Ziyalı ömrünün işıq payı

Müzahim İSMAYILZADƏ

Həyatda rastlaşdığım, tez-tez ünsiyyət qurduğum, ürəyimdə yer alan, xətrini dünyalar qədər istədiyim ziyalılar, xeyirxah adamlar çox olub. Belə işıqlı adamlardan, İşıq adamlardan biri də görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. O, təkcə mənim yox, çoxlarının yaddaşında, könül dünyasında müdrikliyi, xeyirxahlığı, alicənablığı ilə, eləcə də qardaş Türkiyə ədəbiyyatının ən mahir bilicisi kimi sağlığında ikən əbədiləşən bir Azərbaycan kişisidir, Azərbaycan ziyalısıdır və həm də sözə könül verən Azərbaycan şairidir. Və nə yaxşı ki, onun kimi vətənpərvər, ürəyi Vətən sevgisilə çırpınan, öz ziyası ilə yolumuza nur çiləyən, bizi düzlüyə, sədaqətli, etibarlı olmağa, haqqı nahaqqa qurban verməməyə çağıran, hər kəsdə bu keyfiyyətləri tərbiyə edən bir insanla bir kollektivdə - Milli Arxiv İdarəsində çalışıram. Əsgər müəllim Milli Arxiv İdarəsinin rəisidir və bir rəhbər olaraq həyat məktəbinin ən böyük müəllimlərindən biri kimi üzərimizə böyük məsuliyyət qoyub. Dövlət arxivində çalışmağın məsuliyyətini məhz o böyük insandan əxz elədim. O, böyük ziyalı, alim və vətənpərvər bir insan kimi insanlığı yaşadır, haqqı-ədaləti yaşadır, düzlüyü, təmiz adı hər şeydən uca tutur, vətəninə, millətinə xidmət edən, Azərbaycanın ən sanballı alimlərindən və söz adamlarından biri kimi tanınır və sevilir. Millət üçün ömrünü şam kimi yandıran, haqq adamı, dost adamı kimi ürəklərə yol tapan Əsgər Rəsulov qəlbindəki Vətən sevgisi, el-oba sevgisi, xeyirxahlıq və səmimiyyət kimi keyfiyyətlərilə hər kəsin məhəbbətini qazanan, işdə ciddi və tələbkar olduğu qədər də qayğıkeş olan, sözü və əməli üst-üstə düşən bütöv bir şəxsiyyətdir.

Şərəfli, ləyaqətli bir ömür yaşayan, insanlığına, xeyirxahlığına bələd olduğum, səmimiyyətinə vurulduğum professor Əsgər Rəsulov möhkəm iradəsi, arzusu, istəyi yolunda dönməzliyi, zəngin həyat təcrübəsi, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, bir alim kimi ucalığı, bir şair kimi sözlərdən zərif, incə ruh oxşayan çələng toxuması... qürurvericidir. O, elə bir insandır ki, qazandığı saysız-hesabsız uğurlar da, alim şöhrəti də, daşıdığı vəzifə də onu dəyişdirə bilməyib. Şöhrət dalınca qaçmayıb, şöhrət özü gəlib onu tapıb və xeyirxahlığı, insanlığı, sadəliyi, təvazökarlığı hər şeydən üstün tutan Əsgər müəllimin şəxsiyyətində ziyalılıqla insanlıq, sadəliklə böyüklük birləşərək onu xalqın gözündə daha da ucaldıb.

O işıqlı, nurlu insan kollektivdə hər kəsə həm ata kimi, qardaş kimi, rəhbər kimi, həm də şair və alim həssaslığı ilə yanaşır, hamının qayğı və problemlərilə maraqlanır və heç kimi diqqətdən kənarda qoymur.

Professor Əsgər Rəsulov həm müəllimdi, həm dilçidi, həm ədəbiyyatşünasdı, həm tərcüməçidi, həm də şairdi. Bunlardan öncə isə qeyrətli Azərbaycan vətəndaşıdı, əsl şəxsiyyətdir, bir ziyalı kimi qaranlıqları işıqlandıran, haqq yolunu göstərən bir ziyalıdı, işıqdı. Onun işığından hamıya pay düşür. O işıqlı adam hamını işığına çağırır, işığıyla çağırır. Onun işığına üz tutub gələnlərin sayı çoxdur, lap çoxdur. O gözəl ziyalının ümid qapısından heç kim ümidsiz geri qayıtmayıb. O, hər kəsi mehribanlıqla dinləyir, hər kəsin dərdinə əlac tapmağa çalışır, qayğısına qalır, bir ata kimi, müəllim kimi məsləhət verir, doğru yol göstərir

Ərz elədiyim kimi, Əsgər Rəsulov müəllimdi, qələmilə öyünə bilən elm adamıdı, sanballı kitabların müəllifidi. Bir müəllim kimi həyatın hər sınağından uğurla keçib və özünün həyat təcrübəsinə söykənərək həm bilik verir, həm də həyat dərsi keçir və söz düşəndə deyir ki, həyatda xoşbəxtlik həm də yaxşılıq eləməkdir və yaxşılıq eləməkdən duyulan həzdir, elm və hünərdən alınan zövqdür. Və bir də deyir ki, insan öyrənməklə, bilik əldə etməklə ucalar.

