Naxçıvanda məhkəmə orqanlarının
tarixi: XIII-XV əsrlərin
mənzərəsi
XIII-XV əsrlərdə Naxçıvanda
məhkəmə orqanlarının
strukturu və fəaliyyəti barədə
təfərrüatlı məlumatlar
olmadığından, hələ
ki bu haqda geniş şəkildə
söhbət açmaq
mümkün deyil.
Lakin əldə edilən
müəyyən fakt
və məlumatlar mövzu barədə bəzi mülahizələr
yürütməyə əsas
verir.
Həmin
dövrdə Azərbaycanda,
eləcə də Naxçıvanda islam dini hakim mövqeyə
malik olduğundan müsəlman
hüququ və bütün qanunvericilik sistemini əhatə edən şəriət qaydaları ali hüquqi qüvvəyə
malik idi. Başqa sözlə, ərəb işğalı dövründən
etibarən hüququn əsas mənbəyi qismində məhz müsəlman hüququ çıxış edirdi.
Müsəlman hüququ
isə Quran, sünnə,
icma, qiyas, fetva, ictihad, təfsir, qanun və adətdən
qaynaqlanırdı.
Bu baxımdan müxtəlif mənbələrdə rast
gəldiyimiz məlumatlara
əsasən deyə bilərik ki, XIII-XV əsrlərdə
bütövlükdə Azərbaycanda,
o cümlədən, Naxçıvanda
ədalət mühakiməsi,
demək olar ki, müsəlman hüququ və şəriət qaydaları əsasında
həyata keçirilib.
Həmin
dövrdə Azərbaycanda
qazılar əsas hakimlər kimi şəriət məhkəmə
aparatına başçılıq
edirdilər. Bunu bir sıra tarixi
faktlar sübut edir. Məsələn,
1225-ci ildə Naxçıvan
Xarəzmşah Məhəmmədin
oğlu Cəlaləddinin
(Cəlaləddin Manqburnı)
hücumlarına məruz
qalmışdı. Cəlaləddinin
Təbrizə yaxınlaşdığını
eşidən Atabəy
Özbək əvvəl
Gəncəyə, sonra
isə bacısının
idarə etdiyi Naxçıvana gəlmiş
və oradan Əlincə qalasına çəkilib qalada sığınacaq tapmışdı.
O, bu təhlükəsiz
qalada gizlənmək və buradan düşmən əleyhinə
mübarizə aparmaq niyyətində idi. Bu vaxt Naxçıvanın idarəsi Özbəyin arvadı Məleykə xatının əlində
idi. Öz mülklərini qorumaq xatirinə Məleykə xatın yalançı şahidlərin köməyilə
sultan Cəlaləddinlə nikah kəsdirir. Tarixi mənbələrdən məlumdur
ki, həmin dövrdə
Özbək Məleykəni
boşamadığı üçün
şəhər qazısı
Qəvaməddin əl-Cidari
buna etiraz etmişdi. Buradan aydın olur ki, həmin dövrdə Naxçıvanda
qazılar fəaliyyət
göstərirdi.
1258-ci ildə Naxçıvan
yeni yaradılan Hülakilər
dövlətinə tabe
edildi. 1295-ci ildə isə o, Elxani hökmdarı Qazan xanın hakimiyyəti altında olan şəhərlər sırasına
daxil edildi və Qazan xanın
həyata keçirdiyi
iqtisadi və siyasi-hüquqi islahatlar Azərbaycanın başqa
şəhərləri kimi
Naxçıvanın da yenidən
bərpa olunub dirçəlməsinə şərait
yaratdı.
Qazan xanın dövründə
dövlət işlərinə
bilikli və bacarıqlı adamlar cəlb edilirdi. Bunların içərisində
Azərbaycandan, həmçinin,
Naxçıvandan olan
məşhur vəkil
Qəvaməddin Naxçıvani,
Bədrəddin Məhəmməd
Dizbəyi Naxçıvani,
Nəsrəddin Tusi və başqaları da
var idi.
