CƏHƏNNƏMƏ
GÖNDƏRİLƏN BOMBA
O gün o sözləri Heydər Əliyev balaca bir otaqda
Azərbaycanın 5 seçmə
övladına, 5 qələm
sahibinə söyləsə
də, əslində bu, bütün millətə deyilən sözlər idi. Çünki bir neçə saat sonra həmin görüşdən evlərinə
qayıtmış Bəxtiyar
Vahabzadə də, Anar da, Qabil də, Hüseyn Abbaszadə də, Fikrət Qoca da xalqla bərabər ekranlardan həmin söhbəti əvvəldən-sona
seyr edib dinləyəcəkdilər.
1999-cu il noyabrın 10-u idi və Heydər Əliyev məkrli siyasətlərin Azərbaycanı
düçar etdiyi ən kor düyündən
danışırdı: "Mən Dağlıq Qarabağ muxtariyyətinin
1923-cü ildən yaranmasının
tarixini çox yaxşı bilirəm.
1923-cü ildə Dağlıq
Qarabağa muxtariyyət
verilməsi Azərbaycanın
başına bir bəla olub, bilin. Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın
rəhbərləri çalışıblar
və nəhayət
ki, nail olublar o, Azərbaycanda
qalsın. Qalmalı idi, amma muxtariyyət
yox.
1923-cü
ildə verilən o muxtariyyət Azərbaycanın
içinə qoyulmuş
bir bombadır, nə vaxtsa partlamalı idi".
Yada salırdı, hələ
Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
olduğu, respublikaya Vəli Axundovun başçılıq etdiyi
vaxtlarda bu məsələ iki dəfə qaldırılıbmış
və qarşısını
da çətinliklə alıblarmış.
Xatırladırdı ki, ildə
bir-iki dəfə Ermənistanın SSRİ-də
və dünyada tanınmış 100-150 şəxsi
məktub imzalayır,
Kremlə müraciət
edirlərmiş ki, Dağlıq
Qarabağı Ermənistana
vermək lazımdır.
Bu təxribatlar sırasından
birinin heç kəsə bəlli olmayan təfərrüatları
haqda isə belə deyirdi: "1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olunmuşdu, sədri Brejnev idi, biz də üzv idik, mən də Azərbaycanın nümayəndəsi idim. Vaxtaşırı komissiyanın
müzakirələri keçirilirdi.
Bu iclasları da o vaxt
Mərkəzi Komitənin
katibi akademik Boris Ponomaryov aparırdı. Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə Moskvaya, komissiyanın iclasına getmişdim. Gördüm,
xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın
tərkibindən çıxarıb
Ermənistana vermək
lazımdır. Baxdım
ki, bu Ponomaryov və onunla müttəfiqlik eləyən
ermənilər deyir, bunu komissiyanın müzakirəsinə qoymaq
lazımdır. Elə
bu faktın özü ki belə məsələ komissiyanın
müzakirəsinə buraxılsın,
bunun özü nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq buna nə qədər etiraz elədim, gördüm yox. Yenə də getdim rəhmətlik Brejnevin yanına, dedim, bu nədir,
belə şey ola bilməz! Götürdü
telefonu, Ponomaryova zəng vurdu ki, çıxar onu".
Bu sözləri yazı olaraq qəzetdən, kitabdan oxumaq bir başqa, Heydər Əliyevin öz səsində, öz dilindən eşitmək bir ayrı. Brejnevin adını çəkəndə
səsinin dəyişən
tonunda bir ehtiram hiss olunur. Və arxada qalmış sovet tariximiz haqda çox bilgilərim dərinləşib dəqiqləşdikcə
daha artıq anlayıram ki, Heydər Əliyev Leonid İliçə
bu cür sayğılı yanaşmasıyla
nə qədər haqlıymış!
Həmin
gün, Heydər Əliyevin 1999-cu ilin noyabrında yazıçılarla
o görüşü çoxdan
yaddan çıxıb
gedib, həmin görüşdəkilərdən də təkcə 85-ni bitirib ömrünün
86-cı ilini yaşayan
(çox yaşasın!)
Anar sağdır.
İndi dünənlərdəkinə nisbətən yazılanları
oxumağa maillik lap azalıb, el sözü, heç kəs heç kəsin kitabını oxumur. Amma bu oxumamaqlıq Millətin Kitabına heç vəchlə aid edilə bilməz. Millət Kitabına bağlı hər səhifəni gərək oxumaqdan, öyrənməkdən bilmərrə
usanmayaq!
O gün Heydər Əliyev yazıçılara
masasının üstündəki
- Moskvada təzə çapdan çıxmış
kitabı, SSRİ-nin
son rəhbəri Mixail
Qorbaçovun köməkçisi
olmuş Anatoli Çernyayevin
"1991-ci il: SSRİ Prezidenti köməkçisinin gündəliyi"
(1991 qod: Dnevnik Prezidenta SSSR. İzdatelğstvo
Terra. Moskva, 1997) adlı memuarlar
toplusunu göstərərək
demişdi ki, bu, Qorbaçovun ən yaxın adamı idi, bu gün
də onun yanındadır, yazır
ki, filan gün (həmin kitabdan tarixi dəqiqliyi ilə verirəm: 9 oktyabr 1988 - R.H.) biz səhər
Şahnazarovla (Georgi Şahnazarov
əslən Bakıda
yaşayan Qarabağ ermənisi idi, o dövrdə Mixail Qorbaçovun müşaviri
işləyirdi - R.H.) bərabər
getdik Qorbaçovun iş otağına. Qorbaçov Şahnazarovu qucaqlayıb öpdü və 64 yaşı münasibətilə onu təbrik etdi. Sonra Dağlıq Qarabağ məsələsi barəsində
söhbət getdi. Dedik, bəs nə olacaq? Qorbaçov da dedi ki, tədbirlər görürəm,
Azərbaycan belə eləyir, Ermənistan elə eləyir. Sonra soruşduq ki, bəs Əliyev? Burada yazılıbdır, Qorbaçov
deyir ki, eşib axtarırıq, çox güclü şəkildə
axtarırıq və
Əliyev barəsində
elə materiallar çıxaracağıq ki, Rəşidov
haqqındakılardan daha
pis olacaqdır".
