Arif Məlikov - əbədiyyətə
qovuşan əfsanə
Arif Məlikov-90
Yavər
NEYMƏTLİ
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Görkəmli Azərbaycan bəstəkarı,
SSRİ Xalq artisti, Azərbaycan Dövlət mükafatı
laureatı, akademik Arif Məlikovun musiqi aləminə gəlişi
tar ifaçılığından başlamışdı. O,
A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna
(indiki Milli Konservatoriya nəzdində Musiqi kolleci) tar tədrisi
üzrə ən qabaqcıl və təcrübəli
müəllim kimi tanınan Adil Gəray Mahmudbəylinin sinfində
(1948-1951) təhsil alıb. 2009-cu il, 26 mart tarixində
Muğam teatrında Adil Gərayın yaradıcılıq gecəsində,
Arif müllimin çıxışından bir epizodu burda qeyd
eləmək yerinə düşər: "...Texnikumda
oxuyarkən mənim ilk müəllimlərim Əhməd
Bakıxanov və Adil Gəray olublar. Bəstəkar
olmağıma görə də ilk olaraq onlara borcluyam...
...Adil Gəray müəllimin həyat və fəaliyyətində
bir sıra müsbət keyfiyyətlər vəhdət təşkil
edirdi ki, bu da mənəvi aləminin zənginliyindən xəbər
verir. Adil Gəray həm gözəl müəllim, həm
gözəl bəstəkar, həm də gözəl insan
idi..."
Texnikumu bitirən Arif Məlikov təyinatla Şuşaya, Şərqin musiqi "Məkkə"sinə işləməyə gedir. Lakin bəstəkarlıq sənətinə sonsuz sevgi onun gələcək musiqi həyatını kökündən dəyişəcək addımın atılmasına səbəb olur. Bir il ərzində qəbul imtahanlarına müstəqil hazırlaşan A.Məlikov zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin sinfinə qəbul olur.
İki ustadın xeyir duası
Görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin hər dəfə yaradıcılığı üçün taleyüklü addımın atılmasına verəcəyi son qərara özünün, həyatının, yaşadığı mühitin müəyyən dönəmlərində baş verən qlobal hadisələrin əhəmiyyətli çəkisi mühüm rol oynayırdı. O, təkcə öz yaradıcılığında deyil, nümayəndəsi olduğu bəstəkarlıq məktəbinin gələcək inkişafına təsir göstərə biləcək addımın məsuliyyətini dərindən dərk edirdi.
Buna görə Qara Qarayev qarşısına
qoyduğu missiyanı həm də pedaqoji müstəvidə həyata
keçirirdi. Belə ki, gənc nəsildə onun sinfində
sənətin sirlərinə yiyələnmək həvəsinin
durmadan artması, bəstəkara daima, xüsusi nümayiş
və pafosdan uzaq olan çağdaş yaradıcı
addımları atmağa çağırırdı. Onun dərs
dediyi illərin hər biri, cəmiyyətdə
ardıcıllaşan hadisələrlə zəngin idi. Bəstəkar yaşanan proseslərdən təkan
alaraq dolğun sənət əsərlərini yaradarkən hər
dəfə milli musiqi incəsənətinin yeni tələblərə
cavab verəcək gələcək inkişaf istiqamətlərinin
müəyyənləşməsində peşəkar
mövqeyini göstərirdi. Bu meyarlar onun
sinfini bitirərək müstəqil sənətkar həyatına
başlayan həmkarlarına istiqamətverici səciyyə
rolu oynayırdı. Eyni zamanda ilk gündən yeni nəsil tələbələrini
mövcud zamanın çağdaş yaradıcı tələblərinə
kökləyirdi
Konservatoriyada təhsil illərini xatırlayan
Arif Məlikov deyir: "...Qarayevin sinfində məşğələ
keçmək çox maraqlı idi. Hər bir
tələbənin fərdi yaradıcı xüsusiyyətlərini
dərindən duymaq, gənc musiqiçinin
çalışmalarını düzgün istiqamətləndirmək,
"istedad axını"nı həqiqi məcraya yönəltmək
qabiliyyəti onun pedaqoji istedadının xüsusiyyətlərindən
idi... Qarayevin sinfində keçirdiyim saatlar indi də
yadımdadır. Dərsin son dəqiqəsinə kimi gərginlik
içində olurdum, bu gözəl müəllimin dediklərindən
heç bir şeyi ötürməməyə
çalışırdım. Sözlərinin mənə və
ya başqasına ünvanlanması əhəmiyyətli
deyildi. Müstəsna, hərtərəfli bilgili müəllim
idi, tələbələrin əsərlərinə diqqətlə
yanaşırdı. Qara Qarayevin mənə çox
böyük təsiri olmuşdur..."
