Nürnberqdən
sovet televiziyasının rəhbərliyinə
Misir Mərdanov
STALİNDƏN
PUTİNƏ KİMİ
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Bəzən xalqımızın ləyaqətli
övladlarına lazımınca dəyər verməyi
bacarmırıq - bunu etiraf edək. Hansısa layiq olmayan
bir insan cəmiyyətə böyük bir alimdən, ictimai-siyasi
xadimdən daha çox tanıdılır. Xalqımızın uzaq və yaxın tarixində elə
şəxsiyyətlər var ki, onların zəngin və
maraqlı, hamı üçün qürur mənbəyi olan
tərcümeyi-hallarını mükəmməl bilməkdən
əlavə, hətta orta məktəb proqramlarına daxil etmək,
onları uşaqlara körpəlikdən yaxşı
tanıtmaq lazımdır. Qoy böyüyəndə
televiziyalarda gecə-gündüz reklam edilən layiq olmayanlara
yox, həmin şəxsiyyətlərə bənzəməyə
çalışsınlar.
Bu gün
belə görkəmli şəxsiyyətlərdən və
böyük azərbaycanlılardan biri - Nürnberq prosesində
dörd dildən sinxron tərcüməçilik etmiş,
sonralar sovet televiziyasının 23 il rəhbəri
olmuş Ənvər Məmmədov haqqında
danışacağıq.
Bu yaxınlarda dünyasını dəyişmiş dəyərli
həmyerlimiz Ənvər Məmmədov 20 yaşında 6 dildə
sərbəst danışırmış. Azərbaycan, rus, ingilis,
italyan, alman və fransız dillərindən sonuncu dörd
dili 3 yaşından etibarən yaşadığı nənəsinin
- Lev Tolstoyun qohumu olan zadəgan xanımın yanında
öyrənmişdi. Nənəsi kübar ənənələri
qoruyaraq ona milliyyətcə alman dayə tutmuş, istedadlı
nəvəsi də dayədən alman və italyan, nənədən
isə ingilis və fransız dillərini mükəmməl
öyrənmişdi.
1923-cü
il avqustun 15-də Bakıda
tarixçi-hüquqşünas Nazim müəllimin ailəsində
dünyaya gələn Ənvər həyatı boyu iki
paradoksun arasında mücadilə etməli olmuşdur. Biri
parlaq zəkası, qeyri-adi istedadı və fenomenal
bacarıqları idi - bu qüvvə onu yüksəkliklərə
çəkirdi, ikincisi isə milli mənsubiyyəti və
atasının "Vətən xaini" etiketi ilə həbsxanada
vəfat etməsi idi - bu qüvvə isə düşmənlərinə,
rəqiblərinə və paxıllığını çəkən
qara qüvvələrə onun yüksək zirvələrə
gedən yolunu bağlamağa şans verirdi...
1940-cı illərdə bir neçə dil bilmək
nadir hadisə idi və İkinci Dünya müharibəsinin
başlanması ilə belə kadrlar öz dəyərini daha
da artırmışdı. Lakin 1937-ci il
repressiyaları dövründə həbs edilmiş atası
Nazim Məmmədova
"yapışdırılmış" qondarma damğalar
onun karyerasına öz təsirini göstərməyə
başlayır. 1941-ci ildə Moskvada daxil
olduğu Aviasiya məktəbindən xaric edilir və
doğulduğu Bakı şəhərinə qayıtmalı
olur. Burada onun poliqlotluq istedadı Qızıl Ordu
Baş qərargahının kəşfiyyat xidmətində hərbi
tərcüməçi kurslarına göndərilməsinə
səbəb olur. Lakin yenə də atası
hansı bədxahınsa yadına düşür və onu
xaric edib İkinci Dünya müharibəsinə göndərirlər.
İki il cəbhədə vuruşduqdan sonra, hətta
xidmətlərinə görə orden almağı da
bacarmış Ənvərin istedadına heyran olan komandirləri
yuxarılara məlumat veriblər ki, bizim hərbi hissədə
qeyri-adi bilikləri olan bir nəfər var. Yenidən Ənvər
Məmmədovun yüksəlişi başlanır. Onu 1943-cü ildə ordudan tərxis edərək,
SSRİ Xarici İşlər üzrə Xalq
Komissarlığında işləməyə göndərirlər.
