Muğam dünyasının bələdçisi  

 

 

Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir.

Mirzə Fətəli Axundzadə

Bu günlərdə "MİMTA YAYIMLARI" Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinski haqqında "Şərq musiqisinin incisi" xatirələr kitabımı çap edibdir. Bəri başdan Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun rəhbərliyinə, əməkdaşlarına təşəkkür edirəm.

Azərbaycan muğam ifaçılığı tarixində müstəsna xidmətləri yeri olan Seyid Şuşinski Allahın dərgahına qovuşanda mən hələ orta məktəbdə oxuyurdum. Ona görə Seyid Şuşinskini görmək, onunla ünsiyyətdə olmaq, nəğməli söhbətlərini dinləmək mənə qismət olmayıb. Ancaq hələ məktəbliykən Seyidin səsini qrammofon valından eşitmişdim. Bizim evdə Seyid Şuşinskinin valı ilə yanaşı, Bülbülün, Xan Şuşinskinin, Zülfü Adıgözəlovun valları da vardı. Mən tez-tez bu böyük sənətkarların vallarına qulaq asardım. Onların vallardan ucalan səsləri mənim uşaqlıq ruhuma hakim kəsilmişdi. İllər keçdi, yaşa doldum, amma onların bənzərsiz səslərini yaddaşımdan perik salan başqa bir səs olmadı.

Sovet dövründə bir çox sənətkarlarımız haqqında portret oçerklər yazıb respublika radiosunda səsləndirmişdim. Qəribə olsa, Seyid Şuşinski haqqında yazmağa cəsarət etməmişdim. O dövrdə bunun səbəbi çox sadə idi. Sovet ideologiyasının tələblərinə görə, gərək Seyid Şuşinskinin Tiflisdə mehmanxanası, restoranı, hətta "Mersedes" maşınının olması barədə susaydım. Çünki sovet hökuməti qurulanda bu şəxsin mülkiyyəti əlindən alınmışdı. Seyid Şuşinski bir xanəndə kimi nəinki sadə insanların, milyonçuların belə sevimli xanəndəsi olmuşdu. Amma milyonçulardan, onların xanəndəyə etiramından, bəxşişlərindən danışmaqmı olardı. Bax bu kimi səbəblərə görə bu böyük xanəndə haqqında radio verilişi yazmamışdım. Amma onun barəsində nəsə yazmağı özümün mənəvi borcum bilmişdim.

Seyid Şuşinski haqqında ilk kitabı musiqi tədqiqatçısı Firidun Şuşinski yazıb. Firidun Şuşinskiyə isə nəinki Seyid Şuşinskini görmək, onunla saatlarla söhbət etmək, toylarda, məclislərdə canlı oxumaqlarına qulaq asmaq fürsəti qismət olmuşdu. Firidun Şuşinskinin "Seyid Şuşinski" kitabı görkəmli xanəndənin vəfatından bir il sonra, 1966-cı ildə işıq üzü görmüşdü. Bu ilk nəşrdən sonra müəllif tərəfindən təkmilləşdirilərək iki dəfə - 1997 1991-ci illərdə təkrar çap edilmişdir. Ona görə mən Seyid Şuşinski haqqında F.Şuşinskinin kitabındakı faktları təkrarlamamaq üçün 2002-2003-cü illərdə onun haqqında sağ qalan sənət dostlarının, tələbələrinin xatirələrini diktofona yazmışdım. Təəssüf ki, həyatın müxtəlif qayğıları, başqa-başqa mövzular üzərində Seyid Şuşinski haqqında düşündüyüm xatirələr kitabının yazılıb çap edilməsini gecikdirdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında" 4 fevral 2019-cu il tarixli Sərəncamı məni yenidən 2002-2003-cü ilə, söhbət edib xatirələrini diktofona yazdığım sənətkarların yanına qaytardı. Daxilən məmnunluq hissi keçirdim ki, yaxşı o zaman tənbəllik etməyib bu işi görmüşəm. Təəssüfləndim ki, illər öncə söhbət edib xatirələrni diktofona yazdığım sənətkarlardan - Kamil Əhmədov, Habil Əliyev, Vəli Məmmədov, İslam Rzayev, Ramiz Hacıyev, Əlibaba Məmmədov, Sabir Mirzəyev, Novruz Feyzullayev, Tələt Qasımov, İnqilab Quliyev, Mail Məhərrəmov dünyalarını dəyişiblər. Təsəllim budur ki, adlarını hörmət minnətdarlıqla andığım bu insanlar cismən bizi tərk etsələr , öz ölməz sənətləri ilə hər zaman bizimlədirlər. Onların hal-hazırda yaşayan sənətkarların iyirmi il bundan qabaq Seyid Şuşinski haqqında söylədikləri xatirələr, zənnimcə, əlli il sonra da öz dəyərini itirməz. Çünki bu xatirələr ustad xanəndəyə bəslənən məhəbbətin, ehtiramın təcəssümüdür.

