Dastana dönmüş ömür

Kamalə ABİYEVA

 

"O bir başqaydı" deyir bütün tanıyanlar. Ona "bizim Mübariz", "Mixaylo" deyirlər. "O, əsl milli qəhrəman idi" - deyir döyüş yoldaşları.

 Ərgünəş uğrunda ağır döyüşlər gedirdi. Düşmən minamyotları susmurdu. Pulemyotu təkbaşına ən uca nöqtəyə qaldırdı. Əks-hücuma qarşı döyüşdü, qələbəyə yol açdı. Dəqiq, sərrast zərbələri, məğrur duruşunda qələbəyə inam vardı həmişəki kimi. Bu döyüşdə yeddi şəhid verdik, Ərgünəş azad olundu. Onu snayperlə vurdular...

- İki oğlum var. İkisi Tovuz hadisələrindən sonra könüllü yazılmışdılar. İkisinə "halal olsun" demişdim. Qardaşını çağırmadılar. Kamrana qismət oldu vətən uğrunda döyüşmək. Arada danışırdıq. "Özünüzə yaxşı baxın, mən yaxşıyam. Sən rahat ol. Həmişə oğlunla fəxr edəcək, "Mən kişi böyütmüsəm" deyəcəksən"- sözü bu idi. Bir demişdi ki, mənə təzə geyim dəsti alarsan, Gələndə geyinəcəm. Dedim "narahat olma, ən gözəl kostyumu alacam sənə". Ən gözəl geyimi özü seçdi. Bayrağa bürünüb gəldi. Oktyabrın 21-də danışdıq son dəfə. Mənim oğlum üzbəüz, təkbətək döyüşdə erməniyə can verməzdi, snayperlə vurublar namərdlər" - bunları deyə bilir ata.

Oktyabrın 22-də isə bütün Şüvəlan camaatı yollarda idi. "Şəhidlər ölməz, vətən bölünməz" sədaları Xəzərin səsinə qarışmışdı. Hamının əlində vətən bayrağı vardı; Onu qarşılayırdılar..: O da bayraqla gəlirdi - Kamran Füzuli oğlu Hacıyev.

1994-cı il yanvarın 16-da Bakının Şüvəlan qəsəbəsində anadan olmuşdu. 2020-ci il oktyabrın 22-də qəhrəman kimi kəndinə qayıtmışdı.

2000-ci ildə məktəbə gedib. Şüvəlandakı İlqar Muradov adına 237 ¹li tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə 9 illik təhsil aldıqdan sonra maşın ustası olur. Amma bir peşəylə kifayətlənmir, daşı daş üstə qoyub ev tikir, suvaq edir, bütün təmir işlərini öyrənir Kamran. Tanıyanların dediyi kimi, bacarmadığı yox idi. Onu hamı sevirdi: dost-tanış, müəllimlər, qohum-əqraba. Sevgiylə böyüdü Kamran. Amma vətən acısı, işğalda olan torpaqların ağrısı, Xocalı yanğısı da böyüdü onunla birgə.

2012-2013-cü illərdə Tovuzun Ağdam kəndində həqiqi hərbi xidmətdən çavuş kimi qayıdanda hərbçi olmaq istədiyini söyləmişdi valideynlərinə.

Cəbrayıl, Xocavənd, Füzuli, Hadrud uğrunda döyüşlərin iştirakçısı idi qəhrəmanımız.

"Çox diqqətli, məsuliyyətli, vətənsevdalıydı oğlum. Əlindən hər gəlirdi, amma döyüş yoldaşları danışdıqca düşünürdüm ki, oğlumu tanımamışam. Necə qorxmaz imiş. Övlad itkisindən dözülməz heçyoxdur. Çox ağır, ağrılı olsa da,  belə oğulun anası olmaq qürurvericidir" - deyir Sevinc xanım. Göz yaşı da danışır. Oğlunun igidliyindən söhbət açanlara qulaq asdıqca "mən başqa cür oğul böyüdə bilməzdim" - deyir ananın göz yaşları.

2016-cı ildə Tapqaraqoyunlu istiqamətindəki əməliyyatların iştirakçısı olub.  İgidliyinə görə növbəti rütbəylə təltif olunub. Sonra ehtiyatda olub. Qarabağ müharibəsinin qazisi olan kapitan Rauf Əliyev müharibə başlayanda tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavini kimi döyüşlərə qatılıb: "Kamrandan nə qədər danışsaq, azdır. Uşaqlar hərəsi bir igiddir mənim üçün, amma o bir başqaydı. Bizim təminatçımız idi elə bil. İnsanlığı, mərdliyi ilə hamımızın sevimlisi idi. Elə olub bir neçə gün mühasirədə qalmışıq.  Ərzaq bir yana, susuz əziyyət çəkmişik. Birgörürdük Kamran su bitonları ilə gəlir. Ermənilər olan əraziyə gedirdi, ərzaq gətirirdi. Kamran vardısa, kimsə ac-susuz qalmazdı. Sehrbaz kimiydi. İnsan nə qədər qorxmaz, cəld, bacarıqlı olar. Ən çətin tapşırıqları ona verirdik. Əsl hərbçi idi. Minamyotun səsindən harda olduğunu müəyyən edirdi. Taborun ürəyi idi. Bir dəfə birlikdə su gətirməyə getmişdik. Orda bayrağımız dalğalanırdı. Getdi dayandı bayrağın yanında dedi: Bu bayrağa bax, bu bayraq üçün şəhid olmağa dəyər".