Bu, tarixdir. Özləri yazıblar, özləri təsdiqləyirlər ki, Heydər
Əliyevə qarşı
mübarizə erməniçiliyin
Dağlıq Qarabağı
ələkeçirmə qəsdi
və layihəsinin mühüm tərkib hissəsiymiş.
SSRİ-nin çox liderləri oldu. Lenindən Qorbaçovadək
davam edən 70 illik vaxt kəsiyində
Azərbaycana da, türk-müsəlman
respublikalarına da münasibətin
yaxşılığı baxımından ən gözəl dövr məhz Leonid Brejnev illəridir. Siyasi Büroda 3 türk eyni vaxtda başqa
haçan təmsil olunmuşdu ki? Azərbaycan
üçün də
Kremldən qapılar heç vaxt Brejnev əyyamlarındakı
kimi bütün istiqamətlərdə genişliklə
açılmamışdı.
1967-ci ildə Moskvadan Bakıya Dağlıq Qarabağın Ermənistana
verilməsi ilə bağlı məsələni
Azərbaycan və Ermənistan Mərkəzi
komitələrinin öz
aralarında müzakirə
edib qərar qəbul etməsi göstərişi ilə
məktub gələndə
də yenə kömək əlini uzadıb aparatdakıların
qurduğu tələni
qıran Leonid Brejnev idi. Heydər Əliyev dəqiqləşdirirdi:
"Bu nə deməkdir?
Deməli, Azərbaycanın
məsələsini həll
etməyi Ermənistana
tapşırırdılar. Oturduq, məsləhətləşdik.
Mən Vəli Axundova dedim ki, siz Moskvaya getməli
və Brejnevlə görüşməlisiniz. Getdi
və Brejnevi başa saldı. Brejnev anladı və özü o qərarı ləğv etdi".
Bunları yeri gəlmişkən
o səbəbdən yazır
və Brejnevin şəxsiyyətinə diqqəti
ona görə yönəldirəm ki, bu sovet liderinin ömrünün son illərindəki
xəstəhal vəziyyətinə
görə onu lətifə qəhrəmanına
çevirib ardınca
danışanlara heç
bənd olmayasınız.
Millətimizə, Azərbaycanımıza
yaxşılıqları dəymişlərə
münasibətdə nankorluq
bizə qətiyyən
yaraşmaz. Çənəsi
və vücudu laxlasa da, başı axıracan dəqiq işlədi (bunun canlı şahidlərdən
eşidib sənədləşdirdiyim
neçə sübutu
var), o boyda dövləti
də son gününəcən
öz üslubunda sapıntısız idarə
etdi və hakimiyyəti dönəmində
də kənar təsirlərə uymadan respublikamıza sabit müsbət münasibət
bəslədi.
Brejnevin
də, sovet dövlətinin də artıq ötüb keçilmiş dünən
olduğu çağlarda
qədirşünas Heydər
Əliyevin bu adamın adını çəkərkən sövqi-təbii
səsindən keçən
məhrəm və hörmətcil ahəngi mən yaxşı anlayıram, tam haqlı sayıram.
...1973-cü
ildə "bomba"nın
- Dağlıq Qarabağ
Muxtar Vilayətinin sakit vaxtlarıydı. Bombalığında qalmağına
qalırdı, ancaq daha 1960-cı illərin sonlarında, ya 1980-ci illərin axırlarında
olduğu kimi xoruzlanmırdılar. Bunun əsas
səbəblərindən biri
o idi ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən
sonra çoxistiqamətli
iş aparılırdı,
onların buynuz çıxartmalarına macal
verilmirdi. Bu, yalnız
müqtədir bir dövlət xadiminin səriştə ilə apardığı siyasi xətt deyil, həm də fitri istedadlı kəşfiyyatçının aşağıdan və yuxarıdan diş qıcadan bir sürü hiyləgər
düşmən əhatəsində
ən xırdaca səhvə yol vermək ixtiyarı olmadan apardığı çoxillik əməliyyat
idi.
O xəttin hansı incə siyasətlə yürüdüldüyünü illər sonra Heydər Əliyev özü belə nəql edirdi: "Dağlıq Qarabağ həmişə Azərbaycanda
xüsusi bir statusa malik idi və həmişə də Ermənistana daha çox tabe idi, nəinki
Azərbaycana. Mən işlədiyim zaman bir çox tədbirlərin nəticəsində bu vəziyyəti dəyişdirdim.
