Yaşantılarım
VƏ YA 65-DƏN BAXANDA...
Hər insanın həyatında ağrılı günlər
olur. Bəlkə də çətinliklər
olmasa, xoş günlərin qədri bilinməz. Oxşar məqamları mən də yaşamışam,
on dörd-on beş yaşımda revmatizmdən
yataq xəstəsi olmuşam və bir il altı ay yeriyə bilməmişəm.
Ölmüşəm, qəbrim
qazılıb, ayılmışam
və qırx il İlaxır çərşənbədə
öz qəbrimin üstündə şam yandırmışam. Xəstəlikdən
ayılandan sonra üç ali məktəb bitirmişəm,
aspirantura təhsili almışam, dissertasiya müdafiə etmişəm,
indi də doktorant kimi elmi fəaliyyətimi davam etdirirəm. Şükür Tanrının
kərəminə!
Amma ağrılarım bununla bitməyib, təxminən
on il bundan qabaq xərçəng diaqnozu
ilə müalicə almalı olmuşam. Atam da xərçəng xəstəliyindən dünyasını
erkən dəyişib.
Evin böyük oğlu olduğum üçün ailənin
yükünü çəkmək
mənim boynuma düşüb. Əli çiynimdə olanların
qayğısı bəzi
arzularımı vaxtında
reallaşdırmağın qarşısını alıb,
amma qardaşlarımın,
bacılarımın bütün
problemlərini yerbəyer
eləmişəm. Hətta
həyat yoldaşımın
və uşaqlarımın
da ali təhsil almasına nail olmuşam. Tanrı atamdan uzun bir ömür
yaşamağıma fürsət
verdi, revmatizm xəstəliyindən xilas
olduğum kimi, xərçəngdən də
yaxamı qurtardım.
Bunun səbəbi mənim
öz dərdimə özümün əlac etməyim oldu. Mənim fikrimcə, xəstə öz həkimi olmasa, dünyanın bütün
həkimləri yığışsa
belə, onun dərdinə əlac edə bilməz.
Təkrar
müayinəyə gedəndə
həkim təəccübləndi
və dedi: "Mən xərçəng
diaqnozunu xəstəyə
bir dəfə qoyuram, gedir və qayıtmır, amma sən qayıtdın,
sən möcüzəsən!
Neyləmisən ki, sağalmısan?"
Mən dedim, özüm öz həkimim olmuşam!
Kimliyimin
bu ağrılı səhifələrini təsadüfən
xatırlamadım. Sentyabrın
8-də mənim 65 yaşım
tamam olur. Nəslimizdə altmışı
ilk haqlayan mən olmuşam. Babalarım çox cavan yaşlarında dünyadan
köçüblər. Atama
yazdığım şeirdə
deyirəm:
Ata, mən altmışa gəldim,
sənin
gəlmədiyin yaşa
daş qoydum.
Çoxlarını heyrətdə saxladım,
özümü də çaşbaş
qoydum.
Bu, zirvədirsə, üzü
enişə gedirəm,
Oğul
kimi böyütdün
məni,
indi sənin yaşına
atalıq
edirəm.
Sənin
çəkdiklərini çəkdim,
doymadım,
Bircə
sevdiyin siqareti çəkmədim.
Mən altmışı dizə çökdürdüm,
Bu altmış ildə
kimsənin önündə
dizə
çökmədim.
Yeri gəlmişkən bildirim
ki, yeniyetmə yaşlarımdan
şeirə və folklora maraq göstərirəm. Mənim
folklor nümunəsi topladığım insanlar
artıq həyatda yoxdur, amma onların
söz xəzinəsini
öz sinələrində
o dünyaya aparmasına
imkan vermədim.
İlk şeir kitabın
"Quş dili" adlanır. Uğurlu alındı, haqqında çağdaş tənqidçilərin
demək olar, hamısı fikir bildirdi, məqalə yazdı. Sonralar folklora dair kitablarım,
toplama materiallarım işıq üzü gördü. Qırxa yaxın kitabın sevincini yaşamışam.
Amma mənim yaddaşımı
oynadan Cənub bölgəsində yaratdığım
"Nöqtələr" ədəbi qrupunun toplularıdır. Bütün
topluları öz şəxsi vəsaitimlə
çap etdirmişəm.
