Xoşbəxtliyin ötəsindəki xoşbəxt
YARADANLA YARIŞIN UĞURLU MƏĞLUBLARINA
BİR NEÇƏ SÖZ
Uzun illər öncə Almaniyada siyasi analitika ilə bağlı təlimdəydik.
Misirli kurs yoldaşım məndən
qəribə bir xahiş elədi.
Dedi:
"Ukraynalı Alyona Şevçukdan
xoşum gəlir, vurulmuşam. Ancaq nə o ingiliscə bilir, nə mən rusca. Mənə bir yaxşılıq elə:
sən jurnalistsən.
Ona mənim adımdan
rusca bir məktub yaz, öz adımdan məni çoxlu təriflə. Məktubu qıza verəcəm".
Sifətimin ifadəsindən narahat
oldu və tez əlavə etdi: "Başqa cür başa düşmə, fikrim ciddidir, evlənib ölkəmə aparacam".
Məktubu yazsam, Köln şəhərinin
ən yaxşı restoranında mənə neçə nəfərlə
birlikdə istəsəm,
qonaqlıq verəcəyini
də vəd etdi. Bir sözlə: "Dilə məndən, nə dilərsən".
Yaşca
böyük idi. Xətrinə dəymədən
imtina eləmək üçün dedim:
"Tutaq ki, ona rusca məktub verdin, sonrası nə olacaq, hansı dildə danışacaqsınız?"
Dedi:
"Sən yaz, əsas odur, mənə "hə"
desin, sonrasına bir şey fikirləşərəm".
Çox
israr edincə, səbrim qalmadı: "İnciməyin, yaza bilmərəm. Tərifləyə
bilmərəm", - dedim.
"Bir ona bax, bir
özünə" demək
istədim, ancaq cümlə dilimin ucundan qayıtdı.
Məndən incidi. Kursun sonuna yaxın barışdıq. Hələ
də hərdən yazışırdıq. Onun
karyera yüksəlişi
sürətli olmuşdu.
Ən son Argentinada səfirlikdə, yüksək
vəzifələrdə işlədi.
Özünə Cənubi
Amerikada biznes qurub. Dövlət qulluğundan da ayrılıb.
Onsuz da varlı ailənin tək oğluydu. İndi multimilyonçudur. ABŞ-da yaşayır.
Mən isə... yazı-pozumla qaldım.
O misirli haqqında yalandan tərif yazmaq istəmədim. Ancaq Allah hərənin taleyini bildiyi kimi yazdı. Təbii ki, mən özümünkündən razıyam
(bilirəm, inanmaq çətindir, amma gerçəkdən belədir).
Çünki biz də bir anlamda milyonçuyuq. Öz qələmimizlə
milyonlarla insanın fikrinə təsir edə bilirik. Ya da təsir edə bilərik. Allahın özü ilə yarışa bilirik. Ya da yarışa bilərik.
Allahın özünə... uduzmaq
şansımız həmişə
var.
Mən indi özü özünə uduzub varlanmış o misirli milyonçu qarşısında
yalnız öz Allahıma təntənəli
məğlubiyyətimlə öyünə bilirəm.
Yəqin
ki, bu fikirlərim oxucuya anlaşılmaz göründü. Bir az açmaq lazım.
Vladimir Nabokovun özünə yanaşma birmənalı deyil; ədəbiyyat haqqında məruzələrindən
narazılar bəs edincədir (Bu da Nabokovun qalibiyyətə bərabər
məğlubiyyətidir).
Bax, o
Nabokov məşhur fransız
yazıçısı Qustav
Flober haqqında deyirdi ki, Flober yazıçıda Allahın
sifətini görür;
Floberə görə,
yazıçı da Allah kimidir,
hər yerdədir, amma özü görünmür.
Ancaq Flober özü "Xanım Bovari" romanında öz prinsipini pozmalı oldu. Əsərdə Floberin özünü gördük; faciəli romantikası ilə birlikdə.
Əlbəttə, əvvəl-axır belə olmalıydı; Floberin "Allahlığı"
"Xanım Bovari"ni
yazana qədərmiş!
Çünki Flober olsa-olsa "xanım Bovari" obrazını yarada bilər, xanım Bovarinin özünü isə yaratmağa təkcə Allahın qüdrəti
var.
Yazıçı-publisist Fəxri Uğurlu "Xoşbəxtliyin
ölümcül dozası"
adlı essesində Floberi "bədii mətni... müəllif hegemonluğundan qoruyan mükəmməl stilist"
adlandırıb. Ancaq
dediyim kimi, Qustav Flober kimi
mükəmməl stilist
də o mütləq Yaradanla yarışı uduzub xoşbəxt olan söz ustası
kimi tarixə düşdü.
Allaha uduzmaqdan gözəl nə var?!
Bəli,
demişdim: qürur təkcə sevdiyinin önündə əyiləndə
sınmır. O da ola Yerdən
Göyə qədər
sonsuz kainatda sənin tək sevdiyin qarşısında
əyilmək.
Hər insanın ömrü öz Allahı ilə yarışdır.
Kimisi 1 il, kimisi 10 il, kimisi 100 il yarışır.