Məsələn, mən
oraya dəmir yolu çəkdirdim. Sonra
mən burada olmayanda bəzi adamlar məni günahlandırırdılar ki, Heydər Əliyev niyə ora dəmir
yolu çəkdirdi. Dəmir yolu Ağdama qədər gəlmişdi, buradan da ora 11 kilometr dəmir yolunu çəkmirdilər. Bu nə
demək idi? Onların əlinə əsas vermək idi. Bir neçə fabrik tikmişdik. Dedilər ki, institut açaq, açdıq, amma o şərtlə açdım ki, orada erməni, rus fakültələri ilə
bərabər, Azərbaycan
fakültəsi də
olsun. Bu şeylərlə
mən onların Azərbaycana bağlılıqlarını
müəyyən qədər
təmin edirdim və mənim orada təsirim çox böyük idi".
Dağlıq Qarabağla əlaqədar
erməniçiliyin də,
sərhədlərin qapalı
olmasına rəğmən,
elə sovet dövründə də xaricdəki lobbinin təsiri altında olan Ermənistanın da, Moskvadakı erməniyəmail
qüvvələrin də
siyasəti ondan ibarət idi ki, hələlik Azərbaycanın
tərkibində olsalar
da (ona görə hələlik ki, onlar özlərini inandırmışdılar
- geci-tezi var, buranı
da Zəngəzur kimi Azərbaycandan qoparmağı
bacaracaqlar), imkan daxilində Azərbaycanla bağlılıqları daha
da azalsın, vilayətdə
erməniləşmə və
Ermənistana yaxınlaşma
xətti bir qədər də dərinləşsin. Heydər
Əliyevsə bu erməni xülyasının
həm tərsinə,
həm avandına aşina olduğundan Birinci katibliyə gələndən sonra iki əsas istiqamət
götürmüşdü: bir tərəfdən Dağlıq Qarabağı
hər yöndən Azərbaycana daha çox bağlamaq, bölgəni hər səmtdə Bakının
nəzarətinə daha
çox salmaq, digər yandan da oranın təminatı və inkişafı üçün xüsusi
qayğı göstərməklə
bərabər, vilayət
üzərində rəsmi
Bakının hökmünü
artırmaq, bunu oradakılara da, onların
qıraqdakı yiyələrinə
də açıq şəkildə qandırmaq.
1973-cü
ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil
edilməsinin 50 ili tamam olurdu və
Azərbaycan KP MK-da bununla
bağlı müfəssəl
layihə hazırlanırdı.
Ancaq eyni vaxtda Dağlıq Qarabağı zağ-zağ
əsməyə vadar
edən, həbslər
və cəzalandırmalarla
müşayiət edilən,
onlara Heydər Əliyevin sərt çöhrəsini də
göstərən ayrı
qərara da hərəkət
verilmişdi.
1973-cü
il aprelin 3-də Azərbaycan
KP MK Bürosunun qəbul
etdiyi "Dağlıq
Qarabağ Muxtar Vilayəti partiya təşkilatlarının qanunçuluğu
və hüquqariayəti
gücləndirmək üzrə
fəaliyyəti haqqında"
sərlövhəli qərar
sərtliyində bir sərəncam, belə genişmiqyaslı ölçügötürmə
və həmin sənədin icrası ilə bağlı özlərini toxunulmaz kimi sayan prokurorluq,
məhkəmə, milis
orqanlarında aparılan
əhatəli təmizləmələrə
vilayətin tarixində
rast gəlinməmişdi.
Cınqırlarını çıxara
bilmirdilər, Moskva da niyə
belə sərt davranırsınız söyləyə
bilmirdi, çünki
oxşar qərarlar bir sıra başqa
Azərbaycan rayonları
üzrə də qəbul edilmişdi, artıq xeyli vardı ki, bənzər dənləmə və ələkdənkeçirmələr, ağır cəzavermələr
respublika üzrə aparılırdı. Bu, artıq
yeni Azərbaycan rəhbərliyinin
iş üslubu kimi Kremldə qəbul edilmişdi və oralardan kiminsə "Dağlıq
Qarabağa niyə təzyiq göstərirsiniz,
bir az yumşaq
davranın" deməyə
dili yox idi. Lap qımıldanan olsa da, cavab irəlicədən hazır
idi ki, əvvələn,
biz Sov.İKP MK-nın
"Cinayətkarlıqla mübarizənin
gücləndirilməsi ilə
bağlı tədbirlər
haqqında" 1966-cı il 23 iyul sərəncamına əsaslanırıq, yəni
bilavasitə Mərkəzin
tapşırığını icra edirik, digər
yandan da, ortada Azərbaycanın bir neçə şəhər
və rayonunda gerçəkləşdirilmiş oxşar yoxlamalar var, niyə onlara qarşı göstərdiyimiz
barışmaz mövqe
elə onlar kimi bizimki olan
Dağlıq Qarabağ
Muxtar Vilayətində
daha güzəştli
yanaşma ilə əvəz edilsin?