Burada olarkən Stalinə altı dil bilən azərbaycanlı
haqqında danışırlar. Stalin onu Mussolininin yenicə
devrildiyi, ərazisinin bir hissəsində sovet
partizanlarının ("Mixaylo" təxəllüslü
Mehdi Hüseynzadə də daxil olmaqla) geniş fəaliyyət
göstərdiyi və müharibədən sonra sosialist
respublikası kimi nəzərdə tutulan mürəkkəb
ölkəyə - İtaliyaya göndərmək
üçün Kremlə dəvət edir. Bundan xəbər
tutan Mikoyanın xahişi ilə SSRİ xarici işlər
naziri Vyaçeslav Molotov Stalinə deyir: "Hansısa bir
tatarı (azərbaycanlını) diplomat kimi İtaliyaya
göndərmək nəyə lazımdır?" Ənvər Məmmədovun savadını, dil bilmək
istedadını və digər bacarıqlarını dəfələrlə
yoxlatdırıb onun haqqında müsbət fikri formalaşan
Stalin Molotova sərt şəkildə sərəncam verib bu məsələni
yubatmamağı tapşırır.
Beləliklə, 21 yaşlı Ənvər cəmi
üç nəfərdən ibarət olan İtaliyadakı
sovet səfirliyində hərbi attaşe kimi fəaliyyətə
başlayır. 1944-1945-ci illərdə İtaliyada diplomat kimi
çalışan leytenant Ənvər Məmmədov 1945-ci ildə tərcüməçi
kimi Almaniyanın Nürnberq məhkəməsində (tarixdə
Nürnberq prosesi kimi qalmışdır) hərbi tribunalın
tərkibinə daxil edilir. Yeri gəlmişkən,
qeyd etməyi borc bilirəm ki, Ənvər Məmmədovla
yanaşı, Nürnberq prosesində ikinci bir azərbaycanlı
da tərcüməçi qismində iştirak etmişdir.
Bu, görkəmli şərqşünas alim, ərəb
və alman dilləri üzrə tanınmış mütəxəssis,
uzun müddət indiki Bakı Dövlət Universitetində
Ərəb dili kafedrasının müdiri, professor Ələsgər
Məmmədov olmuşdur.
Həmin prosesdə tərcüməçilər
qrupunun rəhbəri olan Ənvər Məmmədov isə bu
tarixi məhkəmədə heç kəsin edə bilmədiyi
bir missiyanı da yerinə yetirir - dörd dildən sinxron tərcüməçilik
edir. Ancaq hər
şey yalnız məharətli tərcüməçiliklə
məhdudlaşmır. Ənvər Məmmədova çox məsuliyyətli
daha bir iş tapşırılır - alman
general-feldmarşalı Fridrix Paulsu əsirlikdə
saxlanıldığı Moskva vilayətinin Odinçova şəhəri
yaxınlığındakı "Oz¸ra" istirahət evindən
Nürnberqə gətirmək. Bu şəhərlər
arasında isə 2200 kilometrə yaxın məsafə var idi.
Rusiyanın paytaxtından Almaniyaya qədər müharibədən
sonrakı qarışıq vəziyyət, hələ
dövlət quruculuğu yekunlaşmamış bir neçə
ölkədən keçən dağınıq yollar, tam tərksilah
edilməmiş müxtəlif quldur qrupları, silahlı dəstələrin
özbaşınalıqları və digər amillər
tapşırığın mürəkkəbliyini daha da
artırırdı. Həm də bu mürəkkəb
tapşırıq çox gizli şəkildə icra
olunmalıydı. General - feldmarşalı özlərinin
milli qəhrəmanı hesab edən almanlardan, Nürnberq məhkəməsini
pozmaq istəyən qüvvələrdən, Paulsun
düşmənlərindən, bu işdən böyük məbləğdə
pul qazanmaq şansını əldən qaçırmaq istəməyənlərdən
və digər çoxsaylı maneələrdən qoruyaraq
Nürnberqə gətirmək lazım idi. Bu çox vacib və
məsuliyyətli iş birbaşa Stalinin nəzarətində
idi və məhz onun razılığı ilə Ənvər
Məmmədova tapşırılmışdı.
