"Əziz dost" haqqında söz
Nəsr
Mən son vaxtlar kənd prozası üslubunda yazılmış əsərlərin
tanınmış müəllifi
olan yazıçı
dostumla tez-tez məktublaşırdım. Bizim
epistolyar janrımız
adətən ədəbiyyata
həsr olunurdu, çünki dostum bu məsələdə özünü at üstündə
olan Orta Əsrlər Avropasının
cəngavəri kimi
hiss edirdi. Son məktubunda
o, sözün qeyri-adi
gücü, qüdrəti
haqqında söhbət
açır və mənim bu barədə
ötən məktubda
söylədiklərimin, əsasən,
şifahi sözə,
nitqə, natiqlik qabiliyyətinə aid olduğunu
göstərməklə, sözü
öz əritmə sobasından keçirib, onu artıq izafi qarışıqlardan
təmizləyərək qiymətli
metal şəklinə salan
yazılı ədəbiyyata
münasibətimi davam
etdirməyi lazım sayırdı. Qeyd edirdi ki, sən düzgün qeyd edirsən ki, şifahi ədəbiyyat, folklor qədim insanın təxəyyülünün, istedadının,
yaradıcılığının inkişafına böyük
təsir göstərməklə
yanaşı, müəyyən
hədlərdə dayanmış,
onu ötüb-keçə
bilməmişdir. İnsanın
şüuru, ağlı,
düşüncəsi artdıqca,
onun bədii təxəyyülü genişləndikcə
özünə yeni, daha
geniş meydan axtarmağa başlamış
və onu məhz, yazılı ədəbiyyatda tapmışdır.
Əlbəttə, qədim yunanlar
miflərlə yanaşı,
Homerin "İliada"
və "Odisseya"sından
qidalanmışdılar, hər
bir mədəni avropalı öz beşiyinin başında bu iki ölməz
poemanın nəğmələrini
eşitmiş və dünyanı qavramağa,
dərk etməyə bu əsərlərin ölməz sətirlərini
mənimsəməklə başlamışdır.
Orta Əsr ərəbinin ən böyük sevinc mənbələrindən biri
də "Min bir gecə" nağılının
sehrli əhvalatları,
eşq macəraları
olmuşdur. Qədim skandinavlar və almanlar xoşbəxt dünyalarını allah Odinin səltənətində,
Nibelunqlar haqqında nəğmələrdə axtarmışlar.
Qədim yəhudilər
və semit dilli xalqlar bu
xalqın yaratdığı
böyük incidən
- Bibliyadan təkcə
dini inam üçün deyil, həm də qeyri-adi təsir gücünə malik olan bir bədii əsər kimi istifadə etmişlər.
Qədim şumerlər
"Qilqameş dastanı"nda
yerüstü həyatda
əbədi yaşamaq
mümkün olmasa da,
gəncliyi qaytarmaq arzusu ifadə edilmişlər. Qədim misirlilər Ra, Amon və
Aton adlandırdıqları allahlarının köməyi
ilə Bibliya tərəfindən faraon adlandırılan çarlarının
ilahiliyə yüksəlməsinə
cəhd göstərmiş,
qədim yunanlar Heraklı əlçatmaz
qəhrəmanlıq, cəngavərlik
və igidlik zirvəsinə qaldırmış,
ölümündən sonra
yenə allahlar tərəfindən onların
səltənətinə aparıldığını
işarə etməklə,
bu əlçatmaz igidliklərin sahibinin də ağlasığmaz
insan, əslində, allah olduğunu göstərmişlər.
Qədim
Şərq əsatirləri
öz zənginliyi ilə heç də yunan mifologiyasından
geri qalmır. Qədim hind əsatirlərində
allahlar, insanlar və heyvanlar, xüsusən, meymunlar aparıcı qüvvə
kimi iştirak edir. Qədim Çin əsatirlərində
isə tarixi hadisələr, tarixi şəxsiyyətlər uydurulmuş
əhvalat və personajlarla qarışdırılır,
bu da həmin miflərin təsir gücünü artırır.
