Həyat riyaziyyat deyilmiş, ədəbiyyatmış
Esse
Nailə
Əliyeva. Gənclik illəri doxsanlara təsadüf edənlərə
bu ad tanışdır.
Qısa bir zamanda məşhurluq qazanan, zərifliyi, özünəməxsus ifa
tərzi ilə tanınan bu müğənninin "Qəm
eləmə", "Sənsiz",
"Əsmə, küləyim"
kimi mahnıları bu gün də
sevənlərinin əzbərindədir.
Təəssüf ki, Nailə Əliyevanın
yaradıcılıq fəaliyyəti
doxsanlardan bu yana keçmədi. Anidən qeybə çəkilən müğənninin
harada olması indi də bir
çox dinləyicisini
maraqlandırır.
Bu suala cavab tapmaq
üçün bir müddətdir, müğənninin
axtarışına çıxmışdım.
Nəhayət, soraqlaşa-soraqlaşa
bir yaxınının
telefon nömrəsini
tapa bildim. Nə qədər dil töksəm də, dedi ki, o, müsahibə verməyəcək: "Nailə
xanım yaxşıdır,
çox gözəl də həyatı var. Ailəsi ilə xoşbəxt yaşayır.
Biz onun sənətini
davam etdirməsini çox istəyirdik. Ancaq özü bunu istəmədi. Biz də onun seçiminə
hörmətlə yanaşdıq.
Eyni anlayışı
sizdən gözlədiyimiz
üçün deyim
ki, Nailə xanım illərdir, müsahibə
vermir..."
Buna bənzər daha bir neçə cümlə... Əslində,
bu axtarışda məni müsahibədən
çox, sevdiyim sənətçinin taleyi
maraqlandırırdı. Bir dinləyici marağı ilə sualıma cavab tapmışdım. Müsahibə vermək istəməyəcəyini əvvəlcədən
təxmin etdiyimdən
o qədər də məyus olmadım. Məni çaşdıran
yaxınından göndərdiyi
ismarıcda bir neçə dəfə təkrarlanan "Xoşbəxtdir,
çox xoşbəxtdir"
sözləri oldu.
Əlbəttə, o xanımın xoşbəxt
olmasında qeyri-adi heç nə yoxdur. Təki olsun da. Məni maraqlandıran tamam başqa məqam idi. Əlli cür internet kanalının,
sosial şəbəkənin,
bir sözlə, məşhurluğu bunca asanlaşdıran vasitələrin
olmadığı bir
dövrdə məşhur
olmaq, sevilmək, çoxlarının arzuladığı
pilləyə gəlib,
anidən də o pilləni öz istəyinlə tərk etmək və buna rəğmən, xoşbəxt
olmaq...
Xoşbəxtlik deyilən şey
nədirsə, onu bizə düzgün başa salmayıblar.
"Həyat riyaziyyat deyil ki, hamı eyni düsturla yaşasın". Bir rəfiqəmin
sözüdür. Bilmirəm,
bəlkə heç onun da sözü deyil, başqasınındır.
Hər nəysə, mən ondan eşitmişəm. İndi bu
əhvalat rəfiqəmin
tez-tez mənə dediyi o ifadəni xatırlatdı, daha doğrusu, həmin fikrin üzərində qurulan həyatını.
Rəfiqəm Daşkəsəndə yaşayır. Ailəlidir,
bir qızı var. Özü ədəbiyyat
müəllimidir, yoldaşı
işıq idarəsində
işləyir. Rayon mərkəzində
ikiotaqlı evləri,
ortabab bir maşınları var. Hər
həftəsonu bu maşın onları harasa aparır. O haralar da çox vaxt sıradan bir park, yaxud qonşu rayonlardan biri olur.
İşimiz insandan keçir.
Bu səbəbdən illərdir,
müxtəlif sahələrdə
çalışan, fərqli
sosial siniflərdən
olan xeyli insan tanımışam. Fəqət onların həyatına, yaşantılarına,
lap elə istirahət
şəkillərinə həmin
rəfiqəmin sıradan
bir parkdan paylaşdığı şəkil
qədər maraqla baxmamışam. Çünki
bilirəm ki, o şəkillərdən
gülən rəfiqəmin
sevinci saxta deyil, həqiqidir. Digərləri haqqında
isə bu qədər əmin danışa bilmərəm.
Dediyim kimi, o xoşbəxtlik nədirsə, onu bizə başqa cür sırıyıblar.
Kimi şan-şöhrət deyib, kimi pul-para.
Kimi güc, kimi də dərvişvari həyat. Əlqərəz,
bu mücərrəd anlayışın o qədər
konkret təriflərini
eşitmişik ki. Fəqət
özümü dərk
edəndən bəri
mənim üçün
xoşbəxtlik sözünün
tərifi dinc həyat tərzi olub. Elə o rəfiqəm kimi ucqar bir rayonda
sakitcə yaşamaq. Səhər sevdiyin işə gedib, axşam sevdiyin adamın yanına qayıtmaq. Səni başa düşən bir adamla birlikdə
qocalmaq...