Dublikat avtomobillər və digər əks-kəşfiyyat
hiyləgərlikləri ilə mürəkkəb bir əməliyyat
hazırlandı. Tələ rolunu oynayan ikinci maşın
avtomatlardan bir neçə dəfə atəşə tutulsa
da, Məmmədov və Paulsun olduğu maşın
bütün maneələrdən keçərək
Nürnberqə çatır.
Belə
bir dövlət səviyyəli məsuliyyətli
tapşırığı uğurla yerinə yetirməsinə
baxmayaraq, ali təhsilinin olmaması,
atasının repressiyaya uğraması və milli mənsubiyyəti
daim ona problemlər yaradırdı. Bununla
yanaşı, 23 yaşlı gənc Ənvər cəsarəti,
zəkası və bacarıqları ilə hamını heyran
qoymaqda davam edirdi. Sonuncu iki hal ilə (atası və
milliyyəti) taleyin iztehzası (sonralar bu adlı filmin efirə
buraxılmasında müstəsna xidmətləri olur) kimi
barışmalı olsa da, birinci bəhanəni aradan
qaldırmaq üçün ali təhsil almaq
qərarına gəlir və Xarici İşlər Nazirliyində
işini davam etdirərək qiyabi Moskva Dövlət Pedaqoji
Xarici Dillər İnstitutuna daxil olur. Bu dəfə
o, 1949-cu ildə vəzifəsindən azad edilən Molotovun
adamı kimi 1950-ci ildə işdən
çıxarılır. Yalnız
1953-cü ildə - Stalinin vəfatından sonra istedadlı əməliyyatçı,
diplomat və poliqlot kimi tanınan Ənvər yenidən Xarici
İşlər Nazirliyinə dəvət edilir. Həmin
dövrdə yenicə bünövrəsi qoyulan radio və
televiziya Ənvər Məmmədovu daha çox cəlb etdiyi
üçün bu dəvətə etiraz edərək radionun ABŞ, İngiltərə
və Latın Amerikasına yayım üzrə baş redaktor
vəzifəsinə gedir.
1956-cı ildə o vaxtkı SSRİ-nin rəhbəri
olan Nikita Xruşşovla şəxsi münasibətləri
sayəsində və onun istedadına heyran olan
Xruşşovun təkidi ilə yenidən XİN-ə qayıdır. 1956-cı ildə
Xruşşovun ABŞ-a ilk səfəri
zamanı onu Xarici İşlər Nazirliyindən yalnız
Ənvər Məmmədov müşayiət etmişdi. Xruşşovun BMT-nin iclaslarındakı məşhur
çıxışı vaxtı da onlar birgə olublar.
1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində
müşavir-nümayəndə (səfirdən sonra ikinci
şəxs) və Vaşinqtonda çap olunan "USSR"
(SSRİ) jurnalının baş redaktoru vəzifəsində
işləmişdir.
Nəhayət, 1959-cu ildən etibarən onun ruhən
bağlandığı peşəyə gəlişi baş
tutur - jurnalist kimi fəaliyyətə başlayır. Bu vəzifənin
də ən bacarıqlılarından biri kimi tezliklə zirvəyə
yetişir - 1960-cı ildə SSRİ üzrə cəmi 2-3 nəfərin
olduğu "Siyasi Büronun seçilmiş jurnalisti"
xüsusi statusunu alır. Sonralar bu barədə xatirələrində
yazırdı: "Bunun mənasını daha aydın
göstərmək üçün deyə bilərəm ki,
maaşlarımız nazirlərin əmək haqqına bərabər
idi, xüsusi və müşayiət edən maşın,
katib-referent - hamısı, mənim fikrimcə, elə də
lazımlı şeylər deyildi.
