Elçin dramaturgiyası: müstəqillik
dövrünün Azərbaycan
ədəbiyyatı kontekstində
Müstəqillik dövründə Azərbaycan
ədəbiyyatında dramaturgiya
da uğurla inkişaf
edib. Bu inkişafda rol oynayan sənətkarlar
əvvəlki ənənələrin
davam və inkişaf etdirilməsinə
də vəsilə olublar. Xüsusilə Azərbaycan milli dramaturgiyasının
nəhəng ustadları
olan Cəlil Məmmədquluzadə və
Hüseyn Cavidin yaradıcılıq ənənələri
bu dövrdə davam etdirilib. Daha çox nasir kimi tanınmasına
baxmayaraq, 60-cılar nəslinin
görkəmli nümayəndələrindən
biri olan Elçinin müstəqillik
dövründə yazdığı
çoxsaylı dram əsərləri
yeni dövrün dramaturgiyasının
inkişafına güc
qatıb. Akademik
İsa Həbibbəylinin yazdığı
kimi, "yeni dövr Azərbaycan ədəbiyyatında
və ictimai fikrin inkişafında Elçinin özünəməxsus
sanballı yeri, rolu, mövqeyi vardır". Ümumiyyətlə,
yeni dövr və onun problemləri Elçin yaradıcılığında
əhatəli və qabarıq şəkildə
təsvir və təqdim olunub.
Elçinin çoxsaylı dram əsərləri
arasında trilogiya səciyyəsi daşıyan
"Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Diaqnoz D" ("Mənim
ərim dəlidir")
əsərləri xüsusilə
əhəmiyyəli mövqeyə
malikdir. Bu əsərlər
yeni dövrdə - 90-cı illərin ictimai-siyasi, iqtisadi və mənəvi böhran dövründə ictimai şüur, stereotip və mənəviyyatda yaşanan problemləri işıqlandırmaqla bərabər,
Cəlil Məmmədquluzadənin
absurd teatr ənənələrini
də inkişaf etdirmiş, həmçinin
bu ənənələrə
zənginlik qataraq onun kamala çatmasında
mühüm rol oynayıb. Böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin
realist dramaturgiya ənənələrinə,
xüsusilə tənqidi
realist yaradıcılıq üslubu və tələblərinə, absurd teatr
sahəsindəki nailiyyətlərinə
söykənərək müstəqillik
dövründə Azərbaycan
dramaturgiyasının inkişaf
tempinə uğur qatır, bu ənənələri inkişaf
etdirməklə bərabər,
kamala çatdırır və
zənginləşdirir.
Elçinin bəhs olunan əsərlərinin hər
biri aktual mövzu-problem xüsusiyyətlərindən
başqa, maraqlı xarakterlərlə də yaddaqalandır. Bu cəhətdən bu əsərlərin hər
biri 90-cı illərin
ilk dövrlərində
yaşanan ictimai və mənəvi-psixoloji böhranı,
tərəddüd və
təbəddülatları əks etdirmək baxımından xüsusi ədəbi çəkiyə
malikdir. Bu əsərlər arasında
triologiyanın birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris"
əsəri çox böyük maraq doğurur. Klassik dramaturgiyamızın böyük
ədəbi nəhəngi
Cəlil Məmmədquluzadənin
1920-ci illərin ziddiyyətli
dönəminin məhsulu
olan "Dəli yığıncağı", "Ər" əsərlərinin
ruhunu, ənənələrini
özündə uğurla
yaşadan və inkişaf etdirən Elçin bu əsərlərində məhz
yeni dövrün məsələlərinə yer
verib. Xatırladaq ki, 1988-ci ildən başlanan xalq hərəkatı SSRİ-nin
süqutuna zəmin hazırlamış, ictimai
təfəkkürdə müstəqillik,
suverenlik ideyaları kök salmış, habelə Azərbaycan ərazilərinin bir hissəsi işğal altına alınmış,
1990-cı ildə 20 Yanvar
faciəsi baş vermişdi. Milliləşmə
və müstəqilləşmə
hərəkatının nəticəsi
olaraq 1990-cı il noyabr ayının 17-də
Naxçıvan Muxtar
Respublikasında Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında Muxtar Respublikanın rəsmi olaraq SSRİ-nin tərkibindən çıxdığı
və dövlət müstəqilliyi elan edilmiş, 1992-ci ildə Azərbaycanın dövlət
müstəqilliyi qazanılmışdı.
