Göyləri çiynində saxlayır Şuşa!..  

 

 

Göz açıb gördüyü, yurd bilib sevdiyi kəndin-şəhərin, Vətən deyib bağır basdığı dağların, yaylaqların-oylaqların, çeşmələrin-bulaqların ayrılıq sıxıntılarından ürəyi burxulanların, qəlbinə xal düşənlərin intizarını, intizardan da ötə həsrətini sözlə ifadə etmək mümkünmü? Bəs ayrılıq 30 il çəkibsə, bu 30 ildə günlər il qədər uzanıbsa?..

Torpaqdan ayrı düşməyə od dərdi, ocaq dərdi, köz dərdi deyənlər el dərdini öz dərdi bilir; həsrət sözün tükəndiyi yerdi, yoxsa sözün dilə gəldiyi yer?

Hamınız kimi mən bilirəm ki, Şuşa dağlıq ərazidi, yerin təkindən dağ görkəmində dikəlib. Şuşanı Qarabağ xanı Pənahəli xan 1756-57-ci illərdə saldırıb. Pənahabad, Şuşa qalası, Şuşa, Qala adları ilə tanınıb. XVIII əsrdə dövrəsinə böyük, davamlı sədd çəkilib...

Özü boyda heyrətdi Şuşa...

Şuşa demişik, şüşə demişik, Şuşa-şüşə deyirik. Şuşada şüşəlik, şüşədə Şuşalıq görənlərin hamısına munis olan, doğma olan, əziz olan Şuşa-şüşə qafiyəsi yüz illərlə düşüncələrin göyqur-şağına dönüb. Bu səsləşmə qətiyyətin, sədaqətin, etibarın mehrabı olub. Hərdən işığı dolaşığa düşən dan yerinə, hərdən buludlardan sıyrılan şimşək nərəsinə dönən bu müqəyyəd qafiyə zaman-zaman yadların gözlərini qorxudub; Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar bu qala-şəhəri ala bilməyib.

Əfsanəmi, həqiqətmi - şəhərin adı ilə makedoniyalı İsgəndərin qılıncına qılınc çəkən igid türk sərkərdəsi Şunun inşa etdirdiyi Şu qalası arasında bağlılıq var. Şüşə qalam, Şuşa qalam, yağılığı künd eləyən tişə qalam 1992-ci ilin mayına kimi - 241 il bəd niyyətlə gələnləri sıyırma qılıncla, xoş niyyətlə gələnləri duz-çörəklə qarşılamışdı...

Şuşanın dağları görünür. yelənli boz dumanı həmişə Şuşanın dağlarına yapıncı bilmişəm. Həmişə mənə elə gəlib ki, bir ağız "Qarabağ şikəstəsi" eşidincə sözün möcüzəsindən, səsin möcüzə-sindən yapıncı-duman dağların çiyinlərindən sürüşəcək. Bu düşüncələr içində Şuşa işğaldan azad ediləndən, İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə başa çatandan az sonra - dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərini xatırladım: "...Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz daha güclü oxuyacaq. "Qarabağ şikəstəsi"ni oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Bu duyğusal kəlmələr Şuşaya, Şuşanın timsalında Azərbaycana sevgidi; ürəyinin gözü ilə baxanlar Şuşanın Azərbaycanın heyrət işığı olduğunu 263 ildi aydınlığıyla görür.    Xocalıyla Xocavəndin arasında, Şuşaya aparan yolun solunda üst-üstə üç daş görünür. Rənglərində bir qızartı sezilir. Bu yerlərə yaxşı bələd olan Fazil deyir ki, Zəfər yolu çəkilənə kimi buralar da meşəlik olub. Döyüşçülərimiz səssizlikdən keçib düşmənin mövqeyinə yaxınlaşıblar. Daha on addım... Daha beş addım... Qarşıdan atəşə tutulublar. Üç döyüşçümüz 20-dən çox düşmənlə atışıb. Sağda da düşmən olub, solda da. Atışın gedişindən duyublar ki, mühasirədədirlər. Baxışları bir anlığa çarpazlaşıb: Mühasirəni sürətli həmlə ilə yaraq! Hansı istiqamətə getməyi baxışları yönləndirib: Şuşaya sarı! Sonda qələbə vəd eləyən döyüş onları Şuşaya çəkib. "Nəfəsimiz Şuşa üçündü, şəhidliyimiz ", - atışa-atışa Şuşaya tərəf irəliləyiblər. Döyüşdə irəliləmək ifadəsi döyüşə-döyüşə harasa yaxınlaşmaq deməkdi. Mühasirədən çıxa-çıxda döyüşçülərdən biri yaralansa da, döyüşüblər, düşmənin sırasını seyrəldib-lər, ancaq mühasirəni yara bilməyiblər. Komandirləri kəşfiyyata göndərdiyi döyüşçülərin mühasirədə olduğunu duyub, onlara kömək göndərib. Gec imiş. Döyüşçülərimizdən birinin son nəfəsi yaralı döyüşçünün boynunu isindirən qana sarılıb, üçüncü döyüşçünün əli onlara yetməyib...