Ancaq başqa bir şey vacib idi - Xarici İşlər
Nazirliyinin və bir sıra digər təşkilatların məxfi
materiallarına girişə malik idik. Bundan əlavə,
Sovet İttifaqından dünyanın istənilən nöqtəsinə
uzun müddətli qeydiyyatsız getmək hüququmuzdan istifadə
edirdik".
1960-cı
ildə Ənvər Məmmədov SSRİ-nin
sonralar TASS (SİTA) adlanan əsas İnformasiya agentliyinin -
Sovinformbüro sədrinin birinci müavini olur. Ancaq
bu da son deyildi - istedadlı həmyerlimiz bir ildən sonra APN
("Novosti" Agentliyi) sədrinin birinci müavini, 1962-ci ildən
isə - SSRİ Dövlət Teleradiosu sədrinin Birinci
müavini vəzifələrinə təyin olunur.
Maraqlıdır
ki, Mixail Qorbaçovun gəlişinə və ermənilərin
"xidməti" ilə bu vəzifədən
çıxarıldığı 1985-ci ilə kimi Ənvər
Məmmədov 23 il Birinci müavin
olmuşdur. 1962-1985-ci illər arasında SSRİ rəhbərliyi
beş dəfə, Dövlət Radio və
Televiziyasının sədri isə dörd dəfə dəyişdirildi,
ancaq Birinci müavin həmişə dəyişməz olaraq
qaldı - Ənvər Məmmədov. Buna
görə də bu işi bilən adamlar, televiziya və
radioya yaxın insanlar sovet televiziyası və radio
yayımının banisi məhz onu hesab edirlər.
Məsələn,
Rusiya Milli Yayımçılar Assosiasiyasının prezidenti
Eduard Saqalayev bu barədə belə yazmışdır:
"Sovet mərkəzi televiziyası formalaşma və
coşqun çiçəklənmə dövründə,
televiziya mədəniyyətin və ölkə
xalqının həyat tərzinin bir hissəsinə
çevrildiyi illərdə, bu şəxs televiziyanın belə
hala gəlməsi və bugünkü səviyyəyə
çatması üçün çox şey etmişdir. Rusiya televiziyasında vaxtilə işləyən və
indi çalışan hər kəs bizim milli televiziyanın
bütün fantastik uğurlarını haqlı olaraq Ənvər
Məmmədovun adı ilə bağlayır".
Hətta
sovet televiziyasında ən məşhur simalardan biri olan və
Ənvər Məmmədovu gözü götürməyən,
necə deyərlər, daim onun kölgəsini
qılınclayan Vladimir Pozner öz yazılarının birində
etiraf edir: "O, tam parlaq zəkaya və nadir rast gəlinən
cəsarətə malik bir insandır. Ənvər Məmmədovla
birlikdə ABŞ, Kanada və Latın Amerikasında sədrin
birinci müavini kimi fəaliyyət göstərdiyi Dövlət
Televiziya və Radio Yayımları Şirkətində
çalışan insanlar, onun haqqında həvəslə
danışır və qeyd edirlər ki, onun kimi yaradıcı
və maraqlı bir rəhbər heç zaman olmayıb. Mən
tamamilə əminəm: Məmmədov rus olsaydı, daha
yüksək mövqe tutardı. O, asanlıqla tam görkəmli
bir Xarici işlər naziri ola bilərdi".
Yeri gəlmişkən qeyd edim ki, özü nazir ola bilməsə də, oğlu Georgi Məmmədov
1997-2003-cü illərdə Rusiya Federasiyası Xarici işlər
nazirinin müavini olmuşdur.