Bu dönəmdə ictimai şüurda özünü əks etdirən bir sıra təzadlı mühüm problemlər məhz Elçinin dramaturgiya yaradıcılığında
böyük uğurla
əks etdirilib. Elçinin nailiyyətlərindən
biri də bu idi ki,
məhz belə bir zamanda hələ
ədəbiyyatımızda ictimai mühit və proseslərə təhlilçi mövqeyin
nümayiş etdirilə
bilmədiyi bir zamanda o, məhz dram sənəti kimi ictimai şüura
fəal təsir edən, təhlilçilik
və ictimai dərk tələb edən bir sahədə
məhz bu dövrün problemlərini
əhatə edə bilmişdi. Absurd teatr anlayışının
səciyyəsinə uyğun
olaraq Elçinin də adıgedən trilogiyasının birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris"
əsərində konkret
şəxsiyyətlər göstərilməsə
də, mücərrəd
də olsa, absurd xarakterlər vasitəsilə dövrlə
bağlı ictimai-mənəvi
təəssürat və
panorama yaradılmışdı.
Absurd teatr yaradıcılıq üsuluna
uyğun davranan Elçin ənənəvi
süjet əlaqələrini
aşaraq bir-birilə
bağlantısı olmadan,
hadisələrin məntiqsiz
reallığını ortaya
qoyur. Əslində bu üsul özü
də ictimai-tarixi şəraiti, onun anlaşılmazlığı və
hadisələrin ağılalmazlığını
təqdim etmək üçün əhəmiyyətlidir.
Yazıçının yaradıcılığı
barədə təhlil
apararkən akademik İsa Həbbibəyli yazır: "Xalq yazıçısı Elçin
başlıca xidməti
ədəbiyyatı ideoloji
buxovlardan xilas edib, onu həyata,
insanlara, mənəviyyata
yaxınlaşdırmasından, daha doğrusu, ədəbi fikrin real həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmasından ibarətdir". Bu baxımdan yaradıcılığı
ilə Azərbaycan və dünya dramaturgiyasını zənginləşdirən
Elçinin əsərləri
arasında "Ah,
Paris, Paris" dram əsərinin
də özünəməxsus
yeri var. Müasiri olduğu ictimai mətləbləri
bu əsərində də bədiiləşdirən
Elçin sanballı əsər və ciddi problemlər ortaya qoymuşdur. Yaşanan dövrün ictimai problemlərinin öyrənilməsi və
dərki baxımından
bu əsərin əhəmiyyəti böyükdür.
Müəllif özü
əsəri yazması
ilə bağlı reallığı bu cür izah edir:
"1990-cı ilin Yanvar
hadisələrindən sonra
heç nə yaza bilmirdim... Başladım oxuduğum kitabları bir də oxumağa. O kitabların içində
Molyerin komediyaları da vardı və
birdən-birə özüm
də gözləmədən
Molyeri Azərbaycan dilinə tərcümə
eləməyə başladım...
"Azərbaycan səhnəsi
və Molyer" mövzusunu işlədim,
sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu təzədən mütaliə
etdim. Və bütün bunlardan sonra özüm üçün də gözlənilməz bir hadisə baş verdi: oturub komediya
yazmağa başladım:
"Ah, Paris, Paris..!"
Əsər haqqında
sənətşünaslıq doktoru, professsor Məryəm Əlizadə
yazır: "Elçinin
"Ah, Paris, Paris!" komediyası
klassik komediya janrında yazılan müasir səhnə əsəridir: komediyanın
ali məqsədi, ifşa pafosu, başlıca problemi, konflikt-münaqişəsi və
s. məhz dolğun, canlı, çoxqatlı komik xarakterlər sistemliyində həll olunur. Xarakterlərin sistemliliyini müəllif süni olaraq qurmayıb: hər dövrün sistemliliyini həyat özü yaradır". Ümumiyyətə,
Elçin yaradıcılığı
maraqlı xarakterlərlə
zəngindir. Onu bu cəhətdən maraqlı xarakterlər ustası kimi də səciyyələndirmək
olar. Həm maraqlı, aktual mövzu, həm də maraq doğuran
xarakterlər onun yaradıcılığı və
sənətkarlığı üçün səciyyəvidir.
