Onuncu və
sonuncu...
YAXUD
"AZƏRBAYCANDA AZƏRBAYCAN ƏDƏBİYYATI
GÜNLƏRİ"
Heydər
Əliyev-100
Azərbaycan yazıçılarının növbəti, X qurultayının
1997-ci il oktyabrın 30-na təyin
edildiyi artıq bir neçə ay əvvəldən bəlli
idi. Onu da bilirdik ki, dövlət başçısı, yazıçıların
böyük dostu Heydər Əliyev işlərinin həddindən
çox olmasına baxmayaraq, qısa müstəqillik dövrü
tarixində ilk dəfə
keçirilən bu qurultayda Azərbaycan Respublikasının Prezidenti
kimi iştirak edəcək.
Heydər
Əliyev sovet Azərbaycanının rəhbəri
olduğu 1971, 1976, 1981-ci illərdə
müvafiq şəkildə
ölkə yazıçılarının
V, VI və VII qurultaylarına
Azərbaycan KP MK-nın
birinci katibi kimi qatılmış, hər dəfə də iştirakçıların
yaddaşında dərin
məzmunlu, maraqlı
və prinsipial çıxışları,
ədəbiyyat və
sənət haqqında
qiymətli fikirləri
ilə qalmışdı.
VIII qurultayın keçirildiyi
1986-cı ildə Sov.İKP
MK Siyasi Bürosunun üzvü H.Ə.Əliyev
Moskvada, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı.Amma Vətəninin
ədəbi-mədəni həyatındakı
hadisəni yaddan çıxarmamışdı - yazıçıların məclisinə
təbrik teleqramı göndərmişdi.
Heydər
Əliyevsiz keçirilən
VIII qurultayın gedişini
müşahidə etdikcə
onun yoxluğunu sezməmək mümkün
deyildi."Kişinin vaxtında hər şey başqa cür idi" - deyə bəziləri narazılıqlarını gizlətməyib
açıq-aşkar gileylənirdilər.
Adım məruzə ətrafında müzakirələr
zamanı çıxışçılar
siyahısında olduğundan
bunu daha çox hiss etdim. MK-nın müvaviq şöbəsinin tapşırığı
ilə qurultaya bir neçə gün qalmış çağırıb çıxış
mətnini istədilər.
Guya ruscaya çevirib Moskvadan və müttəfiq
respublikalardan gələn
qonaqlar arasında yayacaqlarmış... Başa
düşdüm ki, məqsəd
sadəcə hər hansı gözlənilməz
fikrin, tənqidi mülahizə, yaxud təklifin qarşısını
almaqdır.
- Məruzələrdən xəbərsiz
necə çıxış
yaza bilərəm? - sualıma "Ədəbiyyatın
ümumi vəzifələrindən,
iki qurultay arasındakı ədəbi
uğurlardan ümumi şəkildə danışsan,
kifayətdir", - cavabını
verdilər. Bu qurultayda
ilk dəfə Yazıçılar
İttifaqının (sonralar
Birlik adlandırıldı
- V.Q.) üzvü qismində,
səsvermə hüququ
ilə iştitak edirdim. VII qurultayda isə sadəcə dəvətlilərin sırasında
idim. Və o zaman Heydər Əliyevin respublika rəhbəri kimi yazıçılara necə sərbəst, işgüzar, mühit yaratdığını, hər
kəsə açıq
şəkildə fikrini
bildirmək, sözünü
demək, polemikaya girmək imkanı verildiyini dönə-dönə
müşahidə etmişdim.
Burada isə vəziyyət tamam fərqli idi. İstəyirdilər ki, hərə
sakitcə kağızını
oxuyub kürsüdən
aşağı ensin.
Hər hansı fərqli mübahizə, fikir mübadiləsi yaradan münasibət sərgilənməsin.
Amma bütün ayıq-sayıqlığa
baxmayaraq, ekssessiz ötüşmədi. Keçmiş
sovet adı ilə desəm, Kirovabaddan olan yazıçı Nüşabə
Məmmədli aşkarlıq
və yenidənqurma dövrünün imkanlarından
istifadə edib şəhərin
tarixi Gəncə adının qaytarılması
təklifini irəli sürdü və birinci katib mərhum
Kamran Bağırov başda
olmaqla yerli partiya boslarını bərk qəzəbləndirdi.