Bu "rus olmayan" Ənvər Məmmədov sovet
televiziya və radiosunda inqilabi işlər görməyi
bacarmışdır. Bəlkə də bircə məşhur
"Mayak" radiostansiyasını yaratması onun
adının Sovet mətbuat tarixinə qızıl hərflərlə
yazılmasına kifayət edərdi. Amerikada
işlədiyi vaxtlar Kubada gördüyü "Saat"
radiostansiyasının analoji variantının
yaradılması ideyası onu çox
düşündürürdü. Doğrudur,
saatla bağlı Kubada problemlərin olduğu
üçün hər saatdan bir dəqiq vaxt
siqnallarının verildiyi "Saat" radiostansiyasına bənzər
proqramın SSRİ-də efirə verilməsi elə də cəlbedici
görünmürdü. Bunu bəhanə
gətirən konservator əqidəli Siyasi Büro qətiyyətlə
imtina etsə də, Ənvər Məmmədov
"Mayak"ın köməyi ilə düşmən
radiostansiyalarının səsini boğmaq məqsədi
güddüyünü əsas gətirərək icazə ala
bilir və beləliklə, SSRİ-də ən populyar
radiostansiya yaranır.
1970-ci ildə sovet dövlətinin rəhbəri Leonid
Brejnevin sevimlisi və yaxın dostu Sergey Lapin Dövlət
Teleradiosuna sədr təyin olunanda Ənvər Məmmədovu
Xruşşovun kadrı kimi uzaqlaşdırmaq istəyirlər.
Ancaq böyük təcrübə, zəngin
bilik, qeyri-adi idarəçilik bacarıqları, kollektivdəki
səmimi və dərin hörmət onun köməyinə gəlir.
Peşəkar diplomat olan Lapin isə nə
jurnalistikadan, nə də televiziya işindən baş
çıxarırdı. O, yalnız ciddi senzuranı
müdafiə edən və dəyişikliyi sevməyən sərt,
siyasi yönümü qabarıq, "yuxarıdan" gələn
tapşırıqları robot kimi icra etməyə hazır
olan "quru" bir lider idi. Onun gəlişi ilə
bir çox proqram və filmlər ciddi redaktəyə məruz
qaldı, bəziləri tamamilə ləğv edildi. Artıq 1972-ci ildə Şən və
Hazırcavablar Klubunun canlı yayımı
dayandırıldı. O dövrdə sovet
tamaşaçısının çox sevdiyi əyləncəli
və müxtəlif şou verilişlər, o cümlədən,
populyar "Kinopanorama" proqramı efirdən
çıxarıldı. Konservator Lapin
saqqalı olan insanların TV ekranında görünməsinə
icazə vermirdi. Aparıcı kişilərə
qalstuk və pencək olmadan efirə çıxmaq qəti
qadağan edilmişdi. Qadınların
şalvar geyinməsinə icazə verilmirdi. Lapin, məşhur
Alla Puqaçovanın mikrofona oxumasını qadağan
etmişdi və s. Televiziyaya isə dinamik, çevik təfəkkürlü,
çıxılmaz vəziyyətlərdən də yol tapa
bilən, tamaşaçını maraqlandıran verilişlər
hazırlaya biləcək komanda ilə işləyən rəhbər
lazım idi. Siyasi Büro çoxsaylı
şikayətlərdən sonra Brejnevin dostuna heç nə edə
bilməsə də, bizim həmyerlimiz Ənvər Məmmədovu
televiziya verilişlərinə cavabdeh (rəhbər) təyin
edir.
Bu andan etibarən Məmmədov qeyri-rəsmi lider olur və
maraqlı televiziya uğrunda mübarizə aparmağa
başlayır. Köhnə populyar proqramları müdafiə
edir, yeni formatlar yaradır. O, bunu elə cəsarətlə
edir ki, televiziyada işləyənlər arasında onun hərbi
tərcüməçi kimi işlədiyi vaxtlarda ölkənin
ali rəhbərlərinə hansısa çox ciddi kompromatlar
verməsi, bununla da onların yanında belə etimad
qazanması haqqında
şayiələr formalaşır.
