Bir ovuc kül
Günel Mehri
1992-Cİ İLDƏ ATERK
FACİƏSİNDƏ İTKİN DÜŞMÜŞ
BAŞ LEYTENANT YUSİF QASIMOVUN HEKAYƏSİ
Söz vaxtına çəkər. Düz bir il
öncədir. Aterk faciəsi ilə
bağlı araşdırma edirəm. İlikləri
donduran dəhşətli faktlarla üz-üzəyəm.
Deməli, Kəlbəcərin, o vaxtkı dillə desək,
Aterk, indiki dillə desək, Həsənriz kəndində
mühasirəyə düşmüş onlarla əsgər və
zabitimiz yandırılaraq qətlə yetirilib. Amma
mühasirədən sağ-salamat çıxanlar belə
orada itkin düşənlərdən kiminin
öldüsünü, kiminin qaldısını dəqiq deyə
bilmir. Hadisədən 30 il keçsə
də, doğmalarının gözü yolda, qulağı səsdədir.
Bunları Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasında
danışırlar. Sonra məni
divarları boyunca qovluqlarla dolu rəflər
düzülmüş kiçik bir otağa dəvət edirlər.
Burada Qarabağ müharibəsi zamanı itkin
düşmüş insanlar haqqında əlifba üzrə
yerləşdirilmiş müəyyən qeydlər
saxlanılır. Qarşımdakı masada
Aterk itkinlərinin məlumatları qeyd olunmuş qalaq-qalaq
qovluqlar var. Hər qovluqdan 18-25 yaşlarında bir gəncin
siması boylanır. İlk qovluğu açıram: Yusif
Qasımov - baş leytenant. Fotoya baxınca ağlımdan
keçən ilk fikir: "Nə yaraşıqlı gəncdir..."
Məndə olan məlumata görə, Aterk faciəsində
gizir-zabit heyətindən iki-üç nəfər olub.
Digərləri əsgərliyə yenicə
göndərilmiş gənclərdir. Yusif Qasımovun
fotosunun yanında
telefon nömrəsi və
belə bir qeyd yazılıb: Xanım Qasımova -
anası... İlk dəfə müsahibimlə
telefon danışığı mənə çətin gəlir.
İllərin öyrətdiyi peşəkar soyuqanlılıq və içimi
ağrıdan insani duyğular mübarizə aparır:
"Görəsən, zəng edim? Bəs nə cür
sözə başlayım?.."Ani tərəddüd və uzun-uzadı fasilədən
sonra xəttin o başından eşidilən "Alo" sədası.
Udquna-udquna qalmışam. Kəlimələri
maqqaşla seçirəm:
- Salam,
Xanım müəllimə. Sizi televiziyadan
narahat edirəm. Aterk hadisəsi ilə bağlı...
- Salam,
qadan alım. Nə narahatlığı? Yaxşı ki, yada salmısız bu mövzunu.
30 ildir, balalarımızın adın tutan olmayıb... Adın nədir, a qızım?
Onun
şirin danışığı məni ürəkləndirir:
- Adım
Güneldir. Ssenaristəm. Aterklə
bağlı film işləyəcəm. Oğlunuza Allah
rəhmət eləsin... Onu da filmdə
işıqlandırmaq istəyirəm.
-
Günel balam, düzdür, diriyə də rəhmət var.
Amma Yusif şəhid deyil. İtkindir. Mən
onun cəsədini görməmişəm hələ...
Dilim
dolaşır:
- Hə,
düzdür... Anlayıram. Bəlkə
Gəncəyə gəlim, bu haqda üz-üzə rahat
danışaq? Nə deyirsiz?
- Gəl,
bala. Qapım-bacam Yusifi deyib gələn hər
kəsin üzünə açıqdır.
- Baş
üstə. İnşallah bir həftəyə
Gəncədəyəm. Ünvanı deyin, yazım...
