Yeni dram, yeni dramaturgiya
"AZƏRBAYCAN
DİLİ VƏ ƏDƏBİYYATI" FORUMUNDAN
TƏƏSSÜRATLAR
Əli ƏMİRLİ
Ulu
öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı ilə
keçirilən "Azərbaycan dili və ədəbiyyatı"
forumu ölkənin mədəni həyatında mühüm
hadisəyə çevrildi. Üç gün
içində milli sərvətimiz olan Azərbaycan dilinin və
qədim köklərə malik ədəbiyyatımızın
müasir vəziyyəti, həllini gözləyən problemləri
və inkişaf perspektivləri bu iki vacib sahənin mütəxəssisləri
tərəfindən müzakirəyə
çıxarıldı. Bu forum haqqında təəssüratlarımı
və bu təəssüratlar nəticəsində
yaranmış fikirlərimi oxucularla bölüşməzdən
əvvəl, elə bu ilin aprel ayında Mədəniyyət
Nazirliyi, Heydər Əliyev mərkəzinin təşkilatçılığı
və bu il yüz yaşını qeyd edən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tərəfdaşlığı ilə
keçirilmiş Teatr forumunu və Kino forumunu yada salmaq istərdim. Ölkənin
bütün teatr və kino xadimlərinin iştirakı ilə
keçirilən hər iki forum, həqiqətən, mədəni
həyatımızda çoxdan görmədiyimiz bir canlanmaya
səbəb oldu. Teatra və kinoya
yaxından bələd olan bir dramaturq kimi deyim ki, hər iki
forum məndə çox zəngin təəssürat
yaratdı. Bu təəssüratın zənginliyi ilk
olaraq ondan qaynaqlanırdı ki, Mədəniyyət Nazirliyinin
yeni, həm də gənc komandası çağdaş
teatrımızın və kinomuzun indiki vəziyyətini, həllini
gözləyən problemlərini və gələcəyi
haqqında fikirlərini məhz illərlə bu mühüm mədəniyyət
sahələrində çaılışan insanların
dilindən eşitmək, teatr və kinomuzun real vəziyyətini
öyrənmək, bəlkə də teatr və kino ilə məşğul
olan sənət adamlarını yaxından tanımaq,
onların nələr düşündüyünü bilmək
istəyindən irəli gəlirdi.
Şübhəsizdir
ki, keçirilən hər bir tədbir, yığıncaq,
forum o zaman faydalıdır ki, onun praktik nəticəsi olsun. Cəsarətlə
deyə bilərəm ki, bu nəticə artıq
özünü göstərməkdədir. Teatrlarımızda
yaradıcı bir canlanma, özünü
yaxşı tərəfdən göstərmək istəyi, hətta
teatrlar arasında, yaxşı mənada, bir rəqabət də
formalaşır. Ölkənin əsas
teatrlarında gənc istedadlara şəraitin
yaradılması, bu işdə bəzi rayon teatrlarının
da artıq müəyyən müsbət nəticələr əldə
etməsi göz qabağındadır. Kino
ilə də bağlı qızğın axtarışlar
gedir. Nazirliyin kino məmurları
müvafiq yaradıcı və təhsil qurumları ilə
işgüzar görüşlər keçirir, perspektiv
inkişaf tendensiyalarını müəyyənləşdirirlər.
İndi qayıdaq "Azərbaycan dili və ədəbiyyatı"
forumuna. Bu forum əvvəlki iki forumdan müzakirəyə
çıxarılan məsələlərin daha
genişmiqyaslı və əhatəli olması ilə yadda
qaldı. Bu da indiki forumun predmetinin daha vacib, daha
taleyüklü olması ilə bağlı idi: Azərbaycan
dili və ədəbiyyatı.
