Məsləki "tərcümeyi-halı olan"
fədakar alim
Professor Vəfa Xanoğlanın
70 yaşı üzərinə
Vəfa
Xanoğlanın yetmiş
yaşı tamam olur; bu, onun
üçün bəlkə
də adi bir təqvimdir, çünki bu cür hadisələrə
adi bir gözlə
baxır, ancaq bu rəqəmin arxasında dayanan hadisələr, çıxarılan
mənalar, dərslər
və nəticələr
şəxsən mənim
üçün və
həmkarları üçün
çoxdur. Çünki
bu adam adi
bir ömür yaşamayıb; alim ömrü
yaşayıb, elmlə,
mədəniyyətlə, mənəviyyatla,
xalqın milli-mədəni
irsi, sənət tarixi və nəzəriyyəsi ilə
məşğul olub.
O, bir elm və mənəviyyat adamıdır,
sənətşünaslıq elmləri doktorudur, professordur. Bu isə o deməkdir ki, hər bir millətin inkişafı onun elm və təhsilindən asılıdır. Bu iki faktorun bir şəxsiyyətin
(burada alim həmkarımız
Vəfa Xanoğlanın!)
fəaliyyətində cəmləşməsi
və onu qoşa qanad kimi həyatının əsas prioritetinə çevirməsi böyük
zəhmət, istedad, əzm və tələbkarlıq tələb
edir. Filosof Aristotelin bir sözünü burada xatırlatmaq yerinə düşər: "Elmdə
irəli gedib mənəviyyatda geridə
qalan insan son nəticədə irəli
yox, geriyə gedir". Bu mənada bizim qəhrəmanımızın
fəaliyyətində elmlə
yanaşı, mənəviyyat
da başlıca yer tutur. Bu, elə bir ömürlükdür
ki, tələbələri, onu tanıyanlar, onun işığından
pay götürür, daim
bu nurun iziylə öz yollarına davam edirlər. Bir sözlə,
Vəfa Xanoğlan ona məxsus olan bu tərcümeyi-halı
birdən-birə yazmayıb,
illərlə zəhməti
və istedadı ilə ilmə-ilmə toxuyub. Abbas Səhhətin
sözləri ilə desək: "Məsləkim
tərcümeyi-halımdır!"
Mən burada əziz dostumun - elm və mənəviyyat adamının
ömürlüyünün ayrı-ayrı rəqəmlərinə
müraciət etməyəcəm.
O, cəmiyyətdə tanınmış
bir alim, ziyalı, nüfuzlu təhsil işçisidir, iki yüzdən çox elmi və publisistik
məqalələri çıxıb,
haqqında yazıblar,
onu tanıyanlar çoxdur. Bu barədə
vikipediyada da kifayət
qədər məlumatlar
var. Son nəticədə bu
rəqəmlər onun
yuxusuz gecələrinin,
aparılan araşdırmaların,
gənc nəslin formalaşması yollarındakı
fəaliyyətin rəqəmə
çevrilmiş sonucudur.
Burada onun ömürlüyünün üç
əsas istiqamətinə
toxunmaq istəyirəm;
müəllimlik, ədəbiyyatşünaslıq
və sənətşünaslıq.
Bu istiqamətlərdən ən
uzunömürlüsü və
doğması müəllimlik
onun ali məktəbi bitirdikdən
sonra başladığı
və bugünə qədər ugurla davam edən müqəddəs bir yoldur. Sonrakı iki istiqamətdən fərqli olaraq, müəllimliyin meyvəsi,
necə deyərlər,
çox zaman görünən
nəticəyə çevrilmir.
Bu, uzunmüddətli bir
prosesdir; söhbət
şagirdləri və
tələbələrinin sayından
da getmir, nəticə
onun şagirdləri və tələbələrinin
ondan aldıqları işıq, yolgöstərənlə
öz həyat yolunu seçməsi və daim müəllimini
xatırlamasıdır. Həm
Füzuli rayonunda orta məktəbdə işləməsi, həm
də Bakıya gələrək Azərbaycan
Mədəniyyət və
İncəsənət Universitetində
laborant, müəllim,
dosent, on yeddi il sənətşünaslıq fakültəsinin
dekanı kimi işləməsi və
"Əməkdar müəllim"
adını alması
onun bu sahədəki
fəaliyyətinin yalnız
görünən tərəfidir.
