Azad edilmiş ərazilərimizdə
ekosistemin bərpası
üçün mühüm
tədbirlər görülür
Ətraf
mühitin mühafizəsi,
insanların sağlam
təbii mühitdə
yaşaması və təbii sərvətlərdən
xalqın rifahının
yaxşılaşdırılması naminə səmərəli
istifadə edilməsi
ölkədə aparılan
sosial-iqtisadi islahatların
mühüm tərkib
hissəsidir. Ekoloji tarazlığın qorunması,
ekoloji təhlükəsizliyin
təmin olunması və təbii sərvətlərdən səmərəli
istifadə edilməsi
istiqamətində məqsədyönlü
tədbirlər mütəmadi
olaraq həyata keçirilir.
İşğaldan azad edilən ərazilərin ekoloji mühitinin bərpası,
təbii sərvətlərdən
rasional istifadə, atmosfer havasının mühafizəsi, habelə
ekoloji təmiz nəqliyyatdan istifadənin
genişləndirilməsi, biomüxtəlifliyin
qorunması, meşə
və yaşıllıqların
artırılması təbii
sərvətlərin axtarışı,
kəşfiyyatı və
hasilatı prosesində
ətraf mühitə
təsirlərin azaldılması,
su ehtiyatlarından səmərəli istifadə,
istehsal müəssisələrində
aztullantılı qabaqcıl
texnologiyalarından istifadənin
genişləndirilməsi prioritet
istiqamətlərdəndir.
Ətraf
mühitin mühafizəsi
və təbii sərvətlərdən səmərəli
istifadə istiqamətində
"Dünyamızın transformasiyası:
2030-cu ilədək dayanıqlı
inkişaf sahəsində
Gündəlik", "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər"
çərçivəsində qəbul edilmiş
"2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"
və "Azərbaycan
Respublikasının işğaldan
azad edilən ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı",
"Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı", "Su
ehtiyatlarından səmərəli
istifadənin təmin
edilməsinə dair
2020-2022-ci illər üçün
Tədbirlər Planı",
"Yerin təkinin geoloji öyrənilməsinə
və mineral-xammal bazasından səmərəli
istifadəyə dair
2020-2024-cü illər üçün
Dövlət Proqramı"
və digər proqramlar çərçivəsində
tədbirlər həyata
keçirilir.
Bununla yanaşı, "Azərbaycan
Respublikasında meşələrin
mühafizəsi və
davamlı inkişafına
dair 2022-2030-cu illər
üçün Dövlət
Proqramı"nın və
"Su ehtiyatlarından
səmərəli istifadəyə
dair Milli Strategiya"nın
layihələri hazırlanaraq
razılaşdırılması üçün aidiyyəti
üzrə təqdim edilmiş, həmçinin
"Azərbaycan Respublikasında
2023-2027-ci illərdə akvakulturanın
inkişafına dair Dövlət Proqramı"nın
və "Azərbaycan
Respublikasında atmosfer
havasının keyfiyyətinin
yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə
dair 2023-2030-cu illər
üçün Dövlət
Proqramı"nın layihəsi
hazırlanır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, işğaldan
azad edilən ərazilərdə ekoloji
monitorinq işləri
ötən il ərzində
də davam etdirilib. Laçın
şəhəri, Zabux
və Sus kəndlərində tullantıların
idarə olunması, su mənbələrində,
əkinaltı torpaq sahələrində ekoloji
vəziyyətin, şüalanma
selinin sıxlığını
və atmosfer havasında qazların miqdarını və radiasiyanı təyin etmək, eləcə də yaşıllıqlara
və meşə sahələrinə yerində
baxış keçirilməsi
məqsədi ilə kompleks ekoloji monitorinqlər aparılıb.
Ərazidən axan Zabux və Həkəri
çaylarından və
bulaqlardan kimyəvi, mikrobioloji və ekotoksikoloji analizlər üçün su nümunələri götürülüb.