Üç gün davam edən forumun proqramı və
müzakirəyə çıxardığı məsələlər
milli varlığımızın, mədəniyyətimizin
özəyini təşkil edir. Dil varsa, millət də
var, dil varsa, o millətin ədəbiyyatı da var və həmişə
də olacaq. Bu mövqedən yanaşanda
forumun əhəmiyyəti çox böyükdür.
Xüsusi qeyd etməliyəm ki, müzakirəyə
çıxarılan panel mövzuları yüksək səviyyədə
düşünülmüşdü: "Qloballaşmanın
Azərbaycan dilinə təsiri və ana dilimizin
saflığının qorunma mexanizmləri", "Azərbaycan
dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr
və müasir trendlər", "Teatr və kinonun
inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə,
səhnədən ekrana", "Uşaq və yeniyetmələr
arasında mütaliənin təbliği. Azərbaycan
uşaq ədəbiyyatının vəziyyəti".
Forumun işində əvvəlki iki forumda olduğu kimi
çox demokratik bir ab-hava hökm sürürdü. Beş
yüzdən artıq forum iştirakçısı
müzakirə olunan məsələlərə münasibət
bildirməkdə, fikir deməkdə, təklif verməkdə
tam sərbəst idilər. Hər bir fikir, səviyyəsindən
asılı olmayaraq hər bir çıxış hövsələ
ilə, diqqətlə
dinlənilirdi. Forumun təşkilatçıları
gələcəkdə doğru-düzgün qərarlar qəbul
etmək üçün bütün deyilənləri səbrlə
dinləməyə hazır idilər.
Bir məqamı da qeyd etməliyəm. Panel
müzakirələrində ölkənin adlı-sanlı elm
adamları, yazıçılar, şairlər, ədəbiyyatşünaslar
və yaradıcılığa yenicə başlamış
çox sayda gənclər iştirak edirdilər və hər
kəs də ona daha yaxın olan mövzularda fikirlərini
bildirir, məruzələr edirdilər. İştirak
etdiyim panel müzakirədə, təbiidir ki, mövzum
birbaşa teatr və kino ilə bağlı idi: "Müasir
Azərbaycan dramaturgiyası və onun problemləri",
"Azərbaycan ədəbiyyatında teatr və kino
platforması".
Teatr, şübhəsizdir ki, dramaturgiyadan
başlayır. Yüksək keyfiyyətli tamaşa
hazırlamaq üçün ilkin şərt yaxşı
pyesin olmasıdır. Yaxşı pyes isə
müasir tələblərə cavab verməli, müasir
zövqə hesablanmalı, cəmiyyət həyatına təsir
göstərməyi bacarmalıdır. Bu ayaqdan
yanaşanda dramaturgiyamızdakı mövcud vəziyyət
göstərir ki, onun inkişaf tendensiyalarını konkret bir
fikirlə, sözlə ifadə etmək xeyli çətindir. Bu gün bütün dünyada, hətta
güclü kino sənayesi olan ölkələrdə belə
ssenari problemi mövcuddur. Teatr dramaturgiyasına gəldikdə
isə, yeni bir ifadə də yaranıb: "Yeni, yeni dram". Nədir bu "Yeni,
yeni dram", onun platforması nədən ibarətdir? Cavab çox sadədir, istək də, məram da elə
ifadənin özündədir. Köhnədən, onu tam
inkar etmədən,
uzaqlaşmaq, YENİ dramaturgiya yaratmaq. Bu yeniliyi Rusiyada
tapanlardan biri kinodramaturq, rejissor, aktyor Yuri Bıkovdur. O, nə
müəllif filmi çəkir, nə art-haus. Onun
filmlərində bədii həqiqət də yox səviyyəsindədir.
Bəs elə bir rejissor, dramaturq özəllikləri
olmayan bəsit məzmunlu filmlər niyə belə uğur
qazanır, milyonlarla tamaşaçı onun filmlərini niyə
bəyənirlər? Baxmayaraq ki, bu filmlərdə cinayət
bir qayda olaraq cəzasız qalır, bir qayda olaraq antaqonist
protaqonistə qalib gəlir, bir sözlə, ədəbiyyatın,
sənətin əsas ali məqsədi
işləmir, qəsdən unudulur.