Azərbaycanlıların mif yaradıcılığı öz
ifadəsini dastanlarda tapır. "Dədə Qorqud", "Koroğlu"
dastanlarında xalqın
müdrik adama, şair və qəhrəmana sönməz
məhəbbəti ifadə
olunur. "Dədə
Qorqud" xalqı əmin-amanlığa, qurub-yaratmağa,
mərdliyə, torpağını
sevməyə, yadelli işğalçılara qarşı
mübariz olmağa çağırır. Koroğlu
isə həm şair-aşıq, həm
də qəhrəmandır,
o, macəraları çox
sevir və bu sınaqlardan həmişə qalib çıxır.
Lakin miflər öz yerini yazının icad edilməsi ilə ondan daha yüksək səviyyədə dayanan və bu yüksəklikdə
dialektik qaydada onu inkar edən
yazılı ədəbiyyata
verdi və kitablar yarandı.
Yazılar isə ilk dəfə
Şumerdə piktoqrammalardan
- şəkil rəmzlərdən
səs və heca ifadə edən az sayda
hərflərə keçidlə
başlandı. Bu, mixi
yazısı adlanırdı.
Finikiyada isə sözlər hərflərin
birləşməsində ifadə
olunmaqla yazılırdı,
başqa sözlə,
ilk dəfə olaraq əsasən hər səsə uyğun hərf icad edilmişdi. Qədim Misirdə isə bütöv sözlərin
işarəsi olan heroqriflərdən istifadə
edilirdi və bu heroqrifləri ilk dəfə XIX əsrdə
fransız alimi Şampolyon oxumağa müvəffəq oldu. Bu gün də Çində və bir neçə qonşu ölkədə öz yazıları kimi heroqriflərdən istifadə olunur. İlk yazı nümunələri,
finikiyalılardan götürülmüş
hərflərdən istifadə
edilməklə, Krit adasında A və B xətti yazısı adlanan yazı meydana gəldi və bu, həm
də heroqriflərdən
irəliyə doğru
bir addım idi. İndiki yazıların əksəriyyətinin
ümumiyyətlə əcdadı
əslən finikiyalıların
yazısı hesab olunur. Bu yazılarda, bir qayda olaraq,
hərflərdən istifadə
edilirdi. Qədim Roma tarixçisi Tatsit "Annallar" əsərində
yazır ki, misirlilər
özünü hərfin
ixtiraçısı hesab
edirlər. Yazını
onlardan finikiyalılar
əxz etmişdilər.
Finikiyalılardan və
karfagenlilərdən sonra
öz dövrünün
ən yaxşı dənizçiləri olan
yunanlar yazını öz doğma vətəninə gətirmişdilər.
Yunanlardan isə etrusklar vasitəsilə romalılar yazını götürmüş, sonralar
isə latın yazısı dini və ədəbi dillə birlikdə bütün Avropaya yayılmışdır.
Kitab insanın ən böyük kəşflərindən,
ixtiralarından biridir.
İnsanın yaratdığı
elm, mədəniyyət, tarix,
ədəbiyyat, bir sözlə, insan ağlının və şüurunun bütün
bəhrələri məhz
kitablarda cəmləşmişdir.
Onlarla təmasda olmaq adama yeni dünyaları açır.
Lakin mütaliə etməyən
adamlar nadanlıq aləmində gəzib-dolaşdığından,
onlar bir yad cisim kimi mədəni
aləmə düşə
bilmirlər, çünki
onların səltənətinə
Şeksprin sözləri
ilə desək, "qaranlıq deyil, cəhalət çökmüşdür".
