Mir Cəlal nəsrində təbiətə
baxış: misilsiz lövhələr, təkrarsız təsvirlər
Mir Cəlal geniş yaradıcılıq diapozonuna
malik görkəmli ədibdir. O, ötən əsrin 30-cu illərindən
müxtəlif temalı hekayələr, povestlər, romanlar qələmə
almışdı. Zamanın ruhunu, nəbzini istedadla tutmuş, əsərlərində,
müxtəlif situasiyalarda yüksək bədii amalına
sadiq qalmışdı. Tanışlığa gəldikdə
isə bizim nəsil orta məktəbdə oxuyarkən
yazıçının məşhur "Bir gəncin
manifesti" romanı ilə tanış oldu. Əsərdəki
Ana və Bahar obrazlarını qəlbən sevdik. Baharın
anasının qoruyub saxladığı xalçanı bazarda
ingilisə satmaması, "itə ataram, yada satmaram" deyə
qoltuğuna vurub evə qayıtması səhnəsini
xatırlamaya bilmərik...
Mir Cəlal əsərlərində hadisələrin
substansiyasında - mahiyyətində, varlığın dəyişməz
məzmununda təbiətin bir görümünü verir. Səhərlər
işə tələsənlər yağışlı,
rütubətli havada çaşqın-çaşqın
dayanacaqlara tələsirlər. Budur, belə bir mənzərənin
təsviri: "Səhər yenicə
açılmışdı. Yağışlı bir gün
idi. Elə yağırdı, deyəsən, göydən yerə
dolça ilə su tökülür. Navalçalar kran kimi
işləyir, küçələrdən su gedirdi.
Üfüqlər elə qaralmışdı, deyərdin bu
hava daha açılmaz. Rütubətli ağır havada hər
şey bomboz, kədərli idi. Hələ sönməyən
lampalar limona bənzəyirdi. Adamlar yerə baxır, yeyin
ötür, bir-birini basıb tramvaylara doluşurdular. Cəld
ötən çətirli qadınlar səyyar çadır
kimi görünürdü. Yer, səma qazan kimi pıq-pıq
qaynayırdı". Bu lövhənin
"yaşını" təyin etmək çətindir, bəlkə
də mümkünsüzdür. Ona görə ki,
yazıçı bu ab-havanı yaşamışdır.
Mir Cəlalda həssas müşahidə qabiliyyəti
ona təbiətin incəliyini təsvir etmək imkanı
verirdi. Dan yerini sübhdən oyananlar daha aydın
görürlər, onun "hərəkət dairəsini"
təsəvvürlərinə gətirirlər. Mir Cəlal da
özünə məxsus zövqlə yanaşır: "Dan
yeri ağarır, göylərə gümüş kimi bir
parıltı gəlir. Xəfif və sərin yay küləyi
bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən
ötərək hər yerə ətir gətirir". Yaxud:
"Günortanın istisi ağacların arasına dolmuş
havanı ağırlaşdırmışdı. Qarğalar
qoca çinarların başında çırpınır,
böcəklər kölgələrə dolub səslənirdi".
İki etüddən göründüyü kimi,
yazıçının zövqü onu hissi vasitəsilə
cismə (şeyə) doğru çəkibdir. Elə
düşünməyək ki, zövq mənəvi aləmdən
ayrıdır, kənardadır, əksinə, insanın (o
cümlədən ədibin) ruhi aləmi və ideyaları ilə
bağlıdır, ahəng təşkil edir. Oxucu günəşi
öz zövqü ilə seyrə dalır, biri istisinin həsrətindədir
- bədəni (canı) qızsın, başqası onun səpələdiyi
şüaların sorağındadır, daha özgəsi günəşin
qüruba endiyinə baxacaqdır, Mir Cəlal isə:
"Günəş dağların, bağların uca qovaq
ağaclarının altından min il bundan əvvəl
atılmış, lakin hələ soyumamış, uzaq sürən
top qülləsi kimi yüksəlirdi. Burada, bu tənha
qamışlıqda başlanan atışmanı nəzərə
almasaq, hər yer, hər tərəf sakit və durğun
görünürdü... Nə üfüqlərdə
tüstü, nə dərələrdə duman, nə
dağlarda bulud görünür, nə yerlərdə fəryad
eşidilirdi. Ani sakitlik müdhiş və böyük
günlərin sərlövhəsini yazırdı".
Yazıçı müşahidəsindən süzülən
zövq bu cür yaranır. Burada zövqlə həzz, məşhur
dramaturq F.Şiller demişkən, sıx bağlıdır:
"...həzz isə sövqi - təbii ilə, instinktlə əlaqədardır".