Heç şübhəsiz,
siyasi lider üçün ən zərüri keyfiyyətlərdən
biri zaman hissidir. Artıq 1986-cı ilin yayı olsa da, respublika rəhbərliyində
dəyişən dövrün
addım səsləri
qətiyyən eşidilmirdi.
Sosializm sisteminin hələ əbədi göründüyü beş
il əvvəlki qurultayda
Heydər Əliyevin yazıçıları ictimai-siyasi
fəallığa, xalqın
səsi və sözü olmağa çağıran cəsarətli
mülahizə və təkliflərini xatırlayıb
onun indiki situasiyada necə hərəkət edəcəyini
düşünürdüm...
Türkiyədə uzun müddətli
elmi ezamiyyətdə olduğumdan yazıçıların
1991-ci il 18-19 mart tarixlərində keçirilən IX qurultayında
iştirak edə bilməmişdim. Keçmiş
Sovet İttifaqının
süqut mərhələsinə
qədəm qoyması
ilə bağlı digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da gərgin ictimai-siyasi şərait yaranmışdı.
Qarabağ ətrafında
günü-gündən mürəkkəbləşən
vəziyyət bu gərginliyi daha da artırırdı. Moskvanın
üstüörtülü razılığı nəticəsində
erməni separatizmi getdikcə mövqelərini qüvvətləndirirdi.Gözləmə mövqeyi
tutan respublika rəhbərliyi xalqın istək və tələblərinə cavab
verməyə qadir deyildi; bunu bacarmır,
yaxud istəmirdi.
1990-cu ilin yanvarın 20-də sovet ordusu Bakıda
dinc əhaliyə
divan tutandan bir gün sonra Ümumittifaq əhəmiyyətli
fərdi pensiyaçı
kimi Moskvada yaşayan Heydər Əliyev Azərbaycan Daimi nümayəndəliyinə
gedib mətbuat konfransı keçirmiş
və Qorbaçov güruhunun antiazərbaycan
mövqeyinə, milli ayrı-seçkilik
siyasətinə sərt
etirazını bildirmişdi.
Ardınca isə Bakının da Moskva qədər
təhlükəli olduğunu
bildiyi halda Vətənə qayıtmağı,
dar gündə xalqı ilə birlikdə olmağı üstün tutmuşdu.
Və yazıçıların dəvətini
qəbul edib qonaq kimi qurultaya
qatılmışdı. Keçmiş
və indiki rəhbər işçilərin
ölkə vətəndaşlarının
qarşısına çıxmaqdan
çəkindikləri bir
şəraitdə həmişəki
kimi yenə "ön xətdə" olduğunu nümayiş etdirmişdi... Həm də bu dəfə
qurultayın gedişini
rəyasət heyətindən
müşahidə etməmişdi.
Salonda, yazıçılar
arasında oturmuşdu.
Onlarla həmrəylik
nümayiş etdirmişdi.
Altı
il sonra Heydər Əliyev yenə də yazıçılarla
bir yerdə idi.
Həyəcan və nagümanlıqlarla
dolu 1991-ci ildən fərqli olaraq 1997-ci ildə vəziyyət xeyli dəyişmişdi. Ölkədə daxili sabitlik təmin edilmişdi. Xaos və anarxiyaya son qoyulmuşdu. Müstəqil
dövlətçilik şəraitində
milli-mənəvi dəyərlərə
yeni məzmun verilməsi
istiqamətində işlər
görülürdü. Prezident
Heydər Əliyev bir vaxtlar sovet
Azərbaycanında olduğu
kimi, müstəqil Azərbaycan dövlətində
də cəmiyyətin
mənəvi simasını
dəyişmək məsələsində
yazıçıların qüvvəsinə
arxalanırdı.