Hər bir insana qarşı eyni dərəcədə istiqanlı və mehriban olan Əsgər müəllimin elmin sirlərinə dərindən bələd olması, pedaqoji ustalığı, əsl ziyalı mədəniyyəti nümayiş etdirməsi onun böyük hörmət və nüfuz qazanmasının əsl səbəblərindən biridir.

Əsl müəllim və xeyirxah insan olan Əsgər Rəsulovdan həmişə və hər yerdə öyrənirlər, bu işıqlı insanın həyat məktəbindən dərs alanlar da az deyil. Hər anı ilə öyünüləsi, qürur duyulası o işıqlı insan hər kəsin qəlbinə yol tapmağı, onlara fərdi yanaşmağı, hərənin öz dili ilə danışmağı bacaran müəllimdir və bir müəllim kimi də qüruru, ləyaqəti, mənliyi hər şeydən üstün tutur.

Professor Əsgər Rəsulov dilçi və ədəbiyyatşünas alimdi və bir alim kimi şöhrəti tərcümə sahəsindəki dəyərli işlərilə də türk dünyasına yayılıb. Onu Türkiyədə daha yaxşı tanıyırlar. Bu, səbəbsiz deyildir. Axı o, Azərbaycanın türk dili və ədəbiyyatı sahəsində tanınmış şərqşünaslardan biridir, birincisidir. Təkcə onu demək kifayətdir ki, "Türk sənədli-bədii nəsri" monoqrafiyası onun kamil ədəbiyyat nəzəriyyəçisi olduğunu bir daha təsdiqlədi. Fəxrlə demək olar ki, bu günə kimi nə dünya şərqşünaslığında, nə də qardaş Türkiyədə təxminən altıyüzillik dövrü əhatə edən ümumiləşdirilmiş tədqiqat əsəri yazılıb.

Professor Elxan Əzizov yazır: "...Əsgər müəllim ondan artıq kitabın, on beş fənn proqramının, ölkəmizdə və xaricdə nəşr edilmiş ikiyüzə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. Türk dilinə və əksinə çoxsaylı tərcümələr edib, bu qəbildən olan iyirmiyə yaxın kitabın ixtisas redaktorluğunu öz öhdəsinə götürüb.

O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Əsgər müəllimin türk dilçiliyi sahəsində mühüm xidmətlərindən biri də ölkəmizdə ilk dəfə olaraq rus dilində nəşr etdirdiyi "Sovremennıy turetskiy yazık" (2016) kitabı ilə bağlıdır. Burada türk dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisi bütün parametrləri ilə nəzəri cəhətdən araşdırılmış, tələbə, magistrant, doktorant və müəllimlərin stolüstü vəsaitinə çevrilmişdir".

Professor Əsgər Rəsulov 43 ildir ki, BDU-da elmi-pedaqoji fəaliyyətini davam etdirir. O, Azərbaycan, rus və türk dillərindəki mövcud nəzəri əsərləri hərtərəfli araşdırdıqdan sonra, əvvəlcə "Tərcümə nəzəriyyəsi müstəvisində Türktiyə türkcəsi və Azərbaycan dili" (2007), ardınca "Tərcümə nəzəriyyəsi və təcrübəsi" dərs vəsaitini (2015) ortaya qoyaraq bu sahədəki boşluğu aradan qaldırmış oldu.

Azərbaycan türkologiyasının lüğətçilik sahəsində böyük işlər görən Əsgər Rəsulov "Türkcə-azərbaycanca-rusca dilçilik terminləri lüğəti (prof. R.Rüstəmovla birgə), "Türkcə-azərbaycanca-rusca; Azərbaycanca-rusca-türkcə; Rusca-türkcə-azərbaycanca dilçilik terminləri lüğəti və "İzahlı türkcə-azərbaycanca yalançı ekvivalentlər lüğəti dediklərimizə əyani sübutdur.