Maraqlı məlumatlardan biri
də odur ki, XIII əsrdə yaşamış
alim Nəcməddin Naxçıvani
məşhur Əbu Əli ibn Sinanın "Qanun" əsərini şərh və təhlil etmişdi. Nəcməddin Naxçıvani
bu kitabında ibn Sinanın "Qanun" əsərinin müsbət
və qüsurlu cəhətlərini göstərmiş,
ibn Sinanın bir sıra nəzəri mühakimələrilə razılaşmadığını
yazmışd.
XIII yüzillikdə Naxçıvanda
görkəmli hüquqşünaslar
da fəaliyyət göstərib.
Məsələn, bu dövrün tanınmış
hüquqşünaslarından biri Abdulla ibn Əhməd ət-Tusi ən-Naxçıvani
olub.
Sözügedən dövrdə Qazan
xan tərəfindən
aparılan Azərbaycanın
bütün ərazisini
əhatə edən məhkəmə islahatları
məhkəmələrin müstəqilliyinin
təmin olunmasına,
onların kənar müdaxilədən qorunmasına,
işlərə baxılarkən
ədalət prinsipinə
riayət olunmasına
yönəlmişdi. "Məhkəmə
haqqında", "Qazı
rütbəsinin verilməsi
haqqında", "Dələduzluğun
və əsassız iddiaların qarşısının
alınması, habelə
girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması
haqqında", "İslam hökmdarının qazılara,
şeyxlərə, zahidlərə,
alimlərə və mömin şəxslərə
təlimatları haqqında"
verilən fərmanlar
bu islahatın necə geniş bir dairəni əhatə etdiyini göstərir. İslahatların
nəticəsində yarğu
məhkəmələri ləğv
edildi. Məhkəmə
fəaliyyəti yenə
də dövlətin baş qazısı və onun tabeliyində
olan qazılar tərəfindən həyata
keçirilirdi. Hökmdar fərmanlarına
əsasən, şəriətə
aid bütün məsələləri hakimlər,
əmirlər, feodallar
qazıya bildirməli,
qazı isə həmin məsələləri
öz hökmü ilə həll etməli idi. Başqa heç kimin bu işə
qarışa bilməməsi,
qazının həbs
etdiyi şəxsi heç kəsin azad etməsinin yolverilməz olması da bu fərmanlarda öz əksini tapmışdı.
İslahatlarda nəzərdə tutulduğu
kimi məhkəmə
hakimləri mükəlləfiyyətlərdən
azad edilir və vergi ödəmirdilər.
Qazıların ləyaqətini
alçaldacaq istənilən
hərəkət sərt
şəkildə cəzalandırılırdı.
Yeni fərmana görə,
qazı çəkişən
tərəflərin işinə
onların tərəfini
saxlayan adamlar olmadan baxırdı. Monqol və müsəlmanlar arasında
olan mübahisələrə
isə məsciddə
ayda iki dəfə bitikçi, məliklərin iştirakı
ilə qazılar tərəfindən baxılır,
hökm onların hamısı tərəfindən
imzalanırdı. İddia
obyekti olan əmlak özgəninkiləşdirilə
bilməzdi. Vilayət
qazısı yerli qazıları təyin edir, hər ay onların işini yoxlayırdı. Təyin olunmuş qazılardan ədalətli olacaqları
barədə iltizam alınır, hər ay qərarların surəti vilayət qazısına göndərilirdi.
Yerli qazılar yalnız borc öhdəlikləri barədə işlərə
baxa bilirdi, daşınmaz əmlak barədə və digər mürəkkəb
işlərə isə
onlar şəhər məhkəmələri ilə
birlikdə baxmalı idilər. Qazının məhkəmə qərarlarını
yazması, qeydiyyat aparması üçün
katibi olmalı idi. Katib öz
işinə xəyanət
etdiyi halda edam edilirdi. Qazılardan alınmış iltizam xüsusi formada tərtib edilir, 30 ildən artıq müddəti olan iddialara baxılacağı
təqdirdə cəza
veriləcəyi qeyd olunurdu.
Hakimlər həll etdikləri
iddialar üçün
dövlətin müəyyənləşdirdiyi
rüsum alırdılar.