Arif Məlikovun həyatında mühüm rol oynayan
digər böyük sənətkar maestro Niyazi idi. Görkəmli dirijor həmişə istər
ifaçılıq, istərsə də, bəstəkarlıq
sahəsində istedadları axtarar, onların gələcək
yaradıcı həyatını
stimullaşdırırdı. Arif müəllimin ilk
partiturasının taleyi belə olmuşdur: "...Üçüncü
kursda oxuyurdum. Getdim Filarmoniyaya, Niyazinin qəbuluna və
Balet süitamın partiturasını ona təqdim etdim.
Niyazinin rəyi mənim üçün olduqca əhəmiyyətli
idi. Əvvəlcə çox soyuq yanaşdı. Partituraya
baxdıqdan sonra yumşaldı, hətta əlavə elədi
ki, süitanı ifa edəcəkdir. Üstəlik soruşdu:
"Bəs tələbə üçün partituranı kim
köçürəcəkdir?" Niyazinin ifasında Balet
süitamı eşitmək arzusu o qədər güclü
idi ki, orkestr səslərini özüm köçürəcəyimi
bildirdim..."
"Məhəbbət əfsanəsi"nə
gedən yol
1958-ci ildə Qara Qarayevin müəllifi olduğu
"İldırımlı yollarla" baletinin Leninqradın
S.M.Kirov adına Akademik Opera və
Balet teatrında (indi Sankt-Peterburqun Marinsk teatrı) uğurlu
premyerasından sonra, müəllifə həmin səhnə
üçün Nazim Hikmətin librettosu əsasında "Məhəbbət
əfsanəsi" baletini yazmaq təklif edilir. Qara
müəllim isə öz növbəsində həmin
sifarişi yeni məzunu Arif Məlikova yönləndirir.
Sənət dünyası həyat kimi estafetdir. Üstəlik,
hər müəllimdə yetirdiyi tələbəsinin fərdi
bacarığına həssas yanaşmaq, düzgün istiqamətə
yönləndirmək bacarığını müşahidə
etmək olmur. Amma Arif Məlikovun gənc
yaşlarında yaratdığı "Məhəbbət əfsanəsi"
baletinin bu zamana qədər dünya səhnələrində
öz yüksək mövqeyini saxlayaraq milli bəstəkarlıq
məktəbimizin uğurlarından birinə çevrilməsi,
ustadı Qara Qarayevin vaxtında verdiyi düzgün qərarın
uzaqgörənliyini sübut edir.
Arif Məlikov
balet üzərində işlədiyi dövr Xruşşov
"mülayimləşməsinin"
başlanğıcına təsadüf edirdi. Dəmir pərdənin
bir qədər qalxması sərhədləri aşan informasiya
axınına təkan verdi. Həmin
tendensiya incəsənət və mədəniyyət sahəsində
daha qabarıq şəkildə özünü göstərirdi.
Moskvanın Böyük və Sankt-Peterburqun Marinsk teatrları
ilə və rus-gürcü əsilli Djordj Balançinin (əsl
kimliyi Georgi Melitonoviç Balançivadze - qeyd mənimdir)
"New York City Ballet" və Parisin balet truppaların
qarşılıqlı qastrol səfərləri müəyyən
səbəblərdən bir-birlərindən uzaq düşən
mədəniyyətlər arasında dialoqa körpü
salırdı. Qərb tamaşaçısı ən
yaxşı sovet çoxpərdəli balet-dramalarını,
sovet rəqqasları və xoreoqrafları isə süjetsiz,
pantomimasız, geyimsiz və dekorasiyasız birpərdəli
neoklassik balet estetikası ilə tanış
olurdular. Məsələn, D.Balançinin
quruluşunda Paris balet teatrınıın "Billur saray"
tamaşası (J.Bizenin I simfoniyası əsasında) sovet
tamaşaçılarına və mütəxəssislərində
böyük maraq yaratmışdı.