Mən iyirmi il bundan qabaq diktofona yazdığım xatirələrə qulaq asanda ( vərəqlərə köçürdüb işləyəndə) xəyalən əlli-altmışıncı illərə qayıtdım. Onlarla bir yerdə keçmiş M.Qorki küçəsində, A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində, Seyid Şuşinskinin muğam sinfində oldum. Royalın yanında fil sümüyündən düzəldilmiş əsasına söykənib gözlərini qapamış ustad Seyid Şuşinskini gördüm. "Bayatı-kürd", "Şur", "Bayatı-Şiraz", "Çahargah" oxuyan tələbələrin çaşdığı yerdə Seyidin "haraya" gələn əzəmətli səsini eşidib sükuta daldım.

Xatirələri qələmə alanda nədənsə mənə elə gəldi ki, sağlığında Seyidin heç zaman unuda bilmədiyi zəngin, çox zəngin bir keçmişi olub. Başqalarının yox, məhz özünün keçmişi. Çünki Seyid haqqında mənə xatirə danışanlar, xüsusilə tələbələri onun yaşlı vaxtını görmüşdülər. Aşıq gördüyünü çağırar deyiblər. Nəyi görmüşdülər, təsadüfən ustadları haqqında nəyi eşitmişdilər onu da danışmışdılar. Bu xatirələrdə üst-üstə düşən məqamlar da, düşməyən anlar da var. Ustadlarına sayğı ilə yanaşan bu adamların yaddaş saxlancından gün işığına çıxan fərqli, amma bir-birini xatırladan məqamlar da az deyildir. Onun ailə qurmamasının səbəbini soruşduğum şəxslərdən qismən oxşar, qismən fərqli cavablar aldım. Əsl həqiqəti isə şəxsi həyatı barədə danışmağı çox da sevməyən Seyid Şuşinski qəlbində o dünyaya aparıb.

Bəlkə , səhvəm, bəlkə, müşahidələrim məni yanlış qənaətə sövq edir, ancaq nədənsə mənə elə gəlir ki, Seyid Şuşinski sağlığında cismən o zamankı konservatoriyanın birinci mərtəbəsində, daha sonra M.Qorki küçəsində, "A.Zeynallı"nın muğam sinfində dərs dediyi günlərdə , xəyalən olsa, daim heç zaman unuda bilmədiyi keçmişdə olub. Çünki onun yaşanmış keçmişində qaynar gəncliyi, çox zəngin mənəviyyatlı dostları, həmkarları vardı. Onun həyatından gəlib keçən şəxsiyyətlərin isə hər birisi bir aləm idi. Onun yaşanmış keçmişində kimlər yox idi? Baxın, Şuşada ensiklopedik bilik sahibi, şair, rəssam, musiqişünas Mir Möhsün Nəvvab, onun hücrəsində ondan dərs aldığı günlər, muğamlar barədə tarixi söhbətlər, Qarabağ şairlərinin beyit-ləşməsi, Şuşanın əsrarəngiz təbiəti, başı dumanlı dağlar, Cıdır düzü, o düzü bəzəyən Xarıbülbül çiçəyi, qıjıltıyla üzü arana axıb gedən Daşaltı çayı, İsa bulağı, hər daşı, hər küçəsi bir tarix olan ata yurdu. Səsləri ilə bütün Qafqaza səs salmış Cabbar Qaryağdıoğlundan, Keçəçioğlu Məhəmməddən qədər şeylər öyrənmişdi.

Böyük sənətkar kimi yetişməyin şərtləri çoxdur. Dünya gör-götür aləmidi. Seçib götürə bildiyin qazancındır. O, əgər 1911-ci ildən 1919-cu ilə qədər o zaman Qafqazın mədəniyyət mərkəzi olan Tiflisdə yaşamasaydı, dövrünün bir çox şəxsiyyətləri ilə tanış olmayacaqdı. Bu mədəniyyət mərkəzində xanəndə kimi tanınmasaydı, onu 1914-cü ilin əvvəlində "Ekstrofon" aksioner şirkəti Kiyevə dəvət edib səsini vallara yazmayacaqdı. Seyid Şuşinskinin onda 25 yaşı vardı. Bu yaşda olan xanəndələrin çoxu heç mağar toylarından kənara çıxa bilmirdi. Seyid Şuşinski isə təkcə toylarda, teatr tamaşalarının fasilələrində xanəndə kimi oxumurdu, həm 1913-cü ildən başlayaraq tamaşalarda müğənni-aktyor kimi fəaliyyət göstərirdi. "O olmasın, bu olsun"da Sərvəri, "Arşın mal alan"da Əsgəri oynayan Seyid Şuşinski "Leyli Məcnun"da İbn Səlamın, illər sonra hətta Nofəlin musiqi partiyasını oxumuşdu. Onu Tiflisin mədəni mühiti yetişdirmişdi. Bu mühitdə Mirzə Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əziz Şərif, Mustafa Mərdanov, İbrahim İsfəhanlı, Mirseyfəddin Kirmanşahlı, Möhsün Sənani daha onlarla başqa səhnə fədailəri, şeir-sənət xiridarları vardı. 1914-cü ildə Seyid Şuşinski Bakıdan Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhməd Ağdamski kimi müqtədir sənətkarlarla tanış olmuşdu. Seyid Şuşinski elə həmin ildə Tiflisdə qastrola gələn məşhur xanəndə Əbülhəsən xan İqbal-Soltanla dostlaşmışdı. Onun konsertlərinin uğurlu keçməsi üçün əlindən gələni etmişdi. Çünki xeyirxahlıq onun xislətindəydi.

