Sadiq bir məktuba
sözardı
Rəvan Cavid
Bu ilin Nobel mükafatlarının
veriləcəyi tarix açıqlanıb (2-9 oktyabr). Dünyanın
bir çox mədəniyyət saytlarında
Ədəbiyyat üzrə
Nobel mükafatının bu
il hansı
kriteriyalara əsaslanacağı
müzakirə olunur. Görünən odur ki, siyasi tərəflər,
üslublar və yeni dünyanın məngənəsində forma dəyişən
mövzular bu böyük mükafata həmişə təsir etdiyi kimi, bu
il də
təsir edəcək.
Sağçı-solçu davaları, estetlər və ənənəçilərin
ədəbiyyatın gələcəyi
haqqında tərəddüdləri,
süni zəkanın
tərəfdarları və
ədəbiyyatın sabahı
üçün qara-qara
düşünənlər, hələ də müqəddəs olan yazının gələcəyə
verdiyi ümidlərdən
bəhs edənlər
bir ay sonrakı elm və sənət bayramı haqqında proqnozlar verirlər.
Orta Şərqin
müharibələrə fasilə
verdiyi, Avropada raketlərin, dronların uçuşduğu, Qərbdə
məzənnələrin hər
on saatdan bir dəyişdiyi, Uzaq Şərqdə robotların
misirli qullar kimi çalışdığı
bir dövrdə yazılan hansı romanlar ədəbiyyatın
gələcəyini, sənətin
sabahını müəyyən
edəcək? Hansı yazıçı, Borxesin təbirincə desək, gələcək
üçün körpü
quracaq əsl sənət ağırlıqlı
romanlarını təqdim
edəcək Nobelə?
Ədəbiyyatın sabahının bu qədər məchul olduğu bir dövrdə yadıma
Pablo Nerudanın dostu Mayakovskiyə ölümündən
sonra yazdığı
məktub düşdü. İki solçu
şairi bir-birinə doğmalaşdıran təkcə
siyasi fikirləri deyildi, onların poeziyası da öz dövrünə görə əsl solçuluq nümayişi
idi.
Mayakovski ədəbiyyatın siyasətə qurban verdiyi növbəti fidan idi. Nerudanın həmin
məktubunu tərcümə
etmək istəyim ədəbiyyatın gələcəyinə
öz içimdə ümid səpmək ehtiyacındandı.
Qardaşım Mayakovski
Böyük ədəbi mübahisələrin
uzun müddət düşməni olduğumu
deməyə çalışmıram,
amma bu mübahisələrin
mənim mahiyyətim olmadığını da
etiraf edirəm. Ədəbi mübahisələrin
qızğın azarkeşiyəm.
Mənim
mahiyyətim isə şeirin özüdür.
Mayakovski haqqında mübahisəsiz
danışmaq çətin
olsa da, böyük şair bütün bunları aşıb göy üzünün sonsuzluğuna
bir qartal kimi yüksəlsə də, faydalı bir yaşamdan və şanssız ölümdən danışmaq
istəmirəm. Sevgiylə və sadə
tərzdə danışacağam
ondan.
Mayakovski Partiyanı və
işçi sinfi öz şeirlərində
birləşdirib bunlardan
böyük bir şeiriyyat yaradan ilk şairdir. Bu, inqilabdır
və bütöv ədəbiyyat sahəsində
Bodler, ya da Vitmanınkına uyğun bir dəstəkdir çağdaş
şeirə. Bu vəsiləylə də Mayakovskinin dəstəyinin
qurama yox, bir şair rəftarıyla
özünü göstərdiyini
vurğulamaq istəyirəm.
Məzmunundakı yeniliyi dərk
etmədikcə bu yeniliyin düşünməyimizə
göstərilən yad
təsirlərdən fərqi
yoxdur.
Mübarizənin əzabverici mövzuları,
qardaşlığının məğzi Mayakovsinin şeirlərində əsas
yoldur. Şeirlərində bu mövzular
əsrarəngiz silaha
çevrilər, sanki
qırmızı portağal
çiçəkləri açılır.
