Aca ürək vermə, çörək ver...

 

Çörək elə bir nemətdir ki, bəşəriyyət yaranandan bəri ona ehtiyac olub var. XXI yüzilliyin ikinci onilliyində yaşayan bəşər tarixi hər şey görüb - ağrı-acı, təbii fəlakətlər, müharibələr, qan-qada, aclıq, susuzluq... İnsanlar elə dönəmlərdə yaşayıb ki, çörəyin qırıntısına, suyun bir damlasına həsrət qalıb. Yadımdadır, İkinci Dünya müharibəsinin acısını yaşayan anam danışardı: "Atam evə un gətirəndə mütləq bizi qonşulara göndərərdi ki, bilsin kimin una, çörəyə ehtiyacı var. Ailəyə kifayət edən qədər saxlayıb qalanını paylayardı, təki hamının evində bir tikə çörəyi olsun". Bax, bizlər çörəyə məhz müqəddəs nemət kimi baxan bir nəslin yetirmələriyik. Çörək bizdə o qədər müqəddəsdir ki, hətta insanların and yerinə çevrilmiş bir nemətdir. İki nəfərin arasında ədavət yarananda, kəsdikləri çörəyə görə umu-küsüdən, inciklikdən vaz keçib. Bizlərdə artıq vərdişə çevrilən bir əməl var - yerdə kiçik olsa çörək parçası gördükmü, onu mütləq öpüb göz üstünə tutub ayaq altından kənar bir yerə qoyuruq. Bir atalar məsəli var: "Aclıq ilə toxluğun arası bir parça çörəkdir". Bu, həqiqətən belədir, çünki atalar başqa bir məsəldə "Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar" deyib.

Çörəkdən söhbət salmağım isə əbəs yerə deyil. Ötənlərdə şahidi olduğum bir mənzərə məni çox sarsıtdığından yaşadığım ağrının təsəllisini qələmdə tapdım. Qonağı olduğum bir evin geniş eyvanında oturub yaxın münasibətdə olduğum ev sahibləri ilə söhbət edirdik. Birdən kiçik darvaza qəfil açıldı ailədən olan bir gənc dolu kisələri həyətə daşımağa başladı. sonra həmin kisələri pilləkən boyu sürüdə-sürüdə eyvana yığdılar. Yalnız birinci kisəni ağzıaşağı laqeydcəsinə boşaldanda, mən yerə tökülən qablaşdırılmış çörəkləri gördüm. Ondan sonrakı mənzərəni keyləşmiş kimi izləyən mən, gördüklərimə inanmaq istəmirdim ki, bu dəfə çörəkləri qablaşdırıldıqları torbalardan açıb betonun üstünə tökməyə başladılar. Hisslərimə hakim kəsilə bilməyib dedim ki, yerə nəsə döşəyib çörəkləri ora yığmaq olmaz? Məlum oldu ki, beş kisə çörək heyvanların yemlənməsi üçün gətirilib. Dözməyib bu müqəddəs nemətə toxundum. Hamısı yumşaq istifadə müddətinə bir gün qalmış çörəklərlə qurudulmaq üçün olsa belə, etinasızlıqla rəftar edilirdi. Mənim üçün çox ağrılı olan bu mənzərəni təəccüblə seyr etdiyimi görən ev yiyəsi dedi ki, mal-qara üçün qurudulmalıdır ki, torbalarda qalıb xarab olmasın. Ev yiyəsinin bu sözləri xarab olub tullanmamaq üçün müqəddəs nemətin çıxış yolu budur anlamına gəlirdi. Lakin mənim üçün bir anlam vardı - laqeyidcəsinə yerə tökülən bu nemətin adı çörək idi. Süfrələrimizin bəzəyi, ocaqlarımızın bərəkəti, zəhmətlə ərsəyə gələn çörək. Bir anlıq o qədər mənzərələri xatırladım ki... Filmlərdə gördüyüm uzun-uzadı növbələr, əlindəki tikəni ağzına apara bilməyən taqətsiz insanların siması, aclıqdan piştaxta arxasında durub da, imkansızlıqdan çörəyə həsrət qalan uşaqların baxışları bir kino lenti kimi keçdi gözlərimin önündən. İxtiyarsız olaraq S.Vurğunun "Çörək bol olarsa, basılmaz Vətən" misralarını xatırladım. İndi çörəyi bol olan qalib bir Vətəndə yaşayan bizlərin müqəddəs nemətə qarşı bu münasibətinin adını axtarmağa çalışdım. Çörək dolu torbaları zibil qutusunun yanında qoyanda, düşünürükmü ki, bunu vaxtında ehtiyacı olana verə bilərdik? Bəlkə elə bu biganəliyin, laqeyidliyin nəticəsidir ki, Tanrının qəzəbinə tuş gəlmişik? Daşqınlar, yanğınlar, zəlzələlər, pandemiyalar bu qəzəbin işarəsi ola bilərmi? Yenə bir atalar məsəlini xatırladım: "Toxun acdan xəbəri". Atam deyərdi ki, babamın övladlarına bir tövsiyəsi varmış: "Çörəyi gözünüz onun arxasınca qalacaq qədər yeyin". Müdrik bir tövsiyənin dərin mənası var.

Zamanında oxuduğum bir əhvalatı söyləmək indi tam yerinə düşər: "Zəngin, var-dövləti aşıb-daşan bir bəndənin uzaq eldən qonağı gəlir. Qonaq üçün naz-nemət dolu bir süfrə açılır. Ev yiyəsi süfrənin başında yerini rahatlayıb kiçik bir dəsmalı boşqabının yanına sərir üstünə bir parça çovdar çörəyi qoyub xörəyini iştahla yeməyə başlayır. Yemək bitəndən sonra dəsmalın üstünə tökülmüş çörəyin ovuntularını son qırıntıya qədər toplayıb yeyir. Qonaq təəccübünü gizlədə bilməyəndə, ağsaqqal deyir ki, gördüyün bu varidatı mənə verən bax, bu qırıntılardır". Gəlin düşünək, özümüzdən sonra çörəyi öpüb gözünün üstünə qoyan nəsilmi qalacaq, yoxsa onu mal-qara üçün qurudanlarmı? Atalar sözü ilə başladığım bu kiçik yazımı kəlamla da sona yetirirəm: "Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər".

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 5 sentyabr.- S.15.