Ekoloji fəlakətə
yol açan meşə yanğınları
HƏR İL
MİNLƏRLƏ HEKTAR MEŞƏNİ KÜLƏ
DÖNDƏRƏN YANĞINLAR AZƏRBAYCAN
TƏBİƏTİNƏ BÖYÜK ZİYAN VURUR
Son
200 ildə dünya üzrə meşə ərazilərinin
sahəsi 2 dəfədən çox azalıb. XVII-XIX əsrlərdə
indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə
örtülü olub. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi
989,4 min hektardır. Bu da ölkə ərazisinin
11,4 faizini təşkil edir. Bu
meşələr cənubdan ta Dağıstan sərhədinə
kimi uzanır. Azərbaycanda hər adama təqribən 0,12 ha meşə sahəsi düşür ki,
bu da ümumdünya miqyasında götürülən
müvafiq orta rəqəmdən 4 dəfə azdır.
Narahatlıq doğuran haldır ki, yüz il əvvəl Yer
kürəsinin quru hissəsinin 60 faizi meşə ilə
örtüldüyü halda, indi bu rəqəm 30 faizə
enib. Planetdə hər dəqiqədə 44 hektar torpaq
deqradasiyaya uğrayır, o cümlədən, şum
altında olan torpaqlar 10-19 hektar azalır. Meşə
yanğınları hər il təbiətin
neçə hektarlarla misilsiz sərvətini məhv edir. Bu da su qıtlığı, havanın keyfiyyətinin
pisləşməsi, onun tərkibində oksigendən fərqli
olaraq karbon qazının, digər müxtəlif qazların
artması ilə nəticələnir.
Meşələrin
İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyir
ki, son 5 il ərzində ölkə
ərazisinin meşə fondu torpaqlarında 197 yanğın
hadisəsi baş verib, 1800 hektardan artıq sahədə
yanğın hadisəsi olub. Dünyanın müxtəlif
bölgələrində hər il baş
verən meşə yanğınları səbəbindən təəssüf
ki, yüz minlərlə hektar meşə sahəsi məhv
olur, yaşıllıqlar yanaraq külə dönür.
Xüsusilə son illərdə planetdə daha geniş vüsət
alan qlobal istiləşmənin fonunda
meşə yanğınları daha tez-tez baş verir.
Xidmət rəisinin dediyinə görə, Azərbaycan
da belə fəlakətlərdən sığortalanmayıb. Son 5 il ərzində ölkə
ərazisinin meşə fondu torpaqlarında 197 yanğın
hadisəsi baş verib, 1800 hektardan artıq sahədə
yanğın hadisəsi olub. Təkcə 2022-ci il
ərzində 66 yanğın hadisəsi qeydə alınıb
və 870 hektara yaxın sahə yanğına məruz
qalıb. 2023-cü ildə isə 33
yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi
yanğına məruz qalıb.
C.Qəribov
bildirib ki, 2023-cü ildə ölkəmizdə yanğın
hadisələrinin azalmasına səbəb aidiyyəti qurumlar
arasında koordinasiyalı fəaliyyətin təşkili,
meşələrdə yanğın təhlükəsizliyinin
təmin olunması məqsədilə bölgələrdə
kənd sakinləri və fermerlərlə aparılan maarifləndirici
tədbirlər, FHN ilə birgə bölgələrdə
keçirilən müşavirə və təlimlərin
keçirilməsi, eyni zamanda meşə ərazilərində
yanğın əleyhinə mineral zolaqların çəkilməsi,
nəzarət postlarının sayının
artırılmasıdır. Yanğın hadisələrinin
azalmasının daha bir səbəbi isə yay
mövsümündə yağıntılı günlərin
sayının çox olmasıdır.