Bu, şeir siyasi
olmalıdır və
tərəf tutmalıdır
kimi anlaşılmasın,
ancaq Mayakovskini oxuyan gerçək şair həqiqi şeir yazmaq üçün qarşısındakı
yollardan ən uyğununu seçə biləcəkdir.
Mayakovski söndürülməsi mümkün olmayan bir atəşdir. Məhsuldar şairdir.
Mən bunu Federiko Qarsiya
Lorkada olduğu kimi sezirəm - şeirinin çatdığı
inkişaf nöqtəsinə
görə hələ
də yazılacaq, nəğmələri oxunacaq
bir xammala sahibdir. İntellektuallıqlarının ən pik nöqtəsində ölən
bu iki gənc
şair haqqında danışarkən onları
dağlar boyda divə bənzətməkdən
çəkinmirəm. Onları aça bilən açarlar yalnız özlərində idi və bizim şanssızlığımızdır
ki, bu açarlar
Rusiya və İspaniya torpaqlarında gömülüb.
Mayakovski sözləri riqqətə gətirən
şairdir. Onun poeziyası fosfor
kimi parlayan gözlənilməz şəkillərin
kataloqudur. Tez-tez hərəkət
edən və davakar, eyni zamanda
ən dərin insani duyğularla doldurulmuşdur. Şeirin həm
atası, həm də övladı olan Mayakovski sərt, həm də mehriban insandır.
Bütün bunlara onun satiraya
olan meylini də əlavə etmək lazımdır.
Mayakovskinin bürokratiyanı hədəf
alan tənqidləri
bu gün Rusiya səhnəsində uğurla sərgilənməkdədir.
Onun kiçik burjuaziyaya yönələn sancmaları
əzabvericidir və nifrətinin təzahürüdür.
Eyni dünyagörüşündə olmaya bilərik, bir sistemin insanları
kirlətməyinə qarşı
mübarizə apara bilərik, amma böyük satiriklər daima şişirdilmiş yazıblar. Məsələn,
Svift, Qoqol.
Sovet ədəbiyyatında həm
çox yaxşı,
həm də çox pis kitabların yazıldığı
qırx il
boyunca Mayakovski, mənim
fikrimcə, həmişə
inkişafda olan və təsiredici bir şair olmuşdur.
Onu ölkəmizin hər küncündən görə
bilirik. Bu gənc divin əllərini, ayaqlarını,
başını görürük.
O, bütün şəxsiyyəti
ilə, bədəniylə,
başıyla, əlləriylə
yazdı. Ağılla, incəliklə, mübarizəyə adanmış
bir əsgərin gücüylə yazdı.
Böyük qardaşımız Mayakovskinin
şeiriyyatı və
şəxsiyyəti önündə
əyilirəm.
Bənzərsiz nəğmələrini söyləyə
biləcəyi bu gündə xatirəsini bir gül, tək
bir qırmızı güllə anıram.
Pablo Neruda
Ədəbiyyatı yox etməyə
nəyin, kimin gücü
çatar? İnsanların odu kəşf etdiyi
gündən, qorxuya və zəfərə
ad tapdığı gündən var sənət. Dünya dəyişdikcə
sənət də, onun sərhədləri
də dəyişdi. Müharibələr, fəlakətlər
onu da bir
formadan başqa formaya saldı. Süni zəkanın
dünyanı lap əvvələ
qaytaracağı düşünülür.
Olsun, deməli, ədəbiyyat da öz əvvəlki
mahiyyətinə geri dönəcək.
Belə olmadığı halda isə o, yenə üfiqlərini genişləndirməklə
məşğul olacaq.
Mifləri
dinə, dinləri yenidən mifə, müharibələri nəğməyə,
siyasəti poeziyaya, həyatı bütün
çılpaqlığı ilə yazıya çevirən ədəbiyyat,
əlbəttə, robotlarla da eyni cür rəftar etməyi
bacaracaq. Ona lazım olan
isə gerçək silahdaşlardır. Ədəbiyyatdan, onun sonsuz dostluğundan
və əbədiyyətindən qorxmayan
fədailər.
525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.19.