Əsgər təkcə
dövlətin sınırlarını
qoruyana deyilmir, həm də bütün sahələrdə
ömrü xidmətdə
keçənlər bu
ada layiqdir. Bu mənada Vəfa Xanoğlanın həyatı
xalqa və onun milli mədənyyətinə,
elminə, ədəbiyyatlına
xidmətdə keçib.
Vəfa
Xanoğlan elm sahəsinə
hələ 80-ci illərdə
bir ədəbiyyatşünas
kimi gəlib. Onun ilk tədqiqat işi Cənubi Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Həbib Sahirin yaradıcılığına həsr
olunub. Etiraf edək ki, hələ bu zaman bu sahə
oturuşmamışdı, tam olaraq, necə deyərlər, siyasi məsələlərdən dolayı
o qədər də uğurlu elmi tədqiqat yolu hesab edilmirdi. Lakin Vəfa Xanoğlan məşhur professor Rüstəm
Əliyevin rəhbərliyilə
"Həbib Sahirin poetik yaradıcılığının
inkişaf yolu" adlı tədqiqat işi üzərində ciddi araşdırmalar apararaq uğurla müdafiə etdi. Tədqiqatçı Həbib
Sahir yaradıcılığına
təsadüfi müraciət
etməmişdi; şairin
altmış illik yaradıcılığında milli ideallar başlıca yer tuturdu. Həyatı
da xalqının həyatında
baş verən ictimai-siyasi proseslərlə
bağlı olmuş,
yaradıcılığında xalqın arzu və istəklərini tərənnüm etmişdi.
Səttarxanın, Xiyabaninin
başçılığı ilə gedən milli azadlıq prosesinin şahidi olan Həbib Sahir sonrakı hadisələrin,
eləcə də Pişəvərinin başçılığı
ilə baş verən 21 Azər hərəkatının iştirakçısı
olmuşdu. Vəfa Xanoğlan da şairin yaradıcılığındakı bu faktorları daha çox qabartmışdı. Həbib
Sahirin milli müstəqillik
və ana dili uğrunda apardığı
mübarizəyə görə
dəfələrlə zindana
salınması və
sürgünə göndərilərək
məhrumiyyətə düçar
edilməsi məhz onun milli mübarizə mövqeyindən doğurdu.
"Azadəlik və
hürriyyətlik şairi"
kimi tanınan Həbib Sahirin yaradıcılığında təsvir olunan zülmə, ictimai və milli bərabərsizliyə,
ədalətsizliyə, şahlıq
dövrünün xalqa
qarşı zülmünü
təsvir etmiş və xalqı buna qarşı çıxmağa
çağırmışdı. Tədqiqatçı şairin
yaradıcılığında bu prosesləri yüksək qiymətləndirərək
yazır: "Şairin
əsərləri istər
Milli hökumət dövrünə
qədər və ondan sonrakı dövrdə xalqın azadlıq mübarizəsində
mühüm əhəmiyyət
kəsb etmişdir. İnqilabi hərəkatın
genişləndiyi bir vaxtda şair öz üsyankar şeirləri ilə doğma həmvətənlərini
mütləqiyyət rejiminə,
xarici təcavüzə
və daxili irticaya qarşı mübarizəyə səsləmişdir".