Mən
o qızı tələbəliyimdən
tanıyıram. Elə
o vaxtdan savadlı, bacarıqlı, üstəlik,
istedadlı qız idi. Mətn duyumu, zəngin ədəbiyyat bilgisi ilə hamımızdan seçilirdi. Əvvəl
bir-iki cızma-qara da elədi. Üç-beş
redaksiyadan "yox"
cavabı alandan sonra fikrindən daşındı. Hamı
"Səfillər" yaza
bilməz ki. Kimsə də onu oxuyub-oxutdurmalıdır,
ya yox?" deyib oldu ədəbiyyat
müəllimi. Əslində,
bu seçimlə də sevginin obyekti dəyişmirdi, yenə mövzu ədəbiyyat idi, ədəbiyyata sığınıb,
bir tikə çörəyini də
ədəbiyyatdan umurdu.
Deyirlər, istedad həm mükafatdır, həm də cəza. Görünür, onun mükafatı cəzaya çevriləcək qədər
ağır deyildi. İstedad qədərindən
çox olsa, imkan verərdimi ucqar bir rayonda
dinc yaşayasan? Əsla yox. İstedadlı adamların
çoxu yolun harasındasa "Don Kixotluq"
iddiasına düşüb.
Mənim
rəfiqəm ağıllı
idi, heç girmədi bu yollara. İllərdir, ədəbiyyatdan götürdüyü
bir ovuc odun istisinə qızınır. Nə vaxtsa kitablarından pul qazanmaq arzusunu
ayın axırı müəllim maaşını
gözləməyə dəyişdi.
Nə həyatından,
nə də dolanışığından narazıdır.
Bilirsən, əziz oxucu, mən səfaləti romantikləşdirən adamlara
heç vaxt inanmamışam. Onlar bizi aldadır, vallah, billah aldadır. İnsan qızdırma içində
yanan balasına dərman ala bilmirsə, nə xoşbəxtlik? Bəlkə öz arzularını mərdimazar
taleyin yazısına qurban verə bilərsən, amma taleyinə səninlə yol getmək yazılanları düşünməyə
məcbursan.
"Kasıblıq təkcə
ona görə pis deyil ki, sən
istədiyini ala bilmirsən,
daha çox ona görə pisdir ki, istədiyini verə bilmirsən".
Bu mövzuda demək istədiyim xeyli sözün yerinə İlqar Kamilin bir bu cümləsini
desəm, kifayətdir,
məncə.
Əziz
oxucu, təəssüf
ki, mən saxtakarlıq
edib düşündüyümün
əksinə olaraq kasıblığın gözəl
məziyyətlərindən sənə leksiya oxuya bilmirəm. Buna görə məni bağışla. Amma məndən
tam əlini də üzmə. Çünki
mən pulun hər şey olduğuna inanan adamlardan deyiləm, heç onun çox şey olduğuna da inanmıram. Çünki puldan gözləntim böyük
deyil. Dost yanında utandırıb, düşmən
qapısına aparmayacaq
qədər olsa, bəsimdir. Artığında
gözüm yoxdur. Vallah...
Nazim Hikmət demiş "Esas olan sadece
yaşamak değil, insana yakışır şekilde ve onurlu yaşamaktır. Teslim olmadan, boyun eğmeden, sürünmeden, el-etek öpmeden yaşamaktır".
Mənim
o rəfiqəm də
gözütox adamdır.
Bir müəllim maaşına
sığdıra bilir
arzu-istəyini.
Hərənin bu həyatda bir missiyası var. Elə adam var ki, adi həyatlarda istəsə də, xoşbəxt ola bilməz.
Belə adamlar şan-şöhrət, liderlik,
güc üçün
yaranıblar. Nə qədər dinc həyatları olsa da, gözləri həmişə
çata bilmədikləri
zirvələrdə qalacaq.
Bir də zirvələrdə
gözü olmayan, xoşbəxtliyini yamaclarda
tapanlar var. Mənim rəfiqəm kimi adamlar.
Bəlkə də beş-on
il öncə o müğənnini
də, rəfiqəmi
də məğlub adam hesab edərdim.
İndi isə elə
düşünmürəm. Əminəm ki, bundan sonra da onlar kimi adamlar tanıyacağam.
Elə adamlar ki, öz hekayələrini özləri bildiyi kimi yaşayırlar.
Məncə də, həyat riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı. Deyəsən, həyat daha çox ədəbiyyatdır, ömür də öz hekayəni yazmaq üçün sənə verilən beş-on vərəq. O vərəqləri özgələrin düsturları ilə korlamayın. Heyifdir.
Aytac
SAHƏD
525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.15.