C.Qəribov
yanğın hadisələrinin baş verməməsi
üçün kənd təsərrüfatı ilə məşğul
olan sahibkarları, fermerləri, meşə ətrafında
yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə
məşğul olan vətəndaşları odla ehtiyatlı
davranmağa, yanğın təhlükəsizliyi
qaydalarına ciddi əməl etməyə, biçindən
sonra sahələrə od vurmamağa, söndürülməmiş
siqaret kötüklərini ətrafa atmamağa və
yanğının böyük fəlakət olduğunu nəzərə
alaraq buna səbəb olmamağa çağırıb:
"Bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına
qayğısızlığı, onun qorunub
saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii,
idarə olunmayan alovun yayılması və bütün ərazidəki
bitki örtüyünün təbii surətdə yanması
ilə nəticələnən meşə
yanğınlarını törədərək təbiətin
bu əvəzsiz nemətinin məhv olmasına gətirib
çıxarır. İnsanların həyat və fəaliyyətində
mühüm rol oynayan, sözün həqiqi mənasında
onların qayğısına qalan meşələrin
özünün daim qayğıya ehtiyacı var. Meşələrdən
bəhrələnməklə, onun nemətlərindən
istifadə etməklə yanaşı, təbiətin bu
füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə
ərməğan etmək hər bir vətəndaşın
borcudur".
Ekologiya və
Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, meşə
təsərrüfatında yanğın təhlükəsizliyinə
məsul olan şəxslər bu qaydalara riayət olunmasına
nəzarət etmək məqsədi ilə meşə sahələrinə
və zolaqlarına vaxtaşırı baxış keçirməli,
yanğın baş verən zaman yanğınsöndürmə
xidmətinin hadisə yerinə çağırılması
üçün tədbirlər görməli,
yanğının söndürülməsi üçün
mövcud vəsaitləri təşkil etməlidirlər.
Meşə
yanğınlarından bəhs edərkən xüsusilə
vurğulanmalıdır ki, bu sahədə baş verən 10
yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə
iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi
qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək,
xörək bişirmək üçün qalanmış
tonqallar və meşəni tərk edərkən bu
tonqalların tam söndürülmədən nəzarətsiz
qoyulması meşə yanğınlarına səbəb olur.
Söndürülməmiş kibritin, siqaret
kötüyünün meşəyə atılması,
maşınların mühərrikindən qopan
qığılcımlar da yanğın törədir:
"Meşədə yanğınlara yol verilməməsi
üçün yanğın təhlükəsizliyi istiqamətində
bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş
kibritin, yanan siqaret qalığının və ya
kötüyünün atılması, eləcə də
tonqalların yandırılması və ağac
kömürü istehsal etmək üçün xüsusi
ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması
xüsusilə təhlükəlidir. Meşələrə
sürtkü yağı, benzin, ağ neft,
dizel yanacağı və digər yanar mayelərə
bulaşmış əski və digər materialları atmaq
olmaz. Müəyyən olunmamış yerlərdə
avtomobil, traktor və digər daxili yanma mühərrikli
aqreqatların yanacaqla doldurulması, eləcə də
onların yaxınlığında siqaret çəkilməsi,
tonqal yandırılması yanğın təhlükəli
olduğundan yolverilməzdir. Dövlət
meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə
həmsərhəd olan sahələrdə qurumuş
otların, kövşənlərin müəssisələr,
idarələr, təşkilatlar və fermer təsərrüfatları,
eləcə də əhali tərəfindən
yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürtkü
yağlarının açıq şəkildə
saxlanılması da yanğın təhlükəlidir. Yanğın təhlükəsindən uzaq olmaq
üçün meşədə emal edilmiş hazır
meşə materialları açıq sahədə müəyyən
olunmuş qaydada yığılıb
saxlanılmalıdır. Belə ki, meşə
materialları yığılan yerlər və yanğına
qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir".