Məhz belə bir zamanda Arif Məlikovun "Məhəbbət
əfsanəsi" Y.Qriqoroviç üçün göydəndüşmə
idi. Gənc
xoreoqraf hər iki balet mədəniyyətlərin əsas
xüsusiyyətlərini sintez edərək obrazların mənəvi
aləminin açımına hesablanan bütün cizgilərin
ön plana keçməsinə əsaslanan konsepsiya yaratdı. Onun təsvirində,
rəssam S.Virsaladzenin yüngül dekorları fonunda
bütün iştirakçılar öz rəqs plastikası
ilə səhnə məkanı doldurmaqla, dinləyicilərin
diqqətini hadisələrin fasiləsiz inkişafına
yönəltməliydilər.
Bu baxımdan nəzərdə tutulan ideyanı həyata
keçməsi üçün Arif Məlikovun təklifi ilə
quruluşcu dirijor kimi maestro Niyazinin dəvət olunması
böyük tamaşanın uğurlu olmasına dəlalət
edən səbəblərdən biri idi. Bəstəkar
danışırdı ki, Marinsk teatrının
ştatında 7 dirijorun olmasına baxmayaraq, mən məhz
Niyazinin bu layihəyə cəlb olunmasını israr etdim.
Maestro baletin ilk premyerasından sonra mətbuata verdiyi
açıqlamasında: "...Bu (yəni "Məhəbbət
əfsanəsi" baleti - qeyd mənimdir), musiqinin, rəqsin və
tərtibatın vəhdət təşkil etdiyi monolit əsərdir
və düşünürəm ki, bu əsər hansısa
dahinin əlinin bircə hərəkəti ilə
yaranmışdır..." fikri ilə balet üzərində
işləyən komandanın vahid hədəf ətrafında
kökləndiyini vurğulayır.
XX əsr
müasir bəstəkar təfəkkürünün
ünlü simalarından biri D.Şostakoviç "Məhəbbət
əfsanəsi" barədə söylədiyi sözlər
diqqətəlayiqdir: "...Partituranın dərin musiqi
dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların
dəqiq və ifadəli musiqi xarakteristikası, xüsusi
parlaqlığı, çoxlu tapıntıları ilə
seçilən nadir orkestrləşdirmə məharəti bu
istedadlı musiqi əsərini böyük maraqla dinləməyə
vadar edir... Yeni balet sovet xoreoqrafiyasında
böyük hadisədir. Mübaliğəsiz
demək olar ki, bu tamaşa bir mərhələdir".
Orkestr
palitrası ustası
Əməkdar
incəsənət xadimi, professor
Zümrüd Dadaşzadənin Arif Məlikov haqqında bir
fikrinə diqqət yetirək: "...A.Məlikovu doğrudan
da, orkestrin cadugəri adlandırmaq olar. Tembrləri seçmək,
onları bir-birinə qatmaq, cazibədar tembr dramaturgiyası
qurmaq baxımından A.Məlikovla yarışa bilən bəstəkar
çətin tapılar..."
Tədqiqatçı alimin sözlərinə sübut
kimi milli kinomuzun incilərindən biri 1971-ci ildə, rejissor
Kamil Rüstəmbəyovun "Azərbaycanfilm"
kinostudiyasında ekranlaşdırdığı
"Axırıncı aşırım" bədii filmində
bir epizoda diqqəti yönəltmək istərdim. Həmin film haqqında bir
çox illər öncə çəkilən verilişdə
çıxış edən Arif müəllim qeyd edirdi ki:
"K.Rüstəmbəyov mənə bu filmə musiqi
yazmağa təklif edəndə daxilən buna hazır
idim". Filmin musiqi materialı simfonik orkestrin
bir çox ifadə imkanlarından istifadə edilərək
lokonik şəkilli parçalarin müxtəlif epizodlarda əsas
dramatik məqamları qabardmağa hesablanıb.
