Ümummilli liderə həsr olunmuş dəyərli nəşr
"HEYDƏR ƏLİYEV:
TARİXİMİZDƏ VƏ TALEYİMİZDƏ" ADLI
KİTAB İŞIQ ÜZÜ GÖRÜB
2023-cü
il Azərbaycanın tarixində
müstəsna rolu ilə seçilən və daim yadda qalacaq bir ildir. Bu il biz Azərbaycan
xalqının tarixinə
silinməz izlər həkk edən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur və coşqu ilə qeyd edirik. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev
tərəfindən 29 sentyabr
2022-ci ildə imzalanan
Sərəncamla 2023-cü ilin
"Heydər Əliyev
İli" elan olunması da bu baxımdan olduqca əlamətdar hadisədir. Hər bir azərbaycanlı və Azərbaycan sevdalısı 2023-cü ili,
əsasən də, görkəmli dövlət
xadiminin, dünya miqyaslı siyasətçinin
100 illik yubileyi kimi gözləyirdi. Ən sadə vətəndaşından, ən
nüfuzlu şəxsinə
qədər hər bir azərbaycanlının
onun haqqında deməyə sözü
var.
Budur,
2023-cü ildir. İlin
əvvəlindən Ulu öndərimiz
haqqında bir-birindən
maraqlı təqdimatlar
edilir, tədbirlər
hazırlanır, fundamental nəşrlər
ortaya qoyulur, sanballı xatirə kitabları geniş oxucu kütləsinin ixtiyarına verilir, elmi tədqiqatlar, analitik səciyyəli
kitab və toplular, dəyərli publisistik məqalələr çapdan
çıxır.
Bu günlərdə yenicə
işıq üzü
görən "Heydər
Əliyev: tariximizdə
və taleyimizdə"
kitabı da bu baxımdan qeyd olunanlar cərgəsində
elmi təhlili və araşdırmacı
yönü ilə öz yerini tutdu. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü,
professor, Azərbaycan Respublikasının
Əməkdar Müəllimi
Əbülfəz Quliyevin
və filologiya üzrə fəlsəfə
doktoru Aliyə Quliyevanın həmmüəllifliyi
ilə işıq üzü görən kitabın elmi redaktoru və ön söz müəllifi AMEA Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev, rəyçisi
isə dosent Ramiz Qasımovdur.
"Heydər Əliyevin tariximizdə və taleyimizdəki yeri və rolu" başlıqlı ön sözdə akademik İsmayıl Hacıyev qüdrətli dövlət
xadiminin iki sistem daxilində Azərbaycana rəhbərlik
etməsini ölkəmizin
yüksək şansı
kimi dəyərləndirərək
haqlı olaraq qeyd edir ki, "Azərbaycan Respublikası
həm müstəqillikdən
əvvəlki, həm
də müstəqillik
illərində çətinliklərlə
qarşılaşsa da, Heydər
Əliyevin yüksək
təşkilatçılıq bacarığı, idarəetmənin
yüksək bilicisi, insanlarla işləmək
məharəti respublikamızın
qarşısında duran
problemləri uğurla
həll etmişdir. Təsadüfi deyildir ki, Heydər Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinin intibah dövrü kimi xarakterizə edilir".
"Heydər Əliyev: tariximizdə və taleyimizdə" kitabında
yer alan məqalələrdə də
biz Ulu öndərin siyasi
fəaliyyətinin müxtəlif
dövrlərində Azərbaycan,
geniş mənada türk dünyası, xalqımızın taleyüklü
problemlərinin həlli
istiqamətində həyata
keçirdiyi tədbirlərin,
mənəvi mədəniyyətimizin
qorunması və inkişafındakı xidmətlərin
elmi düşüncə
işığında analiz
və təhlil edildiyinə şahid oluruq. Müəlliflər
bunun üçün
kitabı altı bölmədə oxuculara təqdim edir.
"Heydər Əliyev və Azərbaycan" adlanan birinci bölmədə müasir
və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, Azərbaycançılıq
idealı özünü
göstərir. Həyata
keçirdiyi çoxşaxəli
işlərdə xarakter
nümayişi, ümumilikdə
Ulu öndərin Azərbaycanın
inkişafı və gələcəyi üçün
gördüyü işlər
və əməllərin
həmişəyaşarlılığı
vurğulanır. Eyni zamanda özündən sonrakı siyasi məktəb, siyasi varislik ənənlərinin
təhlili nümunələr
əsasında təqdim
olunur. Bu baxımdan
"Heydər Əliyevdən
İlham Əliyevə: Azərbaycan
multikulturalizmi" məqaləsində
ortaq siyasi baxışın varislik ənənəsindəki davamlı
inkişaf xətti analiz edilir.
Kitabın ikinci bölməsi
"Heydər Əliyev
və türk dünyası strategiyası"
adlanır. Adından
da göründüyü
kimi, bu bölmədə Ulu öndərin türk dünyasının birliyi
məsələləri istiqamətində
həyata keçirdiyi
görüşlər, səfərlər,
proqramlar, Heydər Əliyevin türk dünyasının ədəbiyyatı
və ədəbiyyat
xadimlərinə göstərdiyi
diqqət və qayğı təhlil edilir, bununla birlikdə Ümummilli liderin qorqudşünaslıq
sahəsinə həssas
münasibəti ayrıca
bir məqalədə
dəyərləndirilərək uğurlu nəticələrə
gəlinir.
