Telli Mədət və Xankəndidə
torpaq satan dəli
qadın
(Sənədli hekayə)
Rey KƏRİMOĞLU
Kəndə hay düşdü ki, Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb...
Aylı bir yay gecəsi
idi. Hər gecə olduğu
kimi, ətrafı yoxlamaq məqsədilə
erməni kəndi ilə bizim kəndimiz arasındakı
Xatınarxı çayının
ətrafında gəzişirdim.
Ay işığı hər
tərəfi süd kimi işıqlandırır
və mən hər qarışını
əzbər bildiyim yerləri nə vaxtdır adət etdiyim bir diqqətlə
izləyirdim.
Sırayla düzülmüş böyürtkən
kollarını keçib
pişpişəliyə çatanda
qulağıma lap yaxından
səslər gəlməyə
başladı. Bu, nə
yaxınlıqdakı çayın
şırıltısı, nə cırcırama səsi, nə çaqqal ulaması, nə it hürməsi idi. Daha çox iniltiyə
bənzəyirdi.
Əvvəlcə mənə elə gəldi ki, hansısa yaralı heyvanın iniltisidir. Dəqiqləşdirmək üçün səs salmamağa çalışaraq,
barmaqlarımın ucunda
ehtiyatla irəliləyib,
pişpişəliyə uzandım
və bütün diqqətimi toplayıb, səsi dinləməyə
başladım.
Ani sükutdan sonra səs yenidən gələndə eşitdiyimin
insan səsi olduğunu dəqiqləşdirib,
bir az
da səfərbər oldum. Ermənilər ola bilərdi.
Hər ehtimala qarşı kəmərimə
keçirdiyim əldədüzəltmə
tapançamı çıxarıb,
hazır vəziyyətdə
Xatınarxına sarı
bir az
da irəlilədim. Çaya lap yaxınlaşıb, budaqları
suya sallanmış qovaq ağacına söykəndim və səsə daha diqqətlə qulaq kəsildim.
Bu, kiminsə eşidəcəyindən
çəkinərək için-için
ağlayan kişinin hıçqırtısı idi. Səs bir az yuxarıdan, Xatınarxı
çayının böyük
olmayan dərəsi boyunca sanki suya
qarışıb, axıb
gəlirdi.
On dörd gecəlik
ayın yerə yolladığı süd
rəngli işıq danışanları uzaqdan
bir cüt kölgə kimi "ələ verirdi". Yavaş-yavaş
bu bir cüt
kölgəyə yaxınlaşdıqca
kişi hıçqırtısının arada nəysə pıçıldadığını da eşidirdim. Azərbaycanca danışırdılar.
Amma tam aydın olmurdu ki, kişi nə deyir. Hıçqırtı ilə pıçıltı
bir-birinə qarışmışdı.
"Kişi necə
ağlayarmış, ilahi!"- fikirləşirdim.
Bir az da irəliləyib, o bir cüt kölgənin yaxınlığında üzüqoylu
uzanıb, onları dinləyirdim:
- Jasmen, Jasmen! Mən haranın daşın salım başıma, Jasmen?! Mən neyləyim, Jasmen?!
Bu nə iş idi gəldi bizim başımıza? İndi neyləyək? - kişi balaca uşaq sayağı hıçqıra-hıçqıra pıçıldayırdı.
Jasmen isə qarışıq ləhcəylə ona cavab verməyə çalışırdı:
- Bilmiram, məsəb haqqı, bilmirəm! Danış görum, Anar necadır?
- Yaxşıdır, Anar da yaxşıdır, o biriləri də. Təkcə Güllü sənin kürlüyünü edir.
Səni istəyir!
"Ana" deyib, dünyanı
dağıdır, Jasmen!
Onu heç kəs ovuda bilmir...
Mən bu səsin sahibini beynimi çox da zorlamadan asanlıqla
tanıdım. Kəndçimiz Telli Mədət
idi.
lll
Kəndimizdə bir neçə Mədət var idi. Keçəl Mədət,
Usta Mədət və Telli Mədət.
Təhsilsiz, fağır
və sakit adam idi
Telli Mədət. Ata-babadan fəhlə olmuşdular. Həm də kəndin
xeyir işlərində
at belində camaatı
toya-düyünə dəvət
edirdi. Özünün atı olmazdı,
toy sahibinin, ya da toy sahibinin qohum-əqrəbasının atını
bir günlük ona verərdilər. Onda Mədət özünü at belində
lap dağın başındaymış
kimi hiss edərdi.
Bəzən hətta atdan düşəndən iki-üç
gün sonra da özünü mühüm adam
hesab edərdi.
Mədətin taleyinə acıyırdım...
Hələ əmin-amanlıq idi, aralığa qan düşməmişdi. Bir gün kəndə hay düşdü ki, Telli Mədət qonşu kənddən Jasmen adlı erməni qızını
qaçırıb. Erməni
qızını qaçırdığına
görə Mədəti
danlayanlara o, tutuquşu
kimi əzbərlədiyi
bir sözü deyirdi:
- Sevən gözlər kor olar!
