Milli pediatrlar məktəbinin
banisi
Azərbaycan tibb elmi tarixində neçə-neçə
qadın həkimlər
milli səhiyyəmizin inkişafı
üçün yol açmış, ilklərə
imza atmışlar. Bu
imzalar arasında öncə vətəndaşlıq
borcunu yorulmadan həyata keçirən, ömrünün böyük
bir hissəsini tibb elminin öyrənilməsinə,
gələcəyimiz olan
uşaqların şəfaya
qovuşmasına, ümumilikdə
xalqımızın sosial-rifahının
yaxşılaşdırılmasına yönələn ictimai fəaliyyətə həsr
etmiş akademik Adilə Namazova imzası xüsusi yer tutur.
Yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq, dünya şöhrətli
alim, elm təşkilatçısı kimi xatırlanan Adilə Namazova nümunə ola biləcək
bir ömür yaşayıb.
Bu gün tibb elmləri
doktoru, professor, Azərbaycan
Milli EImlər Akademiyasının
həqiqi üzvü,
SSRİ Tibb Elmləri
Akademiyasının müxbir
üzvü, Rusiya Elmlər Akademiyasınin üzvü, Əməkdar
elm xadimi, Dövlət
mükafatı laureatı,
"Şöhrət" və
"Şərəf" ordenli
Adilə Namazovanın
anadan olmasının
97-ci ili qeyd edilir.
Adilə
xanım Namazova hər kəsi heyran qoyan qabaqcıl
şəxsiyyət olub.
Alim vaxtını, biliyini
cəmiyyətin xeyrinə
təqdim etməyə
hazır olan böyük xeyriyyəçi
idi. O, milli genofondumuzun
sərvəti olan uşaqlarımızın sağlam
gələcəyi üçün
qəhrəmancasına mübarizə
aparırdı.
1926-cı
ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açan Adilə xanım uşaqlıq illərini belə xatırlayırdı: "Çoxuşaqlı
ailədə böyümüşəm.
Altı doğma bacı-qardaş idik, üçünü isə
atamgil himayəyə götürmüşdü, onlardan
ikisi qohum, biri isə tamamilə
yad idi. Mən doqquz uşaqdan ikincisi idim. Ailədə böyük olduğum üçün
əksər vaxtlarda ailənin ağırlığı,
uşaqlara qayğı
göstərmək böyüklərin
üzərinə düşürdü...
Beşinci bacım anadan olanda mən
5-ci sinifdə oxuyurdum.
Anam da tikiş fabrikində işləyirdi,
səhər saat 5-də
işə gedirdi. Buna
görə mən tezdən durur, uşağı yedizdirir, təmizləyir, bələyir
və qucağıma alıb aparırdım Bakıda, indiki Zabitlər evi ilə üzbəüz olan uşaq bağçasına... Qucağımda
uşaq, bir əlimdə portfel xeyli yol qət
etməli olurdum. Uşağı bağçaya
təhvil verib, məktəbə gedirdim. Dərsdən çıxandan
sonra evdəki işləri görüb,
axşam saat 5-də yenidən bacımı bağçadan götürməyə
gedirdim. Görünür,
ailədə olan çoxuşaqlılıq insanda
şüuru elə inkişaf etdirir ki, bir-birinə qayğı göstərmək lazım
olduğunu öyrənirsən...
Həkim olmaq isə mənim uşaqlıq arzum idi. İnsanlara qulluq etməkdən xoşum gəlirdi. İkimərtəbəli binada
yaşayırdıq, həyətimiz
ümumi idi. Qonşulardan kim xəstə olsa gedib deyirdim ki, mən sizə qulluq edimmi? Görünür, həkimlik
də, müəllimlik
də, mühəndislik
də insanın əvvəldən qazandığı
səriştəsidir. Ona Allah tərəfindən verilən
bir vergidir. Mən həkimliyi o vaxtdan seçdim".
Həkim
olmaq arzusu ilə gənc qız orta təhsilini
müvəffəqiyyətlə başa vurur və 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə
daxil olur. Gənc həkimin gələcəyini təyin
edən o gün yaxınlaşırdı. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq
məsləhətxanasının rəhbəri kimi çalışır. Fədakar
həkim təkcə doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində
peşəkarlığı və xəstələrinə
qayğıkeş yanaşması
ilə tanınır və sevilir.
Gələcəyin alimi bununla kifayətlənmir, bilik və bacarığını
daha da artırmaq, səhiyyənin inkişafına
öz töhfəsini
vermək üçün
təhsilini davam etdirir, elmi axtarışlara
başlayır.
Uşaqlarda ürək, qan-damar
sistemi xəstəliklərinin
öyrənilməsi, profilaktikası
və səmərəli
müalicə üsullarının
tədqiqi ilə məşğul olan Adilə xanım yüksək nəticələr
əldə edərək
aspiranturaya qəbul olunur. Təhsil aldığı illərdə
gənc aspirant tədqiqatında
yeni kompleks elektrofizioloji
üsullardan istifadə
edərək ilk dəfə
uşaqlarda revmatizmin fəal mərhələsində
ürək və qan-damar sisteminin funksional vəziyyətini aydınlaşdırır və
rasional müalicə üsullarını təklif
edir.
