"İki Satir"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Əli Hüseyndir. Onunla məşhur rəssam Piter Paul Rubensin "İki
Satir" əsəri haqqında
danışmışıq.
Piter
Paul Rubens 28 iyun 1577-ci ildə
anadan olub, 30 may
1640-cı ildə vəfat
edib. Rubens öz əsərlərində barokko
dövrünün canlılığını
və həssaslığını
əks etdirən flamand rəssamıdır.
Rubensin yaradıcılığı
Breygel realizmi ilə Venesiya məktəbinin qarışığından
ibarətdir. O, mifologiya
və din mövzusundakı
böyük əsərləri
ilə yanaşı, həm də portret və peyzaj ustası kimi tanınır.
Rubensin işləri Flamand və Venesiya məktəblərinin ənənələrinin
harmonik birləşməsidir.
On yeddinci əsrin bir çox rəssamları kimi portret rəssamı Rubens də dini və
mifoloji mövzularda rəsm çəkməyi
sevirdi.
- Rubens mifoloji xarakterlərə böyük maraqla yanaşırdı. Bu əsərində
də mifoloji xarakter yaradıb. Gəlin söhbətimizə
də əsərin mifoloji şərhi ilə başlayaq.
- Əsərdə gördüyümüz
satirlər Yunan mifologiyasında meşə
tanrılarıdır. Bu varlıqlar
çox tənbəl
olub günlərini şərab içərək
musiqi sədaları altında rəqs etməklə keçirirdilər.
Şair Hesiod ilk şərabı
satirlərin hazırladığını
və onların çox güclü seksual aktivliyə malik olduqlarını deyirdi. Əfsanələrə görə,
onlar dağlıq ərazilərdə yaşayır
və heç vaxt çimmirlərmiş.
Əksərən satirlər
insan bədənli, keçi ayaqlı təsvir edilir. Lakin onlarla bağlı ilk mənbələrə nəzər
salsaq görərik
ki, satirlər tamamilə
insan cildindədir, sonrakı illərdə məhsuldarlıq iblislərinin
görünüşündə dəyişikliklər baş
vermiş və populyar görkəmlərini
almışlar. Dəyişən
isə yalnız xarici görünüş
deyil, həm də xarakterləri idi. Satirlər yavaş-yavaş pozğun
həyat mühitindən
uzaqlaşmış, daha
təmkinli və mədəni varlıqlara çevrilmişdilər. Bu proses Renesans dövründə daha sürətli getmişdi. Martin Uestin fikrincə, satirlərin digər hind-Avropa mifologiyalarına təsiri
böyük olub. Doğurdan da, hind, kelt, slavyan, german, şotland və digər xalqların əfsanələrində satirlərə
bənzər məxluqlara
rast gəlmək olar. Rubens də satirləri məhz mifologiyada olduğu kimi insan bədənli
və keçiyə bənzər, yəni keçibuynuzlu təsvir edir.
Rəsm
"İki Satir" adlandırılsa
da, əsərdə cəmi
bir satir var. Arxa planda Rubens içki içən bir adamı göstərir və onun başında aslan maskası var. Əsl satir əlində həyat və məhsuldarlıq simvolu olan üzüm
ağacı tutub və sərxoş adama nifrətlə gülür.
- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?
- Rəssam bu əsərdə soyuq rənglərə müraciət
edib. Həmçinin tünd rənglərin ahəngini burada görə bilərik. İşıq və kölgə əsərə
xüsusi bir rəng qatıb. Rəssam rəng həllindən o qədər
dəqiqliklə istifadə
edib ki, obrazların üzündəki cizgiləri
və emosiyanı aydın şəkildə
görüb hiss etmək
mümkündür. Qəhvə
rənginin müxtəlif
tonlarından istifadə
olunub. Dəri rəngi ustalıqla işləndiyi üçün
obrazın üzərinə
kölgə düşməsi
aydın şəkildə
hiss olunur. Satirin əlindəki üzümün
rəngində də işıq və kölgənin təsiri görünür.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası
olduqca dinamik və diqqətçəkicidir.
Burada iki obraz görürük: mərkəzdə və ön planda yerləşiblər. Arxa fonun qara rəng
olması əsas diqqətin mərkəzə
fokuslanmasına təkan
verir. Təsvir olunan obrazlardan biri acgözlüklə şərab içir, digəri isə əlində üzüm, məkrli baxışla tamaşaçıya baxır.
Onlar tənbəldirlər,
buynuzları var, hər
zaman içirlər və
pəriləri ovlayırlar.
Bu əsərdə rəssamın
ən böyük uğuru işıq və kölgədən möhtəşəm şəkildə
istifadə etməsidir.
Bunun sayəsində Satir obrazı
olduqca mərkəzə
çıxıb və
diqqət çəkir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər hazırda Münhendəki muzeylərin
birində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəsmə diqqətlə
baxanda görürük
ki, arxa tərəfdə
olan obraz şərab içən yerdə təsvir olunub. Onun üz
ifadəsindən sərxoşluğunu
da hiss etmək mümkündür.
Əsas obrazın əlində bolluq, məhsuldarlıq rəmzi
olan üzüm tutması buna işarə
ola bilər. Rubens
bu əsər vasitəsilə Satirə xas keyfiyyətləri göstərir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 6 sentyabr.- S.13.