Sonralar yaratdığım "Muğan
folklor və yaradıcılıq mərkəzi"
xeyli iş gördü. Onu da deyim ki, bu yaradıcılıq
mərkəzinin yükünü
təkbaşına çəkmişəm.
Bölgənin klassiklərini də
diqqətdən kənarda
qoymamışam. Dini şeirlər
yazan Seyid Miryusif ağanın iki, el şairi
Misir Alarlının üç kitabını,
şair-publisist Qasid Nağıoğlunun ilk (və
son) kitabını yazı
makinasında və kompüterdə yığıb
nəşriyyata təqdim
etmişəm. Hər
üçünün ruhu
şad olsun!
İki yüzdən çox gəncin ilk kitabı nəşriyyata mənim əlimdən gəlib keçib, redaktə etmişəm, ön söz yazmışam, hətta nəşriyyatdan
götürüb müəllifə
təhvil vermişəm.
Şagirdlərimin və
tələbələrimin də
yaradıcılıq nümunələrini
ədəbi orqanlara çıxarmışam, toplu
halında nəşr
etdirmişəm və
bütün bu işlərin maliyyə problemlərini halal əmək
haqqımın hesabına
həyata keçirmişəm.
Xeyir-dua verdiyim gənclərin bir neçəsi artıq Yazıçılar Birliyinin
üzvüdür. Halal xoşları
olsun!
Bu gün fikirləşirəm
ki, az iş görməmişəm. Ciddi
mətbu orqanların olmadığı bölgədə
ədəbi mühiti
canlandırmaq elə də asan iş
deyil, bu işdə mənəvi dəstək kifayət etmir, maddi köməyə
də ehtiyac duyulur.
Bölgədə yaşayan ədəbiyyat
fədailəri vaxtında
yada düşmür. Başqaları
ilə işim yoxdur, özümlə bağlı bir məsələni çatdırmağı
vacib bilirəm. Altmış beş yaşıma qədər bircə dəfə də olsun yubiley
tədbirim, kitab təqdimatım
keçirilməyib. Bölgədə
başqaları üçün
keçirilən bu tədbirləri isə mən özüm təşkil etmişəm.
Altmış beş yaşım da səssiz keçir, amma kimsədən incimirəm,
sadəcə, bütün
qələm adamlarının
adından bu möhtəşəm yubiley
münasibətilə özümü
təbrik edirəm. Təki Tanrı yaxşı işləri həyata keçirməyə
ömür versin!
Tanrı
məni peyğəmbərdən
sonra öz nəzərində uca tutduğu bir adam kimi yaradıb,
mənə özünə
xas olan söz yaratmaq qüdrəti verib. Yaratmaq Tanrıya məxsusdur, söz yaratmağı da şairlərə
Tanrı özü hədiyyə edib:
Mən ölümdən qorxmuram,
Diri ölüyə dönməkdən
qorxuram.
Məni
özünə tay tutubsan, Ulu Tanrı,
Bu ucalıqdan enməkdən
qorxuram.
Bir diləyim var səndən,
Ulu Tanrı,
son duamı eşit,
mənə ləyaqətli bir
həyat vermisən,
ləyaqətlə yetir
bu ömrü
son ana da.
Ömrümün sonunda
məni
möhtac eləmə
boynunda haqqım olan
insana
da.
Altmış beş illik
"yubileyim" ərəfəsində
həmişə mənə
qarşı diqqətli
olmuş "525-ci qəzet"ə
üz tutmaq qərarına gəldim. Elə bilirəm, qəzet həmişə olduğu kimi, bu dəfə də öz səhifələrində bir
bölgə şairinə
diqqətini əsirgəməz.
Oxuculara təqdim etdiyim şeirləri bu il qələmə almışam. Şeirlərin
məzmununda yaş ovqatını görmək
mümkündür.
HAYQIRTILAR
Qıvrıla-qıvrıla qalıram
ürəyimdəki ağrıları
"Ürəyim" dediyim anlamayanda.
Məni
istəyən mənim
aşiqimdir,
müsibət olur
məni
mənim istədiyim anlamayanda.