Katiblər 110 dinarlıq
sənəd üçün
bir dirhəm, 111 dinardan artıq sənəd üçün
bir dinar, müdəbbir-məhkəmə
fərraşı icrası
təsdiq olunmuş sənəd üçün
yarım dinar almalı
idi. Artıq haqq alan katib
və ya müdəbbir saqqalı qırxdırılaraq vəzifəsindən
azad edilirdi.
Qanunun tələbinə görə,
qazılar şahid ifadələrini diqqətlə
yoxlayır, hökmdə
həmin ifadələrə
əsaslanmaqla bütün
halları şərh
edirdilər.
İslahatlardan sonra əvvəllər
mövcud olan iki şahidin ifadəsinə əsaslanaraq
hökm çıxarmaq
hallarına yol verilməsi aradan qaldırılırdı. Qazılara
bir vəzifə olaraq tapşırıldı
ki, şahidlərin şəxsiyyətini,
işdə maraqlı
olub-olmamasını, iddiaçı
və cavabdeh ilə əlaqəsini aydınlaşdırsınlar və
bu baxımdan da ifadəyə qiymət versinlər. İfadələrdə
zahiri təmtərağa
yox, doğruluğa fikir verilməli, ədalətli və qanuna müvafiq hökm çıxarılmalı,
heç kimin hüququ tapdalanmamalı idi. Şahid ifadələrində fikir
fərqinə, kəmiyyət,
keyfiyyət, məkan,
zaman fərqlərinə rast
gəlindikdə bu ziddiyyətli məqamlar diqqətlə yoxlanılmalı,
hər bir şahid ayrı-ayrılıqda
dindirilməli idi. Məhkəmə hakimlərindən
işə baxarkən
aidiyyət prinsipinə
əməl etmələri
tələb edilir, səlahiyyətləri dairəsində
olmayan işlərə
baxmaları, onların
səlahiyyətlərindən kənar ərazilərə
aid sənədləri yoxlamadan
təsdiqləmələri qadağan edilirdi. Hökmlərin müvafiq nümunələr əsasında
tərtib olunması üçün əyalətlərə
məhkəmə hökmlərinin
nümunələri göndərilirdi.
Qaraqoyunlular və Ağqoyunlular
dövlətlərinin mövcud
olduğu zamanlarda, yəni XV əsrdə Azərbaycanda dövlət
qazıları ilə
yanaşı, şəriət
qazıları da fəaliyyət
göstərirdi ki, birincilər
ikincilər üzərində
güclü təsirə
malik idilər. Qazıların
başçılıq etdikləri
məhkəmələr qəza
məhkəmələri adlanırdı.
Dövlət məhkəmə
qazılarının özləri
də əsasən cinayət işlərinə
baxan ehdas qazısı və orduda dini təbliğat
aparmaq və təqsirkar hərbçiləri
mühakimə etməklə
məşğul olan qazeyi-əsgər olmaqla iki qrupa bölünürdü.
Görkəmli tarixçi
Həsən bəy Rumlu "Əhsənüt-təvarix"
əsərində qoşun
qazısı (qazeyi əsgər) və şəri qazı haqqında bir qədər məlumat verir.
Bu dövrdə şəriət
məhkəmələrinə ümumi rəhbərliyi sədrlər həyata keçirirdilər. Bir sıra
ağır cinayət
işlərinə və
bəzi mühüm şikayətlərə sədrlər
baxırdılar. Şəriət
qazıları isə
yerlərdə dinlə,
ibadətlə bağlı
olan, eləcə də nikah-boşanma, ailə və mirasla bağlı məsələləri həll
edirdilər.
Darül-qəza (məhkəmə evi)
və ya divani-qəza adlanan məhkəmə təsisatına
sədr özü və ya hökmdarın
fərmanı ilə təyin edilən baş qazı başçılıq edirdi.
Sözügedən dövrlərdə
baş qazı şəriət qaydaları
əsasında mühakimələr
aparır, dini izahatların verilməsi və yerli məhkəmələrin
baxdığı işlərə
məhkəmə nəzarətini
həyata keçirirdi.