Ona görə də müstəqillik dövrünün
ilk qurultayına çoxumuzun
bəlkə də fərqinə vara bilmədiyimiz diqqət və tələbkarlıqla
yanaşır, hətta
hazırlaşırdı. Və
yəqin ki, ilk dəfə
idi ki, dövlət başçısı qurultaydan
əvvəl iki gün müddətində
Birlik üzvlərini yaş və nüfuz kateqoriyalarına uyğun şəkildə
ayrı-ayrı qruplar
şəklində qəbul
edib onlarla səmimi dialoq aparırdı. Hər kəsi dinləməyə
hazır olduğunu nümayiş etdirirdi.
Beləliklə, oktyabrın 28-də, çərşənbə axşamı
Yazlıçılar Birliyinin
sədri Anar başda olmaqla rəsmi məlumatda "yaşlı nəslin nümayəndələri" (hərçənd aramızda
40 yaşa çatmamış
cavanlar da vardı) kimi təqdim edilənbir qrup yazıçı, şair,
dramaturq, tənqidçi
Prezidentin kabinetinə
bitişik iclas salonunda onu gözləyirdik.
İş gününün sonu
olmasına baxmayaraq, Prezident gümrah addımlarla salona daxil oldu. Əli
ilə hər kəsə oturmaq işarəsi verdi. Sonra özü də əyləşdi və uzun masanın hər iki tərəfindəkiləri
diqqətlə gözdən
keçirdi. Sanki hamını
tanıyıb-tanımaması ilə bağlı yaddaşını bir daha sınaqdan keçirirdi. Görünür,
qənaətinə əmin
olduqdan sonra "Sizin demək olar ki, hamınızla uzun illərdir ki, tanışam" - deyə
sözə başladı:
"Mən düşünürəm
ki, Azərbaycan xalqının
müsbət xüsusiyyətlərindən
biri də odur ki, mədəniyyətə,
ədəbiyyata daim qayğı göstərib
və hörmət edibdir. Bilmirəm, bəlkə də səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət
xadiminə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə
tapılar. Bunun kökləri
var. Çünki bizim
ədəbiyyatımız da, mədəniyyətimiz də
zəngindir. Ədəbiyyatımızı,
mədəniyyətimizi və
tariximizi zənginləşdirən
dahi şəxsiyyətlərimiz
də olubdur. Ona görə də xalq bu şəxsiyyətləri
ilə həmişə
fəxr edərək,
onların yaratdıqlarını
həmişə sevə-sevə
oxuyaraq mədəniyyətə,
ədəbiyyata hörməti
nəinki saxlayıb, hətta artırıbdır"
- rəsmi nitq yox, adi söhbət
təsiri bağışlayan
bu sözlərdən
də göründüyü
kimi, Heydər Əliyev qarşısında
oturanlardan da eyni açıqlıq və səmimiyyəti gözləyirdi.
O, görüşə hansısa
direktivlər, göstərişlər
vermək üçün
deyil, ürək söhbəti eləmək,
sərbəst fikir mübadiləsi aparmaq üçün gəlmişdi.
Odur ki, yazıçılara
müraciətlə qeyri-rəsmi
görüşdəki statusunun
"bir oxucu, ədəbiyatı sevən
adam, ədəbiyyatla
bağlı məsələlərdən
kənarda qalmaq istəməyən dövlət
başçısı" olduğunu xüsusi nəzərə çatdırmışdı.
Prezident
qısa giriş nitqində hətta sovet dövründə də ədəbiyyat və sənət adamlarına sərbəstlik
yaratmaq (təbii ki, imkan dairəsində!), yaradıcılıq mühitinə
müdaxilə etməmək
üçün çalışdığını
diqqətə çatdıraraq demişdi:
"Şübhəsiz, mən
sizin qurultayın işlərinə qarışmaq
fikrində deyiləm və bilirsiniz ki, keçmiş zamanlarda da qarışmamışam. Keçmiş
zamanlarda, totalitar rejim dediyimiz vaxtlarda ən toxunulmaz (burada yaradıcılıq məsələlərinə
müdaxilə olunmaması
nəzərdə tutulurdu
- V.Q.) yerlərdən biri
bizim yazıçılar,
mədəniyyət sahəsi
olubdur. O vaxt bizim mədəniyyətdə,
ədəbiyyatda, bü
mühüm ideoloji sahədə bir mühüm ideoloji xətti-hərəkat vardısa,
indi bu götürülübdür,
yoxdur. Bir partiyanın
ideologiyası yoxdur, bir hakim ideologiya yoxdur. Hamımızın bir ideologiyası var: Azərbaycanın müstəqilliyi
və bu müstəqilliyin əbədiliyi.