Ekran əsərində Abbasqulu bəylə (Həsən
Məmmədov) Qəmlo (Məlik Dadaşov) arasında əsas
konflikt bir-birinə düşmən iki düşərgənin
qarşılıqlı ziddiyyətini bütün
açıqlığı ilə üzə
çıxardır. Onların hər birinin öz əqidə
həqiqəti vardır. Əgər
Abbasqulu bəy mövcud vəziyyəti təmkinli tərzdə,
təlafatsız şəkildə həll etməyə
çalışırsa, Qəmlo isə əksinə, qorxu,
ölüm, amansızlıq müstəvisində həyata
keçirmək niyyətindədir.
Onların
görüşü Səmədin (Sadiq Hüseynov) evində
Abbasqulu bəyin, yoldaşları Xəlil (Həsənağa
Turabov) və Talıbovun (Hamlet Xanızadə) gecəni
keçirməyə hazırlaşarkən Qəmlonun qəfil
gəlişi zamanı baş verir. Bu səhnədə
"fırtına qabağı sakitliyi" xatırladan abu
havanın çökdüyü otağın təsviri
yuxarı yaylı alətlər qrupunun sul ponticello tremolosu
fonunda, başlarda keçən motiv vasitəsilə göstərilir.
Qəmlonun qapını döyərək fasiləsiz
"Səməd, Səməd" qışqırması ilə
gərginliyinin tədricən artması, Abbasqulu bəyin Səmədə
qapını açmağı tapşırdığı məqamdan
başlayaraq dramatik partlayışa doğru sürətli hərəkət
baş verir. Belə ki, orkestr
fakturasında harmonik sütunların ardıcıl təkrarı
litavra və kiçik təbil arasında bölünən zərbələr
fonunda qorxunc sima almaqla "zindana yönələn
ağır çəkiç" döyəcləməsini
xatırladır.
Abbasqulu bəylə Qəmlonun dəhlizdə
görüşdüyü anla musiqinin kulminasiyası nöqtəsinin
üst-üstə düşməsi kəskin sujetli filmlərin
qanunlarında olduğu kimi fiziki hərəkətlərlə
zəngin açıq emossional çıxışla sona
çatmalıydı. Amma Qəmlo ünvanına eşitdiyi tənə
dolu sözlərdən sonra özünü itirərək evi
tərk eləyir. Abbasqulu bəyin həmin
səhnədə qazandığı psixoloji qələbə
kadrarxası musiqinin məna yükü ilə vahid məziyyət
kəsb etmiş olur.
Vətənpərvər
örnəyi
Arif Məlikov həmişə xalqının
ağır zamanlarında əsl milli ziyalı
dürüstlüyü ilə öndə olmuşdur. Milli
azadlıq tariximizin şanlı şəhifəsi olan,
1990-cı ilin Yanvar hadisələrində bəstəkarın
istər Bakıda, istərsə də Moskvada göstərmiş
olduğu cəsarət buna parlaq nümunədir. Xatırlatmaq istərdim ki, Arif Məlikov SSRİ Ali
Sovetinin deputatı idi. O, öz deputat səlahiyyətlərinin
bütün imkanlarından istifadə edərək həmin
faciə zamanı öldürülmüş,
yaralanmış, günahsız həbsə alınmış
vətəndaşların siyahılarının dəqiqləşdirilməsində,
hadisə şahidlərinin söhbətlərinin sənədləşdirilməsində
olduqca şəffaflığa nail olmaq üçün
(halbuki o zaman bütün bunları eləmək çox
çətin idi) müvafiq qurumlarla əməkdaşlıqdan
maksimum istifadə edirdi. Nəzərə alsaq ki, həmin
dövrdə son nəfəsini verməyə
hazırlaşaraq azğınlaşan sovet rejiminin
gözündə heç kim bir dəyər
kəsb eləmirdi. Belə ki, Arif Məlikovun həmin
zamanlarda özünü təhlükəyə atmaqdan,
başqa sözlə, "bucaq tiyəsinin üzərində"
gəzməkdən qorxmayaraq əsl vətənpərvərliyini
bütün pafosdan uzaq formada nümayiş etdirirdi.