Zabux çayından götürülmüş su
nümunəsi üzərində
aparılmış kimyəvi
təhlillərin nəticəsinə
görə göstəricilərin
miqdarı norma daxilində, mikrobioloji təhlillərin nəticəsinə
görə isə nümunə çirkli müəyyən edilib. Bağırsaq çöpü
bakteriya qrupunun miqdarı - 136000 ədəd/litr və şərti
xəstəlik törədən
bakteriyaların miqdarı
- 127000 ədəd/litr
təyin edilib. Ekotoksikoloji təhlillərin
nəticəsinə görə
nümunə zəhərli
təsirə malik olmayıb. Həkəri çayından götürülən
nümunəsi üzərində
aparılan kimyəvi təhlillərin nəticəsinə
görə göstəricilərin
miqdarı norma daxilində, mikrobioloji təhlillərin nəticəsinə
görə isə nümunə çirkli müəyyən edilib. Bağırsaq çöpü
bakteriya qrupunun miqdarı - 279000 ədəd/litr və şərti
xəstəlik törədən
bakteriyaların miqdarı
358000 ədəd/litr təyin edilib. Ekotoksikoloji təhlillərin
nəticəsinə görə
nümunə zəhərli
təsirə malik olmayıb.
Yuxarıda qeyd
edilən neqativ halların orada məskunlaşan vətəndaşlarımızın
həyatına təhdid
yaratmaması üçün
müvafiq addımlar atılır, effektli tədbirlər həyata keçirilir.
Yaşıllıqlara və meşə sahələrinə baxış
zamanı Laçın
şəhəri ərazisində
ümumilikdə 13,8 ha
yaşıllıq sahəsinin
yandırılması zamanı
4-36 sm diametrliyində
7692 ədəd akasiya,
ardıc, söyüd,
vələs, palıd
və qoz cinsli ağacların məhv edildiyi, eləcə də şəhər ərazisində
8-26 sm diametrliyində
11 ədəd qoz və qovaq cinsli,
rayonun Zabux kəndi ərazisində
16-110 sm diametrliyində
10 ədəd tut, qoz, söyüd və şam cinsli və Sus kəndi ərazisində 12-80 sm diametrliyində 35 ədəd
tut, söyüd, qovaq və qoz
cinsli ağacların kökboğazından kəsildiyi
və Laçın dəhlizi hissəsində
448,8 ha meşə sahəsinin yandırıldığı
aşkar edilib. Bu ərazilərdə mütəmadi qaydada kompleks ekoloji monitorinqlər davam etdirilir.
İşğaldan azad edilən rayonlarda mövcud olmuş 67 yatağın kadastr işləri icra edilən, işğal dövründə
istismar edilmiş yataqlardan 7-nin təftişi
və monitorinqi aparılıb, dəymiş
ziyan ilkin olaraq qiymətləndirilib.
Ağdam, Laçın
və Kəlbəcər
rayonları üzrə
57 qeyri-filiz və inşaat materialları yataqlarının, eləcə
də Şuşa rayonu ərazisində Sığnaq və Yemişcan mərmərləşmiş
əhəndaşı təzahürlərinin
təftişi başa
çatdırılıb. Füzuli
rayonu ərazisində
Aşağı Güzlək,
Cəbrayıl rayonu ərazisində Havuslu, Sədi və Ərəkül, Zəngilan
rayonu ərazisində
Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında,
Ağdam rayonu Xaçınçay qum-çınqıl
yatağında geoloji
qiymətləndirmə işləri
başa çatdırılaraq
müxtəlif tikinti və yol infrastrukturlarının
qurulması sektorlarında
istifadəyə verilib.
Zəngilan rayonunda yerləşən Vejnəli
qızıl yatağında
mövcud qızıl
emalı zavodu və digər yardımçı istehsalat
vasitələrinin "Azərbaycan
İnterneyşnl Mayninq
Kompani Limited" Şirkətinə
verilməsi məqsədilə
monitorinq və təftiş işləri,
eləcə də İqtisadiyyat Nazirliyi ilə təhvil-təslim məsələləri başa
çatdırılıb.
Məlumata görə,
Kəlbəcər rayonunda
8 termal su yatağında çöl
diaqnostik monitorinq və laboratoriya təhlilləri aparılmış
və əvvəlki illərlə müqayisədə
bu suların kəmiyyət və keyfiyyət göstəricilərində
ciddi fərqlər müəyyən edilməyib.
