Şuşam

Elçin

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı...

Duruşundan tanıyırdım,

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

Ağac da boynubüküydü

külək də qırıq-qırığıydı

bulud da çilik-çiliyiydi...

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim...

O qədər qurban oldum ki, -

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı...

Qurbanlarını qəbul elə, Şuşam!

***

Duyğularım aşıb-daşır, arzularım sellənir,

yağan yağış ağacların çökəyində göllənir,

ürəyimdə tutya kimi neçə şeir dillənir -

Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam

zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

Qədimliyin, ululuğun əsrlərə söykənir,

igidliyin, ağalığın nəsillərə söykənir,

nağılların miflərə, sirlərə söykənir -

Gövhərlərin şəhərisən, şəhərisən ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

 

Bütün yollar səndən keçir, sən yolların yolusan,

Məscidintək, keçmişintək ululardan ulusan,

Gözümüzün işığısan, ömrümüzün nurusan -

Şəhərlərin şəhərisən, şəhərisən, ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

 

Şuşadakı evimizin uçuqları önündə

O evin uçqunuyam,

hər gün kərpiclərim ovulur,

uçunurum,

uçuluram...

Havaya bax,

toz-dumandı

uçula-uçula uçuram

tozumun içindən keçirəm,

 

yazımın içindən keçirəm,

 

ruzumun içindən keçirəm...

Tozum ərşi-əlada,

yazım bir alınlıq,

ruzum bir ömürlük...

ikinci ömür yox.

Evim yox,

ovcumun taleyində,

talemin ovcunda,

dünyanın o ucunda...

Dünya da uçulur evim kimi

dünya da uçur toz kimi...

Şuşadakı evimizin uçuqlarına noktürn

Əllərim

qapımızın tutacağında qaldı...

Səsim qapımızın cırıltısına qarışdı,

gözlərim pəncərəmizdən asıldı...

Xəyallarım hardasa yol gözləyir,

mənim yolumu...

Evimizin uçuq, sökük daşları,

ürəyimi əzir indi

Daha...

ürəyim yeriyir uçulmuş yurd yerlərində...

Şuşa küləyi, Şuşa yağışı

Bakıda Şuşa küləkləri əsir hərdən,

Şuşa yağışları yağır...

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Bir qərib umud közərir

vətən həsrətli baxışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı...

Bir qərib oğlan dumana qarışır,

çənə qarışır.

Duman gözəldi, İlahi,

külək gözəldi, İlahi,

yağış gözəldi -

oğlan qəribdi, İlahi!..

Şuşalı xatirələrimin baş qəhrəmanı,

Qəmər nənəmin əziz ruhuna

Eh... nənəm o günü xamır qatmadı,

təndir qalamadı, çörək yapmadı.

Xalça toza batdı, cejim qırışdı,

titrək əlləriylə palaz çırpmadı.

Süd daşdı ocaqda, baxan olmadı,

keçilər çəpəri yarıb keçdilər.

Kəndin uşaqları bizim doqqazın

taxta dabanını qırıb keçdilər.

Nəsə dəyişmişdi, həmin deyildi...

hamı yerindəydi, nənəm yoxuydu.

Hərdənbir ağlım da uçub gedirdi,

sanki gördüklərim bir boz yuxuydu.

Yuxuya düşmüşdüm, yuxu nənəmsiz,

bütün baxışlarda boşluq sezirdim.

Nənəm çiyinlərdə getdiyi zaman,

mən evdə, həyətdə nənə gəzirdim.

Eh... nənəm, nağıllı, noğullu nənəm,

payız dumanına qarışıb getdi.

Bizi uydurduğu o nağıllara,

bir payızlara tapşırıb getdi...

Şuşanın qala divarlarından

Malıbəyli səmtə baxarkən

Könül ki, var

bir sevdanın yarasıdır,

qısıldığım bu divar,

gizləndiyim bu kölgə

ömrün payız arasıdır...

 

 

 

Yarısıdır...

yolun da, yolağın da,

ilk sevgi nəğməsinin

səsi qaldı qulağımda,

ta o vaxtdan,

heç bilmirəm bura

ömrün harasıdır...

Sarısıdır...

gözlərimdə saralan

bu xəzan güllərinin.

yarpaq kimi tökülən

bu təqvim günlərinin.

Daha bu andan belə,

buludlara qoşulub

getməyin sırasıdır.

"Xarıbülbül" otelinin pəncərəsindən baxarkən

Pəncərələr bir umuduydu, onda,

hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,

hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən...

Bir ürək şəkli cizilərdi,

cızıqlarından şeh daman...

sonra o ürək süzülüb gedərdi,

yerində ağlayan şüşələr qalardı...

Bir umud yeriydi pəncərələr quşların

 

ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,

əvvəl qorardı quşlar,

sonra öyrənərdilər ovucdan yem yeməyə.

Quşlar da sevda quşlarıydı, sanki,

pəncərələr ,

küçələr .

Pəncərələr yola açılırdı, onda,

sevdaya açılırdı.

İndi ayrılığın gözləri kimi baxır pəncərələr -

içindən bütün ayrılıqlar keçir.

"Xarıbülbül" otelində bir gecə

Bilirsən, bu yol da çıxıb gedəcək,

harasa gedəcək, qayıtmayacaq.

Ürəyin içində yaralı quş tək -

gəliş, gediş ovutmyacaq...

nəsə baş verəcək, nəsə bitəcək,

yorğun gözlərinə mil sürəcəksən.

çəkilib bir küncə, itib bir küncdə

içində uşaq tək hönkürəcəksən...

Bilirsən, gün daha gün olmayacaq,

önündə qapılar açılmayacaq.

sarmaşıq ağrılar,

sarmaşıq dərdlər -

səndə kök salacaq, qaçılmayacaq...

Beləcə qazancın bir sürü həsrət,

beləcə gedişin səssiz olacaq.

Əvvəl sığınmışdın öz yoxluğuna

sonra yoxluğun da sənsiz qalacaq...

Şəhid evimizə elegiya

I

İndi ağrı bizim evin hekayəsidir,

hərfləri qırıq,

sətirləri sökük,

kərpicləri yerlə-yeksan olmuş.

Tavanının dirəkləri təkcızıq dəftər kimi

üzü göylərə açılmış,

sanki dua edir.

Bilmirəm yazım bu təkcızıq dəftərə.

İndi həsrət bizim evin şeiridir,

yazıram,

yazıram,

hərflər evimiz kimi uçur.

II

Dağılmış oyun yerlərindən keçirəm,

xatırlayıram...

- topu tut

- ipi çək

- daşı at

neçə uşaq səsləri gəlir qulaqlarıma...

Neçə səslərin yoxluğundan ötürəm -

topu tuta bilmirəm,

ipi çəkə bilmirəm,

daşı ata bilmirəm, -

Sevinə bilmirəm heç nəyə...

Sevincim dağıntılar altında çoxdan toza dönmüş, -

çoxdan yoxa çıxmış və unudulmuş...

525-ci qəzet  2023.- 9 sentyabr.- S.23.