"Sosial şəbəkələrdə bayağı musiqilərin təbliğatı gedir"

ANAR İLHAMLI: "BU İKİ İNSAN ARASINDA ELƏ DƏ CİDDİ FƏRQ YOXDUR - HƏM ANAR İLHAMLI, HƏM GİZİR MƏMMƏDBAĞIROV - İKİSİ DƏ VƏTƏNƏ XİDMƏT EDİR"

Müsahibimiz Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrinin solisti, musiqi təlimatçısı, bir sıra vətənpərvərlik mövzulu mahnıların söz və musiqisinin müəllifi Anar İlhamlıdır. 20 ildir peşəkar musiqi sənəti ilə məşğul olan, 14 ildir Hərbi Orkestrdə xidmət edən müsahibimizlə yaradıcılığı, yazdığı mahnılar, eləcə də bir incəsənət nümayəndəsi və hərbçi kimi 44 günlük Vətən müharibəsində gördüyü işlərdən danışdıq.

- Anar bəy, siz vokalist, müğənni Anar İlhamlıdan başqa, həm də gizir Anar Məmmədbağırovsunuz. Bu iki insan bir-birindən daha nə ilə fərqlənirlər?

- Bəli, mən gizir Məmmədbağırov olsam da, özümə İlhamlı təxəllüsünü götürmüşəm. İlk növbədə, İlham atamın adıdır. O ata ki, mənim musiqiçi olmağıma, bu sənətə gəlməyimə birbaşa səbəbkar və dəstəkçidir. Həmçinin, "ilham" təb mənasındadır. Bilirsiniz ki, incəsənət nümayəndəsi üçün təb, ilham çox vacibdir, onsuz mümkün deyil. Mən də bir musiqiçi kimi bir çox vətənpərvərlik mövzulu mahnıların həm söz, həm də musiqi yazarıyam. Təbii ki, bunun üçün də ilham lazımdır, təb lazımdır. Buna görə də bu təxəllüsü götürmüşəm. Bu iki insan arasında elə də ciddi fərq yoxdur. Həm Anar İlhamlı, həm də gizir Məmmədbağırov ikisi də bütün varlıqları ilə vətənə xidmət edirlər.

- İstərdik, sizi bir az da yaxından tanıyaq. Bildiyimizə görə, musiqiçi ailəsində doğulmusunuz.

- Bəli, 1983-cü ildə Şəki şəhərində musiqiçi ailəsində doğulmuşam. Atam İlham müəllim qarmon ifaçısıdır, pedaqoqdur, neçə-neçə musiqiçilərimizin yetişməsində böyük rola sahibdir. Onun sayəsində gözümü elə musiqiyə açmışam. Həmişə evimizdə musiqi görüb, musiqi dinləmişəm. Elə kiçik yaşlarımdan da oxumağa başlamışam. Səsim olduğu üçün məktəb tədbirlərində, son zənglərdə həmişə mənim oxumağımı istəyərdilər. Bu sənəti seçməyimdə ailəmin rolu böyükdür. Onların yönləndirməsi ilə bu sənətə gəldim. Konservatoriyanın muğam, solo oxu ixtisası üzrə bitirmişəm. Mərhum sənətkarlarımız İslam Rzayevdən, Ağaxan Abdullayevdən, eyni zamanda gözəl sənətkarımız Teymur Əmrahdan vokal təhsili almışam. 20 ildir peşəkar sənətdəyəm, 14 ildir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrində xidmət edirəm. Bu illər ərzində daim əsgər, zabit, kursantlarımızın qarşısında Hərbi Orkestrlə birgə canlı konsert proqramları təqdim etmişik, dövlət tədbirlərində çıxış etmişik. Həmin konsertlərdə bəstəkar və xalq mahnılarımızla yanaşı, öz bəstələdiyim vətənpərvərlik mövzulu əsərləri də ifa etmişik. Həmçinin çalışmışıq ki, bu konsertlərdə ifalarımızla yanaşı, həm də bir növ milli ruhun təbliğatçısı rolunda çıxış edək.

- Bir az o mahnılardan danışaq.

- 26 yaşımdan vətənpərvərlik ruhunda mahnılar ifa edirəm. Çalışıram ki, gənclərimizin vətənpərvərlik ruhunun inkişafında mənim və ifalarımın da bir payı olsun. Dediyim kimi, əvvəllər də bu mövzulu əsərlər yazmışdım. Amma xüsusən, 44 günlük Vətən müharibəmizdəki fəaliyyətimizdən danışmaq istərdim. Sentyabrın 27-də cənab Ali Baş Komandanın əmri ilə ordumuz düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Artıq 30 sentyabr tarixində sözləri mərhum şairimiz Bəxtiyar Vahabzadəyə aid olan "Vətən üçün doğulduq" adlı marş yazdım. Bu qədər qısa bir zamanda marşın yazılması çox çətin prosesdir, amma bizə ilhamı da, qüvvəti də məhz vətənimizə olan sevgimiz verdi ki, bunun öhdəsindən gəldik. Ondan sonra 44 gün ərzində altı mahnı ərsəyə gətirdik. Məsələn, tanınmış şairimiz Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şeirinə məhz Şuşa işğaldan azad olunan gün, 8 noyabr tarixində cənab Prezidentimiz qələbəni elan etdikdən sonra içimdəki sonsuz sevinclə mahnı yazdım. Həmçinin, Baba Vəziroğlunun "Vətən" şeirinə musiqi bəstələdim. Bu müharibəmizdə də təəssüf ki, şəhidlərimiz oldu. Allah hər birinə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin xatirəsinə "Zəfər döyüşü" adlı sözü və musiqisi özümə aid olan mahnı ithaf etdim.

