Yeni tədris ili nələr
vəd edir: faktlar, rəqəmlər, gözləntilər
Azərbaycanda təhsil sistemi 2023-2024-cü tədris ilinə 2.1 milyon təhsilalanla və 300 min təhsil işçisi ilə başlayacaq. Təhsilalanların 220 mini məktəbəqədər,
1.6 milyonu ümumtəhsil, 33 mini peşə, 60 mini orta ixtisas,
220 mini isə ali təhsil müəssisələrindədir.
Ümumilikdə 2.4 milyon insanı əhatə edən təhsil
sistemində hər il ciddi dəyişikliklər
gedir.
Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə
görə, 2023-2024-cü tədris ilində işğaldan
azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət
göstərəcək. Həmin məktəblərdə
ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94
müəllim dərs deyəcək. Zəngilan
rayon Ağalı kənd tam orta məktəbi bu tədris ilinə
11 sinif, 120 şagird, 15 müəllimlə start verəcək.
Ağalı kənd uşaq
bağçasında 1 qrup fəaliyyət göstərəcək.
Tərtər rayonunun Talış kənd tam orta
məktəbində 7 sinifdə 19 şagirdə 8 müəllim
təhsil bələdçiliyi edəcək. Kənd uşaq bağçasında 1 qrup təşkil
olunub.
Füzuli şəhər 1 nömrəli tam orta məktəbində
104 şagirddən 11 sinif təşkil edilib. Məktəbdə
15 müəllim dərs keçəcək.
Laçın şəhər 2 nömrəli tam orta məktəbində
137 şagirddən qurulan 11 sinifdə 16 müəllim tədrisi
həyata keçirəcək.
Laçın rayonu Zabux kənd tam orta məktəbində
də 11 sinif təşkil olunub. Burada 51 şagird təhsil
alacaq. 15 müəllim qeydiyyatdan
keçib. Şuşa şəhər 1 nömrəli
tam orta məktəb 12 sinifdə 349 şagird, 25 müəllimlə
tədris ilinin ikinci yarısında fəaliyyətə
başlayacaq.
Məktəb infrastrukturunun yaradılması prosesindən
söz açan nazir bütün ölkə ərazisində
qəzalı məktəblərin sayının son illərdə
30 faizə qədər azaldığını deyib. Hazırda Azərbaycanda
654 məktəbin ya təmirə, ya da yenidən tikilməsinə
ehtiyac var. Bu rəqəmin içərisində iri məktəblərin
sayı azdır. Hətta 100-ə qədər məktəb
var ki, şagird sayı 30-dan aşağıdır: "Məktəbəqədər
təhsil müəssisələrində bu ildən vakant olan
müdir vəzifələrinə işə qəbul
müsabiqə yolu ilə aparılacaq. Məlum
olduğu kimi, tərbiyəçi vəzifəsinə qəbul
da bu yolla həyata keçirilir. Ümumiyyətlə,
bundan sonra həmin müəssisələrdə də işə
qəbul mərkəzləşmiş qaydada imtahanla olacaq.
Son bir il ərzində məktəbəqədər
təhsil müəssisələrinə mərkəzləşmiş
qaydada işə qəbul çərçivəsində 241
tərbiyəçi işə götürülüb. Burada da sertifikatlaşdırmanın həyata
keçiriləcəyi nəzərdə tutulur. Belə ki, 2026-cı ilə qədər 17 min pedaqoji
heyətin təlimlərdən keçirilməsi və
sertifikatlaşdırılması planlaşdırılıb.
Hazırda bu prosesin mexanizmi
hazırlanır".
Emin
Əmrullayevin sözlərinə əsasən,
bağçada təhsil alan
uşaqların və müəllimlərin vahid məlumat
bazası qurulub: "Biz artıq bilirik ki, hansı
bağçada nə qədər tərbiyəçi
hansı diplomla, nə qədər stajla fəaliyyət
göstərir. Onların əməkhaqqı
sistemi avtomatlaşdırılıb. Bu proses bizə daha
yaxşı nəzarət etməyə, daha düzgün qərarlar
verməyə kömək edəcək".
Nazir vurğulayıb ki, yeni tədris ilində heç
vaxt bağça olmayan kiçik kəndlərdə icma əsaslı
qrupların yaradılması davam edəcək. Hazırda 800 qrupda 16 minə
yaxın uşağın təhsil aldığı
qrupların sayı artacaq: "Özəl-dövlət müəssisələrinin
partnyorluğuna əsaslanan alternativ modellər üzərində
də iş gedir. Qeyd edim ki, növbəti tədris
ilində məktəbəqədər təhsilə 220 min
uşağın cəlb edilməsi gözlənilir. Ümumi təhsildə ən önəmli istiqamətlərdən
biri Azərbaycan dilinin tədrisinin artırılması ilə
bağlıdır. Bu məqsədlə 3
istiqamətdə fəaliyyət həyata keçiriləcək.