Ona görə də indi yazıçılar və Yazıçılar
Birliyi daha da sərbəst, müstəqildir.
Ancaq buna baxmayaraq, sizin bir oxucunuz
kimi, eyni zamanda ədəbiyyatı
sevən bir adam kimi, bir
də ki, dövlət
başçısı olaraq
bu məsələlərdən
kənarda qalmamaq üçün bu görüşə gəlmişəm.
Sizi dinləmək istəyirəm".
Aradan onilliklər keçsə
də, yaxşı yadımdadır ki, Prezident
həmin axşam yazıçıların qaldırdıqları
məsələlərə bu üç müstəvidən - oxucu,
ədəbiyyatı sevən
adam və sənəti himayə etməyi ümdə borcu sayan dövlət
başçısı kimi
yanaşmışdı.
Heydər
Əliyevin çıxış,
nitq, bəyanat, müsahibə, məktub və müraciətlərini
ehtiva edən "Müstəqilliyimiz əbədidir"
adlı çoxcildli sənədlər toplusunda
(13-cü cild, səh.
10-29; 31-37; 43-57) X qurultayla bağlı
materialların stenoqramı
öz əksini tapdığından sənədlərin
köməyi ilə keçirilən görüşləri,
çıxışları tam dolğunluğu və dəqiqliyi ilə izləmək mümkündür.
Dövlət başçısının
dəqiq ifadəsi ilə desək, 28-30 oktyabr tarixləri Azərbaycanda həqiqətən
də "Azərbaycan
ədəbiyyatı günlərinə"
çevrilmişdi.
İlk günün hadisələrinə
qayıdaq. Yazıçılarla
görüşü "özü
üçün çox
əlamətdar hadisə"
adlandıran Prezidentin
qısa salamlama çıxışından sonra
Birliyin sədri Anar danışdı. Vaxt tapıb yazıçıları qəbul
etdiyinə görə
Heydər Əliyevə
təşəkkürünü bildirdi. Birliyin və onun ədəbi
nəşrlərinin qorunub
saxlanmasını mühüm
nailiyyət kimi qiymətləndirdi. Heydər
Əliyevin hakimiyyətə
qayıtması ilə
yaradıcılıq təşkilatlarının
başı üzərindən
asılmış təhlükənin
sovuşduğunu minnətdarlıqla
qeyd etdi. Qurultayda əsas məruzəçi qismində
çıxış edəcəyini
və sözlərini
də orada deyəcəyini xatırladıb
ədəbi həyatda
keçid dövrünün
ən böyük uğuru kimi yazıçıların monolit
qüvvə kimi öz ali məclisinə
toplaşdıqlarını vurğuladı.
Heydər
Əliyev bu fikirlərlə razılaşaraq
deyilənləri mühüm
uğur və ölkə yazıçılarının
ədəbiyyat qarşısında
xidməti kimi qiymətləndirdi: "Mən
də hesab edirəm ki, bizim Yazıçılar Birliyinin
ən böyük nailiyyəti ondan ibarətdir ki, bu keçid, sınaq dövründən itkisiz keçibdir. Yəni Birlik dağılmayıb,
pozulmayıbdır. Bunun özü
böyük şeydir.
Birlik nə zaman, hansı ictimai-siyasi quruluş zamanı yaranıbdır - bu o qədər də əhəmiyyətli deyildir.
Amma bunun yaranması böyük müsbət bir hadisədir, yaşaması da nailiyyətdir.
Keçid dövründə
ki Birlik özünü
saxlayıb, parçalanmayıb,
dağılmayıbdır və
yaşayır, güman
edirəm ki, bundan sonra daha yaxşı
yaşayacaqdır, bunun
özü böyük
nailiyyətdir. Şübhəsiz,
hamınızın xidmətidir".