Bakıda isə Seyid Şuşinski Üzeyir bəy kimi dahi bəstəkarla ünsiyyətdə olmuşdu. Onun rəhbərliyi ilə sənət dostları Mirzə Mansurla, Əhəmədxan Bakıxanovla Azərbaycan muğamlarını sistemə salmışdılar.

O, Fikrət Əmirovla, Qurban Pirimovla, Xan Şuşinski ilə, Bülbüllə, Zülfü Adıgözəlovla, Bəhram Mansurovla sənət dostluğu etmişdi.

Seyid Şuşinski "Azdrama"da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışmış, 22 il A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs demişdi. Onun yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycan Respublikasının hüdudlarını çoxdan aşmışdır. Seyid Şuşinskinin gələcək mənəvi həyatı tələbələrinin, onlardan sonra gələn gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaqdır. Necə ki Azərbaycan muğamları əsrlər boyu ağızdan-ağıza, ustaddan şəyirdə keçərək əbədilik qazanıb, Seyid Şuşinski bu muğam mülkünün təkrarolunmaz bələdçisi kimi daim öndə gedəcəkdir.

Bizim bu kitabımızda Seyid Şuşinskini təkcə tələbələri, həmkarları yad etməyib, bizdən əvvəl onu müasirləri Mirzə Muxtar Məmmədov, Cəlil bəy Bağdadbəyov, Camo Cəbrayılbəyli, Mustafa Mərdanov, Əziz Şərif, Xan Şuşinski, Yavər Kələntərli, Xanlar Haqverdiyev, Bəhram Mansurov, Fikrət Əmirov, Firidun Şuşinski, Vəli Məmmədov, Mürşüd Məmmədov, Yaqub Məmmədov, Nəriman Əliyev, Xanəli Quliyev kimi sənətkarlar da anıblar. Onlar bu ustad xanəndəni kitablarında, məqalələrində, müsahibələrində hörmətlə yad etmişlər. Onların bu xatirə yarpaqlarını kitablardan, qəzet səhifələrindən götürərək kitaba əlavə etmişik.

Kitabdakı xatirələrdən göründüyü kimi, bu böyük xanəndəni müasirləri, tələbələri onu rəsmi sənəddəki kimi - Mir Möhsün adı ilə yad etmir, hər kəs ona Seyid Ağa deyə müraciət edib bu adla da tanınıb. Bizim söhbət etdiyimiz sənətkarlar da onu gah Seyid, gah da Ağa deyə yad ediblər. Eyni müsahibələrdə hər iki ad ehtiramla, qoşa qanad kimi çəkilir. Biz şifahi danışığın şəhd-şirəsini qorumaq üçün bu cür yazıya aldıq.

Seyidə təkcə müqəddəslərimizin ruhunun daşıyıcısı olduğu üçün Ağa deməyiblər. Həm davranışına, rəftarına, kübarlığına, ziyalılığlna, nəcibliyinə görə ona Ağa deyiblər. Ağa adı ona hər mənada yaraşır.

Kitaba yazıçı-publisist Mustafa Çəmənlinin Seyid Şuşinskinin həmkarları tələbələri ilə apardığı müsahibələri, eləcə Ağalar bəy Əliverdibəyovun, Cəlil bəy Bağdadbəyovun, Mustafa Mərdanovun, Əziz Şərifin, Firidun Şuşinskinin başqalarının ustad xanəndə haqqında xatirələri daxil edilmişdir. Bu canlı xatirə-söhbətlərdə Seyid Şuşinskinin bir xanəndə, pedaqoq, ən nəhayət, parlaq şəxsiyyəti göz önündə canlanır.

Kitabda müəllifin Seyid Şuşinskinin vaxtilə müşayiətçi tarzəni olmuş Kamil Əhmədova söylədiyi rəvayət əsasında yazdığı "Çahargah" hekayəsi "Muğamlarımızda "Bayat" gizlincləri" adlı hekayə essesi oxuculara təqdim edilmişdir.

 

Mustafa ÇƏMƏNLİ

525-ci qəzet.- 2023.- 8 sentyabr.- S.14.