Və yayın cırhacırında həmin filmin
yaradıcı heyəti ilə Gəncədəyəm. Dar bir həyətdən
keçib evə giririk. Gözləri nəmli,
ağzı dualı, əli təsbehli, qapqara hicaba
bürünmüş Xanım müəllimə -
sorağında olduğum Yusif Qasımovun anası əllərini
açıb əziz adamı kimi elə kandardaca məni
bağrına basır:
- Xoş
gəldin, qızım.
Nəmişlik qoxulu yarıqaranlıq otaqdır. Aterk faciəsindən 30 il keçsə də, ev hələ də yas
içindədir. Elə Xanım müəllimə
kimi. Otağın hər bucağından
Yusifin baxışları boylanır. Yer-göy
onun fotosudur. Masanın üstündə gənc
zabitin itkin xəbərini çatdıran saralmış qəzet
parçaları var. Xanım müəllimə oğlunun
adı keçən ən kiçik məqaləni də
üfürə-üfürə saxlayır.
Söhbətə haradan başlayacağımı bilmirəm. Nəfəsim
daralır. Bir yandan da bu isti... Xanım
müəllimə susqunluğumu görüb özü
söz açır. Masadakı
irili-xırdalı fotoları bircə-bircə göstərib
oğlunun qısa həyat yolunu nağıl edir. Arada sevincli bir xatirəni yada salır, siması bir
anlıq işıqlanır. O vaxt çöhrəsindəki
göz yaşı ilə ani təbəssüm arasında qəribə
bir təzad yaranır. Sonra işıq itir və siması
yenidən əvvəlki tutqun vəziyyətinə
qayıdır:
- Yusif
1968-ci ildə Gəncədə dünyaya gəlib. 18 nömrəli orta məktəbdə oxuyub. Məktəbi qurtarandan sonra Gürcüstanda hərbi
məktəbə qəbul olundu. Rusca
oxuyurdu. Həmişə deyirdim, görən
bu oxuya biləcək rusca? Əziyyət
çəkdi, amma oxudu. Üçüncü
kursda olanda bu tələbələrin əllərinə
dubinka verib özbəklərlə türklərin davasına
aparırlar. Orada bir cəddi ağır
türk seyidin evini özbəklər mühasirəyə
alıb yandırmaq istəyirlər. Oğlum
danışırdı ki, biz tez evə girdik, həmin seyidi
çıxaraq. O da üzümüzə baxdı, dedi
ki, məni sən çıxar. Sən azərbaycanlısan,
sənə etibar edirəm. Deyir, mat
qaldım ki, biz rusca danışırıq, Gürcüstandan
gəlmişik, hardan bildi ki, mən azərbaycanlıyam.
Sonra onu aramıza aldıq, evdən
çıxardıq. Təpənin
başına apardıq ki, vertalyot ilə yola salaq.
Ayrılanda o mənə balaca bir Quran kitabı verdi,
dedi ki, bu kitabı üstündə saxla, səni qoruyacaq. Qarabağ müharibəsinə ilk dəfə gedəndə
həmin kitabı özü ilə aparmışdı. Bu da olmuşdu 91-ci ildə. Onda təhsilini
bitirib leytenant kimi gəlmişdi Gəncəyə. Qazax tərəfdə güclü atışma
vardı. Onları həmin səmtə
aparmışdılar. Orda möcüzəli
bir hadisə olur. Ordan gələnlər
hamısı bundan danışırdılar. Deməli, Yusifə əsgərləri ilə birgə
gecələmək üçün boş bir məktəb
verirlər. Gecə yatanda yuxuda
atasını görür. Atası da 88-ci
ildə rəhmətə getmişdi. Atası yuxuda ona
deyir ki, dur, əsgərləri də götür, get burdan. Ayılır, görür ki, gecə saat 4-dür.
Bunlar da səhər saat 6-nın yarısı
dururmuş hər gün. Yenidən
yatır. Bir də eyni yuxunu görüncə
əsgərləri qaldırır ki, tez durun, getməliyik.