1973-cü ildə ərsəyə gələn Yulian
Semyonovun eyniadlı romanı əsasında Tatyana
Lioznovanın lentə aldığı "Baharın on yeddi
anı" filmi hazır olduqdan sonra Siyasi Büro üzvləri
baxmalı və yekun qərar olaraq efirə icazə verməliydilər. O dövrün pozulmaz
qaydaları belə idi. Siyasi Büronun ən sərt
üzvlərindən biri olan Mixail Suslov filmə baxandan sonra
"nasistlər belə ağıllı olmayıblar" deyərək
filmi bəyənmədiyini elan edir. Onun bu sözü
"rəsmi baxış" da iştirak edənləri -
üç il böyük əziyyətlərlə filmi ərsəyə
gətirən insanları, rejissoru, direktoru, baş rolun
ifaçısı Vyaçeslav Tixonovu, digər məşhur
simaları şoka salsa da, qorxusundan heç kəs dillənə
bilmir. Sovet tamaşaçısına indiyədək həmişə
gic, səfeh, anormal təqdim olunan almanların real həyat
hadisələri əsasında çəkilən bu filmdə
çox ağıllı, tədbirli, dürüst insanlar kimi
göstərilməsini heç kim əsaslandırıb
başını bəlaya salmaq istəmir. Yalnız Ənvər
Məmmədovun gur və cəsarətli səsi eşidilir:
"Yoldaş Suslov, mən 1941-ci ildən 1943-cü ilə qədər
cəbhədə döyüşmüşəm, Nürnberq
prosesində tərcüməçi olmuşam, almanları
yaxşı tanıyıram. Bu filmdə onlar olduğu kimi təqdim
olunur".
Qısa mübahisədən sonra Suslov bu cəsarətli
qafqazlının arqumentləri qarşısında susur,
yaradıcı heyəti təbrik edib çıxır. Hamı
sevindiyindən Ənvər Məmmədovu qucaqlayıb
alqışlayır və beləliklə, sovet kino tarixinin
şedevrlərindən olan "Baharın on yeddi anı" filmi
həyata vəsiqə qazanır. Rəsmi məlumatlara
görə, 200 milyondan artıq tamaşaçının seyr
etdiyi həmin filmin nümayişi dövründə
insanların kütləvi şəkildə aludə olması
nəticəsində elektrik enerjisindən və sudan istifadə, həmçinin cinayət hadisələrinin
sayı nəzərəçarpacaq dərəcədə
azalırmış.
SSRİ-nin
Kinematoqrafiya üzrə Dövlət Komitəsi Eldar Ryazanovun
çəkdiyi məşhur "Taleyin istehzası" ("İroniə
sudğbı") filminin ssenarisindən imtina edəndə də
Ənvər Məmmədov heç kimlə
razılaşdırmadan təkbaşına filmin istehsala
buraxılması barədə əmr verir. İmtina
edənlərin əsas bəhanəsi isə filmin
"antialkoqol kampaniyasına zidd getməsi" idi. Məsuliyyəti
öz üzərinə götürən Ənvər
Nazimoviç (onu ömrü boyu belə
adlandırırdılar) yalnız film efirə çıxandan,
böyük
tamaşaçı sevgisi qazanandan və yaranmış
müsbət ictimai rəydən sonra
dərindən nəfəs ala bildi.
Məhz
onun təşkilatçılığı, nüfuzu və qətiyyəti
hesabına avtoritar dövlətin telekanalında demokratik və
yaradıcı mühit yaranır, onun təşəbbüsü
və dəstəyi ilə yaranan "Vokruq smexa",
"Kabaçok 13 stulğev", "Çto? Qde? Koqda?", "Oçevi?dnoe
- neveroə?tnoe" kimi verilişlər böyük
populyarlıq qazanır. Birinci müavin olsa da,
o, Mərkəzi televiziyanın faktiki rəhbəri idi. Onun imzası olmadan efirə heç bir veriliş və
proqram getmirdi. Mərkəzi televiziyanın
inkişafında, mədəniyyətin bir parçasına
çevrilməsində müstəsna xidmətlər göstərirdi.
Əlbəttə, ideoloji buxovlar, vəzifəsinin
məsuliyyəti Ənvər Məmmədovu da bəzən
senzorluğa vadar edirdi, amma hətta bu durumda da verilişin və
ya proqramın efirə buraxılmamasını müəllifə
elə həssaslıqla izah edirdi ki, kimsə ondan incimirdi, əksinə,
onun düşdüyü vəziyyəti dərk edirdi.