Aşağı İstisu
sahəsində yeni termal su quyusunun
layihə yeri müəyyənləşdirilib, qazılmış hidrogeoloji
quyudan 600 m3/gündebitli
termal su əldə edilib. Termal su mənbələrindən
su nümunələri
götürülərək laboratoriya təhlillərinə
cəlb edilib. Ağdam şəhərinin
su təchizatı tədbirləri çərçivəsində
müvafiq araşdırmalar
aparılıb, 580 artezian
və subartezian quyuları təftiş və monitorinq edilmiş, yeraltı su ehtiyatları hesablanaraq perspektiv 3 sugötürücü zona
təklif edilib. Qarabağ iqtisadi rayonu ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən
qiymətləndirilməsi istiqamətində
geoloji tədqiqatlara başlayıb və ilkin mərhələdə
Qarabağ və Mil düzü hövzələri üzrə
işlər aparılmaqdadır.
Şuşa şəhəri
üzrə mineral su ehtiyatlarının fond məlumatları əsasında təhlilləri
aparılmış, o cümlədən,
mövcud olan bulaq və quyuların
monitorinqi icra edilmiş və perspektiv istifadə istiqamətləri müəyyənləşdirilib.
Hazırda Füzuli və Cəbrayıl şəhərlərinin içməli
su təchizatı ilə əlaqədar artezian, subartezian quyuları və kəhrizlərin təftiş
və monitorinqi işləri aparılır.
Tərtər və Füzuli rayonlarının
işğaldan azad edilmiş ərazilərində,
eləcə də Zəngilan və Cəbrayıl rayonlarında
134 quyu və 3 kəhrizdə monitorinq işləri başa çatdırılıb, ümumilikdə
60 su nümunəsi götürülməklə laboratoriya
təhlillərinə verilib.
Nazirlikdən vurğulanıb ki, Oxçuçayın su ehtiyatlarına analitik nəzarətin həyata keçirilməsi məqsədilə
çaydan mütəmadi
qaydada su və dib çöküntüsü
nümunələri götürülərək
analiz olunur. Götürülən su nümunələrinin təhlilinin
nəticələrinə əsasən
çay suyunda yüksək miqdarda ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar
edilib. Orta hesabla Oxçuçayda codluq 1.1-2.4 dəfə, ammonium 1.2-4.6 dəfə, sulfat 1.1-1.4 dəfə, ağır metallardan molibdenin miqdarı - 1.1-2 dəfə, dəmir -
1.1-14 dəfə, manqan
1.1-4 dəfə normadan
yüksək olub, həmçinin çayın
vaxtaşırı rəngi
çirklənmə səbəbindən
dəyişib. Həmçinin
il ərzində işğaldan azad olunan ərazilərin su obyektlərinin çirklənmə vəziyyətinin
öyrənilməsi məqsədilə
monitorinqlər davam etdirilib, 3 çaydan ümumilikdə 197 ədəd
dib çöküntüsü
nümunəsi götürülüb
və üzərində
10 adda ağır metalların təyini üzrə 1970 fiziki-kimyəvi
analiz aparılıb. Oxçuçaydan götürülən
dib çöküntüsündə
ağır metalların
miqdarı digər 2 transsərhəd çay olan Bəsitçay və Bərgüşadçayla
müqayisədə xeyli
çox olub: "Nazirliyin müvafiq əmri ilə Oxçuçayda fiziki-kimyəvi
və bioloji monitorinqlərin aparılması,
təhlillərin edilməsi
və təkliflərin
verilməsi məqsədilə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Səhiyyə
Nazirliyinin, Azərbaycan
Milli Elmlər Akademiyasının, "Azərsu"
ASC-nin, "Azərbaycan
Meliorasiya Su Təsərrüfatı"ASC-nin və Qida Təhlükəsizliyi
Agentliyinin mütəxəssislərindən
ibarət yaradılan İşçi Qrup tərəfindən cari dövrədək 4 dəfə
monitorinq aparılıb.
Hazırda Azərbaycan
Milli Elmlər Akademiyası tərəfindən
aidiyyəti qurumlarla birlikdə beynəlxalq təcrübə öyrənilməklə
Oxçuçay hövzəsində
ekosistemin bərpası
ilə əlaqədar
təkliflər hazırlanır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.23.