliyində
nəinki maldarlıqla maraqlanmaq, heç həyət-bacalarında
belə mal-qara görməmişdi. İndi
danışırdı, elə suallar verirdi, elə incəliklərə
toxunurdu ki, neçə ilin mütəxəssisi olan bu adamlar
sadəcə təəccüblənmirdilər, üşənirdilər
ki, belə də adam olar, axı bütün bunları haradan
bilir, necə bilir?!
Heydər
Əliyev olmağın bir gizlinci də elə bu "haradan
bilir"dir. Zəhmət, alın təri, usanmadan, bıqmadan
öz üzərində işləmək, heç kimin
yanında sənə aidiyyəti olan heç bir məsələdə
zəif görünməmək inadı.
...Bu
dəstə gedir, gündəlikdəki növbəti mövzu
ilə bağlı dəvətlilər daxil olurlar zala. Söz
yox, ətrafında söhbət gedəcək hər məsələ
ilə bağlı öncədən Birinci katibə zəruri
arayışlar hazırlanır və o, mövzunun içində
olur. Bu məsələ ilə bağlı da bir neçə
arayış ortadadır. Ancaq indi haqqında bəhs edilən
hadisənin buradakıların heç birinə bəlli
olmayan müqəddiməsindən, pərdəarxası xeyli
ayrıntılarından o, hələ özünün DTK
dövründən tanışdır.
1971-ci
il dekabrın 18-dən 29-dək Sovet İttifaqının mədəniyyət,
ədəbiyyat və elm xadimlərindən ibarət 15 nəfərlik
nümayəndə heyəti Azərbaycanın mədəniyyət
naziri Zakir Bağırovun rəhbərliyi ilə Sovet-İraq
dostluğu ongünlüyündə olub. İndi arxiv sənədlərində
qarşıma çıxan, vaxtilə köhnə qəzetlərdə
haqqında oxuduğum həmin səfər barədə 1980-ci
illərin əvvəllərində mənə unudulmaz alimimiz
akademik Həmid Araslı danışırdı, Bağdadda,
Mosulda, Ərbildə, Kərkükdə, Bəsrədəki
görüşlərinin üstündən 10 il ötəndən
sonra da soyumamış həyəcanı ilə bir-birindən
maraqlı tarixçələri söyləyirdi. Həmid
müəllim ilk sovet alimi idi ki, Bağdadda, Mosulda, Bəsrədəki
universitetlərdə geniş müəllim və tələbə
auditoriyası qarşısında mühazirələr
oxumuşdu. Xəyalınız indiyə getməsin - yollar
açıq, Azərbaycan müstəqil. Sovet dönəmində
hər belə səfər, nəinki iri bir dəstə azərbaycanlının,
hətta bircə nəfərin belə sovet sərhədlərindən
kənardakı özünüifadəsi, uğuru Azərbaycanın
SSRİ tərkibində olsa da, hər halda dövlət kimi
varlığının göstəricisi idi. Bu dekadanın
açılışı da, bağlanışı da
Bağdadın ən böyük "əl-Huld"
zalında keçirilmişdi, bu mərasimlər ölkə
televiziyasında nümayiş etdirilmişdi. Nümayəndə
heyətinin üzvləri dövlət, hökumət və
siyasət xadimləri ilə görüşmüşdülər,
müxtəlif sənaye müəssisələrinə, elmi və
mədəni mərkəzlərə baş çəkmişdilər,
Azərbaycan haqqında filmlər göstərilmişdi, sənət
ustalarımız konsertlər vermişdilər, qəzetlərin
ilk səhifələri hər gün bu xəbərlərlə
dolu idi. SSRİ-nin İraqdakı səfiri V.Lixaçov səfərin
başlıca yekunları ilə bağlı Bakıya, Heydər
Əliyevə məktub göndərmişdi və
görüşlərdə edilmiş təkliflərə əsaslanaraq
mülahizələrini yazırdı ki, yaxşı olardı
İraqdakı türkmanların mədəniyyət təsisatları
ilə Azərbaycanın oxşar təmayüllü təşkilatları
əlaqələr qurmaq imkanlarını
araşdırsınlar, türkman gənclərin Azərbaycan
ali məktəblərində təhsil almaq məsələsinin
mümkünlüyü nəzərdən keçirilsin,
İraq milli neft sənayesi üçün mütəxəssislərin
yetişdirilməsindən ötrü onların Azərbaycan
ali texniki institutlarında təhsil alması məsələsinin
məqsədəmüvafiqliyinə baxılsın. Təbii
ki, fövqəladə və səlahiyyətli səfir
Bakıya yolladığından daha geniş hesabatı
Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinə də
çatdırmışdı.