Vəfa
Xanoğlanın bu illərdə yazdığı
"Həbib Sahir",
"Sahir haqqında bir neçə söz", "İnqilab illərinin
əks-sədası", "Böyük ideallar şairi", "Böyük
həqiqətlər carçısı"
və s. onlarla məqaləsi yalnız elmi məzmun daşımadı, onu Azərbaycan oxucularına tanıtdı, ictimai-siyasi,
ədəbi prosesə
daxil etdi. Sonralar üzərində yenidən işləyib çap etdirdiyi "Hüriyyət fədaisi"
(2000) adlı monoqrafiyası
Azərbaycan ədəbiyyatşünaslığında
bu sahəyə həsr olunmuş ən yaxşı monoqrafiyalarıdan biri kimi elmi cameə
tərəfindən yaxşı
qarşılandı. Hələ
o zaman bu sətirlərin
müəllifi monoqrafiya
ilə bağlı məqalə ilə çıxış etmiş
və onun əhəmiyyətini xüsusi
qeyd etmişdir: "V.Əliyevin "Hüriyyət fədaisi"
monoqrafiyasında Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi H.Sahir
yaradıcılığının əhatə etdiyi mövzu və problematika, poetikasının
zənginlikləri elmi-nəzəri
cəhətdən uğurla
araşdırılır. Əslində
bu cür tədqiqatlar ədəbiyyatın
bütövlüyünə, bu isə xalqın
bütövlüyünə xidmət edən amillərdəndir. Bu baxımdan
da tədqiqat əsəri
qiymətli və təqdirəlayiq hesab olunmalıdır. V.Əliyev
H.Sahirin taleyi və poetik irsini milli istiqlal işığında,
bütöv Azərbaycan
ədəbiyyatı qayəsi
ilə araşdırmağa
nail olmuşdur".Vəfa
Əliyev Həbib Sahir yaradıcılığını
yalnız ideya, milli kontekst baxımından deyil, həm də poetika baxımından araşdırır.
Monoqrafiyanın bir fəsli ayrıca şairin poetika məsələlərinə həsr
olunub. Tədqiqatçı
burada şairin dil və üslub
orijinallığı, bədii
təsvir və ifadə vasitələrinin
yeniliyi və gözəlliyini, vəzn və qafiyə sistemini tədqiq edərək poeziyasını
nəzəri kontekstdə
təhlil edirdi.
Tədqiqatçının Həbib Sahirlə bağlı tədqiqatları sonra da davam edir. Həbib
Sahirin "Məndən
salam olsun gözəl Təbrizə"
(2004) şeirlər kitabına
ön söz yazmışdır. Cənubi
Azərbaycanda ədəbi
proseslə bağlı
məqalələri onun
tədqiqatının istiqamətlərini
daha da genişləndirir.
"Cənubi Azərbaycan
poeziyasında "Dədə
Qorqud" mövzusu",
"Səhənd yaradıcılığında
"Dədə Qorqud"
mövzusu", "Bəşəri
duyğular şairi",
"Sazımın-sözündə Dədə Qorqud obrazı", "Həbib
Sahir və Türkiyə ədəbi
mühiti" və
s. məqalələrdə Cənub mövzusunu gündəmdə saxlayır.
Universitetdə işləməsi Vəfa
Xanoğlanın yaradıcılığının
yeni istiqamətlərini açır;
ədəbiyyatla sənətin
yaxınlığı və
onun problemləri tədqiqatçının yaradıcılığında
sıx-sıx yer alır. "Nizami epik təhkiyədə",
"Teatr poetikasının
seyri və sehri",
"Tarixi mövzunun səhnə təcəssümü",
"Mədəniyyət təhsilinin
perspektivləri", "Milli teatr prosesinin tədqiqi", "Azərbaycan
ədəbiyyatşünaslığına
yeni töhfə", "Ekran
dramaturgiyasının tədqiqi",
"Azərbaycan mühacirət
ədəbiyyatının öyrənilməsinin
bəzi məsələləri",
"Azərbaycan dramaturgiyasında
metodların tədqiqi"
və s. onlarla məqaləsində ədəbiyyatın
və sənətin müxtəlif problemləri
araşdırılır. Bütün
bu araşdırmalarda
tədqiqatçı geniş
elmi təfəkkür
nümayiş etdirir; tədqiq etdiyi mövzulara yenilik gətirir. Bu cəhətdən
Vəfa Xanoğlanın
"Sənətkar və
ədəbi proses" (2004), "Ədəbi proses və ədəbi nəsil"
(2008, prof. Nizaməddin Şəmsizadə
ilə birgə) kitabında toplanan araşdırmaları elmi
erudisiyası, qoyulan məsələləri həlli
baxımından olduqca
əhəmiyyətlidir. Əfəndiyevlər
ailəsinin bədii, elmi fikir tarixindəki
rolu tədqiqatçının
"Ədəbi proses və
ədəbi nəsil"
monoqrafiyasında öz
əksini tapır.