Sonra Prezidentin təklifi ilə söz Xalq şairi Qabilə verildi. O, çıxışını daha çox yaradıcılıq təşkilatının
gündəlik iş prosesində üzləşdiyi
praktiki problemlər üzərində qurdu. Yazıçılar Birliyinin
maddi bazasını möhkəmləndirmək, nəşriyyatını
yaratmaq, poliklinikanı
dövlət büdcəsindən
maliyyələşdirmək, imkan yarandığı təqdirdə Yaradıcılıq
evini həqiqi sahiblərinə qaytarmaqla
bağlı təkliflər
irəli sürdü.
Özü də daxil olmaqla tanınmış qələm
adamlarına Prezidentin
şəxsi qayğısını,
ümumən yazıçılara
əlahiddə münasibətini minnərdarlıqla
vurğuladı.
Əkrəm Əylislinin çıxışı
xaotik və sistemsiz idi. Təbii ki, sözlərimin
onun "Daş yuxular" romanından sonra cəmiyyətin sərt qınağına
məruz qalması ilə heç bir əlaqəsi yoxdur. Özü də etiraf etdi ki, "ürəyimdə
söz çoxdur, bolluca söz var. Onlardan bəzilərini pərakəndə şəkildə
olsa da" deyir. Bunun həqiqətən də belə olduğuna inanmaq üçün çıxışın stenoqramına
nəzər salmaq kifayətdir. Üstəlik,
etiraf etdi ki, Prezidentin yanında görüş keçiriləcəyindən
cəmisi bir saat əvvəl xəbər tutub və fikirlərini sahmana salmaq üçün kifayət
qədər vaxtı olmayıb. Amma təbii ki,
bütün ömrünü
ədəbiyyata vermiş
insan ən ekstremal şəraitdə,
necə deyərlər,
gecə yarısı yuxudan oyadılsa da, sənətin qayğı
və problemlərindən,
yaradıcı fərd
kimi nə istədiyindən, nəyə
can atdığından, oxucularına
hansı hiss və duyğular aşılamağa
çalışdığından danışa bilməlidir.
Eyni zamanda Əkrəm müəllimin aşağıda
gətirəcəyim sözlərində
sürətlə dəyişən
zaman və yazıçının
bu vaxt axarındakı
rolu, yeri məsələsi düzgün
qoyulmuşdu: "Ötən
yazıçılar qurultayından
altı il keçibdir.
Elə-belə baxanda altı il böyük vaxt deyildir. O biri qurultaylar arasında da dörd-beş
ilə yaxın vaxt keçirdi. Əlbəttə, onda vaxtı bu cür
hiss eləmirdik. Mən
elə bilirəm, bəlkə də bunu sonradan dərk
edəcəyik ki, bizim
varlığımızdan, mənəviyyatımızdan, insani
taleyimizdən və xalqımızla birlikdə
həyatımızdan nə
boyda bir epoxa keçibdir. Çünki bu məzmunda, bu mündəricədə, bu
dərəcədə faciəli,
kədərli, bu dərəcədə sevincli
altı il, bilmirəm,
hansı nəslin həyatında ola bilər?
Bu, böyük altı
il idi... Biz bu altı ili hamımız
bir yerdə, - mən heç kimi ayırmıram,- çox inandığımız
şeylərdən uzaqlaşdıq,
çox inandığımız
şeylərin boşluğunu
gördük. Varlığımızda
həddən çox
bir yeniləşmə
baş verdi"...
Sadəcə ona təəssüflənməli
olursan ki, bu "həddən çox yeniləşmə" nəticə
etibarı ilə Əkrəm Əylisli yaradıcılığına bədii
cəhətdən zəif,
milli-mənəvi dəyərlərin
üzərinə kölgə
salan "Daş yuxular" kimi əsərin meydana çıxması ilə
nəticələndi.
Görüşün kuliminasiya nöqtəsi o zaman mətbuat
və informasiya naziri vəzifəsində
çalışan yazıçı-publisist
Sirus Təbrizlinin çıxışı və
onun səsləndirdiyi
fikirlərlə əlaqədar
Prezident Heydər Əliyevin yerinə düşən qeydləri,
mülahizələri oldu.
