Qarabağ folkloru: qədimlik və özünəməxsusluq

Folklor koloritinin dadını-duzunu artıran şivə-dialekt özəllikləri Qarabağ folkloruna özünəməxsus cəhətlər qazandırır. Qarabağ bölgəsinin əksər yaşayı məntəqələrində danışıq dili, demək olar ki, eynidir. Bununla belə, şivə-dialekt fərqliliyi, seçilən dil-üslub xüsusiyyətləri, xalq danışıq tərzindəki cüzi ayrılmalar, məxsusi etik-estetik baxış da nəzərə çarpmaqdadır. Bu isə söyləyicilərin nitqi, savadı ya savadsızlığı ilə ilişgəlidir. Bir söyləyici fikrini aydın, rəvan, obrazlı şəkildə çatdıra bildiyi halda, digəri isə ən maraqlı hadisələri olduğu kimi çatdırmaqda çətinlik çəkir.

Bu rayonların adət-ənənəsi, məişəti, məşğuliyyəti, təsərrüfat həyatı oxşar olduğu kimi, arada fərqli məqamlar da yox deyil. Belə məqamlar Qarabağa aid rayonların folklorunda da özünü göstərir. Doğrudur, bu rayonların folklorunun mövzu müxtəlifliyi, məzmun əlvanlığı şərti xarakter daşıyır. Ona görə ki, folklorun coğrafiyası tək bircə regionu əhatələmir. Müxtəlif növ folklor örnəkləri ayrı-ayrı bölgələrdə yaransa da, sonralar onların "hərəkət" dairəsi genişlənib bütün ölkəyə yayıla bilir. Ancaq yenə hər bir rayonun folklor örnəyi özünəməxsus cizgiləri ilə səciyyəvidir. Bu baxımdan, Qarabağ folklorunun da yayılma arealı təkcə Qarabağla məhdudlaşmır, Azərbaycanın indiki inzibati-coğrafi ərazisini aşaraq Qərbi Azərbaycan, İraq-Türkman, Dərbənd Borçalıda da paralellik variantlılıq qazanır. Azərbaycan folkloru atlasına nəzər salsaq, Qarabağ folklorunun çox geniş ərazini əhatə etdiyini aydınca görərik.

İbtidai təsəvvürlər, inam-etiqadlar, sınamalar, ovsunlar, miflər, əsatirlər, əfsanə rəvayətlər, eləcə mövsüm-mərasim vərdişləri digər arxaik nümunələr Qarabağ folklorunun xarakterik xüsusiyyətlərini özündə cəm edən amillərdir. Demək olar, folklorun elə bir janrı yoxdur ki, bu bölgədə özünü göstərməsin. İnsan mənəviyyatını zənginləşdirən, nəsillərdən-nəsillərə keçərək qədir-qiymətini qoruyub saxlayan bu örnəklərin hər birisi bədii estetik gücü, ideyası, məzmunu, asanlıqla qavranması ilə diqqət çəkir.

Təbii coğrafi mövqeyinə görə Qarabağ minilliklərin yaşıdı olan mağaralar, ibtidai sığınacaq yerləri, qədim insan düşərgələri, qayalar, seyrangahlar, qalalarla zəngindir. Bu xüsusiyyət Qarabağ folklorunun ən qədim janrlarında - əsatirlərində, miflərində, inanclarında, ovsunlarında sair örnəklərdə özünü bariz şəkildə göstərir. Təsadüfi deyil ki, Qarabağda "Kitabi Dədə-Qorqud" dastanları ilə səsləşən, oradakı personajlarla uyarlıq təçkil edən yer-yurd adları çoxdur.