Rejissorun "Axmaq" ("Durak")
adlı filmində oğrular, quldurlar, qatillər, bir sözlə,
cəmiyyətin əsl düşmənləri - cinayətkarlar
qalib çıxırlar. Həyat həqiqətinin
bədii həqiqətə qalib gəldiyi, əslində, bədii
cəhətdən də zəif olan bu filmin
tamaşaçı uğuru nəylə bağlıdır?
Əlbəttə, postsovet ölkələrinin hamısına
az və ya çox dəxli olan
reallıqla, həyat həqiqəti ilə. Çoxsaylı nüfuzlu kino
mükafatlarına layiq görülmüş məşhur
rejissor Andrey Zvyaginsevin "Yelena" filmində də cinayət
cəzasız qalır. Həqiqət yalan
qarşısında aciz görünür. Bax, bu tendensiyanın bizim kinoda da müəyyən təzahürləri
görünür. Əlixan Rəcəbovun,
Taleh Yüzbəyovun, qismən Emil Quliyevin filmlərində həyat
həqiqəti bədii həqiqəti üstələyir.
Onlar da həm rejissor, həm ssenarist, həm də
aktyor kimi çıxış edirlər və böyük
tamaşaçı sevgisi qazanırlar. Niyə
klassik hesab etdiyimiz ustadların filmləri nə prokatda, nə
də yutubda bu uğuru əldə edə bilmirlər? Fikrimcə, bu barədə düşünməyə
dəyər. Bu, kütlə
zövqüdür deyib təsəlli tapmaq düzgün yol
deyil. Həmin filmlər haqqında izləyicilərin
rəy və şərhlərini oxumaq bəs edir ki,
tamaşaçıların, kifayət qədər, yüksək
səviyyəsinin şahidi olasan. Bu filmlərin
müqayisəli analizi kinoşünaslarımızın
üzərinə düşür.
Teatr dramaturgiyasında da belə bir meyl, zəif də
olsa, var. Bu cür yanaşma daha çox axır vaxtlar intensiv
şəkildə yaranan özəl teatrların
tamaşalarında özünü göstərir. Bir daha məlum olur ki,
doğrudan da Yeni, lap Yeni dramaturgiyaya ehtiyac var.
Rəyimi bilmək üçün mənə gənc həmkarlarımın
göndərdiyi pyesləri məmnuniyyətlə oxuyuram, o
pyeslərdə yenilik görməyəndə məndə,
türklər demiş, xəyal qırıqlığı
yaranır. Cavabım çox vaxt eyni olur. Mənim
kimi və ya mənsub olduğum nəslin nümayəndələri
kimi yazmayın, biz bu yolu keçmişik, hələ
keçməkdə də davam edirik. Gənclərdən
yeni nəfəs, yeni material, yeni keyfiyyət gözləyirik.