Qeyd edək ki, sözügedən
dövrlərdə Naxçıvan
ərazisindən çıxmış
görkəmli ruhani alimlər, din xadimləri içərisində feodal
dövlət aparatında
yüksək vəzifə
tutan və şəriət qanunları
əsasında məhkəmə
icraatını həyata
keçirən hakimlər
- qazılar da olub. Bu fikri təsdiq edən ən sanballı qaynaq Həvva Bədr Bikə xatına məxsus məzar kitabəsidir. Hörmətli
tədqiqatçı-alim H.Səfərli "Naxçıvanın
epiqrafik abidələrində
görkəmli şəxsiyyətlər"
adlı kitabında (Naxçıvan, "Əcəmi"
Nəşriyyat-Poloqrafiya Birliyi,
2016, s. 41) yazır: "Kitabədən
aydın olur ki, o, Məcd əd-Din adlı şəriət hakiminin - qazının qızı olmuşdur".
Tarixi mənbələrə
əsasən isə deyə bilərik ki, Məcd əd-Din XV yüzillikdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti
dövründə yaşayıb
fəaliyyət göstərmiş,
həmin dövlətlərdə
qazılıq vəzifəsini
icra etmişdi.
Bundan başqa, bu dövrdə Naxçıvanda
doğulan görkəmli
qazı, qanunşünas,
islam şeyxlərinin
şeyxi hesab olunan Əlaəddin Əbu Abdulla Məhəmməd
ibn Əli ən-Naxçıvaninin
adını xüsusilə
qeyd etmək lazımdır.
Ağqoyunlular dövləti dövrünə
aid qismən də olsa mühakimə icraatı və qazılarla bağlı məsələləri tənzimləyən
maraqlı hüquqi qanunvericilik aktlarından biri Uzun Həsənin
"Qanunnamə"si olmuşdur.
Ağqoyunlular dövlətinin
banisi Uzun Həsənin hakimiyyəti
dövründə (1453-1478) onun tərəfindən
1470-1477-ci illərdə tərtib
edilmiş "Qanunnamə"
dövrümüzədək gəlib çatmasa da, onun haqqında məlumatlar müxtəlif
mənbələrdən əldə
edilmişdir. Mənbələrdəki
məlumatlar onu deməyə əsas verir ki, təxminən 85
il ərzində qüvvədə
olmuş "Qanunnamə"
əsasən ticarətlə
bağlı, eləcə
də vergi haqqında olan yasalar idi, lakin
o, başlıca olaraq
aqrar səciyyə daşıyırdı və
kəndlilərin müəyyən
torpaq sahələrinə
təhkim edilməsinə,
vergi sisteminin tənzimlənməsinə və
qanunların pozulmasına
görə məsuliyyətin
gücləndirilməsinə yönəlmişdi. "Qanunnamə"də
qismən mühakimə
icraatı, qazıların
vəzifəyə təyinatı
və mülki hüququn iddialar institutuna, həmçinin
iddia müddətlərinin
hesablanması məsələlərinə
də toxunulmuşdur.
Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər.
Məhkəmədə iddia
qaldırmaq müddəti
isə xeyli qısaldılmışdı.
"Tarix əl-Qiyasi"də
deyilənlərdən aydın
olur ki, "Uzun Həsən günahkarları
sərt şəkildə
cəzalandırmağı tələb edirdi. Sultan əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə"ni icra edilmək üçün
dövlətin bütün
vilayətlərinə göndərmişdi".
Naxçıvan məhz Uzun Həsənin dövründə,
daha dəqiq desək, 1468-ci ildə Ağqoyunlular dövlətinin
tərkibinə daxil olduğundan və sözügedən "Qanunnamə"
dövlətin bütün
vilayətlərinə göndərildiyindən,
o nəticəyə gələ
bilərik ki, böyük
ehtimal həmin "Qanunnamə" Naxçıvana
da göndərilmiş və
burada da tətbiq olunmuşdu.
Yunis
XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri
kafedrasının baş
müəllimi, hüquqşünas
525-ci
qəzet.- 2023.- 7 sentyabr.- S.15.