O,
SSRİ Ali Sovetinin sessiyasında cəsarətlə
çıxış edərək Sovet İttifaqının o
vaxtkı rəhbəri M.Qorbaçova qarşı ciddi iddia və
ittihamlar irəli sürdü. 20 yanvarla bağlı bütün həqiqətlərin
1990-cı il 14 fevral tarixli sessiyasının gündəliyinə
salınması üçün qüdrətli sənətkarın
M.Qorbaçovla sinirli diaoloqu zamanı sonuncunun: "...Siz niyə
belə əsəbisiz?.." replikasına, Arif müəllim:
"...Bakı şəhərinin qana bulaşmış
küçələrini, onlarla qətlə yetirilmiş,
yaxud ömürlük şikəşt olmuş insanları
görən bir şəxs kimi mən necə
olmalıyam?.." cavabını vermişdi.
Bəstəkar özünün vətəndaşlıq
borcu hesab etdiyi "Mən ittiham edirəm..." fundamental
kitabında duyğu və təcrübələrini, Vətənə
münasibətini aydın şəkildə ortaya qoymuşdur. 1994-cü il
Bakıda "Gənclik" nəşriyyatında çap
olunmuş həmin kitabda A.Məlikov qürurla deyirdi: "Hər
bir insan ilk növbədə vətəndaş
olmalıdır... Və Azərbaycan xalqı ilk
dəfə olaraq çiyinlərini düzəltmək, səsini
ucaltmaq, öz həqiqətini tapmaq istəyəndə onu cəzalandırmaq
qərarına gəldilər. Lakin unutdular
ki, insanlara atəş açmaq olar, amma onu diz
çökdürmək olmaz".
Ulu
öndərlə ünsiyyət
"Mən
Əliyev soyadına böyük hörmətlə
yanaşıram və hiss edirəm ki, bu,
qarşılıqlıdır"
Arif Məlikov
Bu il istər
ölkəmizdə, istərsə də, onun
hüdudlarından kənarda anadan olmasının 100 illiyi təntənə
ilə qeyd edilən Ümummilli lider Heydər Əliyev cənablarının
Azərbaycana rəhbərlik elədiyi bütün illərdə
mədəniyyət və incəsənət sahələri həmişə
diqqət mərkəzində olmuşdur. Onun cəmiyyətin
bir çox sahələri kimi mədəniyyət sahəsinə
yönələn yüksək diqqəti də ölkəsinin daxili və
xarici siyasətinin qurulmasında möhkəm özül
üzərində qurulan platformaya söykənirdi. Xüsusilə,
dövlətimiz müstəqillik qazandığı illərdə
ölkə mədəniyyətində
baş verən mühüm hadisələr, Ulu öndərin
mövcud sahədə vaxtilə atdığı uzaqgörən
addımların müdrüklüyünü bir daha sübut
etdi.
Dahi şəxsiyyətin:
"Biz nadir irsin varisləriyik, hər bir Azərbaycan vətəndaşı
bir əsrə layiq olmağa çalışaraq böyük
tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək
mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin
bir məsuliyyət hissi ilə yanaşmalıdır" fikri
zəngin mənəviyyatın qorunmasında özünün
daşıdığı məsuliyyət hissinə nümunə
kimi misal çəkmək olar.
Heydər Əliyev cənablarının görkəmli mədəniyyət
xadimlərinə diqqətinə daha bir numunə kimi 12 dekabr
1998-ci ildə, Prezident iqamətgahında "İstiqlal"
ordeni təqdim olunan Arif Məlikovun
çıxışıdan bir epizodu səsləndirmək
yerinə düşər: "Vaxtilə Azərbaycanda Rusiya mədəniyyəti
günləri keçirilirdi. Siz mənə söz
verdiniz, orada çıxış etdim və salonda oturanlara
bir sual verdim. Soruşdum, dünya tarixindən kim bir misal gətirə bilər ki, Prezident bəstəkarı
Azərbaycan Dövlət Filarmoniyasının binasından
uzun məsafədə qəbiristanlığa qədər
çiynində aparıbdır? Heç kim
ikinci belə bir adam tapa bilmədi. Mən bu faktı nəyə
görə dedim? Çünki bu fakt Sizinlə,
həm də mənim ikinci atam Qara Qarayevin adı ilə
bağlıdır. Mən onun tələbəsiyəm".