Qarabağ folkloru örnəklərində həm lirik, həm epik növlərə bağlı olan nümunələr mövzu əlvanlığına janr rəngarəngliyinə görə çeşidlidir. Xalqın milli xarakteri, ideya-estetik görünüş, poetik üslub, bədii-fəlsəfi mündəricə, lakoniklik, çeşidli çalarlar, ictimai həyatın bütün qatlarına nüfuzetmə, şeiriyyət, təbiət cəmiyyət hadisələrinə realist baxış bu örnəklərin qabarıq cəhətlərini təşkil edir. Bu örnəklərdəki məna zənginliyi, məzmun rəngarəngliyi, təbiətin ruhundakı saflıqdan, dilin təfəkkürün harmoniyasından, insanların sağlam düşüncəsindən, iti ağlından olaylara məntiqi yanaşmasından irəli gəlir.

Azərbaycan şifahi xalq ədəbiyyatının folkloru ilə qaynayıb-qarışmış, bütövlükdə tərkib hissəsinə çevrilmiş, süjet, motiv, obraz xüsusiyyətləri ilə seçilən Qarabağ folklorunda regionun tarixi, coğrafi mənzərəsi, insanların ibtidai təsəvürləri, ilkin əmək nəğmələri, xeyir-duaları, inam etiqadları, alqış qarğışları özünəməxsus tərzdə ifadə edilir. Bu özünəməxsusluq bu bölgənin münbit şəraiti folklor mühiti ilə bağlıdır.

Bu bölgəyə xas folklorun ilkin-ibtidai janrlarında təbiətin, canlı aləmin, bitkilərin mahiyyəti, onlara münasibət ilə bağlı yaranmış nümunələr də var: "Bayquş ulayanda daş atmazlar, duz-çörək götürüb deyərlər: - Bu duz-çörək sənə qənim olsun, birulama, çıx get", "Bülbül yumurtasını yeyən uşağın zil, məlahətli səsi olar", "Dıra-dıra quşunun (ona qızlarquşu da deyirlər) ətini hansı uşağa bişirib versən, ya da yumurtasını ilıq edib içirtsən, o uşaq həm sağlam olar, həm də tez ayaq açıb yeriyər", "Göyərçini öldürmək olmaz, göyərçin mələkdi", "Qaranquşun yuvasını uçurmazlar, evə bədbəxtlik gətirər", "Çinar ağacını yandırmazlar, çinar ağacı  müqəddəsdi", "Dağdağanı bir parçaya büküb cibində gəzdirən adam xeyir tapar". "Zoğal ağacı çox zərif ağacdır. O, göz götürmür. Çiçəkləyən vaxtı onun yanından keçəndə gərək "maşallah!" deyəsən, yoxsa ağac çiçəklərini tökər", "Əncir və qoz ağacını kəsən sağ can görməz" və sair. Təbiət qüvvələrinə inamla bağlı belə nümunələr dədə-babalarımızın həyata-dünyaya baxışlarını özündə ehtiva edir.

Qarabağda mövsüm və mərasim folkloru insanların məişətini, təsərrüfat həyatını dolğunluğu ilə təcəssüm etdirir. Tarixən, Azərbaycanın digər regionlarında olduğu kimi, Qarabağda da əkinçilik və maldarlıq geniş yayılıb və bu məğulluq folklor örnəklərində də dərin iz qoyub. Bu sahələrlə bağlı sayaçı sözləri, tərəkəmə deyimləri bu gün də əhəmiyyətini qoruyub saxlayır.

Əlbəttə, bir yazıda zəngin Qarabağ folklorunun xarakterik xüsusiyyətlərindən tam söhbət açmaq mümkün deyil. Yekunda onu qeyd etmək istərdik ki, Qarabağ təkcə vüqarlı dağları, qamçı-qamçı çayları, damcı-damcı bulaqları, zümrüd meşələri, təmiz havası ilə seçilmir, o, həm də folkloru, musiqisi, poeziyası, incəsənəti ilə fərqlidir. Burada təbiətin misilsiz gözəlliyi insanların həm daxili, həm də zahiri dünyasını zənginləşdirir, onların təfəkkürünü cilalayır, mənəvi aləmini saflaşdırır və təbii ki, folklorda da öz parlaq izlərini qoyur.

 

Elman QASIMOV,

Faiq ŞÜKÜRBƏYLİ

525-ci qəzet .-  2023.- 15 sentyabr.- S.10.