Daha əvvəllərdə Dağlıq
Qarabağla əlaqədar
sırf qanun çərçivəsində ciddi cəzalandırma tədbirləri görülərkən
Moskvadan həmin qəbul edilmiş qərarların dəyişdirilməsinə
qədər gətirib
çıxaran ciddi təzyiqlərin olması
bütün ayrıntıları
ilə kimə bəlli olmasa da, Heydər Əliyevə əyan idi. 1967-ci ildəki Stepanakertdə 3 azərbaycanlının yandırılaraq
qətlə yetirilməsi,
şəhərdə kütləvi
iğtişaşların törəndiyi
dönəmdə DTK sədri
kürsüsünə yenicə
gəlmiş Heydər
Əliyev 15 gün burada qalmışdı, təhqiqatda, dindirmələrdə
yaxından iştirak etmişdi və bilirdi ki, o zaman yüzlərlə
adamın həbsini mütləqləşdirən dəlilli-sübutlu
bütün istintaq materialları əldə olsa da, son anda Moskva güllələnməli və
həbs edilməlilərin
sayının nə az, nə çox
- düz on dəfə
azaldılmasını tələb
etmişdi.
Bu dəfə isə çox tədbirli tərpənərək Heydər
Əliyev ssenarini elə müdaxiləyə
yer qoymayan tərzdə qurmuşdu, Azərbaycan üzrə bənzər qərarları
və o qərarların
icralarını daha əvvəldən elə təmin etmişdi ki, göz önündə bənzər situasiyalar üzrə ictimailəşmiş
model vardı. Vilayətlə
bağlı həmin qərar qəbul edilənədək respublikada
indiyədək aparılmış
oxşar işlər haqda Kremlə rəsmən göndərilən
hesabatlar öz yerində, amma bütün bunlar Moskvanın Bakıdakı
canişininə - MK-nın
ikinci katibinə də, elə Mərkəzin özünə
də neçə cür başqa kanallarla yaxşıca məlum idi. Moskvanın bu məqamda daha burcutmağa girəvəsi
qalmamışdı. Beləliklə,
həm vilayətin inzibati şəbəkəsində
bir dəstə qartlaşmış şəxslərin
qanadı qırılırdı,
onların hamısının
da olmasa, ən azı müəyyən hissəsinin yerinə münasib adamları təyin etmək fürsəti yaranırdı,
digər tərəfdən,
həm vilayətdəkilərə,
həm onların arxasında duranlara bu elan edilməmiş, ancaq elə sözsüz də anlaşılan hədə,
barmaqsilkələmə çatdırılırdı
ki, yerinizdə dinc oturun, bu aqibəti
başqalarına da yaşatmaq
gücündə və
imkanındayıq (Elə
həmin səbəbdən
də Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi
ilk illərdən ta 1987-ci ildə
onun Kremldən aralanmasınadək olan aralıqda vilayət şərəşurları da, ümumilikdə onların
löyün-löyün dayaqları
da çəkindilər, Heydər
Əliyevlə əvvəlki
"zarafatların" keçmədiyini
dərk etdilər).
Nə Dağlıq Qarabağla əlaqədar belə kəskin qərarı qəbul etmək, nə də orada kadr islahatları
apararaq milli tərkibdə
dəyişikliklərə əncam çəkmək
zənn edildiyi qədər sadə məsələ idi. Azərbaycanın tərkibində
olsa da, Moskvanın heç gizlədilməyən,
əksinə, gözə
soxulan bir erməni Kreml himayədarlığı da vardı
və vilayətlə
bağlı hər qərara Moskva mız qoya bilərdi, elə qoyurdu da. Hər uyğun təsadüfdə Bakıya
eyham vururdular ki, Dağlıq Qarabağ Muxtar Vilayəti həm də (əslində isə daha çox) bizə tabedir.
Bu danışan Heydər Əlievdir və onun bu qayğılı
səsi artıq
1970-ci illərin başlanğıcındakı
o hadisələrdən üç
onilliyə yaxın müddət keçəndən
sonrakı zamandan gəlir: "Mən ilk dəfə Dağlıq Qarabağda ikinci katibi rus seçdirdim
ki, heç olmasa bir az fəaliyyət
göstərsin. Belə
idi ki, bu, Naxçıvanda qanuni bir şey idi,
amma burada yox, ola bilməzdi. Dağlıq Qarabağda Dövlət Təhlükəsizliyi
İdarəsinin başçısı
həmişə erməni
idi. Amma Naxçıvanda?
Mən Naxçıvanda
o vəzifədə erməni
də görmüşəm,
rus da görmüşəm,
yəhudi də görmüşəm, azərbaycanlı
isə çox nadir. Mən isə hələ Mərkəzi Komitəyə keçməmiş,
DTK sədri olan kimi oradan ermənini
götürdüm və
bir rus təyin
elədim. Bildim ki, azərbaycanlı təyin
etmək mümkün
deyildir, rus təyin elədim. Vilayət soveti sədrinin birinci müavinini azərbaycanlı
təyin etdim. Amma mən sizə nə deyə bilərəm? Azərbaycanlıları
oraya işləməyə
göndərirdim, altı
aydan sonra gəlib deyirdilər ki, bizi geri çağır,
çətindir. Dözmürdülər.
Ona görə də Dağlıq Qarabağ sadə bir yer
deyildi. Moskva erməniləri
daim müdafiə edirdi. Mən Dağlıq Qarabağın
vəziyyətini 1950-ci illərdən
özüm görürəm.
1923-cü ildən 1950-ci ilə
kimi olan tarixi də yaxşı bilirəm. 14
il burada rəhbərlik
edib, 5 il də Moskvada olduğum zaman bunların hamısını
bilirəm. Bu, asan məsələ deyildir. Onları həmişə
müdafiə ediblər
- həm Rusiya, həm Avropa, həm Amerika. Amma bizi kimdir müdafiə edən?"