İisus Xristin lənətlədiyi qurumuş
əncir ağacı daha tez yarpaqlayacaq,
nəinki belə adamlar maarifə tərəf üz çevirəcəklər. Gəlin
qaranlıqdan, ən azı alatoranlıqdan xilas olmaq üçün
özümüzə yol
açmaqda əvəzsiz
məşəl xidməti
göstərən kitabı
seçək və onun işığında
dünyanı dərk
edərək yalançı,
əslində hər cür vasitələrlə
sirayətləndirilən saxta
inanc fanatizmindən də uzaqlaşaq. Qoy bizim qısa
və bəzən əzablı keçən
ömrümüzü, əsasən
əbədi və sevincli ömür sahibləri olan yaxşı kitablar bəzəsin. Mən isə onu deyə
bilərəm ki, kitablar
sədaqətli və
etibarlı dost simvolu olan Piladdan heç
də geri qalmır. Axı Pilad ən çətin
anlarda, ən ağır sınaqlarda Orestin ən sədaqətli dostu kimi özünü göstərir, onun yolunda hətta canını qurban verməyə də hazır olur. Kitablar da insanın çətin anında özlərini təskinlik
mənbəyi rolunda göstərməklə, məhz
belə sədaqət
rəmzi kimi aparır.
Sivilizasiya inkişaf etdikcə
kitabların bir yerə yığılması,
kitabxanalar yaranması
təcrübəsi meydana
gəldi. Yeni Babildəki
kitabxanada çoxlu yazılı gil lövhələr saxlanırdı.
Xeyli sonra ikinci Ərəb xilafətinin paytaxtı olan Kordobadakı kitabxanada 100 mindən artıq kitab saxlanırdı.
Kitab hazırlamaq üçün
yeni vasitələr də
icad edilirdi. Q?dim misirlilər Nildə bitən qamışlardan
- papiruslardan istifadə
etməyə başladılar.
Bu, daşınmaq və
saxlanmaq üçün
daha az əziyyət
tələb edirdi. Başqa xalqlar isə heyvan dərisindən - perqamentdən
istifadə etməyə
başladılar. Bizim
eranın II əsrində
isə kağızı
Çində kəşf
etdilər. Belə məlumat var ki, VIII əsrin
lap sonunda bir neçə Çin sənətkarını ərəblər
əsir götürmüşdülər,
onlar isəxilas olmaq üçün öz ağalarına kağız istehsal etməyi öyrətmişdilər.
Harun ər-Rəşidin vəziri
Barmakid 800-cü ilə
yaxın Bağdadda
ilk kağız fabriki
tikdirdi və oradan da kağız istehsalı Avropaya yayıldı.
Qədim
dünyanın ən böyük kitabxanalarından
biri Aleksandriyada idi və Qay
Yuli Sezar ordusunun xilası naminə limanda dayanan donanmanı yandırmağı əmr
edərkən, alov şəhərə də
keçmiş və məşhur kitabxana da yanmışdı. Bu müdhiş
hadisə m.ə. 48-ci
ildə baş vermişdir. Aleksandriya kitabxanasını ərəb
xəlifəsi Ömər
də VII əsrin
40-cı illərində yenidən
yandırtmışdı. Xəlifə
bu yanğını onunla əsaslandırmışdı
ki, əgər kitabxanada
Quranda olduğundan artıq heç nə yoxdursa, onda onu yandırmaq
lazımdır, əgər
kitabxanadakı kitablarda
Quranda olanlardan əlavə bir şey vardırsa, bir küfr kimi
o yandırılmalıdır. Tarix Efesdəki məşhur Artemida məbədini yandıran Herostratı məşhurlaşdırdığı
kimi, elm, təəssüf
ki, bilik məbədlərini
oda tutan, kitabları yandıran cahilləri də xüsusi "şöhrət"
sahibi etmişdir.
Qədim
Romada isə artıq şəxsi kitabxanalar yaranmağa başlandı. İnsanlar
kitabın necə böyük xəzinə olduğunu dərk etməyə başladıqda,
onlar kiçik heykəllərlə yanaşı,
məhz bu "daş-qaşlar"ın aludəçilərinə
çevrildilər.
Ali gözəlliyi vəsf etmək çətin olduğu kimi, kitab haqqında yazmaq, onu tərif etmək də çox çətindir.
"Kitab" özü elə
böyük və yüksək kəlamdır
ki, yunanlar öz dillərində yəhudilərin
ən qüdrətli dini kitabını məhz bu sözlə
ifadə etmiş və "Bibliya" adlandırmışdılar. Müsəlmanların
ali dini kitabı olan "Quran"ın adı isə qiraət, kitab oxumaq mənasını verir. Kitab aləminə azacıq bələd olan adamın gözləri xeyri və şəri dərketmə ağacının
meyvəsini ilk dəfə
dadan Həvva və Adəminki kimi açılır və o, əlavə olaraq vacib idraka
yiyələnir. O, keçmişi
və gerçəkliyi,
təbiəti, cəmiyyəti,
insanları və özünü dərk etməyə başlayır.