Və
Heydər Əliyev də fürsəti fövtə vermədən
açılmış imkandan Azərbaycanın maraqları
naminə yararlanmağı qət etmişdi. Həmin Büro
iclasının sənədləri arasında artıq onun
imzalayaraq Kremlə ünvanladığı məktubun da surəti
qalır. Heydər Əliyev Sov.İKP-yə göndərdiyi məktubda
yazırdı ki, Bakıda İraqın baş konsulluğunun
açılması ilə əlaqədar Bəsrədəki
SSRİ konsulluğunun baş konsulluğa çevrilməsini
məqsədəuyğun hesab edirik. Baş konsul vəzifəsinə
isə namizədin Azərbaycandan olmasını təklif
edirik.
Amma
bir az da irəli gedərək başqa təkliflər də
irəli sürürdü. İraq türkmanlarına istinad edərək
yazırdı ki, onların mütərəqqi təmsilçilərinin
fikrincə, Sovet Azərbaycanının əldə etdiyi
nailiyyətlərin İraqda lazımınca təbliğ edilməsi
Qərb dövlətlərinin bu ölkədəki antisovet təbliğatına
ciddi əks-təsir göstərər.
Heydər Əliyev belə siyasi
kombinasiyaların ustasıdır, bilir hansı həssas yerdən
yapışır və öz çekist təcrübəsindən
agahdır ki, Moskvanın qılığına ideoloji
uduşlar vəd edən belə fəndlərlə girmək
daha nəticəverəndir və əslində elə həqiqəti
yazır. Çünki o dövrdə kökcə elə bizdən
olan İraq türkmanları ilə Azərbaycanın ədəbi-mədəni
əlaqələri daha əvvəlki onillərin xəbərsizliyi
və sükunətindən qurtularaq günü-gündən
istiləşməyə və genişlənməyə
başlamışdı. Rəsul Rza, Bəxtiyar Vahabzadə və
Qasım Qasımzadənin o tərəflərə 1959-cu ildə
gerçəkləşən səfəri, səfər əsnasında
yaranan tanışlıqlar, bunun ardınca başlanan yazışmalar,
Rəsul Rzanın İraqdakı türkmanların Füzuli
yadigarı olmaları, özlərinə "türkman"
desələr də, canla, qanla bizlərə
bağlılıqları haqdakı məqaləsi gözləri
daha çox açmışdı. Kərküklülərin
buralara gəlib çatan səslərini, şeirlərini, nəğmələrini
dinləyib onlara isinişdikcə insanlarımızın elə
onların da bizlərdən olmasına əminliyi
artmışdı, 1968-ci ildə işıq üzü
görən "Kərkük bayatıları"
kitabını oxuyanlarsa görmüşdülər ki,
qoşa alma kimi oxşarıqmış. Asta-asta oralı alim və
ədiblərin də bizim tərəflərə ayağı
açılmışdı.
Ona
görə də hələ DTK dönəmindən
bütün bu işlərin içində olan Heydər
Əliyev artıq yaxınlaşmanın gələcəkdə
daha da dərinləşdirilib inkişaf etdirilməsinin rəsmi
yollarını arayırdı və İraqda Azərbaycan təqdimatında
həyata keçirilmiş mədəniyyət günləri
indi bununçün əlverişli vəsiləyə
çevrilmişdi.
Kremlə
məktubunda İraqdakı sovet təsirinin
artırılması və həmin işlərin təşkilindən
ötrü ölkədəki sovet səfirliyinin, Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətləri
İttifaqının (rusca o vaxt bu quruma SSOD deyirdilər:
"Soöz sovetskix obhestv drujbı i kulğturnoy svəzi s
zarubejnımi stranami") nümayəndəliklərinin
aparatında azərbaycanlı kadrların işləməsinin
faydalı olacağı məsələsini
qaldırırdı.
Yəni
Heydər Əliyevin həm səfirliyə, həm
konsulluğa, həm də əl altından başqa məxfi
tapşırıqlar yerinə yetirsə də, hər halda
açıqda birbaşa mədəni siyasətlə məşğul
olan SSOD-a azərbaycanlı kadrları yerləşdirməklə
bağlı təcili məktub göndərməsinin alt
qatdakı səbəblərindən biri güclü, əlləri
hər səmtə çatan Azərbaycanın quruculuğuyla
bağlı yeni tədarüklər idisə, daha dərində
olan digər mühüm səbəb də vardı.