Vəfa
Xanoğlanın elmi fəaliyyətində ədəbiyyatla
sənətin, mədəniyyətin
sintezi mühüm yer tutur. Bu nədənlə də onun araşdırmalarının
böyük bir qismi sənət, mədəniyyət problemlərinə
həsr edilib. Ədəbiyyatla sənətin,
mədəniyyətin sintezi
onun qarşısında
elmi baxımdan yeni üfüqlər açır. Zaman-zaman tədqiqatçı teatr,
dramaturgiya, ekran dramaturgiyasına aid məqalələr yazır
və problemlər qaldırır. Azərbaycan
ədəbiyyatında milli
kimlik problemi, mədəniyyətimizin konseptual
problemləri, gülüş
mədəniyyəti, milli
mədəniyyətin tarixi
kontekstdə öyrənilməsi
məsələləri, sənətkar
və ədəbi proses, tarixilik və milliliyin vəhdəti, kino yaradıcılığı, milli
özünüdərkin kulturoloji
aspektləri və s. problemlər barədə yazdığı fundamental
araşdırmalar həm
də bu elm sahəsinin yeni platformasını müəyyən edirdi. Çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndəsi
Elçin yaradıcılığına
barədə yazdığı
məqalələrdə də
bu tendensiyanı aydın görmək olur. Vəfa Xanoğlan bu araşdırmalarında elmlərarası
əlqəni tənzimləyir
və yeni meyllər axtarır. Bu araşdırmaların hər biri tədris
prosesində ayrı-ayrı
sahələr kimi öyrənilməlidir.
Hər bir
tədqiqatçının elmi pasportu hesab
olunan və onun özü üçün də doğma olan bir tədqiqat sahəsi olur. Bu tədqiqatı ilə o, təkcə elmə müəyyən yenilik gətirmir, həm də onu həyatının bir hissəsi edir, onunla nəfəs
alır. Vəfa Xanoğlanın böyük
yazıçı və
dramaturq İlyas Əfəndiyevin yaradıcılığı
ilə bağlı apardığı araşdırmalar
da fundamentallığı
və əhəmiyyətliliyi
ilə fərqlənir.
İlyas Əfəndiyev
yaradıcılığı Azərbaycan ədəbiyyatının
böyük faktı və faktoru olmaqla yanaşı, Vəfa Xanoğlanın bu yaradıcılığın
bütün konseptlərinə
eyni dərəcədə
vaqif olduğu və bütün sferalarda tədqiq etdiyi sahədir; burada İlyas Əfəndiyevin məqalələri,
hekayələri, romanları,
dram əsərləri,
tamaşaları və
onların ekran həyatı və s. müxtəlif problemlər
baxımından təhlil
edilir. "Tarixi mövzunun səhnə təcəssümü", "İlyas Əfəndiyevin tarixi dramalarında zaman və qəhrəman
problemi", "İlyas
Əfəndiyev əsərlərinin
tamaşa və ekran proyeksiyaları",
"İlyas Əfəndiyev
və Azərbaycan mədəniyyəti", "İlyas
Əfəndiyevin yaradıcılığında
mədəni irs probleminin bədii təzahürü", "İlyas
Əfəndiyev və
bədii yaddaşda istiqlal düşüncəsi",
"İlyas Efendiyevin
yaratıcılığında Dram Sanatında Mühacerat Konusu",
"Teoretiko-estetiçeskoe vozzreniya İlyasa Efendiyeva", "İlyas
Əfəndiyev publisistikasının
estetik parametrlərinin
milli-mədəni dəyərlərdən
qaynaqlanması", "İlyas
Əfəndiyevin nəsr
əsərlərində qəhrəmanın
mədəni tipologiyası"
və s. onlarla məqalələrində böyük
yazıçı və
dramaturqun yaradıcılığı
elmi-nəzəri, sənət
və mədəniyyətin
kodları baxımından
araşdırılaraq müəyyən
nəticələrə gəlinir.
Vəfa Xanoğlanın
araşdırmalarında biz
İlyas Əfəndiyev
şəxsiyyətini və
yaradıcılığını bütün parametrləri
ilə duyur və dərk edirik. Bu, bir
daha məlum həqiqəti təsdiq edir ki, böyük
sənətkarların yaradıcılığı
hər gələn nəsillə yenidən araşdırılır və
dəyərləndirilir. Bu
cəhətdən Vəfa
Xanoğlanın İlyas
Əfəndiyev yaradıcılığına
baxışı özündən
əvvəlki ədəbi
tənqid və ədəbiyyatşünaslqıdan fərqlənir. Belə də olmalıdır, Vəfa Xanoğlan İlyas Əfəndiyev yaradıcılığına müstəqillik
prizmasından baxır
və kompleks şəkildə yanaşır.