Elmi fəaliyyətini uğurla
davam etdirən Adilə Namazova keçmiş SSRİ Səhiyyə
Nazirliyinin Moskva Mərkəzi
Həkimləri Təkmilləşdirmə
İnstitutunun Elmi Şurasında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqat işini müdafiə edir. Adilə xanım Namazova 1954-cü ildən etibarən Moskva şəhərində
sovet pediatriya elminin dahisi, akademik G.N.Speranskinin
rəhbərliyi ilə
elmi iş üzərində çalışmaqla
yanaşı, onun başçılıq etdiyi
uşaq xəstəlikləri
kafedrasında işləyir.
Üç il sonra vətənə qayıdan
gənc alim Tibb İnstitutunun Pediatriya kafedrasında assistent kimi işə başlayır. Hərtərəfli
biliyi və geniş dünyagörüşü
ilə qısa müddətdə bu ali məktəbin professor-müəllim heyətinin və tələbələrinin
rəğbətini qazanır.
Pediatr
alim yeni axtarışlar aparmaq
amalı ilə keçmiş SSRİ Tibb
Elmləri Akademiyasında
akademik B.V.Petrovskinin
klinikasında doktorluq
dissertasiyası üzərində
çalışmaq məqsədilə
yenidən Moskvaya yollanır. Yenilikçi
alim hələ o zamanlar
müalicəsi ümidsiz
hesab olunan uşaqlarda anadangəlmə
ürək qüsurları
ilə bağlı sanballı elmi tədqiqatlar aparır və cərrahi müalicə üsullarını
işləyir, eyni zamanda fəsadların qarşısını almaq
tədbirlərini təklif
edir. Ümidverici nəticələrinə görə,
azərbaycanlı pediatra
SSRİ Dövlət Kəşf
və İxtiralar Komitəsi tərəfindən
təsdiq edilən 5 ixtira vəsiqəsi verilir.
Alim tədqiqatlarının nəticəsini
tətbiq etməklə
uğurlu ürək cərrahi əməliyyatları
həyata keçirir və 1965-ci ildə İ.Seçenov adına I Moskva Tibb İnstitutunda doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. Beləliklə, Adilə xanım Namazovanın adı səhiyyə tariximizə
pediatriya üzrə tibb elmləri doktoru adı alan ilk azərbaycanlı qadın kimi yazılır. Alim bir il sonra professor elmi adını qazanır. Dünyanın məşhur
tibb alimlərinin məktəbini keçərək
həkim, klinisist, pediatr alim kimi püxtələşən Adilə
xanım Bakıya qayıdır və Azərbaycan Tibb İnstitutunda kafedra müdiri kimi çalışır.
Adilə
xanım bilik və bacarıqlarına, zəngin təcrübəsinə
ehtiyac duyulan bütün sahələrdə
faydalı olmağa çalışırdı. Gənc
təbibi ölkəmizdə
pediatriya elmi məktəbinin olmaması
problemi uzun müddət idi ki, narahat edirdi. Bu məqsədlə alim Azərbaycanda
ilk dəfə E.Əfəndiyev adına
2 saylı şəhər
xəstəxanasında xüsusi
biokimyəvi laboratoriya
və ürək, tənəffüs sisteminin
funksional fəaliyyətini
müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri, tələbələri
mərkəzdə elmi
fəaliyyətə cəlb
edir. Bununla Azərbaycanda yeni pediatriya
elmi məktəbi formalaşmağa başlayır.
Həmin
tarixi ərəfədə
Ulu öndər Heydər
Əliyevin ölkə
rəhbərliyində olduğu
müddətdə Azərbaycanda
həyat ritmi müsbət yöndə dəyişməkdə idi.
O zaman səhiyyənin inkişafı
qarşısında duran
vəzifələrdən biri
kadrların təkmilləşməsi,
səhiyyə müəssisələrində
çalışacaq yüksək
ixtisaslı tibb personalının və təbabət sahəsində
araşdırma aparacaq
gənc tədqiqatçıların
hazırlığı idi.
Bu məqsədlə SSRİ-nin qabaqcıl tibb təhsili müəssisələrində həkimlərin hazırlığına,
gənc azərbaycanlı
alimlərin öz elmi fəaliyyətlərini
davam etdirməsinə
böyük əhəmiyyət
verilirdi. Heç də təsadüfi deyil ki, Adilə xanım Namazova da səhiyyə sahəsindəki
xidmətlərinə və
tibb elminə verdiyi töhfələrinə
görə 1971-ci ildə
keçmiş SSRİ Tibb
Elmləri Akademiyasının
müxbir üzvü seçilən ilk azərbaycanlı
qadın alim olur.