Təbii ki, təkcə öz bəstələrim deyil, bir çox tanınmış bəstəkarlarımızın da mahnılarını ifa edirik. Məsələn, müharibə dövründə fövqəladə hallar naziri, yazdığı musiqilərində "Kamal" təxəllüsü ilə tanıdığımız, hörmətli Kəmaləddin Heydərovun musiqisini yazdığı, sözləri Baba Vəziroğluna aid olan "Cənab Ali Baş Komandan" mahnısını yeni aranjimanda oxudum və biz bunu qalib sərkərdəmiz cənab İlham Əliyevə həsr etdik. Çünki həqiqətən də onun rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdı. 30 ilə yaxındır işğal altında olan torpaqlarımız bu qədər qısa zamanda, cəmi 44 gün ərzində şanlı qələbə ilə azadlığına qovuşdu. Bu, hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirdi, qürurlandırdı. Necə ki, müharibə boyunca qardaşlarımız ön cəbhədə vuruşdular, biz sənətçilər də arxa cəbhədə sakit dayanmadıq. Öz mahnılarımızla, qələbə ruhlu əsərlərimizlə, ordumuza sonsuz inamımızla onlara dəstək olmağa çalışdıq. Sözsüz ki, biz qələmi, mikrofonu yerə qoyub cəbhəyə getməyə, əlimizə silah alıb döyüşə atılmağa da hazır idik. Müharibə başlayan kimi çalışdığımız qurumdan hər birimizə zəng gəldi və hər an döyüşə hazır olmağımız tapşırıldı. Biz də hər an hazır olduğumuzu bildirdik, hətta yığışdıq, hazırlaşdıq, evdəkilərlə də halallaşdıq ki, istənilən zaman cəbhəyə gedə bilərik. Çünki Hərbi Orkestrin solisti kimi biz də rütbə daşıyırıq və istər səhnədə, istərsə də cəbhədə vətənimizə xidmət etməyə hazırıq.

Qohumlarım, dostlarım da döyüşə qatılmışdılar. Ön cəbhədə vuruşdular, neçə-neçə qəsəbələrimizin, kəndlərimizin alınmasında iştirak etdilər, müharibədən sonra cənab Prezidentimizin sərəncamı ilə medallara layiq görüldülər. Bizə ön cəbhə qismət olmasa da, biz də öz sahəmizdə vuruşduq, 44 gün ərzində altı mahnı ərsəyə gətirdik.

Eləcə də biz ölkəmizdə və Türk dünyasında baş verən mühüm hadisələrə də biganə qalmırıq. Məsələn, yaxın keçmişimizdə qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizin ruhunu sarsıtdı. Tanınmış bəstəkarımız Cavanşir Quliyevin Bəxtiyar Vahabzadənin "Deprem" şeirinə yazdığı çox gözəl bir mahnı var. Bəstəkarımızla məsləhətləşdik və mən bu mahnını yeni aranjimanda ifa etdim.

Türkiyənin ölkə başçısı cənab Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçiləndə Pedaqoji Universitetin müəllimi, tanınmış şair Xankişi Bəxtiyarın "Cənab İlham, cənab Ərdoğan" adlı iki ölkənin və ölkə başçısının dostluğunu, qardaşlığını əks etdirən şeirinə "Həmrəylik marşı" adlı bir mahnı yazdım. Cənab Rəcəb Tayyib Ərdoğan ayın 13-ü ölkəmizdə qonaq olarkən "Mədəniyyət" kanalında həmin mahnını səsləndirdim.

Bununla yanaşı, anaya, doğulduğum Şəkiyə, Azərbaycanımıza, cənab Prezidentimizə yazdığım mahnılarım var. Ulu öndərimiz haqqında da mahnı yazmaq istəyirdim, ancaq gözəl sözlər axtarışında idim. Yenə də şair Xankişi Bəxtiyarın Heydər Əliyevə həsr etdiyi "Ulu öndər kimi bir tarixin var, Azərbaycan" adlı şeirinə mahnı bəstələdim. Həqiqətən də çox gözəl bir mahnı ərsəyə gəldi. Mahnını Azərbaycan Televiziyasında təqdim etdik. Bu yaxınlarda da bu əsərə video-rolik hazırlanacaq. Bacardığımız qədər fəaliyyətimizi davam etdiririk və bunu özümüzə bir vətəndaşlıq borcu bilirik.

- Şübhəsiz ki, fərdi fəaliyyət göstərib daha da məşhur ola bilərdiniz. Bəs niyə Hərbi Orkestri seçdiniz?