Bu, insanın əslində cavabını bildiyi, özünün özünə
verdiyi ağrılı
sualdır. Bu uzun yol keçib ayağına çox daşlar dəymiş dünyagörmüş millət
rəhbərinin ölçüdə
nəsihətidir ki, biz dərdlərimizə
çarə arayarkən
kənardan köməyə
bel bağlamamalıyıq, bütün müşküllərimizə
həll açarını
kimsəyə ümid
bəsləmədən öz
gücümüzə tapmalıyıq!
Heydər
Əliyev usta idi, qrossmeystercəsinə
bu çoxgedişli oyunda partiyanı elə nizamlamışdı
ki, hər cizginin, hər gedişin dəqiq hesabı vardı. Elə Büronun həmin iclasındaca vilayətlə
əlaqədar tam əks
məsələ də
vardı. Birinci müzakirə ermənini diz çökdürüb
baltanı dibindən vururdusa, obiri məsələ artıq məlhəmvari idi, sığal çəkirdi.
Gündəlikdə "Sovetakan
Karabax" - "Sovet
Qarabağı" qəzetinin
birinci nömrəsinin
buraxılmasının 50 illiyi
haqqında" məsələ
də vardı. Büro bu yubileyin
iyunun ikinci yarısında təmtəraqla
keçirilməsi, redaksiya
əməkdaşlarının respublikanın fəxri adlarına təqdim edilməsi, qəzetin keçdiyi yol haqda ayrıca kitabça buraxılması,
respublika mətbuatında
qəzetlə bağlı
silsilə məqalələrin
dərci, bu bayrama SSRİ-nin və Qafqazın 10 tanınmış jurnalistinin
dəvəti və digər belə-belə xoş bəndlərdən
ibarət geniş qərar qəbul etmişdi.
Qəzet
qəzetliyində, ancaq
daha böyük təntənə də astanada idi. Azərbaycan
Dağlıq Qarabağ
Muxtar Vilayətinin yaradılmasının 50 illiyini
qeyd etməyə hazırlaşırdı. Nə
şərait yaradılmamışdı
ki onlarçün! Qızmış
başda ağıl olmaz. Çıxacaqlarını
düşünsəydilər, nələri itirəcəklərinin,
nələrdən biryolluq
məhrum olacaqlarının
qeydinə qalsaydılar,
bəlkə heç ömründə bu fitnəkarlıqlara da əl
atmazdılar. Ya bu mərəz qanlarında olduğundan artmaya bilməzdilər? Axı onlara xüsusi məhəbbət
bəsləyib qardaş
deyən farsların məşhur məsəli
də təsdiqləyir
ki, "Niş-e əqrəb
nə əz rəh-e kinəst, Eqtezay-e təbiətəş
inəst", yəni
- "Əqrəbin sancmağı
sanmayın kindən, Gələr xislətindən,
təbiətindən".
Bütövlükdə vilayət, Qarabağ erməniləri
daim diqqətdəydilər,
bəhanələri kəsilsin
deyə onlara hər cür qayğı göstərilirdi.
1973-cü ildən yüngülvari
aralanmalı olsaq da, haşiyə çıxaraq
bəhs edəcəyimiz
bu hekayət Dağlıq Qarabağ ermənilərinin taleyi baxımından çox düşündürücüdür. Azərbaycan KP MK-nın
1982-ci il noyabrın 17-də keçirilən Büro iclasında yenə onlara aid məsələ vardı. Maksim Qorki adına Stepanakert Dövlət
Dram Teatrının həmin
il avqust ayında tamam olacaq 50 illiyi münasibətilə
bir qrup sənətkar mükafatlandırılacaqdı.
Belə fəxri adların hətta Bakıdakı teatrların
aktyorlarına və rejissorlarına yüz ölçüb bir biçəndən sonra, az-az verildiyi həmin çağlarda vilayət teatrı əməkdaşlarından 2-sinin Azərbaycanın xalq,
3-nün respublikanın əməkdar
artisti, 1 nəfərin
Əməkdar incəsənət
xadimi, 1 nəfərin
Əməkdar mədəniyyət
işçisi adına
layiq görülməsi,
4 nəfərə "Şərəf
nişanı" ordeni
verilməsi haqda respublika Ali Sovetinin qərar layihəsi təsdiqlənirdi. Sov.İKP
MK qarşısında vəsatət
qaldırılırdı ki, 50 yaşı tamam olan teatrın özünə də
"Şərəf nişanı"
ordeni verilsin. Teatr işçilərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məsələsi də unudulmamışdı, kollektivin
ehtiyacı olan üzvlərinə paylanmasından
ötrü 5 mənzil
ayrılmışdı. Payızda
Xankəndidə keçiriləcək
bu yubileyi Ümumazərbaycan mədəniyyət
bayramına döndərmək
qeydinə də qalınmışdı. Təntənəli
mərasim ərəfəsində
Bakı, Gəncə,
Naxçıvan, Sumqayıt
teatrlarından bura qonaqlar gəlməsi, onlarla görüşlərin
təşkili də Mərkəzi Komitə Bürosunun qərarı ilə qət edilirdi. Yuvarlaq ildönümü səbəbilə
Cəfər Cabbarlı
adına Azərbaycanfilmdə
teatr haqda ayrıca süjetin çəkilməsi, teatrın
maddi-texniki bazasının
möhkəmləndirilməsi məsələsi də nəzərdə tutulan tədbirlər sırasında
idi. Qaydalara görə, mükafatlara,
fəxri adlara təqdim edilənlərin
hər biri ilə əlaqədar ayrıca arayış da hazırlanaraq Büro iclasının sənədləri
sırasına əlavə
edilmişdi. Baxıram
ki, hər biri teatrda uzun illər
çalışıb sənətlə
yaşayan peşəkarlardır
və adətən belə insanların öz sahəsindən ayrılaraq başqa bir işin qulpundan
yapışması nəinki
çətin, hətta
mümkünsüz olur.