Çəkdiyimi çəkirəm,
tüstüm çıxmır ki,
yandığımı görələr,
Göz yaşlarımın selə
döndüyünü,
arzularımın islandığını görələr.
lll
İlahi,
bir az da möhlət ver,
hələ çox işim
yarımçıq qalıb.
Bilirəm, vədə yetişib,
fürsətimin ömrü qısalıb.
Hələ bir dağ da aşmalıyam,
mənzil
başına gedən
yolumu
yarı
etməmişəm.
Məndən asılı olanların
yanından
beləcə keçib getməmişəm.
Görəcəyim var,
verəcəyim var, İlahi,
borcumdan
çıxmamış
yolumu kəsmə.
Mənə açdığın ovcunu qapaya bilərsən,
mənim
mənə ehtiyacı
olanlara
kömək üçün uzatdığım
qolumu kəsmə.
İlahi,
bir az da möhlət ver,
verdiklərini yerbəyer edim.
Nə
at istəyirəm,
nə dəvə,
imkan ver,
sənə gələn yolu
öz ayağımla
piyada gedim.
lll
İlahi,
nə baş verir?
Yenə
silkələyirsən yeri-göyü.
Hara yazmaq olar bu
fəlakəti,
Hara yozmaq olar bu
istəyi?
Torpaq üstündə bir-birini
qıranlar
görmədimi torpaq onların
deyil,
onlar torpağındı?
Torpaq üstündə qan tökən,
torpaq üstündə can qoyan
bilmirmi bütün canlar torpağındı?
Bir dəfə,
bircə
dəfə silkələyib
ələyirsən yaddaşları,
canının harayına qalır
başda
oturanların başları.
İlahi,
dinclik gətir ağıllara,
körpələrə qıymasınlar,
anaları övladsız,
övladları anasız qoymasınlar.
Nifrətə son qoy,
kinə
son qoy,
Yeri-göyü oynatdın, bəsdir,
silkələ beyinləri,
insanlığını itirmiş insanların
insanlıqdan kənar tamahına
bəs de,
fəlakətlərə son qoy.
Nadanlar,
cahillər dayanmaq bilmir,
son nöqtəni sən qoy.
lll
Gəlib
görsən evdə yoxam,
daha axtarma,
bil ki, köçmüşəm,
qonaqsız-qarasız bir evdəyəm,
Sığınmışam dörd divar arasına,
dövlətsiz, sərvətsiz,
parasız bir evdəyəm.
Qapım-bacam yoxdur ki, döyəsən,
mən açıb üzünə
güləm,
Yanımda yatacaq yox,
oturacaq yox ki,
səninlə yarı böləm.
Amma narahat olma,
burda Tanrı yaxşı baxır mənə,
mən də özümə yaxşı baxıram,
özümlə nə ağrı
gətirmişəm,
nə də dərd.
Burda nə paxıllığımı
çəkən var,
nə də yolumu kəsən bir namərd!
Gəlib
görsən evdə yoxam,
kimsədən soruşma məni,
çıx get öz işinin
dalınca,
Öz qayğını çək,
öz dərdini çalxala
məndən nigaran qalınca.
Bil ki, mən artıq acılı-şirinli bir xatirəyəm,
yadına
salanlara göynək yeriyəm,
Tanrıya şükür,
mən canlı meyit olmadım
məni
sevənlər üçün,
sevdiklərim üçün də
hələ diriyəm.
Bax, xatirimi əziz tutanlar,
bir şəkil də asıblar başımın
üstündən,
mənə baxıb özlərini
görürlər.
Kefimi soruşa bilmirlər,
halımdan da xəbər tuta
bilmirlər,
amma mənə baş endirib,
özlərinə salam verirlər.
Gəlib
görsən evdə yoxam,
üzüsulu çıx get,
özünə qayıt,
özünə dön,
mənə güvənmə,
özün özünə hakim ol.
Məni
axtarma,
yolumu tutub gəlmə dalımca,
unutma,
geriyə
qayıtmaq üçün
deyil
mənə gələn yol.
GÖYNƏRTİLƏR
Biz o şəkli çəkdirəndə
sənin
gözlərin gülürdü,
təbəssümün çiçəkləyirdi.
Buludların arxasında gizlənən
günəş
bizim sevincimizə
gözlərini döyürdü.