İş ondadır ki, Kreml artıq qət etmişdi ki,
1972-ci ilin yazında Yerevanda İraq mədəniyyəti
günləri keçirilsin, həmin ilin payızında isə
İraqda SSRİ mədəniyyəti dekadası bu dəfə
artıq Ermənistan təmsilçiliyi ilə təşkil
edilsin. Bu ehtimal da istisna olunmurdu ki, ermənilər də həmin
dekadadan sonra ərəb dünyasına səpilmiş
çoxlu soydaşlarının olmasına işarəylə
oxşar xahiş və təkliflərlə Moskvaya müraciət
edə, onsuz da bizə nisbətən daha artıq sirayət
etmiş olduqları SSRİ Xarici İşlər Nazirliyi
şəbəkəsinə daha bir neçə
özününkünü yerləşdirməyə
çalışarlar.
...Ömrü
boyu sabitləşmiş adətinə uyğun olaraq Heydər
Əliyev bu iclasda da sona yaxınlaşınca mətləbləri
yekunlaşdıracaq, bir daha xüsusi diqqət yetirməli məsələlərə
münasibətini bildirəcək. Onun belə dəyərləndirmələri
isə artıq bir layihə, gələcək fəaliyyətin
istiqamətləri idi. Azərbaycan nümayəndə heyətinin
uğurlu İraq səfəri sevindirir, bəs ardı? Heydər
Əliyev danışır: "Bizim Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətimizin
işi qənaətbəxş deyil və bu barədə
çox yoldaşlar dəfələrlə deyiblər. Mən
bu yaxınlarda Suriyada idim. Oradakı səfir də, səfarətxananın
əməkdaşları da çox şikayətlənirdilər
ki, söyləyirdilər ki, Azərbaycanın nailiyyətlərini
təbliğ etmək üçün əllərində
heç bir material yoxdur. Azərbaycanın 50 illiyində orada
təntənəli bir tədbir təşkil etməyi
arzulayıblar, ancaq ixtiyarlarında lazımi materialları
olmayıb. Ancaq bu arada başqa respublikalar başqa ölkələrdə,
o cümlədən, ərəb ölkələrində bu mənada
fəal iş aparırlar".
Orada
səfirlik həqiqətənmi Azərbaycanla bağlı tədbir
keçirmək istəyirmiş, ya bu, səfir və digər
diplomatların Heydər Əliyevlə Suriyadakı
görüşlərdən, onun Azərbaycanla əlaqədar
burada geniş iş aparılmasının zəruriliyi ilə
bağlı təlqinedici söhbətlərindən sonra
ağıllarına gəlib dilə gətirilmişdi, - bu,
ayrı söhbətdir. Heydər Əliyevsə Suriya-Azərbaycan
bağlılıqlarından bəhs edəndə, Suriyada bizim
daha yaxşı tanıdılmamıza ehtiyacın olduğunda
təkid edəndə başlıca tarixi körpü kimi
bilirsinizmi kimə əsaslanmışdı? - İmadəddin
Nəsimiyə! Başqa hansı sovet respublikasının
Suriya ilə bunca mötəbər, qocaman yaşlı
körpüsü vardı?
Heydər
Əliyev beləcə, hər məsələyə
miqyaslı yanaşdığından yüzlərlə detal arasından
ən əhəmiyyətli olanı da dərhal seçə
bilirdi. Nəsiminin keçirilməsi nəzərdə tutulan
600 illiyi ilə bağlı Suriya səfərində o,
artıq oralarla bağlı zəruri özülü
yaradıb qayıtmışdı.
...Digər
məsələnin müzakirəsinə başlayırlar. Ali
və orta ixtisas təhsili naziri, universitetin rektoru, hüquq təhsili
üzrə mütəxəssislər respublikada
hüquqşünas kadrların hazırlanması və təkmilləşdirilməsi
məsələlərinin vəziyyəti, görülməli
tədbirlərdən bəhs edirlər. Heydər Əliyevin
bu mövzuya münasibəti həmişə son dərəcə
ciddi və tələbkar olacaq, bu mövzuya dönə-dönə
qayıdacaq. Hüquqşünas kadrların hazırlanması
məsələsinə millət və cəmiyyət
quruculuğu məsələsinin önəmli halqalarından
biri kimi yanaşdığından hətta bəzən ifrata
da varacaq, qanunla sərbəst də davranacaq. Universitetin
hüquq fakültəsi sovet dönəmində Azərbaycanda
ən bahalı fakültə sayılırdı. Məcazi mənada
yox, elə sözün birbaşa anlamında. Təhsil
sistemində, xüsusilə qəbulda böyük rüşvətxorluq
vardı, qarşısını almaq da mümkünsüz qədər
çətin idi. Sovet dövründə insanların ala,
lotereya ilə uda bildiyi ən bahalı minik maşını
"Volqa" idi ki, qiyməti təqribən 10 min rubldu.