1982-ci ildə o cür
təntənəli bayramları
keçirildi. 5, 10, 15 il sonra
da teatrın ildönümləri
gələcəkdi, yenə
təltiflər olacaqdı,
yenə dövlət qayğısından bəhrələnəcəkdilər.
Olmadı! Özləri
özlərinə düşmən
kəsildilər, elə
qasırğalar qopartdılar
ki, teatr da dağıldı,
aktyorlar da pərən-pərən
düşdü və
ermənilərin özlərinin
öz başlarına
açdıqları böyük
oyunun bir dəstə qurbanı da bu sənətkarlar oldu. Bunu boşuna
yazmıram. Bunlar şikəst olmuş insan taleləridir.
1950-ci illərin əvvəllərinin
əhvalatıdır. Yazıçılar
İttifaqının indi
"Natəvan klubu"
adlanan iclas salonu ağzınacan dolu imiş. 3-4 saat uzanmış yığıncaq, yeknəsəq
nitqlər hamını
yorubmuş, üstəlik
də, günün axırıymış, acıblarmış,
şair-yazıçılar bir-biri ilə pıçıldaşırlarmış ki, burdan çıxınca hansı qəhvəxanaya,
hansı restorana yollanacaqlar. Qahaqudan ağız deyəni qulaq eşitmirmiş və söz verilir şair Samvel Qriqoryana. Başlayır danışmağa, səsi
bu uğultunun içində əriyib itir. Bunu görüncə
iclasa sədrlik edən Səməd Vurğun qalxır ayağa. Sakitlik çökür. Səməd
Vurğun üz tutur yazıçılara:
"Ay yoldaşlar, erməni
olanda nolar, imkan verin danışsın
da".
İndi, böyük şairin sözü olmasın, erməni olanda nə olar?! Sətəlcəmli beyinlərin
və quduz siyasətlərin gətirdiyi
fəlakətlər o vilayət
teatrındakı kimi nə qədər insanın həyatını
məhvərindən çıxartdı,
neçə nəsilləri
bədbəxt etdi, nə qədər analar balasını itirib gözüyaşlı
qaldı. Nəticədə
nə qazandılar? Hasilləri heçnə oldu! Əllərində-ovuclarında
olanları da, üstəlik,
gələcəklərini də
biryolluq itirdilər.
Heydər
Əliyevin Azərbaycana
rəhbərliyi dönəmində
erməniçiliyin səsi
bütün başqa dövrlərə nisbətən
içərisinə qısılmış
oldusa, bunun arxasında nə qədər ağıllı
siyasət, əzm, iradə, məharət dayandığını əsla
yaddan çıxarmayaq.
Onların zirehi çox qalın idi axı! Ona görə də indinin ucalığından
baxaraq Heydər Əliyevin belə müvəffəqliyinin gizlincini
arayanda, olmuşları
təhlil edəndə
şahid kəsilirik
ki, o, hər riskli addımını otərəf-butərəfli
çəpərləyən qoruyucu tədbirləri görməyi heç vaxt unutmurmuş. Elə 1973-cü ilin 3 aprelində DQMV ilə əlaqədar oçağacan
misli olmayan sərt qərarı qəbul etməklə yanaşı, həmin iclasdaca vilayət qəzeti ilə bağlı qərarı müvazinət yaratmaq, balansı tənzimləməkçün
kafi hesab etməmişdi. Həmin iclasdan əvvəl və sonra keçirilən
MK Bürosu iclaslarına
da vilayətlə əlaqədar
məsələləri daxil
etmişdi. Həm də o iclaslarda Dağlıq Qarabağın
gələcək inkişafına
hesablanmış məsələlərə
baxılmışdı. Respublika rəhbərliyinin vilayətə
qayğı və diqqətinin ifadəsi olan bu mövzular
kompleksinin qarşısında
ən qərəzli tənqidçi də nəsə irad irəli sürməkdə
aciz qalardı.
1973-cü ilin martında
Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının iyul
ayında tamam olacaq 50 illiyi ilə əlaqədar həmin bölgənin daha da inkişaf etdirilməsi haqqında xüsusi qərarını
çıxarmışdı. Nələr ediləcəyini
müəyyənləşdirən bu qərarın əvvəlində indiyəcən
Dağlıq Qarabağda
nələr edilmiş
olduğunu əyani şəkildə nişan
verən rəqəmlər, göstəricilər
də sadalanırdı
və bu, indi olduğu kimi, əvvəlki dövrlərdə də vilayətdən xeyirxah diqqətin heç vədə əsirgənmədiyini
aşkarlayırdı: 1913-cü ildə, Rusiya imperiyasının ən yüksək tərəqqisi
dönəmində burada
2 həkim, 1 aqronom varmış, indi aqronomların sayı 200, həkimlərin miqdarı
188-ə çatmışdı, o vaxt müəllim cəmi-cümlətanı 184 nəfərmiş,
indi isə 3 mindən artıq idi, vilayətdə sənaye istehsalının
həcmi 1923-cü illə
tutuşdurmada 220 dəfə
böyümüşdü, mebel istehsalı 41 dəfə çoxalmışdı.