Savadlı, mədəni oxucuda estetik zövq - təbiətdən
həzz almaq təfəkkür tərzilə sıx
bağlıdır və bunu təbiətdən umur.
Yazıçı üzünü dərəyə
tutur: "Dərə nə dərə! Elə bil
böyük dənizləri dolduran çayların
hamısı buradan axıb ötmüşdü.
Çılpaq, uca, müdhiş qayalar tərtəmiz, bomboz.
Fikir edirsən ki, bədəni çölə
çıxmış yerdir. Dərənin tərkindən,
göz işləyən yerdən parıltı gəlir, ancaq
su görünmür. Sarıköynəklər, qaranquşlar
qayalar arasında oynaşır, kollar arasında itirlər".
Mir Cəlal təbiətdə axtardığı və
gördüyü predmetlərə həyatın ifadəçisi
kimi yanaşır, onun nəzərincə zahirən diqqəti
cəlb etməyən, atılıb qalmış hansısa
daş parçası onun üçün canlıdır, həyatı
öz anlayışında görmək istəyir, həyatı
ifadə edir, yaxud həyatı xatırladır, bu məqamda
gözəlliklə xeyirxahlıq bir-birini tamamlayır.
Yazıçı üçün maraq doğuran bir nüans
da var ki, təbiət bəlkə səhv edə bilər,
lakin sənət əsəri təbiətin bu səhvini
düzəltməlidir. Meşədə sular axır, bulaqlar
çeşmələnir, yarpaqlar xəzəlləşir,
kollar, bənövşələr uyuyur, təbiətin
görümüdür. Yazıçı isə bu
"adiliy"i öz təxəyyülündə başqa
şəkildə oxucuya təqdim edir: "Meşənin
arasından axan sular yaşıllıqlarda gümüş
kimi işıldayıb qayaların altına soxulur. Bir az
yuxarıda, az qala torpaqdan üzülmüş,
üstünü xəzəl basmış, lakin nazik
budaqlarını göyə uzadan, yaşamaq istəyən
kollar görünür. Onların dibində tək-tək
baş qaldıran bənövşələr yoldan ötənlərə
baxır". Beləliklə, anlayışımız təzələnir.
Bu meşə bizə böyük rəssam İsaak
Levitanın "Sokolnikdə payız günü",
"Yağışdan sonra", "Əbədi dinclik"
tablolarını xatırladır. Bu şəkillərdəki
meşə, payız, hərçənd, qüssə gətirir,
insan kədərli olarkən kətana köçmüş mənzərələrdə
belə bir hissi yaşadır. Mir Cəlalın meşəsi,
çinarı, suları nikbinlik aşılayır.
Levitanı bir qadının səsi məftun eləmişdi,
gecələr oxuyan qadın üçün
darıxırdı. Naməlum qadın kiçik çətirini
açmağa tələsirdi, amma açılmırdı,
axır ki açıldı, yağış onun ipək səthindən
axmağa başladı. Qadın yavaş-yavaş
uzaqlaşdı. Levitan onun üzünü görmədi, eləcə
də qadın. Rəssam söz adamı deyildi bu mənzərəni
yazsın. Mir Cəlalsa yazıçıdır,
gördüyü qadın onu sözə çəkmişdir:
"Uca çinarın altında göy kələğayılı,
əli boxçalı bir qadın dayanıb şimala qoşa
simlər kimi uzanıb gedən və birləşib gözdən
itən yola baxırdı. Qoca çinarın gümüş
yarpaqlarında meşədəki kimi uğuldayan külək
qadının kələğayısını alıb aparmaq
istəyirdi. Qadın kələğayısının ucunu əlinə
dolayıb, o biri əlini alnına kölgəlik verib lap
uzaqlara, üfüqlərin dərinliklərinə baxır,
köksünü ötürürdü". Təbiətdən
zövq alan Levitan və həyatda müşahidə edən
Mir Cəlal dünyagörüşündə belə bir fikir
var ki, sənətkar üçün əsl məsələ
əşyanın ruhuna, cövhərinə varmaqdır. Obyektlər
qarşısında duyduqlarını anlada bilmək
üçün onları yenidən yaratmaq, biçimi və
rənglərilə yenidən yaratmaq məcburiyyətindədir.