Ümumiyyətlə, Yeni nədir? Müasir nədir? Cavab çox sadədir:
yüksək bədii keyfiyyəti olan əsər həmişə
yenidir, həmişə müasirdir. Buna
baxmayaraq, yeni nəsil dramaturqların meydana gəlməsi
şəxsən məni sevindirir. Nisbətən
gənc dediyim, əllini tamam eləməmiş, amma artıq
yetkin bir dramaturq kimi teatrda və kinoda özünü təsdiq
etmiş İlqar Fəhminin adını məmnuniyyətlə
çəkirəm. Daha gənc həmkarlarımı da
yada salmaq istəyirəm: İsmayıl İman, Pərvin Nurəliyeva,
Təranə Vahid, Ülviyyə Heydər, Cavid Zeynallı, Pərviz Seyidli,
Nihad Qulamzadə, Orxan Bahadırsoy, Könül Məmmədova,
Failə Nəbi, Elvin Nuri... Bu müəlliflərin
hamısının yaradıcılığı ilə
tanışam, əksəriyyətinin əsərləri
artıq səhnə və ekran həyatı qazanıb,
uğurları da var. Sevindirici haldır ki, Cavid Zeynallının
"Şükriyyə" adlı pyesi Bəhram Osmanovun quruluşunda
ölkənin baş teatrında - Akademik Milli Dram Teatrında
böyük uğurla tamaşaya qoyuldu. Mən gənc dramaturqların
yaradıcılığı haqqında bir
neçə dəfə söz açmışam, təkrar
etməyəcəm, amma istərdim, teatrlarımız, elə
kinomuz da onların əsərlərinə diqqətlə,
inamla yanaşsınlar. Həm də müasir ədəbi
proseslə, tək dramaturqlarla deyil, nasirlərlə də
maraqlansınlar. Axı, teatrda səhnələşdirmə
kimi bir anlayış da var: ən yaxşı nəsr əsərlərinin
səhnələşdirilməsi. Təcrübə
göstərir ki, xeyli uğurlu tamaşalar və filmlər
çox vaxt səhnə və ya ekran üçün nəzərdə
tutulmamış əsərlərin səhnələşdirilməsindan
və ya ekranlaşdırılmasından alınır. L.Tolstoyun məşhur "Anna Karenina" romanı
30 dəfədən çox ekranlaşdırılıb.
Bu sarıdan Azərbaycan teatrının da, kinosunun da kifayət qədər zəngin
təcrübəsi var. Səməd Vurğunun
"Komsomol" poemasının həm səhnələşdirilməsi,
həm də "Yeddi oğul istərəm" adı ilə
ekranlaşdırılması böyük uğura imza
atmışdı. Altmışıncılar
dediyimiz ədəbi nəslin ən yaxşı nəsr əsərləri
həm teatrlarımızda, həm də kinomuzda uğurla
istifadə olunub. Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanı ölkənin
bütün teatrlarında səhnələşdirilib, bir
neçə dəfə də ekranlaşdırılıb.
Əlbəttə, bu məsələdə gənc
müəlliflərin özlərinin də təşəbbüskarlığına
ehtiyac var. Təəssüf ki, dramaturgiya ilə məşğul
olmayan yazıçılarımızı teatr salonlarında nadir hallarda
görərsən.
Bütün dediklərimiz çox yaxşı, amma
orijinal bir inkişaf istiqamətini, tam yeni olan bir
dramaturgiyanı gözləyirsən, müsbət nəticə
hələ təzahür formasındadır. Təəssüf, gənclərin
yazdığı pyeslərin əksəriyyəti ənənəvi
dramaturgiyanın zəif təkrarıdır.
Çox
istərdim bizdə hələ pərvəriş
tapmamış sənədli dram janrında pyeslər yazılsın. Tariximizin,
xüsusilə Cümhuriyyət dövrünün elə hadisələri,
elə gizlinləri olub ki, onların sənədli dram kimi səhnəyə
gətirilməsi əsl teatr hadisəsinə çevrilə
bilər. Elə müasir
dövrümüzü də səhnədə sənədli
şəkildə görmək pis olmaz. Əslində,
buna təşəbbüs də olub. Tərlan Rəsulovun
"dOM" teatrında müasir dövrümüzdə
baş vermiş dramatik bir məktəb əhvalatı əsasında
İsmayıl İmanın yazdığı
"İclas" və "Proses" pyeslərindən
hazırladığı immersiv tamaşada sənədli
teatrın təzahürləri qabarıq şəkildə
görünür. Əlbəttə, bu yerdə
teatr həyatımızda parlaq hadisəyə
çevrilmiş Mehriban Ələkbərzadənin "Kod
adı - V.X.A." müəllif tamaşasının
adını məmnuniyyətlə çəkirəm. Bu möhtəşəm tamaşanın dramaturji mətni,
demək olar ki, əsl
dokumental dram janrındadır. Böyük
tamaşaçı marağı, müxtəlif səviyyələrdə
yazılmış resenziyalar, rəylər göstərdi ki,
bizim üçün yeni olan bu dramaturji janr Azərbaycan səhnəsində
yaşamaq hüququ qazana bilər. Hətta
tamaşaçı bu hövsələsizlik zamanında
dörd saat davam edən tamaşaya böyük maraqla baxa da
bilər. Təbii ki, bu yerdə biz tarixi
mövzuda yazılmış pyeslə sənədli dram
janrını qarışdırmamalıyıq.