Tən ortadan bölünüb o xatirələr indi,
acısı mənimdi,
kədəri sənindi.
Təkcə mən boylanıram
sevdalı günlərdən,
Bir parçası əlimdə
qalmış şəklimə
baxıb
səni
xatırlayıram hərdən.
Kimsələr bizi birlikdə görməsin deyə
öz şəklini cırıb
götürmüsən.
Özünü dedi-qodudan xilas etmisən,
məni
birdəfəlik itirmisən.
Bəlkə də haçansa
yenidən
birlikdə şəkil çəkdirə
bilərik,
alandan
da olsa
bir-birimizin üzünə gülərik.
Amma bu şəkil
əvvəlki kimi alınmayacaq,
kəsilib atılmış xatirələrə
yamaq kimi görünəcək.
Mənim
gözlərimdə bulud
oynayacaq,
sənin
baxışların dumana
bürünəcək.
Cırıb atdığın şəkil
üçün
darıxacaqsan o ki var,
gözlərinin kölgəsində
közərə-közərə qalacaq
puç
olmuş arzular.
lll
Demirəm ki, pis yaşayıram,
Yüküm ağırdı bir
az,
dünyanın axırına
söz yükü daşıyıram.
Ürəyimdə qalan arzularım,
başa
yetirmədiyim vədlərim
kürəyimi yağır edib.
Vaxtında görə bilmədiyim
işlər
dilimi güdə,
özümü fağır edib.
Bir qarın çörək
üçün
yaşamadım ki mən,
çox
adam fayda gördü
görə bildiklərimdən.
Aldıqlarım az olub həmişə
verə
bildiklərimdən.
Şükür eləyirəm bu
qismətə,
hamıya
mal-mülk düşdü,
mənim
bəxtimə söz doğuldu.
Evinin divarına
qızıldan kərpic qoydu tanıdıqlarım,
mənim
can evim
qızıl kimi sözdən
yoğruldu.
Demirəm ki, pis yaşayıram,
mən sözə əl açdım,
söz də məni qucağına aldı.
Ömrüm boyu söz axtardım,
söz topladım,
özümlə söz aparıram,
dünya
malına mail olanlar
nə yığdılar,
bu dünyada qaldı.
TAPINAQLAR
Gəl,
birlikdə uçaq,
qanad-qanada verək,
uçaqlar kimi buludları
dələk.
Uçunaq,
uçurumlardan uçub,
dərələrdən keçib gələk.
Biz qanad çalanda
qayalar uçsun havamıza.
Uçaq
zirvələrdə uçanaqlar ümidinə qalmış
əl çatmayan yuvamıza.
Şığıyaq sıldırımlar
boyunca,
uçaq
qanadımız qırılınca.
Birlikdə halay vuraq havada,
çırpaq özümüzü boşluqlara,
çırpınaq buludların arasında
yorulunca.
Qanadını qanadımdan üzmə,
bu dünyanın sonuna gedək,
bizə
həsrətlə baxanlara
birlikdə uçmağı öyrədək.
Gəl,
təklikdən qaçaq,
gəl,
birlikdə uçaq.
Tək uçanlar zirvələr
fəth edə bilmir,
tək uçanlar uzağa gedə bilmir.
lll
İldən ilə dostlarım
azalır,
birini mən öldürürəm,
biri məni öldürür,
biri də qolunu-qıçını
uzadıb
təkbaşına özü ölür.
Əzrayıl qılıncı ilə
oynayıram hər il,
hər
il bu qılıncla
mini doğranır,
yüzü ölür.
Hər dəfə kimsə öləndə,
elə bilirəm,
Tanrı mənimçün
qəbir qazır,
İnkir
oturub qismət arayır,
Mənkir
durub tale yazır.
Ölümün də növbəsi
var,
gec yazılmışam bu növbəyə bir az,
Tanrı
fürsət verir
Haqqa dönməyə hər payız,
hər qış,
hər yaz.
Ölüm bütün dərdlərin
xilas yoludur,
əzabın, zillətin bitən
yeridir.
Bunu yaxşı bilir
kim ki, çoxdan ölməliydi,
amma hələ də diridir.
2023
Hörmət və sayqılarla
Bilal Alarlı, filologiya üzrə
fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 6 sentyabr.- S.12;13.