Köməyə göndərilən döyüşçülərimiz mühasirəni mühasirəyə alıblar...

Həmin döyüşdə qalib gələn döyüşçülərimiz üç döyüşçünün  şəhidlik məqamının nişanəsi kimi həmin yerdə üst-üstə üç daş qoyublar. Üç ildə yağan yağış, qar, əsən yellər bu daşları bir-birindən ayıra bilməyib. Möcüzədimi? Yox, möcüzə deyil, tarixin (azərbaycançılığın) erməniliyə kinayəsidi..

1991-ci ilin yazın son ayında Şuşada ezamiyyətdəydim. Gördüklərimi yaddaşıma, yaddaşımdam könlümə köçürürdüm. Mənə elə gəlirdi ki, yaxan Gün deyil, niyyətimin işığıdı; "vaxt üstümüzdən yel kimi keçirdi" (Səməd Vurğun). Qırx pilləkənin (Daşaltı çayına aparan dik pilləli yol) yaxasında diqqətimi kolluqlara  sığınmış çiçəklər cəlb eləmişdi. Birini dərmək istəmişdim. Kol əlimi qanatmışdı. Bir çiçəklərə baxmışdım, bir kola, bir əlimin qan xallarına. Kol tanımadığı adama çiçək verməmişdi. Vətənə sədaqətə görə minnətdarlıq kimi kolun başına dolanmışdım. Kolu çiçəyini tanımadığı adama verməyən Şuşanı Ermənistan Rusiyanın hərbi yardımı ilə 1992-ci il mayın 8-də işğal elədi...

1991-ci ildə əlimi qanadan kol yerindədi, çiçəkləri yoxdu. Çiçəkləri perikmi düşüb, solub-saralıbmı, dərilibmi? - bilmirəm...

Şuşa işğal ediləndə ermənilər yüzlərlə tarixi abidəni dağıtmışdı. Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün tunc büstlərini güllələmişdilər. Sonra satmaq üçün Gürcüstana aparmışdılar. "Yaralanmış" büstlər ermənilərdən pulla alınıb Bakıya qaytarılmışdı. Şuşa işğaldan azad ediləndə onun ilk sakinləri bu büstlər oldu. Qəddarlığın tarixdə , yaddaşlarda da yaşadılması üçün büstlər bərpa edilməyib.

İkinci Qarabağ müharibəsi başladı. Bu müharibə vətənsevərliyin işğalla, azərbaycançılığın erməniliklə müharibəsiydi, xalqın müharibəsiydi, ruhun ruhsuzluqla müharibəsiydi...

Şuşa uğrunda döyüşlərdə bütün döyüşçülər iştirak etmək istəyirdi.

Döyüş əmrini qələbə ilə tamamlamaq üçün sıldırımlıq seçildi. Bu seçim qətiyyətin, dözümün, yüksək döyüş əzminin, qələbə ruhunun seçimi idi. Zəmanət - Vətənə sevgi, yüksək döyüş hazırlığı, müharibənin sonuncu gülləsini Şuşada atmaq niyyəti.