Birincisi, 2023-2024-cü tədris ilində Azərbaycan
dili fənni üzrə dərs saatlarının sayı
artırılacaq. İkincisi, tədrisi rus
dilində həyata keçirilən siniflərdə bir
sıra fənlər, o cümlədən, Azərbaycan tarixi,
Azərbaycan ədəbiyyatı, Zəfər tarixi, Azərbaycan
musiqisi, hərbi hazırlıq dərsləri Azərbaycan
dilində tədris olunacaq. Yuxarı sinifdə
oxuyan şagirdlərin bəzi hallarda Azərbaycan dilindən zəif
olduğunu görürük. Odur ki,
üçüncü istiqamət olaraq tədrisi rus dilində
aparılan siniflərdə monitorinqlər keçirməyi,
keyfiyyətə nəzarət tədbirləri görməyi
planlaşdırırıq. Bu yolla
sözügedən məsələdə müəssisə rəhbərlərinin,
aidiyyəti şəxslərin məsuliyyətini
artıracağımızı düşünürük.
Bununla həm də problemin harada olduğunu
müəyyənləşdiririk".
Onun sözlərinə əsasən, məktəblərdə
yeni tədris ilində dərslik problemi olmayacaq. Bu il
ümumilikdə 318 dərslik 7.4 milyon nüsxədə
çap olunub. 24 dərslik təkmilləşdirilib,
37 yeni dərslik hazırlanıb. Dərsliklər
artıq şəhər və rayon məktəblərindədir.
Növbəti həftədən ucqar yerlərdə
yerləşən məktəblər də dərsliklərlə
təmin ediləcək. 2017-2018-ci ildə 43 məktəbdə
6.5 min şagirdlə başlayan "Rəqəmsal
bacarıqlar" layihəsi artıq 418 məktəbdə 300
min şagirdi əhatə edir. Növbəti tədris
ilində bu rəqəmlər də dəyişəcək.
Belə ki, layihə 53 şəhər və rayonda 532 məktəbdə
410 min şagird 3 min müəllimlə yola davam edəcək.
STEAM layihəsi 400-dək məktəb və 30-a qədər
STEAM mərkəzlərində 180 mindən çox şagirdi
əhatə edəcək.
Nazir qeyd edib ki, ümumi təhsildə fiber-optik internet,
şəbəkələşmə davam etdiriləcək. Şəbəkəyə
fiber-optik internetə qoşulan məktəb sayı artıq
1300-dür və bu, şagirdlərin 75 faizi deməkdir. 2026-cı ilin sonuna 1500 məktəb dünyaya bu
şəbəkə ilə açılacaq. Emin
Əmrullayevin sözlərinə görə, sürətli
internetin çatmadığı məktəblər daha
çox kiçik, şagird sayı az olan
və ucqarlarda, dağ kəndlərində yerləşənlərdir
ki, onların internetlə təminatında həm texniki, həm
də maliyyə məsələləri rol oynayır:
"Ucqarlarda, dağ kəndlərində olan məktəblərə
fiber-optik internetin çəkilməsi ucuz deyil. Ona görə çalışırıq ki,
böyük şəhərlərdə, magistrallarda yerləşən
məktəbləri sürətli internetlə təmin edək.
Bu işdə bizə həm İqtisadiyyat
Nazirliyi, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi kömək edir. Ölkədə internetləşmə artdıqca bu
istiqamətdə bizim işlərimiz də
yaxşılaşacaq".
E.Əmrullayevin söylədiyinə görə,
hazırda məktəblərdə 11 şagirdə 1
kompüter düşür. Məktəblərə hər il
40-50 min kompüterin verildiyini nəzərə alsaq, 200 min
kompüterin alınması ilə 2026-cı ildə bu rəqəm
hər 6 şagirddən birinə olan nisbətdə dəyişəcək.
Təhsilin bu səviyyəsində inkişaf
vacib istiqamətlərdəndir. Peşə
təhsili müəssisələrinə ildən-ilə artan
qəbul nəticəsində hazırda 25 minə qədər
təhsilalan var. Ali təhsilə keçid imkanı verəcək
yüksək texniki peşə təhsili üzrə 1460 nəfər
təhsil alır. Dövlət sifarişli
yerlərin sayı 30 faiz artaraq bu tədris ilində 18 mindən
çox olacaq.