Elçinin 1996-cı ildə qələmə aldığı və trilogiyanın ikinci həlqəsinə daxil olan "Mənim sevimli dəlim" əsəri müstəqillik
dövrü Azərbaycan
dramaturgiyasının ən
yaxşı əsərlərindəndir.
Bu əsərin bir özünəməxsusluğu
da ondadır ki, onu "xarakterlər
dramaturgiyası" adlandırmaq
çətindir. Çünki
burada iki qütbdə - iki məkanda ayrı-ayrı personajların timsalında
fərqli mənəvi-psixoloji
xüsusiyyətlər, fərqli
patoloji əksikliklər,
düşüncələr öz əksini tapır. Məryəm Əlizadə bu əsər barədə yazır: "Mənim sevimli dəlim" komediyasının fabulası
qovalamaca olduğundan elə başlandığı
andan müəllifə
çağdaş "dəlilər
qalareyasını" əngəlsiz
təsvir etməyə
geniş imkanlar yaradır. Dəlixanadann bir dəli qaçır,
amma bu, adi dəlilərdən deyil - Professorun sevimli dəlisidir, çünki onun üzərində apardığı
"elmi iş" çox dəyərli nəticələrə gətirib
çıxaracaqdı".
Müasir dövrdə
absurd teatrın inkişafında Elçinin
trilogiyasının üçüncü
həlqəsinə daxil
olan, 1998-ci ildə yazılmış "Mənim
ərim dəlidir"
əsəri də mühüm rol oynamış pyeslərdən
biri kimi maraq doğurur. "Mənim ərim dəlidir" komediyası
ictimai əhəmiyyətinə
görə dramaturqun dəlilik anlayışını
ehtiva edən əvvəlki pyeslərinin
yekunu təsiri bağışlayır. Akademik
İsa Həbibbəylinin
yazdığı kimi,
Elçinin bu əsəri "sanki yeni dövrün "dəli yığıncağı"ndan
ibarətdir".
Əsərə "Ağıllı olub dərd çəkincə,
dəli ol, qoy sənin dərdini çəksinlər"
kimi epiqrafın seçilməsi kifayət
qədər istiqamət
verir ki, əvvəlki əsərlərdən
fərqli olaraq bu əsərdə çəxsi məqsədlərlə
dəlilik donuna girmə və yaxud özünü dəliliyə qoymanın ictimai-mənəvi, patoloji
səciyyəsindən bəhs
ediləcəyini öncədən
düşünmək mümkün
olsun. Trilogiyanın üçüncü həlqəsinə
daxil olan "Mənim ərim dəlidir" əsərində vəziyyət
bir az fərqlidir,
daha doğrusu, bu əsərdə əvvəlkilərlə üst-üstə
düşən cəhətlər
də olsa da, fərqli məna və məzmun kəsb edən xüsusiyyətlər
daha çoxdur. Burada da fərdi
xarakterlərin ciddi təsvirindən bəhs etmək o qədər də yetərli deyil. Absurd teatrın
səciyyəsinə uyğun
olaraq burada da mübhəmlik,
ümumilik, mücərrədlik
aparıcı yer tutur. Ona görə
də burada konkret fərdlər və onların xarakteri, səciyyəsi məsələsi aparıcı
əhəmiyyət kəsb
etmir. Bu əsərdə də ictimai mühitin obrazı yaradıldığını,
ictimai mühitə aid xarakterin əks edildiyini tam qətiyyətlə deyə bilərik. Lakin əlbəttə ki, bu xarakter
keyfiyyətləri ayrı-ayrı
fərdi keyfiyyətlərin
hesabına ərsəyə
gəlir, ümumi olana qoşularaq ümumi-ictimai mahiyyət kəsb edir.
(Ardı var)
Ramiz Qasımov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
525-ci
qəzet.- 2023.- 5 sentyabr.- S.13.