Publikanı həmişə
gözlənilməz fikir
və hərəkətləri
ilə təəccübləndirməyə
çalışan Sirus
burada da adətinə xilaf çıxmadı. İlk
cümləsi iki gün sonra işə başlayacaq qurultaya getməyəcəyi
və bunun da bir sıra
tutarlı səbəblərinin
olması barəsində
idi. Sirus bəyin fikrincə, Azərbaycan yazıçıları,
xüsusən də tanınmış qələm
sahibləri saysız yaxşılıqlarını gördükləri
Heydər Əliyevə
münasibətdə özlərini
heç də ləyaqətli aparmamışdılar.
Xüsusən də görkəmli siyasətçinin həyatının
çətin məqamlarında
- Moskvada və Bakıda haqsız təqib, ittiham və böhtanlara məruz qaldığı
dövrdə susmağı,
yaxalarını kənara
çəkməyi daha
üstün tutmuşdular.
Əkrəm Əylislinin
kor-koranə şəkildə
Əbülfəz Elçibəyə
inanmaqda, Pənah Hüseynova sığınmaqda
ittiham edən Sirus Təbrizli daha sonra digər
həmkarları ilə
bağlı irad və iddialarını ortaya qoydu: "1983-cü ildə məni yazıçı donosu ilə işdən çıxardılar. Mən
o qurultaya necə gedə bilərəm? Kimlər çıxardılar?
Sizdən ev alanlar, orden, medal alanlar. Dedilər ki, siz Nəbi Xəzrini
"gözəl şair"
adlandırıbsınız. Mən istərdim ki, o "gözəl şair" ağır günlərinizdə sizin
yanınızda olaydı.. Mən oxuyanda ki, Fikrət Qocanı Heydər Əliyev az qala o dünyadan qaytarıb, - özü yazır, - təəccüb
edirdim. Bu hadisələr baş verəndə, heç nə yox, bir
ziyalı kimi zəng edəydi ki, ay Sirus,
sən çox düz eləyib bu işləri görürsən..."
Bir az əvvəl Sirus Təbrizlidən mülayim
ab-havanı pozmamaq üçün sakit tonda danışmağı
xahiş edən Prezident çıxışının
bu yerində onu dayandırdı. Çox səmimi şəkildə öyüd-nəsihət
verməyə başladı:
"İndi əgər
biz burada keçmişi qurdalasaq, qaldırsaq, - nə təhər oldu, nə cür oldu, bunlar bizə
xeyir gətirməyəcək.
Allaha şükür
olsun ki, müstəqil dövlətimiz
var. Allaha şükür olsun ki, ictimai-siyasi sabitlik yaranıbdır. Allaha şükür olsun ki, tam
sülh olmasa da, sülh şəraitində
yaşayırıq. Allaha
şükür olsun ki, hamımız bir yerdəyik. Vaxtı ilə kimin başına nə gəlib, nə təhər olub, filan olub
- bunlar keçmişdə
qalıbdır. Xahiş
edirəm, siz də unudasınız".
Amma Sirus
Təbrizli müdrik təkliflə razılaşmadı.
"Siz unudursunuz, biz gələcək naminə unutmamalıyıq.
Çünki bu gün də yazıçı qəzetə
müsahibə verir. Ondan soruşurlar ki, dünyada siyasətçi kimi sən kimi qəbul
edirsən? Deyir ki, Kolu, bir
də İsa Qəmbəri" - deyə
özünü inanclı
demokrat adlandırsa da, fərqli mövqə sərgiləyənlərin,
fərqli fikir bildirənlərin qarasınca
danışmağa başladı.
Yəqin ki,
Sirus müəllim bu yerdə Heydər
Əliyevdən həmin
yazıçının ünvanına
qınaq sözləri,
yaxud ittihamlar gözləyirdi. Cavab isə tam əksinə
oldu: "Bu, onun fikridir. İndi fikir azadlığıdır". Prezident
belə azadlığın
faciələrə gətirib
çıxarması haqqındakı
etirazla da razılaşmadı. Əksinə,
fikir azadlığı,
düşüncə sərbəstliyi
haqqında mülahizəsini
daha da qətiləşdirdi.