Üçüncü bölmə "Heydər
Əliyevin dil və ədəbiyyat siyasəti"nə həsr
olunub. Digər bölmələrlə müqayisədə
biz burada daha əhatəli təhlil və müqayisələr, analiz
və şərhlər
görürük. Bu da təbiidir. Hər iki müəllif
ixtisasca dilçidir və Ulu öndərin
bu sahədəki fəaliyyəti və onun dilə olan həssas və hədsiz qayğısı və sevgisi daha geniş
diapazonda tədqiqat predmetinə çevrilib. Bu istiqamətdə bölmədə yer alan "Ümummilli lider və milli
dilimizin inkişaf məsələləri", "Ulu öndərin ideyaları işığında
dilimiz və dilçiliyimizin inkişafı
məsələləri", "Milli dəyərlər sistemində Ulu öndər Heydər Əliyevin dil siyasəti", "Müstəqil
dövlətimizin milli
dil siyasəti",
"Ulu öndər Heydər Əliyev: bütöv Azərbaycanın
lideri" və "Ulu öndər Heydər Əliyevin ədəbiyyat siyasəti
Cavid işığında"
məqalələri bir-birini
təkrarlamadan, bir-birini
dəstəkləyən sistemli
elmi tezislərin açılımına xidmət
edərək geniş
oxucu kütləsinin düşüncə panoramında
aydın mənzərə
kimi açılır.
Dördüncü bölmə isə özündən əvvəlki
bölmənin davamı
kimi diqqətəlayiqdir.
"Heydər Əliyev
və Azərbaycan mədəniyyəti" adlanan
bu bölmədə Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişafı
məsələləri dəqiqliklə
təhlil edilir, fəaliyyət tezisləri
elmi süzgəcdən
keçirilərək təqdim
olunur. Eyni zamanda "Ulu öndərin ilk bədii obrazı Naxçıvan səhnəsində"
məqaləsində alim,
yazıçı-publisist Adil
Babayevin "Koroğlunun
Çənlibelə qayıdışı"
pyesi əsasında Naxçıvan Dövlət
Musiqili Dram Teatrında (indi Naxçıvan Dövlət
Milli Dram Teatrı) göstərilən
tamaşa haqqındakı
resenziya diqqəti cəlb edir. Ulu öndərin səhnədəki ilk bədii obrazının yer aldığı tamaşa haqqındakı fikirlərdə biz ədəbiyyata sevgi ilə yanaşan Ulu öndərə ədəbiyyatın necə
sevgi ilə yanaşdığının elmi
şərhi ilə tanış olmaq fürsəti əldə edirik.
Kitabın beşinci
bölməsi "Heydər
Əliyevin siyasi fəaliyyəti araşdırmalar
işığında" adlanır ki, burada müəlliflərin
Ulu öndərlə bağlı ayrı-ayrı
dövrlərdə nəşr
olunmuş kitab və monoqrafiyalar haqqındakı mətbu resenziyaları yer alıb. "Heydər Əliyevdən İlham Əliyevə: akademik N.Cəfərovun araşdırmalarında",
"Heydər Əliyevin
milli dil siyasəti professor Yusif Seyidovun araşdırmalarında", "Tarix və müasirlik
kontekstində Heydər
Əliyev siyasəti",
"Heydər Əliyev
haqqında etüdlər"
və "Ulu öndərin liderlik missiyası" başlıqlı
məqalələrdə akademiklər
İsmayıl Hacıyevin,
Bəkir Nəbiyevin, Nizami Cəfərovun, professor Yusif Seyidovun, dosentlər Ramiz Qasımov və Zülfiyyə İsmayılın Ulu öndər haqqında çap etdirdikləri kitab və monoqrafiyalar
haqqında müəlliflərin
elmi-publisistik şərhləri
öz əksini tapıb.
Nəhayət kitabın sonuncu - altıncı bölməsi
"Oxşar talelər
işığında Heydər
Əliyev" adlanır
ki, burada adından da göründüyü kimi,
bir-birinə bənzər
talelərin qarşılıqlı
müqayisələrlə təhlil
edildiyi iki yazı əks olunub. "Oxşar talelər: Heydər Əliyev və Əziz Əliyev" məqaləsində adıçəkilən
iki siyasi xadimin həyatlarının
oxşar məqamlarına
işıq tutulursa,
"Heydər Əliyev
ideyalarından Böyük
Zəfərə" başlıqlı
məqalədə Azərbaycan
Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin zəfərə aparan siyasi üslubu və bu üslubun
formalaşmasında Ulu
öndərin siyasi fəaliyyətindən çıxarılan
dərslərin uğurlu
nəticələri təhlil
edilmişdir.
Ümumilikdə yüzə yaxın ədəbiyyatdan istifadə olunan kitab AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın qarşılıqlı elmi əməkdaşlığının uğurlu çap nəticəsi kimi də dəyərləndirilə bilər. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan "Heydər Əliyev: tariximizdə və taleyimizdə" kitabının Azərbaycan tarixinin ən böyük azərbaycanlısı olan Ümummilli lider Heydər Əliyev haqqında ortaya qoyulumuş nəşrlər arasında öz layiqli yerini tutacağına inanırıq. Hər bir oxucu, eyni zamanda Ulu öndərin siyasi fəaliyyətinin müxtəlif sahələrini öyrənən araşdırmaçılar üçün bu kitabın dəyərli mənbə rolu oynayacağı da şübhəsizdir. Müəllifləri Ulu öndərin 100 illik yubileyinə bu cür layiqli töhfə vermələri münasibəti ilə təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru,
dosent,
şair-publisist
525-ci
qəzet.- 2023.- 5 sentyabr.- S.12.