Adəmlə Həvva
bunun üçün
cənnətdən qovulduğu,
əzablı insan həyatına düçar
olduqları halda, kitab
həvəskarı, mütaliə
aludəçisi isə
yeni, daha maraqlı və əzabsız hesab etdiyi dünyaya
qovuşur. İnsan təkcə təbiətin
bəxş etdiyi göz okulyarına deyil, həm də ağıl gözünə yiyələnir.
O, müdriklərin kitablarda
ifadə olunan zəkalarla, biliklərlə
silahlanıb, dünyaya
baxır və həyat hadisələrini,
təbiət və cəmiyyətdə baş
verənləri cahillərdən
fərqli olaraq fantom kimi deyil, səbəblərinə
agah olduğundan düzgün qəbul və dərk edə bilir.
Qanunauyğunluqlardan,
ziddiyyətlərdən baş
çıxarmağa başlayır,
bunları nəinki izah etməyə, hətta təqdir və ya rədd
etməyə imkan verən arqumentlərə
və elmi əsaslara malik olur. Bu isə ona imkan
verir ki, təbiət və cəmiyyət hadisələrini izah edə bilsin, ziddiyyətlərin səbəblərindən
baş çıxartsın
və düzgün nəticəyə gələ
bilsin. Gəmi qəzaya uğrayanda üzməyi bacarmayan qorxaq adam bir
qayda olaraq özünü asanlıqla
ölümün qucağına
atır. Bilikli adam isə üzməyi
bacaranlar kimi çətin sınaqlarda
da özünü itirməyərək,
taleyin dönük anlarında, ömrün uğursuz gedişlərində
iradəsi hesabına hadisələrdən yuxarıda
dayanmağı bacarır.
Həyatın faniliyinə
və taleyin, fatumun sınaqlarına nəinki təslim olmur, hətta öz ağlı, şüuru və iradəsi ilə bunu ram etməyə qadir olmaqla, hər cür zülmə tabe olmaqdan, boyun əyməkdən, təslim
olmaqdan, əslində
qula çevrilməkdən
imtina edir, hətta belə bir fikrin özünü
də acı hiddətlə şüurundan
uzaqlaşdırır və
öz ruhunun yenilməzliyini qoruyub saxlaya bilir. O, başa düşür
ki, qul olmaq insan ləyaqətinə ziddir. Təsadüfi deyildir ki, Aristotel qulu danışan və hərəkət edən ikiayaqlı heyvan adlandırırdı.
Qədim yəhudilər
Misirdə qul olmağın əzablarını
görmüşdülər və Allahın köməyi ilə Moisey onları qul əsarətindən xilas etmişdi. Ona görə də yəhudilər qərara almışdılar
ki, heç bir yəhudi bir daha qul olmamalıdır,
bu məqsədə yönəlmiş çox
sayda tədbirlər Tövratın "Deyteronomiya"
- "İkinci qanun"
kitabında öz əksini tapır.
Öz sadə təcrübəmə
gəldikdə, mən
hələ uşaq olarkən kitablarla dostluğa başladım və bu dostluq
illər keçdikcə
möhkəmlənərək, mənim dünyamın və axtarışda olan ruhumun bir
hissəsinə çevrildi.
Yaşadığımız mühit, bizi əhatə edən şərait, əlbəttə,
cismani qidamız kimi, ruhu qidamızın
da rasionunu, onun olduqca kasıb çeşidlərini müəyyən
edirdi. Əvvəlcə,
doğma dilimizdə mövcud olan və kənd kitabxanasının əhatəsini
ifadə edən kitablar bir-birinin ardınca beynimiz vasitəsi ilə həzm olunurdu. Uşaq dünyagörüşü
ilə iri həcmli kitabları oxumağımızla fəxr
edirdik.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2023.- 6 sentyabr.- S.14.