Musiqisi ölməz, xatirəsi unudulmaz...
BÖYÜK BƏSTƏKAR ARİF
MƏLİKOVUN 90 İLLİYİ TAMAM OLUR
Deyirlər, əvəzolunmaz insan
yoxdur... Bəlkə də, hardasa doğrudur, lakin mən bununla razı deyiləm. Elə insanlar var ki, dünyaya yalnız bir dəfə gəlir və onlardan ikincisini heç vaxt tapa bilməzsən. Onlar yaşayır, yaradır, varlığı, parlaq işığı ilə
ətrafdakıları işıqlandırır,
özlərindən sonra
əvəzolunmaz yaradıcılıqlarını,
sonsuz xoş xatirələrini qoyub gedirlər...
Azərbaycan mədəniyyətinin belə görkəmli nümayəndələrindən biri də bu
gün - sentyabrın
13-də 90 yaşı tamam
olan dünya şöhrətli bəstəkar
Arif Məlikovdur... O, daim həm bəstəkarlıq,
həm pedaqoji, həm də ictimai yaradıcılıqla
məşğul olmuş,
işinin aşiqi və fədakarı kimi ad-san qazanmış
peşəkarlardandır.
Yadımdadır, onun hər doğum günü bizim üçün bayram olardı. Bu, unudulmaz, əla bir ənənə idi. Tələbələr
sevimli müəllimlərinin
şərəfinə süfrə
açardılar. Bəstəkarlıq
kafedrasının kabinetində
bu süfrənin ətrafına onu sevən, hörmət edən insanlar toplaşardı, onların
arasında müəllimlər,
tələbələr, hətta
sinfinin məzunları
da olardı. Hər kəs bilərdi ki, bu gün xüsusi
nə isə olacaq. Və xoş söhbət başlayardı: Arif müəllim xatirələrini,
tanınmış insanlarla
görüşlərinin təəssüratını danışardı,
fenomenal yaddaşa
malik olduğu üçün
hər şeyi xırdalığına qədər
xatırlayardı. Biz isə
məmnuniyyətlə dinləyərdik,
onun məlahətli səsindən və ümumiyyətlə varlığından
feyziyab olardıq, onun bizim üçün
nə dərəcədə
əziz olduğunu təkrar hiss edərdik.
Sonra isə sükut çökərdi və yalnız musiqi sədaları səslənərdi,
hamı tanış melodiyalara sanki ilk dəfə eşidirmiş
kimi qulaq asar və Məlikovun
obrazlarının özünəməxsus
dünyasına qərq
olardı... İndi hər
şeyi sözlərlə
çatdırmaq olmur...
Keçmişi xatırlamaq kədərlidir,
lakin ən gözəl xatirələrlə
və onun ruh oxşayan, sevgi və gözəl
duyğularla dolu musiqisi ilə təsəlli tapırsan. Bəli, onun musiqisi möhtəşəmdir
və lirikası ilə sevən ürəklərin ən dərinliklərindən keçir.
Bu musiqini sevməmək,
heyran olmamaq mümkün deyil.
Dünya
əhəmiyyətli şəxsiyyət
olan Arif Cahangir oğlunun məhz burada - doğma torpağımızda
- Azərbaycanda doğulması
isə necə də qürurvericidir! Bir vaxtlar bizimlə birgə olduğuna, onunla ünsiyyət sevincimizə, həyat və yaradıcılıq
təcrübəsini bölüşdüyü
insanların ömründə,
yaddaşında qoyduğu
izə görə taleyə necə də minnətdarıq! Özümüz üçün
bu qədər maraqlı çıxarışlar
etdiyimiz o uzun söhbətləri necə
xatırlamamaq olar?!
Bəstəkarın yaradıcılığı
və musiqisi haqqında çox yazılıb, deyilib, onun yaradıcılığı
haqlı olaraq bir çox tədqiqatların əsasını
təşkil edir. Artıq uzun illərdir ki, hər il Arif Məlikovun doğum günündə
onun haqqında və onun üçün
yazılar dərc etmək məndə xoş ənənəyə
çevrilib. Bu gün
mən onun həm gözəl musiqiçi, bəstəkar,
müəllim, rəssam,
həm də işıqlı ruha və təmiz qəlbə sahib bir insan kimi xatirəsini
ehtiramla yad etmək istəyirəm. Arif Cahangir oğlu Məlikovun xatirəsi əbədi yaşayacaq. Onun həyatı bitməyib, bizə qoyub getdiyi musiqilərdə
və ona sadiq olan qəlblərdə
davam edir. Allah rəhmət eləsin! Ruhu şad olsun!
İşıqlı xatirəsinə
dərin ehtiramla
Aytən
BAXŞIYEVA
525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 12.