Hamısı deyinir ki, bizi niyə belə tez
durğuzursuz? Elə bir az
aralanırlar ki, bərk gurultu eşidirlər. Amma
nə baş verdiyini bilmirlər. Gəlib
posta çatanda hamı bunları qucaqlayır ki, çox
şükür, bunlar sağdırlar. Soruşurlar
ki, nə olub? Deyirlər ki, bəs siz olan məktəbi
bir az qabaq darmadağın ediblər. Gəncəyə qayıdıb gələndə
bunu həmin əsgərlərdən eşitdik ki, bizi Yusifin
yuxusu xilas etdi. Yoxsa, heç birimiz sağ qalmazdıq.
Amma bizə heç nə demirdi. Hətta döyüşlərin birində
ayağından yaralanmışdı. O yaranı belə
mən təsadüfən görmüşdüm. Mənə yalandan deyirdi ki, biz vuruşmuruq ki. Biz arxa cəbhədəyik. Eləcə
məşq edirik. Əsgərlərə təlim
keçirəm. Bu yaranı da təsadüfən
almışam. Sonralar eşitmişdim ki, hərbi
hissədə ona "Zakon Yusif" deyirlər. Soruşmuşdum, niyə belə? Demişdilər
ki, o, qayda-qanunla işləyir deyə...
- Bəs Aterkə getməyi barədə evdə nəsə
demişdi?
-
Qızım, 92-ci ilin martında Kəlbəcərə getdi. Ordan qayıtmağı bir ay çəkdi. Mayın 2-də ona baş leytenant rütbəsini
verdilər. Qayıdanda dedi ki, yenə gedəcəm Kəlbəcər
tərəfə 10 günlük. Onda
nişanlı idi. Toy eləmək
üçün yer tutmuşduq. Dedim,
bu dəfə də gec qayıtma. Bəs toy üçün
tarix danışmışıq. Dedi, narahat olma e, vaxtlı gələcəm.
Gələndə özümlə xeyir işim
üçün üç-dörd quzu da alıb gətirəcəm.
O tərəfin heyvanının əti qəşəng olur. Hə, elə getdi. Bir ay
keçdi, gördüm ki gəlmir. O sevmirdi mənim hərbi
hissəyə getməyimi. İyulun 19-u idi.
Ürəyim dözmədi.
Baldızıma dedim ki, get hərbi hissəyə,
Yusifdən bir xəbər öyrən. Baldızım gələndə
dedi ki, orda xəbər verdilər: "Yusif də, onunla gedən
uşaqlar da hamısı itiblər!" Dedim, necə yəni
itiblər? Sonra bunlarla orda olan baş
leytenantı tapdım. Dedi ki, Aterk kəndində
mühasirəyə düşmüşdük. Mən zorla qayıdıb gəldim. Heç kimdən xəbərim yoxdur. Sonra Yusifi çox axtardıq. Çox
yerə müraciət etdik. Gördüm
deyən olmadı. Oğlum 92-ci ildə
itkin düşsə də, şəhidlik statusunu qəbul edə
bilmirdim. Axırı 2006-cı ildə
gedib şəhidlik vəsiqəsi aldım. 2016-cı ildə də məni Bakıda tədbirə
çağırıb oğluma ölümündən sonra
"İgidliyə görə" medal verdilər. Allah qabağıma yaxşı adamlar da
çıxarır. Amma nə medal, nə heç kim oğlumun əvəzini verə bilməz. Min əziyyətlə uşaq böyüt, saxla,
axırı da belə. Deyiləsi dərd
deyil, a qızım. Ordan sağ qayıdan uşaqlar
vardı. Danışırdılar ki, dama
çıxmışdıq. Ordan
gördük ki, ermənilər mühasirədə girov
düşənləri kəndirlə böyük bir ağaca
sarıdılar. Sonra od vurub
yandırdılar. Amma əlimiz yalın idi.
Bir kömək edə bilmədik. Məsafə uzaq olduğu üçün kimləri
tutduqlarını da bilə bilmədik. Sonra
hərbi hissədən gətirib bir qutu qoydular
qabağımıza ki, övladınızın nə
ölüsü var, nə də dirisi. Eləcə
külləri qalıb. Bu qutudakı da
sonradan həmin yerdən qazılan küldür. Vəssalam. Sonra o qutunu aparıb
Bakıdakı Şəhidlər xiyabanında
basdırdılar. Üstünə də
bir abidə qoydular ki, bura Aterk şəhidlərinin məzarıdır.