Hüquq fakültəsinə tələbə biletinin
"qiyməti"sə 100 min rubl. Heydər Əliyev hakimiyyətə
gəlincə tələbə qəbulu sahəsində
rüşvətxorluğun aradan qaldırılması yolunda
mübarizəyə başlamışdı. "Bunker"
anlayışı da elə o vaxtlar yarandı. Qəbul
imtahanlarına qatılan müəllimləri təcrid edirdilər,
son anacan hansı harada imtahan götürəcəyini bilmirdi,
amma nədirsə, yenə bir hiylə işlədib bəd əməllərini
törətməkdə davam edirdilər. Heydər Əliyevin
1970-ci illərdə ixtiyari olaraq qoyduğu yasaqlardan biri
hüquq fakültəsinə qəbulda prokurorların, milis rəislərinin,
hakimlərin övladlarına məhdudiyyət
yaradılması ilə bağlı idi. Bakıdan Moskvaya bir
ucdan şikayət məktubları gedirdi ki, Azərbaycanda
insanların təhsil hüququ pozulur, gənclərin istədikləri
ixtisası seçmələrinə maneə qoyulur.
Həmin
olmuşlardan 30 ilə yaxın vaxt keçərkən Heydər
Əliyev belə sərt tədbirlərə əl
atmasının niyəsini izah edirdi. Söyləyirdi ki, tapşırdım,
araşdırdılar, məlum oldu ki, hüquq fakültəsinə
qəbul edilənlərin bir çoxu hüquq-mühafizə
orqanlarında yüksək vəzifə tutanların
balasıdır. Fikirləşdim ki, belə davam etsə,
respublika üzrə milisdə, məhkəmədə,
prokurorluqda 10-15 il sonra necə mənzərə yarana bilər?
Hər yerdə eyni familiyalar olacaq, ixtiyar 10-15 nəslin əlinə
keçəcək, cəmiyyətdə özünəməxsus
bir təbəqələşmə baş verəcək,
bununsa Azərbaycana, xalqa dərinə işləyən
çox zədələri dəyəcək. Ona görə məcburən
müəyyən qabaqlayıcı addımlar atası oldum.
Narazılıq edənlər də az deyildi. Hətta bir dəfə
Yuri Andropov məndən soruşdu ki, o nə məsələdir,
hey yazıb şikayətlənirlər, bu
özbaşınalığa əncam çəkilməsini tələb
edirlər. Niyə belə etdiyimi Andropova söylədim.
Duruxdu. "Qanunu pozursan, amma düz edirsən" dedi.
...Sovet
dövrünün adamı çürüdən mərəzlərindən
biri bitib-tükənməyən iclaslar idi. Bu xəstəlik o
həddəydi ki, hətta cəsarəti icazəli olan sovet mətbuatında
Vladimir Mayakovskinin "İclasbazlar"ından Mir Cəlalın
"İclas qurusu"nacan bu babətdə bir
yığın satirik əsər qələmə
alınmışdı.
Ancaq
Heydər Əliyevin apardığı o Büro
iclaslarının materiallarını vərəq-vərəq
çevirirəm, "su axtarıram" - yoxdur. Müzakirə
edilən hər məsələ vacib, dilə gətirilən
bütün təkliflər işgüzar.
Çexoslovakiyanın (indi Çexiya) "Barrandov"
kinostudiyası ilə bahəm Azərbaycanfilmin çəkəcəyi
"Küləkli dəniz" filmi ilə bağlı
müzakirəyə əhəmiyyətsiz demək olarmı,
ya belə iclası hansı insafla bürokratizmin
ayağına yazmaq mümkündür? Axı hətta bu
müzakirənin özü də Azərbaycanı daha böyük
və güclü göstərmək cəhdi
sayılmalı, Azərbaycanın dünyaya
çıxışına o dövrün şərtləri
daxilində diqqətəlayiq bir təkan kimi
qavranılmalıdır.
Ya həmin
gün baxılmış 23 məsələdən biri olan bu
müzakirəni necə ikinci dərəcəli, iclasa aludəlik
kimi mənalandırasan? Əsl yaradıcı, fəal iş
prosesidir. Belə toplantılarla müqayisədə əksinə,
indinin bir çox yığıncaqları bəsit, bezdirici,
gərəksiz təsir bağışlayır.