- Təbii ki, o yolu da seçə bilərdim. Kiçik yaşlarımdan el şənliklərində iştirak etmişəm, hətta bir çox müğənnilərimizin toy ifalarına, repertuarlarına da kömək etmişəm. O ifaçılar ki, onlar məhz o yolu seçdilər. Bəli, o yolda maddiyyat var. Amma mənim seçdiyim yol çox çətindir. Həm maddi, həm də mənəvi fədakarlıqlar tələb edir. Nəzərə alsaq ki, bəstələdiyim mahnıların yazılması, aranjimanı və sair kimi xərclərini heç bir dəstəksiz dövlətimizdən aldığım maaşla özüm qarşılayıram, nəyi nəzərdə tutduğumu təxmin edərsiniz. Bu gün belə rahatlıqla toy sahəsini seçə bilərəm. Hətta dəfələrlə imtina etdiyim hallar olub. Buna da əsas səbəb yenə içimdəki vətənpərvərlik duyğuları, vətənimə olan sevgimdir. Bu, çətin yoldur, amma şərəflidir. Bilirəm ki, vətənimə xidmət edirəm.

- Sizcə, bu sənətdə var olmaq üçün təhsil önəmlidirmi?

- Təhsil, əsas şərt deyil, amma üstünlükdür. Bizim musiqi təhsili olmayan, lakin çox böyük irs qoyan sənətkarlarımız olub. Bununla belə, fikrimcə, təhsil bir tərzdir, doğru yanaşmadır. Məsələn, mənim Konservatoriya təhsilim olsa da, illərdir neçə-neçə mahnılar bəstələsəm də, həmin mahnılar böyük səhnələrdə, televiziya və radiolarda, dövlət tədbirlərində, konsertlərdə ifa olunub sevilsə də, bəstəkar təhsilim yoxdur və mən buna görə heç vaxt özümə bəstəkar demirəm. İndi əsas məqsədlərimdən biri də yenidən bəstəkarlıq təhsili almaqdır.

- Nə ehtiyac var?

- Düşünürəm ki, indi kiçik mahnılar yazıramsa, onda daha böyük musiqi əsərlərinə imza ata bilərəm. Bu potensialı özümdə görürəm. Eləcə də mahnılarımı dinləyən böyük bəstəkarlarımız da bunu mənə dəfələrlə deyiblər.

- İndiki vətənpərvərlik mahnılarına münasibətiniz necədir?

- Gözəl mahnılarımız var, peşəkar bəstəkarlarımız və gənclərimiz tərəfindən yazılıb, yazılır. Biz özümüz də bu mahnıları ifa edirik. Amma eyni zamanda, sosial şəbəkələrdə, bəzən hətta efirlərimizdə də çox bayağı musiqilərin təbliğatı da gedir. Xalqı məhv etməyin bir yolu da onun musiqisini, mədəniyyətini əlindən almaqdır. Bu bayağılıq incəsənətimizə əl uzatmaqdır. Bilmirəm bunun arxasında hansı qüvvələr dayanır, amma biz həm də bunlarla mübarizə aparmalı, əsl musiqini daha çox təbliğ etməliyik. Çünki bu, iki qütb arasında mübarizə halını alıb artıq. Bu hala çox ciddi yanaşmalıyıq. Belə getsə, böyük faciə qaçınılmazdır.

- Axı onları danışdıranda da deyirlər ki, xalq bunu tələb edir.

- Bəli, belə insanlar xalqın adından danışmağı xoşlayırlar. Amma onları sevən xalq deyil, müəyyən savadsız kütlədir. Xalqın gözü tərəzidir və xalq zamanla yaxşını pisdən ayırıb, ələyin gözündən keçirməyi yaxşı bacarır. Fikir vermisinizmi, heç bir bayağı musiqi uzun ömür yaşaya bilmir. Sanki onların bir dövrü var, gəlir və gedir. Əsl musiqi isə illər, əsrlər uzunu yaşayır. Necə ki, xalq mahnılarımız, muğamımız, böyük bəstəkarlarımızın mahnıları yaşayır.

- Yaradıcılığınıza, fəaliyyətinizə dövlət diqqəti necədir? Niyə hələ də fəxri ada layiq görülməmisiniz?

- İşlədiyim qurum tərəfindən cənab nazirimiz Kəmaləddin Heydərov tərəfindən yubiley medalı, fəxri fərmanlarla mükafatlandırılmışam. Bir çox təşəkkürnamələrə layiq görülmüşəm. O ki qaldı fəxri ada, biz onun üçün çalışmırıq ki. Fəxri ad olsa da, olmasa da, vətənimizə, musiqimizə xidmət edirik. İnşallah, nə zaman layiq görərlərsə, o zaman da olar.

- Son olaraq planlarınızı bizimlə bölüşərsinizmi?

- Planlarımda yeni mahnılar, layihələr var. Amma gələcək üçün ən böyük planım, istəyim solo konsertdir. Təbii ki, qismət olarsa, onun da əsas hissəsi vətənpərvərlik mövzulu, milli ruhlu mahnılarımız olacaq.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2023.- 9 sentyabr.- S.20.