Allaha uduza-uduza yaşayır, axırda əlini qaldırıb təslim olur, ölümünə uduzur.
Bu yarışın mükafatı
olaraq öz ruhunu Allaha bağışlayır
Bəli,
hər cür yaradıcılıq yaradıcının
Yaradana təntənəli
məğlubiyyətidir.
...İlham
Əziz öz hekayəsində qadın,
qız gözəlliyini
təsvir edib; zahiri estetikasını, bədən cizgilərinin
simmetriyasını göz
önündə canlandırmağa
çalışıb. Bunu
çox ustalıqla bacarıb da. Ancaq...
Bir insana can verən, ruh verən - zahiri ilə, batini ilə bir bütün olaraq xəlq edən kimdir?! Yazıçımıdır, Allahmıdır?!
Cavabı elə sualın özündədir.
Yazıçı, rəssam nə qədər də böyük yaradıcı
olsalar belə, Allahdan böyük Yaradan yoxdur. Mənə görə, yaradıcı ilə Yaradan eyni məna
yükü daşımır.
Allah öz yaradıcı fitrəti ilə təkdir.
Hə! Təkdir, amma tənha deyil. Çünki yaradıcı
gücündən pay verdiyi
bəndələri var. Elə
həmin o Flober var. Prust var. Herman Hesse var, Prosper Merime
var. Günter Qrass var. Hüqo
var, Dostoyevski var. Kavabata
var, Borxes var. Füzuli
var, Füzuli!
Bir də onların dalınca adını çəkdiyim Fəxri Uğurlu gəlir, uğurla gəlir; Füzulinin ədəbi məmləkətində "Leylinin
məcnunluğu" hekayəsini
yazacaq qədər cəsur talant.
İnsanın bir ciddi qüsuru var; bəzən
(ya da elə həmişə) gözünün
qarşısındakını görə bilmir. Belə olmasaydı, bütün peyğəmbərlər
elə öz Vətənində peyğəmbər
olardılar, elə deyilmi?! Ya da bəlkə doğrusu budur; görünür, hətta peyğəmbərin
peyğəmbərliyinə də əvvəlcə
"başqa Vətənlər"
təsdiq verməliymiş!
İnsanın gözü iki dəfə kor olur; ya dəlicəsinə
sevəndə, ya da dəli kimi nifrət edəndə. Üçüncüsü də
varmı?! Varsa, yəqin biganə olanda. Biganəlik - nifrətdən də qorxulu korluqdur: "Sənə baxıram, ancaq görmək istəmirəm".
Məmləkətimizdə yazıçıya
baxan gözlər nəyi görmür bəs?! Ya da niyə görmür?! O cəsurca talantda - yazıçıda o multimilyonçunu
niyə görə bilmir?! Axı öz yazıçımız
"özgəninki"ndən balaca talant deyil.
Aqşin Yenisey, məsələn. Azərbaycanın
cənubunda deyil, Amerikanın cənubunda yazıçı doğulmuş
olsaydı, böyüyüb
Folknerdən də böyük olardı bəlkə. O dilin hüdudsuz coğrafiyasında.
Bəli,
bir gündə iki addan, iki
ədəbi imzadan danışıram. Tarix və talenin fərqli adlara, ancaq eyni günə
talib etdiyi Fəxri Uğurlu və Aqşin Yenisey o misirli milyonçudan daha çox milyonçudur.
Bu qələmlərdə milyonlarla
insana çatacaq, yetəcək boyda yaradıcı qüdrət
var. Allahın özü
ilə yarışacaq
qədər cürət
var. Və hər dəfə daha uğurlu məğlubiyyətlə
barışacaq qədər
daxili qüvvət də var...
Bu ömürlük yarış
yaradıcı insanın
özünəxas bəxtəvərliyi
olsa gərək! Bundan o yana daha
nə istəsin ki?! Allahı ilə "vuruşmaqdan" və bu dünya ilə
barışmaqdan başqa
daha nə xoşbəxtlik istəsin?!
Yox, insan daha çoxunu
istəyirsə, deməli,
xoşbəxtlikdən ötəsi
də var. Bəlkə
elə Viktor Hüqo
da bunu deyirmiş:
"Xoşbəxt olmaq
yetərli deyil, özün özünlə
sülh şəraitində
yaşamalısan".
Bu sözlərə varmı
bir əlavəniz?!
Mənim
əlavəm yoxdur.
Müəllifdən: Fəxri Uğurlu ilə real, Aqşin Yeniseylə virtual
dostuq. Ancaq hər ikisinin fəal oxucusuyam. Fəxrinin 55, Aqşinin 45
yaşı olur; ad günləri "şərikli düşüb".
Mən də hər iki qüdrətli
Söz ustasını,
ya da Sözün
iki talantlı "fəhlə"sini yubileyləri
münasibətilə təbrik
edirəm. Hüqonun dediyi o xoşbəxtliyin ötəsini arzulayıram!
Var olun! Milyonların sözünü
milyonlara, on milyonlara, yüz milyonlara ötürün və beləcə "milyonçu" qalın...
"Məğlubiyyət"iniz xeyirli-uğurlu olsun!..
Bahəddin HƏZİ
525-ci qəzet.- 2023.- 6 sentyabr.- S.8.