Eqo sevgi və
günahın arxasındadırsa...
Esse
İnsanın sarvan olduğu əməllər karvanının
yola çıxdığı
ucsuz-bucaqsız səhrada
əsl hikmət yolçu olmaq deyil, yolda olmaq
anlayışı, onun
dərkidir. Bu anlayışla,
insanın tamam başqa bir dünyaya oyanması ilə məna axtarışının ağrısı
sona çatır. Əməllərini özünə,
axirətinə deyil, yola olan sadiqliyinə
həsr edəndə içdiyin suyun, basdığın torpağın
qədrini bilirsən.
Nəfəs aldığınız
havanın və yandırdığınız odun
nəfsinizdən daha vacib olduğunu anlayırsınız. Hücrəndən
çıxmadan onu görə bilməyəcəyini
və yaşamağın
necə bir ehtiras olduğunu anlamaq üçün sevginin gücünü
hiss etməli olduğunu
anlayırsan. Bu, mahiyyətinizi
dərk etməyə gətirib çıxarır,
sevdikcə enerjimiz genişlənir, sevdikcə
içimizdəki mahiyyət
böyüyür. Özümüzə
toxunmağımız lazım
olduğunu bilirik. Müşahidəçi olaraq
özümüzə şahidlik
etdikcə, beynimizin içindəki ilə qəlbimizin içindəkini
ayırd edə bilirik. Ağlımızda
hökmranlıq qurduqca
ruhumuzda da asma bağlar qurulur. O bağların salxım-salxım
üzümlərinin rəngli
dənələrinə toxunmursansa,
onları dərmirsənsə,
nəfsinə qurduğun
pusunu sərbəst buraxmırsansa, içindəki
mahiyyətin, yolunun xisləti səni başqasına çevirə
bilir. Siz o zəif başqasını
sevəcək və qəbul edəcəksiniz,
amma inadla ondan yox, öz
adət etdiyiniz mahiyyətinizdən kömək
istəyəcəksiniz. Yolunuz
daşlı və tikanlı olsa belə. Ətini sümükdən ayırsalar
da, qəlbini qırsalar
da, varlığını əzsələr
də, müqavimət
göstərəcəksən. Biləcəksən ki, o almaz
nə qədər çox qırılsa, bir o qədər işıqlı və əsrarəngiz olacaq. Ağrıları bala çevirmək və ağrıları sevmək
böyüməyin, fərd
olmağın birinci çarəsidir. Gecəni
sevmədiyini söyləyə
bilərsən, amma gecəni yaşayırsan.
Günü bəyənmədiyini
söyləyə bilərsən,
amma o günü keçirirsən. Sevmirəm
deyərək yaşamaqdansa,
hər şeydə bir güman və ümid axtarıb təzədən
özünü inşa
etmək daha həzz vericidir. Bu, özünü dünyaya
gətirmək deməkdir.
Heç kimə paxıllıq etmədikdə,
heç kimlə rəqabət aparmadıqda,
heç kəsi özündən yuxarı
və aşağı
qoymadıqda, heç
kimin dəyərini azaltmadıqda, gün gələcək və asma bağların içindəki üzümün
bolluğuna təəccüblənəcəksən.
Bərabər olmaq, daxilən hər şeylə həmdəm olmaq özünlə olan müharibədə əbədi sülhün tarazlığıdır. Və
bu müharibədə
sən heç bir əməldən daha dəyərli deyilsən. Onlara - əməllərinə və
xislətinə təbəə
olmağa məhkumsan.
İnsanın ən böyük
düşmənləri isə
onun şöhrətpərəstliyi
və mənliyidir. Bu
ikisinin cilovunu möhkəm tutanın karvanı yolu azmaz, deyirlər. Həm də deyirlər ki, yol bilən bilir ki, zatında sevgi və işıq yoxdursa, sözlərində
də rəng yoxdur. Vücudunuz xəstədirsə, ruhunuz
komadadırsa, düşüncələriniz
əzbərdirsə və
hissləriniz sadəcə
travmadırsa, bilməli
olduğunuz odur ki, bu qədər əskikliyin içində
təmiz qalan xislətin özü möcüzədir. Sadəcə
içinizə qulaq asın. Onu ciddi qəbul edin, çatışmazlıqlarınızı
deyəndə, səhvlərinizi
göstərəndə, hiyləgərliyinizi,
axmaqlığınızı göstərəndə ondan
qaçmayın. Durub
soruşun ki, mən nə edə bilərəm, nəyi əvəz edə bilərəm, necə düzəldəcəm? Bura qədər
bütün bu şeylərdən imtina etmisinizsə, bundan sonra onları tapmaq və sorğu-sualsız qəbul
etmək məcburiyyətindəsiniz.