Həm də bunu həmsöhbətini tərksilah edən bir şəkildə, sülhpərvər tonda dilə gətirdi: "Sirus, qardaş, qulaq as. Bu
fikir azadlığı
mütləq olmalıdır.
Fikir azadlığı,
söz azadlığı
keçmişdə bizdə
olmayıb. Amma indi, bundan sonra
da olmalıdır. İndi sən heç kəsə hökm edə bilməzsən ki, sənin kimi fikirləşsin. Kimi dedin - Kol, bir
də İsa Qəmbərov? O, elə fikirləşir. İstəyirsən
sənin kimi fikirləşsin? Bu ola bilməz axı, mümkün deyil".
Qəribə mənzərə yaranmışdı:
dövlət başçısı
yetərincə inzibati
təsir imkanlarına
malik olmasına baxmayaraq, söz və fikir azadlığını
müdafiə edirdi. Borcu bu azadlıqların
keşiyində dayanmaq,
onu dövlətin hər hansı təzyiqindən qorumaq olan yazıçı isə bəlli şəxslər və kateqoriyalar üçün
belə azadlıqların
"qorxulu" olması,
gələcək faciələrə
yol açması fikrində israr edirdi. Heydər Əliyev hətta sovet rejiminin sərt baqqıları altında da Azərbaycanın qələm
adamlarını sərbəstliyə,
fikirlərini açıq
deməyə çağırmışdı.
Yəqin bunun nəticəsi idi ki, "yenidənqurma və aşkarlıq dövrü" elan ediləndə bəlli oldu ki, azərbaycanlı
müəlliflərin yazı
masasında keçmişdə
çapı mümkün
olmayan əsərlər
yoxdur, onlara istədiklərini demək
imkanı yaradılıb.
Yaxud da yazıçılar ölkə
başçısının yaratdığı şəraitdən
kifayət qədər
yararlanmağa çalışmayıblar,
cəsarət göstərməyiblər.
Heydər Əliyevin
artıq müstəqil
Azərbaycana rəhbərlik
etdiyi bir vaxtda həmin mövqedən geri çəkiləcəyini düşünmək
sadəlövlük olardı.
Əksinə, daha böyük təkid və prinsipiallıqla söz və fikir azadlığının
keşiyində dayandığı
gün kimi aşkar idi. Ona görə də mərhum Sirus Təbrizlinin bəzən cığallığa
varan mübahisəsini
çox müdrik şəkildə yekunlaşdırdı.
Sirus deyirdi, Yazıçılar Birliyi
ona qarşı ədalətsizlik edib. Heydər Əliyev də gülə-gülə
dedi ki, Sirusla müqayisədə
özünə qarşı
olan ədalətsizlik
miqyas və xarakter etibarı ilə daha böyükdür:
Siyasi Büro üzvlüyündən çıxarılıb,
iş üçün
canını qoyduğu
halda keçmiş
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsindən
azad olunub. İndi nə etməlidir? Hamıdan inciməlidir? Bir kənara çəkilməlidir?
Və Heydər
Əliyev özünəxas
müdrikliklə söhbətə
yekun vurdu: "Bunlar xırda məsələlərdir. Gəlin
vaxtımızı bunlara
sərf etməyək.
Gəlin vaxtımızı
ona sərf edək ki, bundan
sonra nə edək? İndiyədək
nə olubsa, hamısı geridə qalıb. Yenə də deyirəm: keçənə güzəşt
etmək lazımdır.
İrəliyə baxmaq
lazımdır".
İrəliyə baxmaq - daha cəsarətli
əsərlər yaratmaq,
bədii sözü müstəqilliyin keiyində
dayanan qüdrətli silaha çevirmək çağırışı idi. İrəliyə baxmaq - incikliyi və umu-küsünə
bir tərəfə qoyub müstəqilliyə
xidmət ideyası ətrafnda birləşmək
idi.
Prezident çox
səxavətli bir şəkildə həmin
axşam görüşdə
iştirak edənlərə
məhz bu cür gələcəyə
baxmağı bacaran adamlar kimi yanaşmışdı.
