"Üfüqdən
kənara baxmaqdan qorxmayın, həmişə
bildiklərinizi yazın"
LEYLİ SALAYEVA: "BƏZƏN KİTABLAR
ƏTRAFDA BAŞ VERƏN DƏHŞƏTLİ VƏ
ANLAŞILMAZ ŞEYLƏRDƏN YEGANƏ SIĞINACAQ YERİ
OLUR"
Müsahibimiz - şair, yazıçı,
bədii tərcüməçi
Leyli Ayaz qızı Salayeva 1985-ci il oktyabrın
4-ü Bakı şəhərində
anadan olub. Azərbaycan Dillər Universitetində bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarəolunması istiqamətində İstehsalın
və əməliyyatların
menecmenti ixtisası üzrə magistr dərəcəsi alıb.
2015-ci ildə London School of Journalism poeziya kursunu, 2016-cı ildə University of Pennsylvania Müasir
Amerika Poeziya ("ModPo")
kursunu bitirib.
5 şeir və 1 uşaqlar üçün
kitabın müəllifi
olan Leyli Ayaz qızı Salayevanın şeir və məqalələri Böyük
Britaniya, Polşa, Kanada, Rusiya, Avstraliya və ABŞ-ın çoxsaylı ədəbiyyat jurnallarında
dərc olunub. "Youtopia" adlı poeziya kitabı 2016-cı ildə London Kitab Festivalında
"Xüsusi diplom"a
layiq görülüb.
Uşaqlar üçün
"Dilbərin qaşıq
səyahəti" kitabı
XIII Beynəlxalq "Kitab incəsənəti"
müsabiqəsində MBD ölkələri
arasında 2-ci yer qazanıb. Onun yerli və beynəlxalq
rəssamlarla birgə
əsərləri Böyük
Britaniyanın Poetry Society, Triumph Gallery
Moscow, Yay Gallery Baku, Tbilisi Art Fair və s.
sərgilərdə nümayiş
etdirilib. Azərbaycan Yazıçılar Birliyinin
və Britaniya Poeziya Cəmiyyətinin üzvüdür.
Leyli Salayeva ilə söhbətimizi oxuculara təqdim edirik.
- Leyli xanım, müasir dövrdə şair və ya yazıçının
özünü tanıtması
üçün ilk növbədə
nə lazımdır?
- Müasir dövrümüzdə
şair və ya yazıçı bütün gün otaqdan çıxmayan və dəftərdə qeydlər aparan introvert tipli insan olmamalıdır.
Müasir dövrdə
şairlər sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməli, poeziya gecələrində
daima iştirak və kitab nəşr etməlidirlər.
Kitabın çapına xüsusi
önəm verirəm,
çünki kitab yaradıcı
səyahətin əvvəlində,
insanlarla görüşərkən
yaxşı bir
portfolio rolunu oynayır.
Ətrafınızda az
tanındığınız zaman kitab özünüzü tanıtmağın
ən qısa və ən təsirli yoludur. Və təbii ki, şəhərin ədəbi
həyatında fəal
olmaq, sosial şəbəkələrdən aktiv istifadə etmək çox vacibdir.
- Azərbaycan ədəbiyyatında
qadın imzalar elə də çox deyil. Ümumiyyətlə, ədəbiyyatda
qadın-kişi bölgüsünə
necə baxırsınız?
- Bəli, Yazıçılar
Birliyində Xalq şair və yazıçılarının adları yazılmış
fəxri lövhədə
cəmi bir neçə nəfər qadın var. Mən bunu görəndə üzüldüm. İstərdim
ki, ədəbi əsərlərə
onun kişi və ya qadın
tərəfindən yazıldığı
prizmasından yanaşılmasın.
Amma təəssüf ki, istər
evlərdəki kitab rəflərində,
istərsə də
kitab mağazalarının ön piştaxtalarında
kişi müəlliflərin
kitabları üstünlük
təşkil edir.
Bunun bir çox səbəbi var, ən başlıcası isə
qadınların özlərini
təqdim etmək baxımından inamsız
olmaları və nəşriyyatların daha
çox kişi müəllifləri çap
etməyə həvəs
göstərmələridir. Ümumiyyətlə, bizim
ədəbiyyat zövqümüz
kişilərin yazdığı
əsərlər vasitəsilə
formalaşır. Statistika
baxımından bu cür qeyri-bərabərlik
isə qadın-kişi
bölgüsü yaradır.