Heydər Əliyevin qüdrətli duyumu, dərin
hissiyyatı Arif Məlikovun simfonik
yaradıcılığında zirvə əsərlərindən
biri, VIII simfoniyanın yaranmasına səbəb olmuşdur. 1994-cü ildə
Ulu öndərin təklifi ilə Səudiyyə Ərəbistanın
Məkkə və Mədinə şəhərlərinə səfər
heyətinin tərkibinə Arif Məlikov da dəvət
alır. Bu barədə yazıçı-jurnalist Flora Xəlilzadənin
bəstəkarın öz dilindən qələmə
aldığı xatirələrinə varmaq yerinə
düşər: "...Arif Məlikov danışır ki, mənim
üçün təəccüblü və maraqlı fakt
budur ki, ziyarət zamanı unudulmaz Heydər Əliyev mənə
dedi: "Arif, bilirsən səni bura niyə gətirmişəm?
İstəyirəm ki, sən buraları da
görəsən və bunun təsiri altında bir simfonik əsər
yazasan". Heydər Əliyevin bu sözləri
bəstəkarı heyrətə gətirib. Heydər
Əliyevin qüdrətli duyumu, dərin hissiyyatı
qarşısında heyrətini gizlədə bilməyən
Arif Məlikov deyir: "İnanmıram ki, adi adam
Məkkədə simfonik musiqi haqqında fikirləşə
bilsin. Simfonik əsər yazan mənəmsə,
orada mən belə şeylər fikirləşmirdim.
Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər
hara?! Bunlar bir-birinə uyuşmayan,
üst-üstə düşməyən, tamamilə əks məsələlərdir.
Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada nəyisə
mənimsəyib dəyərli simfonik əsər yazmaq
mümkündür".
Bu tarixi səfərdən alınan təəssüratın
nəticəsində bəstəkarın VIII simfoniyası
meydana gəlir. Müəllif möhtəşəm
partituranı Heydər Əliyevə həsr edərək,
adını "Əbədiyyət" adlandırır.
Milli
musiqi tariximizdə fövqəl
Arif Məlikovun vətəninə bağlı hər tərəfli
məhsuldar yaradıcılığı dövlətimiz tərəfindən
həmişə yüksək qiymətləndirilib. 2009-cu ildə
Arif Məlikov Heydər Əliyev Mükafatı laureatına
layiq görülür. Mükafatın təqdimetmə mərasimində
bunu yüksək dəyərləndirən sənətkar fərəhlə
söyləmişdi: "Azərbaycan Prezidentinə, onun
xanımına öz dərin təşəkkürümü
bildirir və bu gün xatirəsini böyük ehtiramla yad
etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm
və onun surəti həkk olunan bu nişanı həmişə
fərəhli günlərdə fəxrlə
döşümdə aparacağam".
Onun zəngin irsinə yüksək diqqətə daha bir
parlaq misal kimi ölkə Prezidenti İlham Əliyev cənablarının
2013-cü ildə imzaldığı sərəncamı ilə
Arif Məlikovun iyirmi yeddi kitabdan ibarət
külliyyatının nəşrini göstərmək olar. Bu layihənin koordinatoru bəstəkar
özü, musiqi redaktoru Arif müəllimin tələbəsi,
Əməkdar insəcənət xadimi, professor
Ceyhun Allahverdiyev, kompüter not qrafikası isə bu sətirlərin
müəllifi olan mən idim. İş olduqca
maraqlı tərzdə həyata keçirdi. Yazılmayan qanuna görə, böyük bəstəkarların
yaradıcılığından ibarət külliyyatlar
onların haqq dünyasına qovuşmasından sonra nəşr
olunur. Amma Arif müəllimin timsalında
milli musiqi tarixində ilk dəfə canlı müəllifin əsərləri
müasir dizaynla, üç dildə (Azərbaycan, rus və
ingilis) tərcümə olunaraq təqdim olundu. Həmin dövrdə onunla sıx təmasda olaraq
maraqlı söhbətlərini eşitməklə
yanaşı, özümdə bir çox şəxsi
müsbət keyfiyyətlərini kəşf etdim. Dünya şöhrətli bəstəkar ünsiyyətdə
olduqca sadə idi. Xüsusilə, əgər
qarşı tərəfin hansısa istedadı onun diqqəti
cəlb etsəydi, onunla mütləq maraqlanardı.