Növbəti tədris ilində peşə təhsili
müəssisələrinə tələbə qəbulu
sayını 26 minə çatdırmaq
planlaşdırılıb. Azərbaycan dünyada peşə təhsili
üzrə ən vacib yarış olan "WorldSkils" üzvüdür
və bu il ölkəmizdə keçirilən
8 yerli yarışın qalibləri növbəti il Lionda
keçiriləcək "WorldSkils-2024"də ölkəmizi
təmsil edəcəklər.
2026-2027-ci
tədris ilində ali təhsil müəssisələrinə
75 min tələbənin qəbulu nəzərdə tutulur. Son
10 ildə ali təhsil müəssisələrinə
tələbə qəbulu 40 faizdən çox artıb. Bu artımda dövlət sifarişli yerlərin
payı daha çoxdur. Belə ki, dövlət
sifarişi əsasında qəbul olan tələbələrin
sayı 2 dəfədən çox artıb. Xüsusən
tibb ixtisasları, müəllimlik və İT üzrə
dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı dəfələrlə
çoxdur.
Magistratura
səviyyəsi üzrə 2023-2024-cü tədris ilində qəbul
13485 nəfər olub ki, bu da 10 il əvvəl
ilə müqayisədə 3 dəfə çoxdur. 2023-2024-cü tədris ilində tələbə
köçürülməsi üzrə 4316 müraciət
daxil olub və onların 80 faizi təsdiqlənib.
Ali təhsildə çox vacib məqamlardan biri keyfiyyətə
nəzarətdir. Ötən il 5 ali təhsil müəssisəsinin - Azərbaycan
Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin
yeni qaydalarla akkreditasiyası tamamlanıb. 4
universitet həmin qaydalara "əsasən uyğun" hesab
edilib. "Qismən uyğun" hesab edilən
Sumqayıt Dövlət Universitetinə isə 1 il vaxt verilib ki, boşluqlar doldurulsun:
"Boşluqlar doldurulmayan ali təhsil müəssisələrinə
qəbul prosesini dayandıracağıq. Çünki
bizim üçün kəmiyyətlə yanaşı, ali təhsil
müəssisələrində keyfiyyət də olduqca
vacibdir".
Nazir
bildirib ki, daha 5 universitet - Azərbaycan Memarlıq və
İnşaat, Lənkəran Dövlət, Xəzər
universitetləri, BDU-nun Qazax və UNEC-in Zaqatala filiallarında
proses tamamlanıb, qiymətvermə mərhələsindədir.
10 ali təhsil müəssisəsinin
akkreditasiya qiymətləndirilməsi yeni tədris ilində
keçiriləcək.
Nazir
müəllimlik ixtisasının da akkredita
siyasının bu il reallaşacağını vurğulayıb: "Bəzi təhsil müəssisələrinin MİQ imtahanlarında iştirak edən məzunlarının heç biri minimal bal yığa bilmir. Bu, bizim üçün sualdır. Hansı ali təhsil müəssisisəsi müəllim hazırlaya bilmirsə, həmin müəssisədə bu ixtisasın tədrisi dayandırılacaq".
Prosesə ibtidai sinif müəllimliyi
ixtisasından başlanılacağı
düşünülür: "Təhsildə həyata
keçirdiyimiz islahatın mahiyyəti odur ki, məktəbdə
ibtidai təhsili düzəldək. Çünki bütün
problemlərin ibtidai təhsildən
qaynaqlandığını müşahidə edirik. Məsələn,
IV sinfin sonunda aparılan qiymətləndirmənin nəticəsi
göstərir ki, şagirdlərin təxminən 30 faizində
riyaziyyatdan ciddi problemlər var. Bu, 2028-ci ilin
buraxılış imtahanlarının nəticələrinin
ilkin siqnalıdır. Ona görə də bu gün həmin məktəblərdən
soruşuruq ki, bu uşaqlar niyə öyrənməyib. Hər
kəs öz işinin məsuliyyətini bilsə,
islahatların nəticəsi daha yaxşı olar".
Ali təhsildə nəzərdə tutulan yeniliklərdən biri də bəzi ixtisasların tədris müddətinin qısaldılması olacaq. Prosesin növbəti illərdə pilot layihələrlə həyata keçirilməsi nəzərdə tutulur. Artıq müəyyən hesablamalar var və modelləşmə edilib: "Lakin hazırda bunu daha çox ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunlar əsasən turizm, İT və magistratura səviyyəsində təhsil almağa ehtiyac olmayan ixtisaslardır".
Sevinc QARAYEVA
525-ci qəzet 2023.- 12 sentyabr.- S.15.