Bu sənəddə əksini
tapmış - vilayət
paytaxtında fəaliyyət
göstərən teatra
dövlət teatrı
statusu verilməsi, Azərbaycan Pedaqoji İnstitutunun burada filialının yaradılması
kimi bəndlər də bölgəyə məxsusi diqqətin bariz örnəkləri idi.
Nazirlər Sovetinin yeni qərarı
ilə nəzərdə
tutulurdu ki, 1973-1975-ci illərdə
Dövlət Plan Komitəsi
müvafiq nazirliklərlə
birlikdə vilayətdə
gələcək inkişafı
daha artıq təmin etmək üçün təzə
sənaye və istehsal müəssisələrinin
layihələşdirilərək tikilməsinə rəvac versin, yeni yaşayış
binaları, çoxlu
uşaq bağçaları
inşa olunsun.
Heydər
Əliyevin Dağlıq
Qarabağ siyasətində
ikili balansgözləmənin
bu dilsiz sənədlərdə dil
açıb danışan
və hüsn-rəğbət
oyadan izləri üzdədir: quruculuğun
mühüm bir səmti Şuşa tərəfə yönəldilir.
Yəni mahiyyətcə
bunlar da vilayətdən ötrü
edilir, amma həm də əhalisinin əksəriyyəti
azərbaycanlılardan ibarət
Qala şəhərimizçün!
Şuşada hər sutka ərzində 10 ton çörək-bulka məmulatı istehsal edən kombinatın
1974-1975-ci illərdə, idman
malları buraxacaq fabrikin 1974-cü ildə tikilib başa çatdırılması planlaşdırılır,
Şuşadakı musiqi
alətləri istehsal
olunan sexin böyüdülüb genişləndirilərək
fabrikə çevrilməsi
qərarı qəbul
edilir. 1974-cü ildə
bir mehmanxananın Mardakertdə (indi Ağdərə) tikilməsi
nəzərdə tutulursa,
digərinin də eyni vaxtda Şuşada
inşası qət edilirdi. Yəni vilayətin daha çox erməni əhalisi sakinləşmiş
hissələrindən ötrü
nə edilirdisə, eyni nisbəti azərbaycanlıların daha
sıx məskunlaşdığı
nöqtələrçün də saxlamaq unudulmurdu.
Azərbaycan hökumətinin 1973-cü ilin
martında çıxardığı
və Dağlıq Qarabağın gələcək
tərəqqisinə geniş
üfüqlər açan
qərardan sonra aprel ayında keçirilən Mərkəzi
Komitə Bürosunda vilayət idarəçiliyinin
daşını daş
üstündə qoymayan
müzakirələr və
qəbul edilmiş qərar artıq o cəhətdən tam məntiqli və yerində görünürdü
ki, nəzərdə tutulan yüksəlişləri
təmin etməkçün
gərək vilayət
bu naqisliklərdən,
bəd əməllər
törədicisi cinayətkar
məmurlardan qurtula.
MK-nın aprelin 3-dəki
soyuq duşundan sonra isə növbəti aydakı MK Bürosunda isə yenə vilayətə qayğı məsələləri
ön sırada idi. Mayın 22-dəki Büro iclasında "Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Muxtar Vilayətində
xalq təsərrüfatını
inkişaf etdirməklə
bağlı gələcək
tədbirlər haqqında"
məsələsinə baxılırdı.
Bir neçə gün ötəcək, mayın 15-də Mərkəzi
Komitənin plenumu işə başlayacaq, həmin önəmli toplantıda Azərbaycanda
xalq təsərrüfatının
inkişafına həsr
olunan və baş nazirin etdiyi əsas məruzələrindən birinin
ətrafındakı müzakirələrdə
də yenə Dağlıq Qarabağ Muxtar Vilayətinin inkişafına dövlət
qayğısı məsələləri
dönə-dönə səslənəcək.
Həmin plenumda vilayət partiya komitəsinin katibi Qurgen Melkumyan da çıxış edəcək və çox keçməyəcək
ki, Heydər Əliyev onun əvəzinə Stepanakertə
başqa daha münasib ermənini - Boris Gevorkovu göndərəcək.
Görkəmli bəstəkarımız, rəhmətlik
Tofiq Quliyevə 1980-ci
illərin lap əvvəllərində, ermənilərin
cəmiyyətimizə qaynayıb-qarışaraq
zahirən özünü
quzu kimi apardığı çağlarda
necə oldusa dedim ki, mənim
bir yaxşı erməni dostum var. Tofiq müəllim mətləbimi başa çatdırmağa imkan
verməyərək gülə-gülə
sözümü yarımçıq
kəsdi ki, yarım cümlədə
iki səhv buraxdın. Əvvələn,
ermənidən adama dost olmaz, ikincisi
də, erməninin ümumən yaxşısı
yoxdur. Bir erməniyə yalnız digər erməniyə nisbətdə yaxşı
söyləmək olar.