Nəriman
Nərimanovun 100 illik yubileyi yaxınlaşır. O təntənəli
iclasda Heydər Əliyev məruzə etməlidir. Məruzəni
hazırlamaqçün təqdim edilmiş ilkin materiallar
müzakirə olunur. Heydər Əliyev bu müzakirələrsiz
də həmin çıxışını
hazırlayardı və hamı da hər şeyi yalnız təntənəli
yığıncaq günü eşidərdi. Ancaq
hamının fikrini öyrənmək istəyir. İstənilən
halda, həmişə olduğu kimi, yenə son anda ən
doğru, ən adil, ən sanballı fikirləri özü
söyləyir. Ancaq ətrafdakıların rəyi də
onunçün mühümdür. Hamıya qulaq asır və
hər nitqdən də özünə lazım olan nələrisə
mütləq tapır. Danışanlar hamısı püxtə,
bilikli insanlardır. İclasda bu mövzunu təqdim edən Mərkəzi
Komitə katibi Cəfər Cəfərov da, Büro üzvləri,
respublika rəhbərliyini təşkil edən İsmayıl
İbrahimov da, Əli İbrahimov da, Həsən Seyidov da,
Qurban Xəlilov da, dəvətli mütəxəssislər də.
Heydər Əliyev başlayır və o dəqiqə bəlli
olur ki, mövzunun özəyindən onun kimi həm elmi, həm
siyasi baxımdan sərrast yapışan yoxdur. Deyir ki, bizim
dövrümüzdə indiyədək 100 illiyi qeyd edilən
bircə Vladimir İliç Lenin olub. Bugünəcən biz
Mirzə Fətəli Axundovun, Vaqifin, Nizaminin yubileylərini
keçirmişik. Onlar ictimai xadimlər, ədiblərdir.
Ancaq Nərimanovun yubileyini biz bir dövlət xadiminin
ildönümü kimi keçirəcəyik. Moskvada
İttifaqlar Evinin Sütunlu zalında bu yaxınlarda SSRİ
Dövlət Plan Komitəsi səviyyəsində Krjijanovskinin
100 illiyi keçirilib. Odur ki, biz çox
düşünülmüş hərəkət etməliyik.
Xatırladırdı ki, Nəriman Nərimanov 1922-ci ilin
dekabrından 1925-ci ilin dekabrınadək SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin sədri işləyib, başqa
sözlə, sovet dövlətinin rəhbərlərindən
olub və xüsusi vurğulayırdı ki, elə bircə bu
dəlil onun fəaliyyətinin ən yüksək qiymətidir.
Əlavə edirdi ki, Lenin vəfat edəndə matəm
qurultayı keçirilib, az saydakı
çıxışçılardan biri olmaqdan savayı,
yekun sözünü deyən, qurultayı bağlayan da Nərimanov
olub.
Yəni
diqqəti ona yönəldirdi ki, bizim Nərimanovumuz elə
Lenin miqyaslı bir şəxsiyyət olub və onun 100 illiyini
də həm Azərbaycanda, həm İttifaq səviyyəsində
bu böyüklüyə uyğun keçirməliyik, Nərimanov
haqda məruzə də onun möhtəşəmliyinə
uyğun olmalıdır.
Sovet
dönəmində "milli təmayüllü kommunist"
adlandırılaraq o çağın məfkurəvi
meyarlarıyla ləkələnmiş kimi olan Nəriman Nərimanovu
bütün əzəməti ilə Sovet İttifaqı
çərçivəsində qaldırmaq, onun siyasi
intibahını təmin etməkçün mübarizələr
aparırkən Heydər Əliyevin niyyəti həm də
onun vasitəsilə SSRİ içərisində Azərbaycanı
yüksəltmək, bu dövlətin qurucuları
sırasında məhz bu xalqın böyük
övladının olması həqiqətini bəyan etmək
idi.
Özü
böyük olduğundan böyük baxmağa, böyük
görməyə, böyük təqdim etməyə də
qadir idi.
...İclassa
davam edirdi. Növbəti məsələlər gəlirdi. Hərəsində
bir tarix. O başverənlərin tarixi siqlətini biz bu gün
duyub dərk edirik. Heydər Əliyevsə həmin günlərin
içərisində bu tarixləri vaxtın sürətli
axarında gündəlik işi kimi yaşayır və
yaradırdı.
O - qətiyyən
sadə olmayan İnsan!
28
avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 2 sentyabr.- S.10-11.