Mərkəzi televiziyanın binasında keçirdiyi
müşavirələri, görüşləri, müzakirələri
məharətlə idarə edir, çox dəqiqliklə təqdim
olunmuş filmlərin, verilişlərin üstünlüklərini
və nöqsanlarını sadalayır, amma müəllifin,
redaktorun, rejissorun əməyini də, bəxş etdikləri
töhfəni də həmişə xüsusi qeyd edirdi. Ən əsası,
yaradıcı heyətə televiziyanı çox sevməyi və
tamaşaçılara hədsiz hörmət göstərməyi
təlqin edirdi. Kollektiv onun maraqlı
çıxışlarını, irad və təkliflərini
diqqətlə və heyranlıqla dinləyirdi. Səsləndirdiyi fikirlər isə sonradan zərb-məsələ
çevrilirdi.
Veriliş və proqramların baxışı zamanı
aparıcılar, redaktorlar, yaradıcı qruplar Ənvər Məmmədovun
beyninin ildırım sürətilə
çalışmasından şoka düşürdülər. Baxış ərzində həm telefon zənglərinə
cavab verir, həm nə isə tapşırır, problemləri
həll edir, sənədləri, ssenariləri sürətlə
oxuyub, hətta səhvləri düzəldərək
imzalayırdı. Baxış müddətində
telefonla danışmasına, kağızlara qol çəkməsinə
baxmayaraq, sonda dəqiqəsinə və saniyəsinə qədər
yol verilmiş səhvləri sadalayır, onlar düzəldildikdən
sonra efirə getməsinin mümkünlüyünü
bildirirdi.
Bütün ölkədə tanınan simalar, məşhur
aparıcılar, zəkası ilə milyonları heyran edən
tanınmış jurnalistlər, rejissorlar ondan çəkinirdilər. Tabeliyində
olan əməkdaşlarla həmişə nəzakətlə
davranan, heç vaxt səsini ucaltmayan və kimisə işdən
çıxarmaqla hədələməyən Ənvər Məmmədova
qarşı bu ehtiram onun professional keyfiyyətləri ilə
bağlı yaranmışdı. Onlar ən
istedadlı əməkdaşlardan da ssenari, rejissor, montaj
işlərini qat-qat artıq, incəliklərinə qədər
bilən, ruhən jurnalist olan təcrübəli rəhbərin
qarşısında qeyri-peşəkar duruma düşmək
istəmirdilər.
1985-ci ildə milli mənsubiyyəti Ənvər Məmmədova
yenə də problemlər yaradır. Xalqımızın
genetik düşməni olan Mixail Qorbaçovun hakimiyyətə
gəlişi erməni mafiyasına onu vəzifəsindən kənarlaşdırmaq
imkanı yaradır. Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, vətənpərvər
soydaşımızın rəhbərliyi dövründə
ermənilər sovet radio və televiziyasına indiki qədər
müdaxilə etmək imkanına malik deyildilər. Böyük təcrübə, intəhasız
bacarıqlar, fenomenal istedad şər qüvvələrin
qarşısında aciz qalır. Parlaq zəkası olan
həmyerlimizi 62 yaşında - həyatının və
yaradıcılığının gündən-günə
çiçəkləndiyi bir dövrdə "təqaüdə
çıxmaq" bəhanəsi ilə ömrünü həsr
etdiyi televiziyadan
uzaqlaşdırırlar. Doğrudur, Ənvər Məmmədov
"Novosti" xəbərlər agentliyinə siyasi
icmalçı kimi qayıdır, sonra burada baş redaktorun
müşaviri olur və 38 il bu vəzifədə
işləyir. 23 illik əvvəlki iş stajını nəzərə
alsaq, Vladimir Pozner demişkən, "əgər rus
olsaydı", 61 il Rusiya Mərkəzi
Televiziyasına rəhbərlik edə bilərdi.