Mövzunun, motivin qarşısına keçdiyi zaman o motivin,
mövzunun anlayışda oyandırdığı təəssüratı
canlandırmalıdır. Bunun üçün təbiətdən
vaz keçə bilməzsən, çünki hər şeyi
ondan alırsan. Qəlbində oyanan sarsıntıların
hamısını təbiət oyandırır. Deməli,
insan nə diləsə, təbiətdə tapır, adamın
özü də təbiətin deyilmi?!
İnsan təbiətin oyanışı ilə həyatına
davam edir, torpağa sarılır, əkib-becərir, cida boyu
qalxan günəşi salamlayır, səcdə qılır.
Həyat eşqi beləcə doğulur Mir Cəlal yozumunda:
"Bağçalar dərəsinin sağ tayında Cənuba
doğru axıb gedən və təzə-cə şumlanan əkin
yerləri məxmər kəmər kimi dağları qucmaqda
idi. Zəmilərdən qalxan nəmli torpaq qoxusu yenicə
açılan bənövşə, quzuçiçəyi ətrinə
qarışaraq havaya bir təzəlik, mülayimlik gətirmişdi.
Səhər soyuğundan sonra yumşalan hava hələ də
narahat kimi çırpınır, bir anda da eyni vəziyyətdə
qalmırdı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif
biçimli, müxtəlif şəkilli əlvan buludlar
arasında gah çıraq kimi yanır, gah köz kimi
sönür, gah kəhrəba kimi saralır, gah sədəf
kimi parıldayırdı. Karvan-karvan ötən seyrək
buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq
gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin
qovuşan yerlərində isə baş-başa verən
söyüd, qələmə, qarağac, vən, iydə,
zoğal ağacları küləyin səmtinə doğru
can atmaqda, sanki kökdən çıxıb haralarasa getmək
arzusunda idilər".
Təbiət həyatı beləcə doğur -
insanları dünyaya gətirir, nemətlərilə
qidalandırır. Təbiət insanları milyon-milyon
yaratdıqları ilə bir-birinə bağlayır,
yaşın zirvəsinə aparır, özü isə
qocalmır. Təbiət insanlar arasında körpü
yaradır, onların qəlbini, varlığını tərpədir,
həyəcanlandırır. Təbiət dünyasını
günəş şüalarını toplayan bir anbara bənzətmək
olar. İnsanın fiziki varlığı təbiətin bu
iqtisadi qayğısından asılıdır, onun zənginliyi
instinktiv olaraq münasib maddi vəziyyət tələbatı
yaradır, yaşamağa zəmanət verir, eyni zamanda ondan
zövq alır: təbiətşünaslar təbiəti sadəcə
öyrənmir, faydalanır, bu iş onlara ləzzət verir,
çün təbiət gözəldir. İnsanların
xeyiri naminə alimlər özünü bu gözəlliklər
xatirinə uzun və ağır vəziyyətə
salırlar. Ander-senin nağıllarının birində
qurumuş qızılgül kolu sərt qış
günündə ağ ətirli güllərlə
örtülür, çünki ona nəcib insan əli
toxunub.
Mir Cəlal əsərlərində insan hisslərini
təbiətdən ayırmayıb, harmoniyada təsvir edib,
onun üçün Günəş, Ay, Meşə,
Quşlar, Sular rəmzi məna daşıyıb, insan
xarakterinin açılmasını əyaniləşdirib.
Əsərlərində təbiətin predmetləri öz
funksiyalarını yerinə yetirib: "Günəş
batırdı, batmasından da acıqlanmış kimi
qızarmışdı: dağlardan, meşələrdən
uzanıb gələn böyük, qara kölgələr
üst-üstə mindikcə qatlaşır, qaralır,
günəşin bozarmış ətəklərini
qamçılayırdı;
"Ay işığında, dağlar arxasından,
Araz üstündən qalxanda yuyulmuş kimi tər-təmiz,
gümüşü bədənilə görünür... Ay
səssiz yerişilə sanki qalxmaq, göylərin üst
qatında, piləkli, abı gərdəyin dalındakı
yatağına girmək üçün tələsir";
"Buludları uca və qarlı dağların zirvəsindən
coşub gələn, bütün ətrafı bürüyən
bahar sularının həzin, riqqətli səsi isə get-gedə
güclənir, gücləndikcə məntiqli, mənalı
bir ahəng alır, hüdudları ötərək aləmi
bürüyürdü..."
Göründüyü kimi, ustad
yazıçımız Mir Cəlal zəngin nəsr
yaradıcılığında ədəbi-bədii
yaşantılarını təbiət duyğuları ilə
harmoniyada verib, əsərlərinin ab-havasını daha da
büllurlaşdırıb.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet $g 2023.- 9 sentyabr.- S.21.