"Çıraqqala-Şabran"
qoruğu "İrsimizi
tanıyaq və qoruyaq" layihəsində
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən "İrsimizi
tanıyaq və qoruyaq" layihəsinin növbəti təqdimatı
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun əhatə
etdiyi abidələrə
həsr olunub. Bu barədə verilən açıqlamada bildirilir
ki, qoruq haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Məlumatda bildirilir ki, dünya
əhəmiyyətli Çıraqqala
abidəsi (ümumi uzunluğu 120 km) divarlarının
hündürlüyü bəzi
yerlərdə 11 metrə
çatan "Uzun divarlar" adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür
qaya üzərində
inşa olunub. Çıraqqala mərkəzi
qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı
formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü
təxminən 8-10 metr,
qalınlığı 3-4 metrdir.
Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana
yaxınlıqdakı dağ
çeşmələrindən gətirilib. Qarşıdan
görünən hündürlüyü
təxminən 150 metr
olan sıldırım
qayanın zirvəsindəki
daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib.
Burada dayanan keşikçilər Beşbarmaq
dağından şimala
doğru təxminən
100 km dəniz sahili ərazisini nəzarətdə
saxlaya biliblər. Qalanın özünəməxsus
həbsxanası və
80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.
Sovetlər dövründə baxımsızlıq
üzündən qala
bir neçə yerdən dağıntıya
məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun
2003-cü il tarixli Sərəncamına
əsasən, "Çıraqqala,
27 sentyabr 2003-cü il tarixli
sərəncamla isə
"Şabran" qoruqları
yaradılıb. Bundan
sonra abidələrdə
geniş araşdırma
işləri aparılıb.
Qoruğa
daxil olan Qədim Şabran şəhərinin təqribən
2500 yaşı var. Arxeoloji
qazıntılar zamanı
ərazidə şüşə
emalatxanaları, V əsrə
aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin
8 bürcü, XV əsrdə
çəkilmiş 45 kilometrlik
su xətti və s. aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar
dövlətinin mərkəzi
olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani
(1120-1190) Şirvanşah Axsitanın
qəzəbinə tuş
gələndə Şabran
qalasında həbsə
salınıb və məşhur "Həbsiyyə"
əsərini də burada qələmə alıb.
Gilgilçay səddi Dərbənd
keçidində tikilmiş
müdafiə istehkamlarından
ən əhəmiyyətlisidir.
Sədd 4 hissədən
ibarətdir. Hər
30-35 metr məsafədə
bürc və ya qüllə ucaldılıb. Səddə
ən uca bürcün hündürlüyü
4,7 metr, eni isə 7,2 metrdir.
Prezident
İlham Əliyevin 22 oktyabr
2019-cu il tarixli Sərəncamı
ilə "Çıraqqala"
və "Şabran"
qoruqları birləşdirilərək
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət
Qoruğu yaradılıb.
"Çıraqqala-Şabran" qoruğu
7 tarixi abidəni özündə birləşdirir.
Onlardan 3-ü dünya
əhəmiyyətlidir. Dünya
əhəmiyyətli abidələrdən
ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji
(Qədim Şabran şəhəri) abidədir.
Çıraqqala abidəsində möhkəmləndirmə
və bərpa-konservasiya
işlərinin görülməsi
məqsədilə dövlət
başçısının 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə
vəsait ayrılıb.
Həmin ilin may ayından abidədə möhkəmləndirmə və
bərpa-konservasiya işlərinə
başlanılıb və
bu istiqamətdə işlər davam etdirilir.
ŞAHANƏ
525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 9.