Əlbəttə, o yol
sizə bütün cavabları göstərir.
Bu cavablarla köhnə
üsullarınızı və
bildiklərinizi dəyişdirin.
Təsəvvür edin,
hara getsəniz, o, sizinlədir.
Əgər həmişə
eyni olsanız, eyni şeyləri yaşamağa davam edəcəksiniz. Yeni bir limana çatmaq üçün yelkəni
yenidən açmaq, küləyi yenidən
hiss etmək lazım olur. Əgər siz yetkin olmusunuzsa,
lakin hələ də böyüməkdən
imtina edirsinizsə, eqonuz indi sizin
ən böyük günahınızdır. Halbuki
eqonuzu öz xarizmanıza çevirə
bilərsiniz. Əgər
çoxlu qorxularınız
varsa, eqonuz böyüyür. Əgər
onu dəyişməyə
cəsarətin varsa, mahiyyətin və işığın böyüyəcəkdir.
Gizlincə öz içinə baxmaq üçün cəsarət.
Hər bir insan uçurumdur. Özünüzü uçuruma
atmağa cəsarətiniz
olmalıdır.
İndi dünya hər şeyin çətin və qıt olduğu, hər kəsin sıxıldığı
və həzz almadığı rəqəmlər
erasıdır. Bu
səbəbdən mühakimələrimizi
nəsnələrə və
ya başqalarına deyil, özümüzə
yönəltməliyik. Eqoistlik
etmədən öz dəyərimizi bəsləməliyik,
onu böyütməliyik.
Almadan verdiyimiz hər bir dəyər
(sevgi, hörmət, haqq, ədalət və s.) bizi azaldır. Və bizim başqa bir ehtiyat nüsxəmiz
yoxdur. Gözümüzü
yumsaq, heç nə yoxdur. Dünya yoxdur. Özümüzü məğlub
etdiyimiz an azadlığımız başlayır.
Həqiqətin uyuduğu
yer budur.
Ağıl və məntiq, ürək və duyğu. İki cəbhə və iki məğlub olmamaq üçün döyüşən ordu. Dünən aşiq olduğunuz biri bu gün haqqında heç nə hiss etmədiyiniz biri ola bilər. Dünən əhvalınız pis idi, bu gün gülməkdən gözləriniz yaşara bilər. Bunlar hamısı təfərrüatdır. Hisslərinizə görə qərarlar vermədiyiniz müddətcə hisslərinizə görə yaşayın. Məntiq sənin iradəndirsə, duyğuların bu iradənin çiçəkləridir. Xarakterinizi düzəldin, emosiyalar və düşüncələr dəyişə bilər. Fikir sahibi olmaq isə təəssübkeşlikdir. Bu anda olmağın özü fərqindəlikdir. Dünəndən azad ola bilməyənlər sabahı yaşamaqla reallıqdan qopmuş olurlar. Əgər bu günün və özünün fərqində olmasan, xatırladılana ibadət edərsən və bu, bütpərəstlikdir. Davranışını və xatırladıqlarını heç vaxt sorğulamayan insan heç vaxt özü deyil. Özünü sorğulamayan adamın görmək istəməyəcəyi ilk şey özüdür. Bu tip insanlar özlərini başqa düşüncələrə və başqa insanlara bağlayırlar. Fərqliliyi qəbul edə bilməyən, əyilə bilməyən, əksinə, özünü məcbur edənlər var. Bu tiplərdən faşistlər, narsistlər, sosial şovinistlər, irqçilər və millətçilər çıxır. Bizdə şəxsi əxlaq, ardıcıl xarakter, yəni şüur çatışmır. Bu, xarakteri dəyişkən, ideyaları şüurun qaranlığında canlı saxlanılan faşizmdir. Daxililəşdirmək, dərk etmək və hiss etmək lazımdır. Çünki yolun mahiyyəti budur.
Rəvan
CAVİD
525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.21.