Məlumdur ki,
İlyas Əfəndiyev
yaradıcılığı və bədii irsi ədəbi tənqid və ədəbiyyatşünaslıq baxımından müəyyən
fasilələrlə tədqiq
olunub. Vəfa Xanoğlan isə İlyas Əfəndiyev yaradıcılığına mədəniyyət
kontekstindən yanaşır
və əsərlərində
milli mədəniyyət
elementlərini təhlilə
cəlb edir. Bu, yalnız İlyas Əfəndiyev yaradıcılığı üçün
deyil, eləcə də sənətşünaslıq
baxımından bədii
mətnə yeni yanaşma kimi olduqca səciyyəvi və əhəmiyyətlidir.
İlyas Əfəndiyev
bütün əsərlərindəki
süjet xətləri
onun həyatını,
obrazları isə milli xüsusiyyətlərini
dərindən öyrənməyə
imkan verir. O, həmişə tarixi keçmişə müasirlik
kontekstindən yanaşmış,
onun etnoqrafik xüsusiyyətlərini reallıqla,
milli-mənəvi dəyərləri
olduğu kimi təsvir etmişdir. Bütün bu araşdırmalar Vəfa Xanoğlanın "İlyas
Əfəndiyev və
Azərbaycan mədəniyyəti"
(2013) monoqrafiyasının yazılması
ilə sonuclanır. Tədqiqatçı İlyas
Əfəndiyevin Azərbaycan
ədəbiyyatına, dramaturgiyası
və teatrına gətirdiyi yeniliklər mədəniyyət və
milli kimlik kontesktində araşdırılır.
Doğrudan da, Vəfa Xanoğlana qədər İlyas Əfəndiyevin sosial-kulturoloji
görüşləri bu
kontekstdə təhlil
edilməmişdi. Monoqrafiyada
İlyas Əfəndiyevin
nəzəri-estetik görüşlərinə
də nəzər yetirilir. "Dramaturgiyamızın
bəzi məsələləri
haqqında", "Teatr
qayğıları", "Teatr və dramaturgiya
məsələləri", "Gözəl tamaşalar yaradın", "Yüksək
səhnə əsərləri
ugrunda" və s. nəzəri məqalələri
təhlil edilir. İlyas Əfəndiyev dilinin rəvanlığı,
təhkiyə orijinallığı,
üslub fərdiliyi, milli folklora və xalq deyim
tərzinə bələdliyi
mənəvi düşüncəsinin
zənginliyindən irəli
gəlirdi və xalqın mənəviyyat kodeksinin daşıyıcısı
kimi çıxış
edirdi. Yazıçının
dili və əsərlərindəki milli
kolorit, canlı danışıq dili onu xalqın bədii tərcümanı
olaraq təsdiq edir.
Vəfa
Xanoğlan İlyas Əfəndiyevi yalnız bir nasir, dramaturq
kimi təqdim etmir, həm də bir mücadilə
adamı, mədəniyyət
və mənəviyyat
daşıyıcısı olaraq göstərir. Qarabağ hadisələri
fonunda həyatdan köçən yazıçının
yaradıcılığı bu hadisələrdən sonra yeni mahiyyət
daşıyır və
yeni gözlə oxunur. Vəfa Xanoğlan da məhz belə edir; İlyas Əfəndiyevin əsərlərindəki
Qarabağ mesajları
yazıçı və
dramaturqun şüurlu
olaraq tarixi həqiqətə sadiq qaldığını təsdiq
edir. "Torpaq bizə əmanətdir, onu gözümüz kimi qorumalıyıq" mesajı "Geriyə baxma qoca", "Üçatılan" romanlarında,
"Mahnı dağlarda
qaldı", "Natəvan",
"Hökmdar və qızı" dramlarında
yeni kontekstdə oxunur. Yazıçının
"Çovğunlu bir
qış günündə",
"Orfey quyudan çıxandan sonra nə gördü",
"Hacı Axundun cənnət bağı necə oldu?", "Xan qızı Gülsənübərlə tarzən
Sadıqcanın nağılı",
"Şuşa yollarında",
"Qaçaq Süleymanın
ölümü" və
s. xatirə-povestləri, hekayə
və nağılları
Qarabağın bədii
səlnaməsidir. Tənqidçi
Yaşar Qarayev nahaq yerə demirdi ki: "Bütünlükdə İlyas
Əfəndiyev yaradıcılığını
mən səkkizinci
"Qarabağnamə" hesab
edirəm". Bu əsərərlə yazıçı
və dramaturq təkcə bədii nəsrə, teatra xidmət etməyib, xalqda tarixə yeni baxışı, xalqa, millətə sədaqət ruhunu insanlıq, əxlaq kodekslərini formalaşdırıb,
tarixin "ağ ləkə"lərini yeni
nəsilə çatdırmaq
istəyib.
"İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti"
monoqrafiyasında Vəfa
Xanoğlanın üzərində
durduğu problemlərdən
biri də "İlyas Əfəndiyev teatrı" terminin içini doldurması, dramaturqun əsərlərini
bu kontekstdə təhlil etməsidir. Dramaturgiyada İlyas Əfəndiyev mərhələsinin
xüsusiyyətləri, yeniliyi
tədqiqatçıya imkan
verir ki, bu məsələni bütün yönlərilə
araşdırsın. Onun
belə bir doğru qənaəti ilə razılaşmamaq olmur: "Dramaturqun yazdığı 22 pyesdən
19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya
qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına
təsir göstərib.
Azərbaycan teatr poetikası bədii-estetik
siqlətini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda
tapdı".
Alim, tədqiqatçı
üçün hər
şeydən əvvəl,
elmi təfəkkürün
olması vacibdir; Vəfa Xanoğlanın da bütün araşdırmalarında elmi
təfəkkür əsasdır.
Lakin onun tədqiqatçılığının bir xüsusiyyətini də mütləq qeyd etməliyəm; bunsuz elmi təfəkkürün
də elə bir əhəmiyyəti yoxdur. Bu da
təxəyyüldür, elmi
təfəkkürlə yanaşı,
alimdə həm də təxəyyül olmalıdır, çünki
təxəyyülsüz elmi
təfəkkür məlumat
kitabı kimi bir şeydir, orada hər şey var, lakin
tədqiqatçının özünün düşüncəsi,
mövqeyi yoxdur. Vəfa Xanoğlanın bütün araşdırmalarından
onun alim obrazı təfəkkürlə
təxəyyülün sintezi
kontekstində cəsarətlə
boylanır.
Sənətşünaslıq elmləri doktoru, professor Vəfa Xanoğlan öz ömrünü elmə, mədəniyyətə, təhsilə və tədrisə həsr etmiş fədakar bir alim olmaqla yanaşı, böyük hərfli bir vətəndaşıdır. Məncə, bu xüsusiyyət alim üçün çox önəmlidir; mənəviyyatın elmindən heç zaman geri qalmamalıdır. Vəfa Xanoğlan elmində də, mədəniyyətində və davranışında da bir mənəviyyat adamı olduğunu hər zaman göstərib. Hər yerdə hər zaman milli mövqeni şəxsi ambisiyalardan öndə tutub. O, bir vətənsevərdi, millət dərdi çəkəndi. Bu cəhətdən onu XX yüzilin əvvəllərindəki ziyalılarımıza bənzətmək olar. Hər zaman həyatında, davranışlarında ədaləti, düzlüyü, səmimiyyəti qoruyub saxlayıb; dostluqda olduqca sədaqətli, yoldaşlığın qədrini biləndi. Olduqca sadədi; lakin bu sadəliyin arxasında nəsildən gələn özünəməxsus bir müdriklik var. Otuz ilə yaxındır ki, universitetdə işləməsi, mühazirələr oxuması onu gəncliklə yaxınlaşdırıb, bir qədər də dəqiqləşdirsək, onu ruh və düşüncə baxımından gəncləşdirib, həyata baxışını yeniləyib. Biz də alim, ziyalı dostumuza həmişə belə gənc, sağlam qalmağı diləyir və elmi fəaliyyətində ugurlar arzulayırıq.
Bədirxan ƏHMƏDLİ
525-ci
qəzet.- 2023.- 7 sentyabr.- S.10;11