Ulu öndər Heydər Əliyev akademik Adilə Namazovanın fəaliyyətini hər
zaman yüksək qiymətləndirirdi,
onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı.
Bir zamanlar Heydər Əliyev ölkəmizdə
səhiyyə sahəsində
çatışmazlıqlarla bağlı bəzi məsələlərin həlli
məqsədi ilə Adilə xanımla görüşdə onun fikirlərini öyrənmişdi.
1976-cı ildə olan
görüşdə akademik
müəyyən tibbi
elmi istiqamətlərdə
tədqiqat aparacaq elmi dərəcəli mütəxəssislərin olmamasını,
tibb üzrə elmi-tədqiqat institutlarının
aşağı kateqoriyalı
olduğunu əsas problemlər kimi Heydər Əliyevin diqqətinə çatdırır.
Ulu öndər hər
iki məsələnin
həll üçün
təcili və ciddi tapşırıqlar verir.
Akademik Adilə Namazova xatirələrində bildirirdi
ki, onun kadr hazırlığı sahəsində
gərgin fəaliyyətinə
akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.
Adilə
xanım praktik həkimlik fəaliyyəti
ilə yanaşı, durmadan elmi araşdırmalarını
davam etdirirdi. Odur ki, SSRİ-nin süqutundan sonra da həmyerlimizin elmi nailiyyətləri yüksək
qiymətləndirilir, o, Rusiya
Tibb Elmləri Akademiyasına üzv seçilir. 1981-ci ildə
elmi fəaliyyətinə
və beynəlxalq miqyasda yüksək ixtisaslı kadrların yetişdirilməsində göstərdiyi
əməyə görə
Əməkdar elm xadimi
fəxri adına,
1982-ci ildə Azərbaycan
pediatriya elminin inkişafında verdiyi ciddi töhfələrə
görə Azərbaycan
Respublikasının Dövlət
Mükafatına layiq görülür.
Öz sahəsini sevməsi və elmə bağlı olduğu qədər ölkəmizin
ictimai həyatında
da yaxından iştirak
edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının
sədri, 1973-cü ildə
isə SSRİ Uşaq
Həkimləri Cəmiyyəti
İdarə Heyətinin
üzvü olur.
1995-ci ildə Türkdilli
Ölkələrin Pediatrlar
Assosiasiyasının vitse-prezidenti,
Ümumdünya Pediatrlar
Assosiasiyası İdarə
Heyətinin üzvü
seçilir.
Adilə
xanım uzun illər Azərbaycan
Respublika Qadınlar Cəmiyyətinin
və Sovet Qadınları Komitəsinin
Rəyasət Heyətinin
üzvü kimi bu sahədə geniş fəaliyyət göstərir, tez-tez qadınların, uşaqların
vəziyyəti haqqında
çıxışlar edərək
hökumətin, parlament
üzvlərinin diqqətini
həmin problemə yönəldir.
O,
1994-cü ildən etibarən
uzun müddət Azərbaycan Respublikası
Ağsaqqallar Şurasının
İdarə Heyətinin
üzvü olur.
2002-ci ildə Azərbaycan
Respublikası Uşaq
Fondunun həmsədri
seçilir.
Adilə
xanım 350-dən çox
məqalənin, 30-dan çox
monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin müəllifidir.
Ömrünün 70 ilə yaxın
bir dövrünü səhiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində
yeni həkim nəslinin,
yüksək ixtisaslı
tibb mütəxəssislərinin
yetişdirilməsinə həsr
edən pediatr alim bu yolda səmimiyyətlə,
ardıcıl və yorulmadan fəaliyyət göstərib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi
olan 60-dan çox alim
təkcə Azərbaycanda
deyil, bir sıra xarici ölkələrdə də
həkimlik və elmi fəaliyyətlərini
uğurla davam etdirirlər, tibb elmimizin fəxri kimi səhiyyənin inkişafına dəyərli
töhfələr verirlər.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə
və xidmətlərinə
görə Ulu öndər
Heydər Əliyevin sərəncamı ilə
1996-cı ildə "Şöhrət"
ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
sərəncamı ilə
"Şərəf" ordeni
və Azərbaycanda tibb elminin inkişafında
roluna, tibb kadrlarının yetişdirilməsində
uzunmüddətli səmərəli
fəaliyyətinə görə
"Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Üç il bundan əvvəl,
dekabrın 16-da dünyasını
dəyişən tanınmış
elm xadimi, ictimai xadim, minlərlə anaya körpələri ilə birlikdə şəfa verən təbib Adilə Namazovanın əziz xatirəsi onun elmi məktəbini keçmiş böyük
bir həkim nəslinin və həyat verdiyi minlərlə insanın xatirəsində daim yaşayacaq.
Təranə TAĞIZADƏ
Azərbaycan Pediatrlar Assosiasiyasının
sədri, tibb üzrə fəlsəfə
doktoru
525-ci
qəzet.- 2023.- 9 sentyabr.- S.17.