Səyavuş Saleh oğlu İmranov 1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetində həm də hərbi təhsil alıb. Baş leytenantdır. 1996-2000- ci illərdə hərbi xidmətdə Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışan Səyavuş İmranov fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir. Baş leytenantla danışdım, döyüş xatirələrini bölüşdüyü kadrlara baxdım: "20 ildir ehtiyatdaydım. Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Hər şəhid, hər qazi, müharibədə olan hər bir oğul, hər döyüşçü mənim üçün qəhrəmandır. Amma Kamran tamam fərqliydi.  Bölüyün qoruyucu mələyi idi. Birgörürdüm Kamran yoxdur. Bir-neçə saatdan sonra ərzaqla, su ilə qayıdırdı. Düşmən tərəfə necə keçirdi, o ərzaqları necə gətirirdi...

Kəşfiyyat manqası olur, döyüşdə, hücumda onlar öndə gedir. Yəni bu, ən təhlükəlidir, candan keçməkdir. O, həmişə kəşfiyyat manqasında olurdu. Kamran əsl milli qəhrəman idi. Təsəvvür edəndə heyrətlənirsən bu cəsurluğa".

- Vətənin ərazi bütövlüyü uğrunda döyüşmək, bu döyüşlərdə qalib olmaq, şəhid olmaq şərəfdi. Kamran kimi döyüşçü, dost, insan olmaq da şərəfdi. Hadrut uğrunda döyüşlər idi. Dörd gün idi ərzaq bitmişdi. Düşmən əsgərinin paltarını geyib, ermənilərin arasına getmişdi, ərzaq gətirmişdi. Çox qorxmaz idi. Yemək gətirərdi, özü yeməzdi, su gətirərdi özü içməzdi. Biz güclə verirdik ona bir içim suyu da. Çoxumuz son dəfə onun əlindən su içmişik, yemək yemişik. Bölüyün tacıydı - deyir döyüş yoldaşı Kərim Şərifov.

Döyüş yoldaşlarının "ikinci Mübarizimiz", "Mixaylo" dedikləri Kamranla bağlı söhbətləri dinləyirəm, görüntülərə baxıram. Adi günlərdə, onun anım günlərində olan çəkilişləri izləyirəm. Onlarla döyüş yoldaşı, zabitlər Sevinc ananın qarşısında baş əyir, əllərindən öpür, həyatı üçün Kamrana borclu olduğunu deyir. Düşünürsən ki, vətən elə belə oğullar böyüdən analardır. Elə Sevinc xanımdır Vətən. Onlara görə ana demişik Vətənə.

Sevinc xanımın aramla dedikləri səslənir ürəyimdə: "Elə əvvəldən hərbiyə marağı vardı. Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. MAXE olmaq istəyirdi. Müraciət etmişdi. Tovuz hadisələri baş verəndə hərbi komissarlıqdan əl çəkmirdi. Polad Həşimovun ölümündən çox sarsılmışdı. Ümumiyyətlə, Qarabağın, Xocalının adı çəkiləndə dözə bilmirdi. Müharibə başlayan kimi dedi ki, ana, mən gedirəm. 29-da tezdən getdi hərbi komissarlığa, həmin günyola düşdü. Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Bu döyüşlərdə də manqa komandiri idi oğlum".

BirLeyla xanımın sözlərini eşidirəm: "Bütün şəhid ailələrinə başsağlığı verirəm, həm də onlara səslənirəm: Oğullarınızla fəxr edin. Necə ki mən nəvəm Kamranla fəxr edirəm. Analar dünyaya oğul gətirir. Oğulüçündür? Vətənin dar günündə sinəsini sipər eləsin düşmənə. Onlar da sipər oldular".

Təkcə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmayıb Kamran. O bir dastan yazıb: Kamran dastanı.

2022-ci ilin Zəfər günündə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Bu il isə Kamran Hacıyev "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medallarına təqdim olunub.

İndi ölkəmizdə igidlərimizin adını daşıyan  küçələr var. Bu küçələr həm də bizim ömür yolumuzdur. Gələcək nəsillərin ömür yoludur - Şüvəlandakı Kamran Hacıyev küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik.

P.S. Sevinc xanım tanışlığımıza, oğlu haqda yazacağıma çox sevindi. Oxucum imiş. "Sizi nə qədər sevdiyimi bilsəniz" - dedi. Şəhid ailələrindən çox xoş sözlər eşidirəm. Ən böyük mükafatdı onlar.

525-ci qəzet  2023.- 15 sentyabr.- S.13.