400 hərbçi 100 nəfərlik qruplarla Şuşaya sarı dərin dərələr, sıx meşələr keçdi, dağlar aşdı. 5 gün yol getdi. Döyüşənlərimiz daşların çıxıntılarını nərdivana döndərdilər; onları Şuşa ucalığına ruhun ucalığı aparırdı. Şuşaya çatmaqdaydılar. Yaralıların səsi , şəhidlərin ruhu da son döyüşün döyüşçüləri olacaqdı.

Sıldırımları, dağ  misallı qayalıqları qalxırdılar. Qarşıda Şuşa vardı, qələbə vardı - Zəfər vardı. Rusiyanın "Narodnaya Oborona" jurnalında dərc edilən bir məqalə Şuşa uğrunda döyüşlərin söz görüntüsü kimi tarixləşib: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. yaralını, şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..." Bu fikir bir hücuma, bir döyüşə, bir döyüşün timsalında ordunun gücünə gerçək ( səmimi, ədalətli!) münasibətdi, heyrətdi. Bu heyrət Azərbaycandan uzaqlarda da minlərin dünyəvi heyrətidi.

Noyabrın 7-si idi. Döyüşürdülər. Əlləri qayalığın son daşlarına toxunanda döyüşçülərin biri yaralandı, döyüşçü yoldaşlarının döyüşdən uzaqlaşmaması üçün səsini içinə çəkdi. Əli ilə qanını dayandırmaq istədi. Qan dayanmırdı. Onda qanıyla qayaya "Qarabağ Azərbaycandı!" kəlmələrini yazdı, son nəfəsi bu kəlmələrə sarıldı. Döyüşçülər onu da Şuşaya gətirdilər...

İşğaldan azad edilmiş ərazilərimizdə döyüşçü əsgərdən eşitdiyim bir hadisə yaddaşımdan üzülməyəcək: Şuşa döyüşlərində yaralanan əsgər həkimin "Yaraların çoxmu incidir?" sualına cavab verəndə gözləri dolub. "Müharibədə döyüşçü yaralana da bilər. Məni yaralarım incitmir, həkim, məni döyüşlərdən aralı qalmaq, sön döyüşdə iştirak edəcək döyüşənlərin sırasında olmamaq incidir..." - deyib, qəhərini dözümüylə dağlayıb.

Cıdır düzündə qəribə duyğular yaşadım. 1992-ci ildə buradan Daşaltı kəndinə tərəf daşlar atmışdım. Çatmayacağını bilsəm , ruhuma təsəlli kimi atmışdım. İndi oradan üzü heyrət mənzərəsinə baxıram. göz doyur, könül əl çəkir (Məmməd İlqar). Onda Cıdır düzü çiçəklər xalısıydı, indi çiçəklərin sırası bir qədər seyrəlib. Mənə elə gəlir ki, 28 il burada çiçəklər boy atmayıb. Cıdır düzü Zəfərin qüdrəti kimi özünə qayıtmaqdadı. Çiçəkləri yenə könüllər oxşayacaq....

1992-ci ildə Gəncə qapısında ayaq saxlayıb üzüm gələn, ərkim çatan şuşalıların birindən bircə ağız oxuma istəməyə niyyətliydim, ruhumla dinlədiyim "Şuşanın dağları" könlümü telləndirmişdi. O səsə. o oxumaya şükranlıq duası demişdim. İndi şitdiyim "Segah"ı Vətən müharibəsində şəhid olanların ruhuna salavat bildim. Görəsən, tanımadığım cavanın oxuması haralaracan çatacaq?..

Ruhumuzun şəhəri olan Şuşanın dağlarında daha yad buludlar dolaşmayacaq, yad yellər əsməyəcək, Topxananın ağaclarına, Cıdır düzünün çiçəklərinə yad nəfəsi dəyməyəcək. İsa bulağının sıxıntısının sonuna az qalıb...

Göy üzündə bircə əlçim bulud yoxdu, olsa kirpiklərimlə silərdim...

Sevilməyə qadir olan Şuşa sevdirməyə qadirdi - təbiəti sevdirir, gözəlliyi sevdirir, heyrəti sevdirir, sədaqəti sevdirir, tarixi sevdirir...

Şuşada özünü göylərə yaxın bilirsən...

Göyləri çiynində saxlayır Şuşa. Dünya buna da heyrətlənir...

Avqust, 2023

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.9.