İçi özüm
qarışıq çoxları
üçün xoş
sözlərini, tərifli
epitetlərini əsirgəməmişdi:
"Bu gün buraya, bu salona
Azərbaycanın ən
mötəbər adamları
toplaşıblar. Bu, tarixi bir hadisədir.
Mənim üçün
də tarixi hadisədir. Hər birimiz yaşayırıq,
köçüb gedirik.
Bəli, mən 1997-ci
ildə, əsrin sonunda Azərbaycanın şairləri, yazıçıları
ilə görüşürəm.
Bu, mənim üçün tarixi bir hadisədir. Dəfələrlə demişəm,
vaxtı ilə mən məsələn, Səməd Vurğunun şeirlərini oxuyurdum. Sonra onun üzünü
görəndə yadımda
saxlayırdım. Yoldaşlarıma
dəfələrlə deyirdim
ki, mən Səməd Vurğunu görmüşəm. Bunun
özü böyük
bir hadisə idi.
Ona görə
bugünkü görüş
də bir hadisədir. Çünki
burada oturanlar Səməd Vurğunun yolunu bu gün
davam etdirən, Azərbaycan ədəbiyyatını
onun kimi inkişaf etdirən insanlardır. Ona görə gəlin bu azadlıqları heç kimin əlindən almayaq. Hamı azad olsun. Kim nə
fikir söyləyir - söyləsin, kim nə fikir deyir
- desin. Ancaq bu azadlıq nəticəsində - fikir
azadlığı, söz
azadlığı nəticəsində
biz həqiqətə
gələ biləri".
Şübhəsiz, qurultayqabağı görüş
Heydər Əliyevdən
daha çox iştirakçılar üçün
yaddaqalan tarixin hadisə sayıla bilərdi. Prezidentin böyük səxavət
və ürək genişliyi ilə dilə gətirdiyi fikirlər isə görüş iştirakçılarına,
bəziləri geniş
yayılmış ifadə
ilə desəm, "Biləcəridən o yana
çıxmayan" şair
və yazıçılara
etimadının ifadəsi
idi. Eyni zamanda bir avans,
kart-blanş idi. Heydər Əliyev keçmiş SSRİ vaxtlarındakı
kimi müstəqillik dövründə də sənət adamlarının
dostu və himayədarı olacağını
bildirir, onlarıdan daha ürəklə, daha cəsarətlə yazıb-yaratmağı tələb
edirdi.
Xalq şairi
Mirvarid Dilbazinin Prezidentin fəaliyyətinə,
xüsusən də ədəbiyyata, ədəbi
həyata diqqət qayğısına heyranlıq
notları üzərində
qurulmuş çıxışı
çox səmimi idi, ürəkdən gəlirdi. Bəzən hətta sadəlövh görünsə də, bu müdrik ağbirçəyin sözlərini
dinləmək xoş
idi: "Mən Sizə bütün ömrüm boyu təşəkkür edirəm.
Camaat Sizin mənə orden verdiyinizi eşidəndən,
göndərdiyiniz təbrik
məktubunu oxuyandan bəri tez-tez mənə müraciət
edir ki, bizim bu dərdimizi
Heydər Əliyevə
de. Cavab verirəm ki, ay balam, Heydər
Əliyev bütün
ömrünü sizin
dərdlərinizin həll
olunmasına həsr edib. Bizim dərdimiz
nədir? Millətimiz
azad olsun, torpaqlarımız erməni
işğalından xilas
edilsin, əsirlərimiz
qurtarsın, Vətənə
qayıtsın. Heydər
Əliyev bütün
həyatını, ömrünü
bunların uğrunda
- dilimiz, dinimiz, torpağımız, bayrağımız
uğrunda mübarizəyə
həsr edibdir. Xırda işlərdən
ötrü gedib onun vaxtını almağa dəyməz!
Heydər Əliyev,
Allah Sizi var eləsin!"
Prezident həmin
axşam onun ünvanına tərif demək istəyənləri
bir neçə dəfə dayandırsa da, ağbirçək qadının, şairənin
sözünü kəsmədi.
Bu da özünəməxsus bir
həssaslıq, cəngavərlik
idi.
(Davamı olacaq)
Vilayət QULİYEV
525-ci qəzet.-
2023.- 2 sentyabr.- S.6-7.