Təəssüf ki, dramaturgiya ilə intensiv şəkildə
məşğul olan gənclərin sayı çox deyil,
teatrla ədəbiyyat arasında olan bu çətin ədəbi
növə həvəs göstərmək, ona yiyələnmək
üçün tək yazıçı istedadı
azdır, çox şərtlər var, indi onları
sadalamayacam. "Ulduz" jurnalı ilə "525-ci qəzet"in
"Ustad dərsləri" adlı birgə layihəsində
bu barədə kifayət qədər
danışmışıq.
Nəhayət,
yazımı konkret
təkliflərimlə bitirirəm:
1.
Yaxşı olardı ki, Azərbaycan Yazıçılar
Birliyi ilə Mədəniyyət Nazirliyinin müvafiq qurumu yaxın əməkdaşlıq
şəraitində işləsinlər. Yeni
adlar, yeni əsərlər haqqında nazirlik daim məlumatlı
olsun.
2. İstərdim, özəl
teatrlar xarici müəlliflərin əsərlərindən
daha çox gənc dramaturqlarımızın
yaradıcılığına diqqət yetirsinlər,
onların əsərləri ilə tanış olsunlar,
teatrın, səhnənin, dramaturgiyanın dilini öyrənməkdə
onlara kömək etsinlər. Həqiqətən,
dram da, dramaturq da teatrla sıx əlaqədə, təmasda
yaranır. Yaxşıdır ki, Teatr Xadimləri
İttifaqında bir neçə yaradıcılıq
emalatxanaları ilə bərabər, dramaturgiya emalatxanası
da fəaliyyət göstərir. Adlarını
çəkdiyim gənc dramaturqların bir çoxu məhz həmin
emalatxananın məzunlarıdır.
3. Özəl
teatrların ayaqda qalmaları üçün onlara dövlət
səviyyəsində maliyyə dəstəyi göstərilsə,
yaxşı olar. Çünki müasir teatrın
inkişafı, sənət
yenilikləri entuziazm hesabına işləyən o teatrlarda
daha tez yarana bilər, nəinki ənənəvi repertuar
teatrlarında. Dövlətimiz kütləvi informasiya vasitələrinə, özəl
televiziyalara, yaradıcılıq ittifaqlarına, siyasi
partiyalara maliyyə dəstəyi
ayırır, bu çox gözəl, o siyahıya özəl
teatrların ən yaxşılarını da əlavə etmək
müsbət nəticələnə bilər. Tək
entuziazmla uzağa getmək çətindir.
Sonda qeyd edim ki, "Azərbaycan dili və ədəbiyyatı"
forumu yüksək səviyyədə təşkil
olunmuşdu. Forumun birinci günü, yəni
açılış törəni qədim mədəniyyət
və ədəbiyyat mərkəzimiz olan Şamaxı şəhərində,
ikinci və üçüncü günü isə Bakıda
Gülüstan sarayında baş tutdu. Beş yüzdən
artıq iştirakçının səmərəli
işinin və istirahətinin təşkili ən yüksək
səviyyədə idi. Buna
görə də forumun təşkilatçılarına -
Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə
xüsusi təşəkkür düşür.
525-ci qəzet .- 2023.- 12
sentyabr.- S.10.