O vaxt yüz faiz
əmin idim ki, Mədət bu sözün mahiyyətini əsla bilmir. Beləcə, Mədət sözünün
üstündə durub,
toy da elədi.
Mədətlə Jasmenin beş uşağı oldu - Güllü, Cəmilə,
Ellada, Sabir, Anar.
Sonuncu uşaq
olanda artıq dava başlamışdı. Ermənistandan,
Xankəndidən, Ağdərədən,
Xocavənddən azərbaycanlıları
qovurdular. Bakıda, Sumqayıtda, Şamaxıda,
Gəncədə, Ağdamda
yaşayan ermənilər
də belə bir vəziyyətdə birgə yaşamağın
mümkün olmadığını
anlayıb, gedirdilər.
Növbə bizim kəndə
də gəlib çatmışdı. Jasmen, məncə,
daha çox utandığından çölə-bayıra
çıxmırdı. Ona görə utandığından
ki, Qarabağ məsələsini ermənilər
- onun mənsub olduğu millətin nümayəndələri başlamışdı.
Amma Mədətin uşaqları
küçəyə çıxır,
məktəbə gedib-gəlirdi.
Bir-iki yeniyetmə uşaqdan savayı, heç kəs onlara "gözün üstə qaşın var" demirdi.
Nəhayət, belə yaşamağın
mümkün olmadığını
anlayan Jasmen bir gecə kəndimizi
tərk elədi. Mədət gecənin
bir vaxtı onu sakitcə aparıb Xatın arxından keçirib, öz kəndinə yola salmışdı.
O vaxtdan Jasmen öz doğulduğu kənddə yaşamağa
başladı. İmkan
tapan kimi gecələr Xatınarxı
çayının qırağında
Mədətlə görüşüb,
dərdləri ilə
baş-başa qalırmışlar...
- Madat, qadan alım,
burnumun ucu goynayır Güllüdan otru! Nolar, bir
dafa gatir onu gorum!
- Gətirərəm, Jasmen,
gətirərəm!
- Sabira da de, kandda
heç kasla spor-zad elamasın! Pis vaxtdır ha. Oldumu, Madat?!
- Eləmir, çox sakit uşaqdır.
- Madat, Allah bu davanı başlayan ermənilərə lanat eləsin elə!
- Eləsin, Jasmen, eləsin!
- Gul kimi yaşayırdıq.
Mexriban qonşularımız var idi. Bizi çox istayırdı
onlar. Heç bilmiram, bu dava qurtarandan sonra onların uzuna neca baxacam?!
Madat, ermənilər məni çox incidir, təhqir edirlər, alçaldırlar. Dali olmasam yaxşıdı, məsəb haqqı.
Kaş bu muharba başlamayadı...
- Hə də, Jasmen. Gül kimi yaşayırdıq,
dolanırdıq, xoşbəxt
idik. Sənə güldən artıq
bir söz deyən olurdu?
- Yox, mashab haqqı,
demirdilar!
lll
1993-cü ilin yayında
ermənilər kəndimizi
işğal edib, yandırdılar. Deyirlər, həmin gündən
bir erməni qadın Mədət, Güllü, Cəmilə,
Ellada, Sabir, Anar - haraylayıb, kəndimizi dolaşırmış.
Kənd köçəndən
bir neçə gün sonra havalanan qadın hələ də kəndin xarabalığında
balalarını axtarırmış...
Mədət, Güllü, Cəmilə,
Ellada və digər iki qardaşları isə işğal altında qalan öz doğma
kəndlərindən uzaqda
- çadır şəhərciyində
yaşayırdılar
Sonradan Anar könüllü olaraq orduya yazılıb, ermənilərə qarşı
döyüşdü.
Telli Mədət çadır
şəhərciyində bir
il yaşayandan
sonra dünyasını
dəyişdi.
lll
Xankəndidən olan, vaxtilə
azərbaycanlılarla münasibəti olmuş
bir erməni illər sonra
Rusiyada bizimkilərə bir
əhvalat danışıb. Deyib ki, 1993-cü ilin
payızında Xankəndidə küçədə
üst-başı kirli, nimdaş
paltarda dəli bir
qadın görüb. Şəhərin mərkəzi
küçələrində bir torba torpağı qarşısına qoyub, yanından keçənlərə səslənirmiş:
- Qarabağ
torpağıdı. Satmıram, pulsuz verirəm!
Alın, yeyin! Niyə yemirsiniz?!
Torpaq istəmirdiniz? Alın də!
Alın, doyunca yeyin! Amma balalarımı qaytarın mənə!
Sonra da
qol götürüb
oynayırmış...
Hər gün axşam da torpaq kisəsinin ağzını səliqə ilə bağlayıb, qoltuğuna vurub, ağlaya-ağlaya qaranlığa qarışırmış. Gecənin qaranlığında onun taqətsiz, bir az da havalı səsi küçələri dolaşırmış:
- Mədət! Güllü!
Cəmilə! Ellada! Sabir!
Anar!..
525-ci qəzet 2023.- 14 sentyabr.- S.14.