Qeyd olunub ki, turist istirahət zonaları, gənclər və
uşaq təşkilatları tərəfindən dövlət
meşə fondu torpağında keçirilən kütləvi
tədbirlər zamanı tonqallar yalnız Meşə
mühafizəsi və Bərpası müəssisəsinin
icazəsi ilə bu təşkilatın ayırdığı
xüsusi yerlərdə qalana bilər. Tullantıların
yandırılması da bütün hallarda həmin təşkilat
ilə razılaşdırılmalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, meşədə yanğınların baş verməsinə
şərait yaradan əsas səbəblərdən biri
tonqallardır. Bunu nəzərə alaraq
tonqallarla əlaqədar vətəndaşlara meşələrdə
yanğın təhlükəsizliyini təmin etmək məqsədilə
bəzi tövsiyələri verməyi məqsədəuyğun
sayırıq. Birinci növbədə qeyd
etmək lazımdır ki, tonqal yandırılarkən
bütün təhlükəsizlik qaydalarına əməl
etmək vacibdir. Tonqal heç bir halda
ağacın altında yandırılmamalıdır.
Quru ağac kötükləri və quru ot
olan ərazidə də od qalamaq olmaz. Tonqal
qalamaq üçün əvvəlcədən yer
hazırlamaq və yaxud da köhnə, qalanmış
tonqalın yerindən istifadə etmək lazımdir. Tonqal qalamaq üçün ilk növbədə
ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir.
Həmin ərazi otlardan təmizlənməli,
sonra isə yandırılacaq odun parçaları
üçün bel vasitəsi ilə çala
qazılmalıdır. Tonqal ətrafındakı
otları 0,5-1 metr radiusunda təmizləmək
lazımdır. Tonqalı söndürüb oranı tərk
edan zaman közün üstü torpaqla örtülməlidir:
"Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda
saxlanmalıdır. Əgər ehtiyac
yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil.
Diqqət yetirilməlidir ki, tonqaldan kənara az
qığılcım düşsün. Xüsusən
də küləkli havada bu, daha təhlükəlidir. Tonqalı yandırarkən küləyin
gücünə və istiqamətinə uyğun tonqal
yandırmaq lazımdır. Çünki kənara
sıçrayan qığılcımlar otun və
yarpaqların alışmasına səbəb ola
bilər. Çalışmaq lazımdır ki,
yarpaqları qurumuş budaqlardan istifadə edilməsin,
çünki bu zaman qırağa təkcə
qığılcımlar deyil, yanan yarpaqlar da səpələnə
bilər. Ərazini tərk edən zaman
tonqalı tam söndürməli, üzərinə su
atmalı, sonra isə üstü torpaqla örtülməlidir.
Əgər tonqalın içində közərən
kömür parçaları olarsa, tonqala yenə də su
tökülməlidir. Söndürülmüş
tonqaldan tüstü və ya buxar çıxarsa, ondan
aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki,
tonqal tam sönüb və sonradan alışma ehtimalı
yoxdur. Yanğın təhlükəsi olan meşə
sahələri, meşə yolları və digər torpaqlarla
həmsərhəd olan sahələr yanğın əleyhinə
2-3 metr enində şumlanmalı, meşənin
tör-töküntülərdən təmizlənməsi təmin
edilməli, meşənin ərazisində yerləşdirilən
hər hansı tikilinin ətrafı 15 metr radiusunda
şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış
zolaqlarla təmin edilməlidir. Meşədən
və ya meşə zolağından keçən avtomobil və
dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə
meşə tör-töküntülərindən, yanar
materiallardan təmizlənməli və yanğına
qarşı minerallaşdırılmış zolaqlarla təmin
edilməlidir. Meşələrin
yanğın təhlükəsizliyini təmin etmək məqsədilə
əhatəli təbliğat işi aparılmalı,
yanğına qarşı plakatlardan, reklam işlərindən
geniş istifadə olunmalıdır. Meşə
ilə əlaqəsi olan bütün müəssisələrdə,
təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə
yanğın təhlükəsizliyi ilə bağlı izahat
işlərinə geniş yer verilməlidir. Meşə ilə həmsərhəd olan yaylaqlarda
çobanlar, ov mövsümü zamanı ovçular odla
ehtiyatlı olmalı və yanğın baş verərsə
onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər".
Sevinc QARAYEVA
525-ci qəzet 2023.- 19 sentyabr.- S.14.