Bir dəfə Arif müəllim, Ceyhun müəllim və
mən "Şuşa" restoranında şam yeməyinə
yığışmışdıq. Görüşümüz
yay fəslinə təsadüf etdiyindən açıq havada
əyləşmışdık. Qələbəlik
idi. Bizim əyləşdiyimiz masa səhnədən
bir qədər aralı olduğundan kimlərin
çıxış etdiyini görmürdük. Bir qədər sonra qarmonda gözəl bir ifanı
eşitməyə başladıq. İfaçı
muğam üzərində gəzişmədən Arif müəllimin
"Güllərim" mahnısına instrumental keçid elədi.
Bu jest mahnı müəllifinə ünvanlanan
bir sayğı əlaməti idi. Arif
müəllim ifaçını yaxından görmək
üçün səhnəyə doğru getdi. Bir qədər sonra geri qayıdaraq musiqiçinin
cavan, amma olduqca istedadlı bir oğlan olduğunu bildirdi.
Onu bizim süfrəyə dəvət eləməklə
söhbət edib, dəyərli tövsiyələr verdi.
...Təbii bir məqalə çərçivəsində
Arif Məlikov şəxsiyyətinin bütün
çalarlarını açıqlamaq mümkün deyil. Amma
onun çox cəhətli faəliyyətini ümumləşdirmək
mümkün olarsa, belə deyərdim: "yaşayaraq yanmaq
sevgisi". Şair Bəxtiyar Vahabzadənin
"Ömür" şeirindən aşağıdakı
misralarda deyildiyi kimi:
...Yaşamaq,
yanmaqdır, yanasan gərək,
Həyatın
mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır...
Arif müəllimdə belə bir xüsusiyyət də vardı. Hər dəfə müəyyən işi bitirib nəticəsini görəndən sonra deyərdi:"Dünən olanı qapıyaraq yeni səhifəyə başlayırıq". Bu fikir Arif müəllimin yaradıcı həyatın həmişə əsas stimulundan biri idi. Böyük bəstəkar, məhsuldar pedaqoq, araşdırıcı-publisist, olduqca istedadlı rəssam və cəmiyyətin ictimayi həyatında fəal iştirakçı şəxsiyyət. Adı çəkilən sahənin hər birində böyük sənətkar lazımsız pafosdan uzaq olaraq övladı olduğu Vətəninə bacardıqca xeyir verməyə çalışırdı. Burada Arif müəllimin şəxsiyyətində daha iki əsas keyfiyyət - ilk olaraq məqsədyönlülük, ikinci isə qibtə ediləcək zəhmətsevərlik qeyd olunmalıdır. Həmin fərdi xüsusiyyətlər təbii fitri istedadla birlikdə Maestronun yaradıcı həyatı boyu ayrılmaz yolçuları oldular.
Bu il sentyabrın 13-də Arif Məlikovun 90
yaşı tamam olur. Sentyabrın 18 və 19-da isə Heydər
Əliyev fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi
ilə bəstəkarın "Məhəbbət əfsanəsi"
baleti 60 ildən sonra yenidən musiqisevərlərin
ixtiyarına veriləcək. Təəssüf
ki, bütün bu təntənələr Arif Məlikovsuz həyata
keçəcək. Dünyadan
köçməsinə baxmayaraq, onun ruhu şaddır. Çünki böyük sənətkarın zəngin
irsi konsert və teatr səhnələrində daima səslənmək
və övladı olduğu Azərbaycanın musiqi mədəniyyətini
həmişə yüksək səviyyədə təqdim etmək
gücünə malikdir.
Əbədiyyətdə ilk yubileyiniz mübarək,
Arif müəllim!
525-ci qəzet 2023.- 12 sentyabr.- S.12.