Çox maraqlı taleyi, qeyri-adi istedadı olan görkəmli
həmyerlimiz bütün dünyada tanınmış azərbaycanlılardandır. Məsələn,
onu şəxsən tanıyan və böyük hörməti
olan Kubanın müdafiə naziri Paul Kastro SSRİ-yə hər
səfəri zamanı görüş protokoluna mütləq
Ənvər Məmmədovun adının
salınmasını istəyirmiş.
Siyasəti,
diplomatiyanı, tarixi, ədəbiyyatı, mədəniyyəti,
incəsənəti, jurnalistikanı mükəmməl bilən,
güclü intellekti, ildırım surətli təhlil qabiliyyəti,
iti yumor hissi olan çox ləyaqətli şəxsiyyət
Ənvər Məmmədov Azərbaycan, rus, ingilis, alman,
italyan və fransız dillərində sərbəst
danışırmış. 1967-ci ildə Parisdə Fransa
teleradio yayımının baş direktoru ilə aparılan
beynəlxalq danışıqlarda rus dilində danışan
Ənvər Məmmədovun fransız tərcüməçisi
bəzi ifadələrini dəyişdirməyə cəhd edəndə,
həmyerlimiz onun sözünü mükəmməl
fransız dilində kəsir: "Siz tərcüməçisiniz,
mənim redaktorum deyilsiniz. Bunu nəzərə
almağınızı xahiş edirəm". Tərcüməçi məəttəl qalaraq
üzr istəməyə məcbur olur.
Həmin
görüşün fasiləsi zamanı Ənvər
Məmmədovun ABŞ, Fransa, İtaliya və Almaniyadan
olan həmkarlarının hər biri ilə onların öz
dilində danışması bütün sovet jurnalistlərini
heyrətə gətirmişdi. Bu gün də
Rusiyanın ən tanınmış televiziya mütəxəssisləri,
məşhur jurnalistləri həmyerlimizi tərifləyir,
onun fəaliyyətinə yüksək qiymət verirlər.
Onu fenomenal, əfsanəvi, bütün
zamanların və bütün xalqların görkəmli
şəxsiyyəti adlandırırlar.
Bütün varlığı ilə
doğma Azərbaycana bağlı olan Ənvər Məmmədov
1979-cu ildə Bakıya gələndə hava limanında onu
duz-çörəklə qarşılayırlar.
İnsanların əfsanəvi həmyerlilərinə belə
sonsuz məhəbbəti onun bu xalqın adının yüksəlməsi
üçün gördüyü böyük işlərin
müqabilində idi. Müdrik Ənvər müəllim isə
deyir: "Xarici qonaq deyiləm ki, məni belə təmtəraqla
qarşılayırsınız. Mən öz vətənimə
gəlmişəm".
Həmin səfəri zamanı Ənvər Məmmədov Ulu öndər Heydər Əliyevlə də görüşmüşdü. Hər zaman Azərbaycanın adını ucaldan həmvətənlərimizlə qürur duyan Heydər Əliyev bu yaxın tanışlıqdan və onunla söhbətdən çox məmnun qalmışdı.
Bu ilin avqust ayında 100 yaşı tamam olduqdan bir neçə gün sonra vəfat edən böyük həmyerlimiz sentyabrın 11-də Moskvanın Troekurovski qəbiristanlığında dəfn edilmişdir. Bir vətəndaş olaraq arzu edərdim ki, xarici ölkələrdə vəfat edib vətənində dəfn edilən digər məşhur soydaşlarımız kimi onun da nəşi vətənə gətirilib görkəmli azərbaycanlı kimi doğma torpağa tapşırılaydı. Bu zaman gənclərimiz, növbəti nəsillər belə soydaşlarımızın mövcudluğunu daha yaxşı yadda saxlaya bilərdilər.
Nahaq deyilməmişdir ki, dağlar zirvələri
ilə, xalqlar da öz şəxsiyyətləri ilə
tanınar. Ənvər Məmmədov hər bir azərbaycanlı
üçün milli qürur mənbəyi olan şəxsiyyətlərdəndir.
Biz belə soydaşlarımızı daha yaxından
tanımalı, onları dünyaya olduqları kimi tanıtmalıyıq.
525-ci qəzet .- 2023.- 14 sentyabr.-
S.10-11.