Necə barışasan bununla?
Ağır bir sükut. İkimiz də susuruq.
Xanım müəllimə səsi titrədiyi
üçün daha danışa bilmir, boğazında
düyünlənmiş qəhəri nə qədər udsa
da, alınmır. Səsi əvvəl
boğulur, sonra qırılır. Dəsmalı
dodaqlarına sıxır, gözyaşları siması boyunca
cığırlar açır. Həmişə
düşünürdüm ki, ən çətin müsahibə
şəhid valideyni ilə olur. Sən demə, daha
çətini varmış... Doluxsunmuşam.
O deyir e, bir himə bəndəm. İçimdəki səs
isə dayanmadan pıçıldayır:
"Özünü ələ al". Onu
ağrılı keçmişinə qaytardığıma
görə vicdan əzabı çəkirəm. Sonra
düşünürəm: "Bu da bir təsəllidir. Görmürsən, qadın illərdən bəri
içində yığılıb şişmiş sözləri
havaya buraxmağa necə ehtiyac duyur? Bu fotoları, sənədləri
bir-birinə toxuyub sadaladıqca elə bil oğlunu tapır,
onu yenidən hiss edir..."
- Bir də, bir şeyə çox pis oluram, qızım. O deyirlər e, təzə şəhid, köhnə şəhid. Bax onu ürəyim heç cür götürmür. Şəhid - şəhiddir. Şəhidliyin tarixi olmur. Bizim uşaqlar 90-ların çətin vaxtlarında çantalarındakı bir qumbarayla düşmən üstünə gediblər. Bunu unutmaq olmaz axı... Ay qızım, niyə çayından bir qurtum almadın? O tort da ortada toxunulmadan qaldı ki...
Bir qarşımdakı naxışlı torta
baxıram, bir də Xanım müəllimənin bir-birini
ovuşduran barmaqlarına:
- Narahat
olmayın. İstidir. Çay içmək
olmur...
-
Qızım, mən şəhid analarına bir növ qibtə
edirəm. Onlar övladlarının cəsədini
görüblər. Qayda-qanunla torpağa
tapşırıblar, 40 gün yas tutub ehsan veriblər. Amma bizə - nə mənə, nə də Aterk
mühasirəsində itkin düşmüş 36 nəfərin
heç birinin ailəsinə bu, qismət olmadı. Ağlayıb qucaqlamağa bir qəbir
daşımız da yox. Nə olsun ki,
deyirlər, öldürüblər, yandırıblar.
Ortada cəsəd olmayanda barışmaq çox çətindir,
çox... Özümə təsəlli vermək
üçün Yusifin yekə bir şəklini
böyütdürdüm.
Küçəyə vurdurdum onu - su idarəsinin qabağına. İndi
o küçədən keçə bilmirəm, inanırsan?
Yolumu ayrı yerdən atıram. Ordan
keçəndə elə deyirəm, anan ölsün, Ay
Yusif...
Bu yerdə Xanım müəllimə susur. Artıq onun
yerinə çarəsizlikdən qopan
hıçqırıqları "danışır".
Nəsə demək istəyirəm təskinlik
üçün. Amma alınmır. Demək istədiyim sözlər beynimdə muncuq
kimi dağılıb səpələndikcə səpələnir
və mən onları tuta bilmirəm. Durub
qucaqlayıram onu bərk-bərk. Bəlkə
də, Yusif kimi, bəlkə də, Yusifin yerinə. Və
biz bir xeyli belə dayanırıq - səssiz və
sarmaşıq kimi... Gözlərimi
qaldırıram ki, Xanım müəllimənin
başının üstündəki divardan gənc zabitin
çöhrəsi mehriban-mehriban gülümsəyir.
Sentyabr, 2023
525-ci qəzet 2023.- 9 sentyabr.- S.18;19.