...Əsgər Rəsulov həm də fitri istedadı və bədii sözə vurğunluğu ilə seçilən, sözə könül verən, poetik düşüncələrini böyük ustalıqla qələmə alan şair kimi də tanınır. Şairin "Dilmanc" adlı kitabı onun bənzərsiz şeir dünyasından, sözlə nəfəs almasından, eləcə də sözə nəfəs verməsindən xəbər verir. Şairin fəlsəfi məzmunlu şeirləri, oxucunu heyrətləndirən poemaları ürəkləri ovsunlayıb, poeziyasevərlərin böyük marağına və sevincinə səbəb olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əsgər Rəsulun bir şair-alim kimi, şərqşünas kimi həyat kredosunu aşağıdakı misralarda da görmək mümkündür:

Küsmürəm, deyirəm qoy belə olsun,

Qarşılıq gözləmək çox mənasızdır.

Mənə edilənlər borcum sayılsın,

Mənim etdiklərim təmənnasızdır.

Dərin fəlsəfi məzmunlu bu misralar Əsgər Rəsulun işıqlı ürəyindən, şərəfli həyatından, insanlara qucaq açmasından, Vətən sevdalı olmasından, ürəyinin yaxşılıq etmək arzusu ilə çırpınmasından xəbər verir. Bəli, o, təmənnasız yaxşılıq eləyən insandır, elmilə xalqı faydalandıran alimdir, şeirlərilə ruhumuzu cilalayan şairdir və bir şair kimi sözü ürəyində bişirməmiş qələmə almır. O, fikir və düşüncə şairidir. Onun şeirləri dünyaya işıq tutur və bu işıqda dünya da, insanın iç dünyası da bütün çılpaqlığı ilə gözlərimiz önündə canlanır.

Şairin şeirlərində hiss və duyğuların, ovqatın, fikrin müasirliyi o qədər orijinal təsir bağışlayır ki, heyrətlənməyə bilmirsən.

Eşq ürəkdə gizlənir,

Yalan dilin bağında...

Zalımın zalımlığı,

Məzlumun susmağında.

("Gizlənib")

Elə bu misralardan da hiss eləmək mümkündür ki, şair Əsgər Rəsul oxucu qəlbinin ən incə tellərini titrədən, ruhumuza sığal çəkən, könlümüzü oxşayan, insanları mənəvi təmizliyə çağıran incə qəlbli bir şairdir.

Əsgər Rəsul sözə bükülmüş şair ürəyilə günümüzün reallıqlarını açıb-göstərir:

Minnətsiz kəsilmir indi duz-çörək.

Yaxşılıq təmənna üstündə bitib.

Yıxır insanları acgözlük, həsəd.

Əl tutmaq, mərhəmət duyğusu itib...

"Dünyamı dəyişdi, bizmi yaşlandıq")

Ürəyinin diktəsilə şeirlər yazan, poeziya aləmində heç kimin yoluyla getməyən, heç kimi təqlid etməyən Əsgər Rəsulun misralarında təsadüfi bir sözə, ürəyində "bişirməmiş" bir şeirə rast gəlmədim, əvəzində xalqa, zamana xidmət eləyən şeirlər oxudum. Bu şeirlərdə milli yanğı, gələcəyə söykənmiş düşüncə gördüm və hiss elədim ki, şair Əsgər Rəsulun poeziyası həm ədəbiyyatın, həm də əbədiyyətin tarixinə yazılacaq.

...Bəli, professor Əsgər Rəsulov işıqlı, nurlu ziyalıdı, Azərbaycanın sayılıb-seçilən mərd kişilərindən biridir. Hər zaman ləyaqətli şəxsiyyət nümunəsi göstərən şəxsiyyətdir. Bir şəxsiyyət kimi Vətən üçün, millət üçün çox işlər görüb, tarixi əhəmiyyətli işlər görüb, bədii ədəbiyyatımızın inkişafı yolunda da yorulmadan çalışan söz adamı kimi adını tarixin ən öyünüləsi səhifələrinə yazdırıb. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun bir çox əsərlərinin nəşriyyar redaktoru olub, türk şairi Fazil Nəcib Qısakürəyin şeirlər toplusuna olduqca geniş və əhatəli ön söz yazaraq o böyük söz ustadını Azərbaycan oxucularına daha yaxından tanıtdırıb.

Qalın-qalın kitablara sığmayan bir ömür yaşayan professor Əsgər Rəsulov insanları gözəlliklər yaratmağa, yaxşılıq və xeyirxahlıq etməyə səsləyir və tanınmış alim kimi, şərqşünas və pedaqoq kimi Vətənə şöhrət gətirən bir ziyalı kimi Şərqşünaslıq institutunda kadr hazırlığı sahəsində də az iş görməyib. Tələbələrin sevimlisi, istəklisi olan professor Əsgər Rəsulov Naxçıvanın türk dünyasına bəxş etdiyi ən işıqlı ziyalılardan biridir. O, həm də Dədə qorqud öyüdlü, Dədə Qorqud nəsihətli bir insan kimi xalqın güvəndiyi, inandığı, ümid etdiyi ziyalıdır, haray deyəndə imdad verəndi, gözəl ailə başçısıdır, sevimli atadır, istəkli babadır, təmənnasız bir ömür yaşayan şəxsiyyətdir.