Tofiq müəllimin
sözü olmasın,
bu təzə təyin olunan obirinə nisbətən əl ermənisi idi. Boris Gevorkov
əslən Şamaxı
ermənilərindəndi, Bakı
şəhəri Kirov
raykomunun birinci katibi vəzifəsinə
1970-ci ildə onu Heydər Əliyev özü gətirmişdi.
Bunun hətta azərbaycanlılarla qohumluğu
da vardı. Riyakar erməni mahiyyəti canında qalsa da, hər
halda daha idarəolunan idi və nə qədər ki Heydər Əliyev respublikaya başçılıq
edirdi, Dağlıq Qarabağda xüsusi narahatlıq doğuran elə bir tərpəniş
müşahidə edilmədi.
Heydər Əliyevin
zəhmi və sayıqlığı, tam
ölçülü-biçili idarəçiliyi vilayətin
yüyənini bir ləhzə də boş buraxmadı. O, Bakıdan gedincə cilov da boşaldı,
ermənilərin də
ayağı yavaş-yavaş
yer almağa başladı...
Keçmişlərdə binaları qış aylarında isitməkçün
mazutla, daş kömürlə, daha sonralarsa qazla işləyən qazanxanalar
vardı. Adətən
binaların zirzəmisində
yerləşərdi. Zirzəmisi
qazanxanalı o sayaq binalarda yaşayanlar, təbii ki, hansı təhlükənin
üstündə qərar
tutduqlarının fərqində
idilər, fəqət
naəlaclıqdan bu təhlükəyə alışaraq
dözə-dözə ömürlərini
sürərdilər. Heydər
Əliyevin Azərbaycan
Respublikasına rəhbərlik
etdiyi sovet dönəmində Dağlıq
Qarabağda məhz onun qabil idarəçiliyi
sayəsində nisbi əmin-amanlıq hökm sürdüsə də, Dağlıq Qarabağ Muxtar Vilayəti elə
o qədimi binaların
zirzəmisindəki hər
an partlaması mümkün, üstəlik
də, yalnız havalar soyumağa başlayandan-başlayana işə
salınmayıb da daim oğrun-oğrun yanan köhnə qazanxana kimi idi. Daha dəqiqini
elə Heydər Əliyev özü söyləyirdi: Bomba kimi!
...O gün bir
ayrı gün idi. 2020-ci il noyabrın 10-u idi və bütün Azərbaycan xalqı böyüklü-kiçikli televiziya
ekranları qarşısına
cəm olmuşdu. Buradakı "bütün"
sözünü mübaliğə
saymayın. Azərbaycanın
televiziyalı olduğu
illər içərisində
heç vaxt 2020-nin oktyabr-noyabr aylarındakı
qədər insanımız
ekran qarşısına
bu cür həyəcanlı maraqla can atmayıb, heç vaxt millətimizi Azərbaycan televiziyası bunca duyğulandırmayıb, bir
belə sevindirməmişdi,
heç vaxt Azərbaycan boyu televizorlar bu qədər qucaqlanmamışdı,
bu təhər öpülməmişdi. Həmin
qətiyyən adi olmayan və millət təqviminə düşən gündə
söz Vətənin,
xalqın müqəddəratı
ilə bağlı idi. Yenə Ali Baş Komandan
İlham Əliyev kameralar qarşısındaydı,
xalqı ilə üzbəüz idi, məsud Prezident o anlarda dünyanın xoşbəxti olan millətinə qələbə
sorağını verirdi,
müharibənin dayandırılması
haqda anlaşmadan bəhs edirdi və o gün söylədiklərinin içərisində
bu vacib həqiqət də vardı: "Əziz həmvətənlər, əziz
bacılar və qardaşlar. Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm.
Yəqin, siz fikir vermisiniz ki, bu bəyanatda
Dağlıq Qarabağın
statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri
ki, Dağlıq Qarabağa müstəqillik
verilməlidir? Bir kəlmə də
yoxdur. Cəhənnəmə
getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük mənası var. Əminəm
ki, Azərbaycan xalqı
bu sənədə böyük diqqət göstərərək onu
dəqiq, böyük
diqqətlə oxuyacaq
və görəcək
ki, biz nə qədər
böyük siyasi qələbə qazanmışıq.
Bu siyasi qələbənin
qazanılmasında hərbi
qələbəmiz müstəsna
rol oynayır".
Heydər
Əliyevin "Azərbaycanın
içərisinə qoyulmuş
bomba" adlandırdığı
və qalarsa, hələ gələcəklərdə
də dəfələrlə
partlayışlara səbəb
ola biləcək statusun
axırına çıxan
Prezident İlham Əliyev
oldu. Statusu göndərilməli layiqli
ünvanına vasil etdi!
Gələcəkdəki azərbaycanlılar
biləcəklərmi münaqişəsiz,
sakit həyatlarına,
daim qurdalanmağa və partladılmağa hazır olan müdhiş bəladan xilas edildiklərinə görə hansı böyük Oğula minnətdar olmalıdırlar?!
Unudulmaz
Heydər Əliyev necə, orada - qayıdışsız ucalardakı
ruhlar aləmində agahdırmı ki, möcüzə
sayılacaq zəfər
qazanılıb, ata vəsiyyətinə əməl
olunub, Azərbaycanın
içərisindəki yüz
yaşlı bomba cəhənnəmdəki gora
göndərilib?
Millətimizə və yurdumuza tuşlanmış bütün
o cür qara niyyətlərin yeri elə həmişə oralar olsun!
3 sentyabr 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.10-11.