Sən həyata gülümsə...
...Mən onun kədərli
görkəmində, zəif
düşmüş vücudunda,
soluxmuş çöhrəsində,
işığı azalmış
gözlərində, "qan
ağlayan" baxışlarında,
ixtiyarsız hərəkətlərində,
qırıq-qırıq, fasilələrlə,
amma tam aydın ifadə etdiyi fikirlərində, susaraq söylədiklərində... insan
əzabının "zirvə"sini
gördüm! Hərdən
başımı ekrandan
döndərirdim. Gözlərim
göz yaşlarımın
ağırlığına tab gətirmirdi: əzab çəkən insana baxmaq, ağrı-acı ilə dopdolu bir insanı dinləmək necə dəhşətlidir! Özü
də o, sevdiyin insan ola... Ekrandakı isə tanıdığım
və sevdiyim o insan deyildi, bəlkə də, kölgəsinin kölgəsi
idi...
...2006-cı
il. Prezident İlham Əliyevin
tövsiyəsi ilə
AzTV-də erməni işğalından, qaçqın-köçkünlərin
həyatından bəhs
edən "Vətən
həsrəti, sönməyən
ümidlər" filmini
hazırlayırdıq. Ssenari
mənə tapşırılmışdı.
Mətni o oxumalı idi. Vədələşmişdik.
Vaxtında gəldi.
Bir topa kağızı
uzadıb: "Nəsimi,
hazırlaş..." dedim.
"Ay bacı, nə
hazırlaşmaq, getdik..."
gülə-gülə kağızları
alıb birbaşa studiyaya girdi. Denən, bircə dəfə çaşdımı,
bircə yerdə duruxdumu, bircə sözü səhv dedimi, bircə vurğunu yanlış vurdumu?..
Mətni birnəfəsə
oxuyub studiyadan çıxdı. İçi
mən qarışıq
hamı heyrət içində idi...
...Birgə təltif olunduğumuz günü də xatırladım - göz yaşımın dumanında. Çox xoşbəxt idi həmin gün! "Əməkdar jurnalist"
fəxri adına layiq görülmüşdü...
Bu gün isə... Ekranda aktyor Kamran Ağabalayev "amansızcasına"
sorğu-suala tutmuşdu
Nəsimi Nəbizadəni,
sual sual dalınca... Cavablar isə ya zəlzələdən,
ya vəlvələdən
(bir azdan deyəcək ki: "Mən
heç bilmədim necə oldu! Pis insanlara lənət
olsun!") bataqlığa
yuvarlanan, uçurumun
ikicə addımlığında,
sal qayanın üstündə dayanıb
aşağı da, yuxarı
da baxmağa qorxan, amma nə yaxşı,
nə yaxşı... ayaq saxlayıb ümidlə geriyə boylanan bir insanın
faciəsi, "vaxta uduzan", "öz gözündən düşən",
"vicdan"ı ruhunu
yandıran bir insanın etirafları, peşmançılığın son həddi!..
Etiraflara baxın:
"İnsan vaxta uduzanda cığallıq eliyə bilmir - məcbur etiraf edir..." "Adam özü
özündən də
xəcalət çəkir..."
Kamran necə danışdırıb
Nəsimini, İlahi!.. Yox ey,
Nəsimi danışmırdı,
Nəsimi qan ağlayırdı! Nəsiminin
içi qırıq-qırıq
idi, parça-parça
idi! Təpədən-dırnağacan
"Qapqara" kədər
idi Nəsimi! O qədər "Qapqara"
ki, hərdən elə
Kamranı da yandırıb
qapqara kösövə
döndərirdi: "Çox
kədərli oldu ey cavab!.."
Nəsimiyə xəcalət verən
özünə, cəmiyyətdəki
mövqeyinə yaraşdırmadığı
hərəkətidir! Nəsimini
kədərləndirən vaxtında
eləmədikləridir! Nəsimiyə
dağ çəkən
bacısını incitməsidir:
"İncitmişəm bacımı,
bacıma dərd vermişəm. Ona görə
bağışlamıram özümü.
Heç vaxt da bağışlamayacağam..."
Ən kədərlisi isə Nəsiminin nahaq yerə məhv olan istedadıdır! O istedada qənim kəsilən özünün
dediyi o "pis insanlar"dır. Bir bezin
qırağı olan
o "pis adamlar": aldadar, tora salar,
sonra qəhqəhə
çəkib gülər.
Amma unudarlar ki, gec-tez
o "qəhqəhələr" göz yaşı kimi özlərinə dönər...
"Yaxşı, bəs bundan sonra? 50-də bitmir ki, hər şey..." Nəhayət,
tamaşaçının intizarla
gözlədiyi bu sual gəlir. Cavab, deyəsən, ovqata bir az
sərinlik qatır:
"Mənə elə
gəlir ki, 50 yaşıma
qədər ya öləcəyəm, ya
da çox böyük
dəyişikliklər olacaq
məndə..."
Tunelin sonunda işıq görünür, deyəsən...
Kamranın müdaxiləsi
bu işığı
bir az da gücləndirir: "Sizə
bir arzum var, həm fiziki, həm mənəvi: ölməyin, Nəsimi bəy!.."
Cavabında Nəsimi gülümsəyir:
"Mən başdaşımdan
da baxıb sizə, güləcəyəm!.."
...Kamran Ağabalayevin bu "Qapqara"sı tunelin sonunda görünən işıqdır! Yıxılan
insanın üzünə
çırpılan bir
stəkan buz kimi sudur! Cəmiyyətə
bir mesajdır: yıxılana balta çalmayaq, üz-gözünə
su vuraq, qolundan tutub qaldıraq! Unutmayaq: maskalı sifətlərlə
dolu bu zalım,
bu günahkar dünyaya gəlib onun günahlarından canını qurtarmaq da hər igidin işi deyil!..
Sən də, Nəsimi, hələ ölməyə
tələsmə! Onsuz
da vaxtı gələndə
hamımız öləcəyik.
Baş daşından
da gülümsəməyi vəd etmə! Sən həyata gülümsə! Acılarına
gülümsə! O "maskalı"
yaramazlara gülümsə!
Hələ də səni çox sevənlərə gülümsə!
İncitdiyin bacına
gülümsə!..
Gör,
Kamran nə gözəl
dedi: "Həyat, sanki qaralama dəftərdir. Hələ
qabaqda vaxtımız olacaq ki, bunu
biz bu ağlamaya
səliqəli köçürə
bilək. Sora da, siz dediyimiz
kimi, vaxta uduzuruq. Uduza-uduza gəlirik..."
Uduzduğun bəsdir, Nəsimi, daha bundan sonra uduzma, qalib ol! Unutma, həyat uduzanları bağışlamır, qalibləri də müzakirə etmir...
Firuzə
NADİR
525-ci qəzet.- 2023.- 5 sentyabr.- S.14