Professor Əsgər Rəsulov həm də qürurlu ziyalıdır. Çünki təvazökardır. Təvazökar olanlar qürurlu olurlar.

O, sözün əsl mənasında böyük şəxsiyyətdir. Əgər yer üzündə mərifət, alicənablıq, halallıq, düzlük, şərəf və ləyaqət, dostluq və sədaqət yoxa çıxsa, onları yenidən Əsgər müəllimin qəlbində axtara bilərsiniz. Çünki o, şəxsiyyətdir.

Professor Əsgər Rəsulov mənəviyyatca təmiz adamdı, vətənə, millətə sevgiləriylə böyük adamdı. Çünki o, şəxsiyyətdir.

Professor Əsgər Rəsulov halal adamdı, Allah adamıdı. Halal adam, Allah adamı həmişə halallığında qalacaq. O, həm də Allah bəndəsinə mərhəmət göstərdiyinə görə Allah da onu ucaldır. Çünki o, şəxsiyyətdir.

Professor Əsgər Rəsulov millətin qəmiylə qəmlənir, sevinciylə sevinir, ölkənin və millətin taleyüklü məsələlərində ön sıralarda dayanır. Çünki o, şəxsiyyətdir.

Bu gün kişilik də, mərdlik də, xeyirxahlıq da, əsl ziyalılıq da üç-dörd nəfərin çiynində daşınır ki, onlardan biri də professor Əsgər Rəsulovdu. Çünki o, şəxsiyyətdir. O, vətənpərvər ziyalı, görkəmli türkoloq alim, tərcüməçi-ədəbiyyatşünas kimi insanlığın ən uca zirvəsində - kamillik zirvəsində yer alıb. Onun işığı yolumuzu aydınlaşdırır. Yüz illər keçsə də, bu işıq sönməyəcək, çünki onun işığı kitablarından, monoqrafiyalarından, lirik şeirlərindən, poemalarından süzülüb gəlir.

Mən deyərdim ki, professor Əsgər Rəsulov şəxsiyyət kimi daha çox sevilir. Axı hər alim, hər elm adamı, hər vəzifə sahibi şəxsiyyət ola bilməz. Şəxsiyyət olmaq üçün əsl insan, əsl vətəndaş, əsl ziyalı, kamil insan olmaq gərəkdir.

Əsgər müəllim bir şəxsiyyət kimi heç kimə yox, özünə arxalanır, özünə güvənir, özünə söykənir, özünə dayaq olur. Bəli, o, heç kimə söykənmir, ona söykənirlər. Çünki o, şəxsiyyətdir

O, həm də cəsarətli ziyalıdı. Haqsızlıq önündə heç vaxt susmayıb. Haqqın yanında dayanır, haqqa söykənib, haqqı danışır. Çünki o, şəxsiyyətdir. Haqqı danışmaq, haqqı söyləmək şəxsiyyətə xas olan xüsusiyyətlərdən sayılır. O da bir şəxsiyyət olaraq ədalətsizliklə üzləşəndə, ən gərgin anlarda, psixoloji şəraitdə belə özünü itirməyib, öz əqidəsinə sadiq qalıb, öz haqlı fikirlərindən daşınmayıb.

Bəli, professor Əsgər Rəsulov unudulası mümkün olmayan şəxsiyyətdir. O, xalqın qan yaddaşında əbədi olaraq yaşayacaq şəxsiyyətdir. Və o, bir şəxsiyyət olaraq hamı tərəfindən sevilir, onunla fəxr edirlər, qürur duyurlar. Türk dünyasının o böyük alimlə, o böyük ziyalıyla fəxr etməyə mənəvi haqqı var. Professor Əsgər Rəsulov bütöv şəxsiyyətdir, fenomendir, türkün genetik kodudur, gen yaddaşıdır, söz adamıdır, ədəbiyyat adamıdır, təfəkkür sahibidir, türk dili və ədəbiyyatı elminin ən nəhəng simalarından biridir.

Və ən nəhayət, demək istəyirəm ki, professor Əsgər Rəsulov yaşadığı ömrə imza ata biləcək şəxsiyyətdir, ömür səhifələrinə, ancaq gözəl əməllər yazan şəxsiyyətdir. O böyük insanın ziyalı ömrünün işığından hamıya pay düşür.

525-ci qəzet  2023.- 19 sentyabr.- S.10.