"Çingiz
Abdullayevə hücumu
pisləyirəm"
ELXAN SÜLEYMANOV: "TANINMIŞ YAZIÇIMIZA
BELƏ HAQSIZ VƏ ƏDALƏTSİZ MÜNASİBƏT
ZİYALILIĞA YARAŞMIR"
Bu günlərdə
Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi, Xalq yazıçısı
Çingiz Abdullayev sosial şəbəkədə
ona qarşı olan hücumlardan boğaza yığıldığını,
bu səbəbdən də hətta Azərbaycanı tərk etmək niyyətində olduğunu bildirib. Bu barədə özünün sosial media hesabında açıqlama yayan Xalq yazıçısı
Bakı ləhcəsində
danışdığı üçün qınanıldığını
vurğulayıb. Çingiz
Abdullayevin bu qeydləri ictimai rəydə müzakirələrə
səbəb olub, bir çox tanınmış şəxslər
bununla bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələrə səbəb olan bu məsələyə Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyasının
rəhbəri Elxan Süleymanov da münasibət bildirib.
- Mən görkəmli
yazıçı Çingiz
Abdullayevə qarşı
belə kütləvi
hücumu qətiyyətlə
pisləyirəm. Çingiz
Abdullayev çoxmillətli,
tolerant ölkə olan Azərbaycanın tanınmış nümayəndəsidir.
Onun məhz rus dilində yazmasına, rus dilinin çox işləndiyi Bakı şəhərinin ləhcəsində
danışmasına görə
belə kəskin, bəzən heç bir əndazəyə, ədəbə sığmayan
tərzdə tənqid
və hətta təhqir olunması ilk növbədə ölkəmizin multikultural
səciyyəsinə və
xalqımızın tolerant
imicinə xələl
gətirir. Əsərləri
dünyanın əksər
dillərində 20 milyondan
çox tirajla dərc olunmuş, bir çox ölkələrdə ssenarilərinə,
o cümlədən, Azərbaycan
dilində yazdığı
ssenarilərinə filmlər
çəkilmiş, öz
imzası, yaradıcılığı
ilə Azərbaycanı
dünyaya tanıtmış
görkəmli yazıçıya
belə təhqiramiz münasibət, yumşaq desək, ölkəmiz haqqında müsbət rəy yaratmır, əksinə, xaricilərin
bəyənərək tərif
etdiyi tolerantlığımıza,
başqa xalqlara loyal münasibətimizə
kölgə salır.
Mən ilk
fəaliyyətimə mədəniyyət
sahəsindən başlamışam.
Hələ tələbə
olarkən, sovet dövründə strateji ideoloji müəssisələrdən
sayılan mədəniyyət
mərkəzinin, Fioletov
adına Mədəniyyət
klubunun müdiri olmuşam. Demək olar ki, ölkəmizin
bütün görkəmli,
böyük sənət
və mədəniyyət
xadimləri ilə əməkdaşlıq etmişəm,
onlardan çox şey öyrənmişəm.
Rəhmətlik Xalq artisti Mirzə Babayevlə həm də dostluq etmişəm. Onun bir sözü həmişə yadımdadır.
Bir dəfə televiziyada bir müğənninin çıxışına
baxarkən, dedim ki, yaxşı ifaçıdır. Cavab verdi ki, Elxan,
bunlar Biləcəriyə
qədər olan müğənnilərdir. Bizə
isə dünya miqyasında olan, sərhədləri aşan
sənətkarlar lazımdır.
Çingiz Abdullayev məhz belə sənətkardır, onun əsərləri dünya
dillərinə tərcümə
olunaraq, xarici ölkələrdə 20 milyon
tirajla nəşr olunub. Bu kitablarda
Çingiz Abdullayev imzası var. Milyonlarla oxucu məhz onun sayəsində Azərbaycanı
tanıyır, onlarda ölkəmizə maraq oyanır. Bununla fəxr edəsi deyilikmi? Belə bir istedadlı yazıçı həmvətinimizlə
qürur duyası deyilikmi? Onu haqlı-haqsız aşağılamaqla
nə qazanacağıq?
Tanınmış yazıçımıza
belə haqsız, ədalətsiz və layiq olmayan münasibət
ziyalılığa yaraşırmı?
- Elxan müəllim,
bəs Azərbaycanın
Xalq yazıçısının
başqa dildə yazması, ana dili ilə müqayisədə
daha səlis danışmasını necə
dəyərləndirək?
- Bir məsələni deyim. Yazıçının, şairin, alimin başqa dildə danışması müəyyən səbəblərdən tarix boyu aşkarlanan hadisədir. Şərqdə ərəb və fars dilləri olduğu kimi, Qərbdə də latın və fransız dilləri uzun müddət elm və ədəbiyyatın dili olub. Rusiya imperiyası yarandıqdan sonra və xüsusən də sovet dövründə rus dili keçmiş SSRİ məkanında əsas ünsiyyət dilinə, eyni zamanda beynəlxalq aləmə çıxmaq üçün əsas vasitəyə çevrildi. Bu dövrdə ədəbiyyatda rusdillilik yarandı. Hətta M.F.Axundov özünün "Şairin ölümünə" əsərini rus dilinə tərcümə etdi və bunun sayəsində bu əsər geniş dairələrdə tanındı. Eləcə də türk xalqlarının böyük nümayəndələri Çingiz Aytmatov, Oljas Suleymenov vətənləri, türk xalqlarınının mənafeyi yolunda böyük işlər görüblər. Başqa dildə yazmaq bir faktdır, təbii ki, anadillli ədəbiyyat mədəniyyətimizdə aparıcı mövqedə olmalıdır. Ancaq biz başqa dillərdə yazmış bir çox klassiklərimizdən də imtina edə bilmərik. Çingiz Abdullayev də rusdilli mühitdə formalaşıb və bəlkə də, bu amilə görə əsərləri bütün dünyada yayılaraq, ölkəmizə, xalqımıza da başucalığı gətirib. Gəlin, onun əsərləri sevilə-sevilə oxunduğu halda yaradıcılığına kölgə salmayaq. Elə bu nüfuzuna görə də 44 günlük müharibə dövründə onun Rusiya televiziyasında çıxışının Azərbaycan həqiqətlərinin yayılmasında böyük rolu oldu. Mən xüsusən gənclərimizə tövsiyə edərdim ki, gəlin belə görkəmli ədiblərimizin qədrini bilək, istedadlı şəxsiyyətlərimizi təbliğ edək, onlarla fəxr edək və yeni əsərlərə onları ruhlandıraq.
525-ci
qəzet.- 2023.- 7 sentyabr.- S.7.