- Şeirlərinizi daha çox rus və ingilis dillərində yazırsınız.
Səbəbi nədir?
Bunu sizə irad tutanlar olubmu?
- Təhsilimi rus və ingilis dillərində almışam.
Ona görə də fikir və hisslərimi
bu dillərdə ifadə etmək mənim üçün daha asandır. Bundan əlavə, ingilis dili bir
vasitə kimi çox rahatdır. Bu dildə düşüncə
və hisslərimi qısa ifadə ilə, lakonik şəkildə çatdıra
bilirəm. Dil məsələsi ilə bağlı heç vaxt kimdənsə irad eşitməmişəm.
Birincisi, rus və ingilis dillərindən istifadə
mənə ölkəmizi
dünyada təmsil etmək imkanı verir, ikincisi isə, mən yerli layihələri Azərbaycan dilində yazıram. Məsələn,
mənim qonaq müəlliflərdən biri
olduğum "Cəsur
qızlar" kitabında
olduğu kimi. Ümumiyyətlə, mən
hesab edirəm ki, müasir dünyada dil sadəcə olaraq əlavə imkanları üzə çıxaran bir vasitədir. Öz ölkəsinə, köklərinə
məhəbbət isə
yazarın əsərlərində
çatdırdığı obrazlar vasitəsilə formalaşdırılır.
- Əsərləriniz ABŞ və
Kanadada ədəbi jurnallarda dərc olunub. Eşitdiyimə görə, əvvəl-əvvəl
bu ölkələrdən
sizə çap olunmaqla bağlı dəfələrlə imtinalar
gəlib. Bu, sizi həvəsdən salmırdı
ki?
- Təbii ki, ilk vaxtlar imtinalarla üzləşmək
çox çətin
idi. Sadəlövhcəsinə
düşünürdüm ki, insanlar Azərbaycandan bir şairin olduğunu, hətta ingiliscə yazdığını
öyrənib mənə
maraq göstərəcəklər.
Sonra başa düşdüm
ki, burada hamı bərabərdir, çünki
ingilisdilli dünya kifayət qədər böyükdür, çoxlu
başqa istedadlı insanlar da var və rəqabət böyükdür.
Amma nəşr üçün
hər seçimdə
ölkəmin adının
jurnalda qeyd olunması məni sevindirdi. Məsələn,
Avstraliyanın ədəbiyyat
jurnalındakı kimi.
Üstəlik, müxtəlif jurnallara
yazılar təqdim edəndə, hətta imtina alsam da, artıq mənim kim olduğumu bilirdilər. Bu da müəyyən
mənada uğur idi. İlk imtinalar məni nə qədər rəqabətədavamlı
olmaq barədə düşünməyə vadar
etdi. Ona görə də müasir poeziyanı daha yaxşı başa düşmək üçün
xaricdə təhsil almağa qərar verdim. London Jurnalistika məktəbindəki poeziya
kursunu seçdim və sözügedən
distant təlim kursu vasitəsilə müasir poeziyanı daha yaxşı dərk etmək, çoxsaylı tapşırıqlar vasitəsilə
şeirlərimi təkmilləşdirmək
imkanı qazandım. Əgər mənim ilk və ikinci kitabımı oxusanız,
qazandığım biliklərin
şeirlərin forma və
məzmununa böyük
təsirinin şahidi olarsınız.
- İmzanızı xarici ölkələrdə necə
tanıda bildiniz?
- Davamlı olaraq poeziya müsabiqələrində
iştirakla və şeirlərimi ədəbi
jurnallara təqdim etməklə. Üstəlik,
rəssamlarla birgə
əməkdaşlıq da mühüm
rol oynayır. Beləliklə, birgə əsərlər və şeirlərim Böyük
Britaniyanın Poeziya Cəmiyyəti, Triumph Gallery Moscow, Tbilisi İncəsənət sərgisi
və başqa yerlərdə nümayiş
etdirilib. Amma düşünürəm
ki, əsas və böyük iş hələ qabaqdadır.
- London
Kitab Festivalının Fəxri
mükafatına layiq görülmüsünüz. O anları necə xatırlayırsınız?
- Həyəcan dolu möhtəşəm bir axşam idi. Mükafatlandırma mərasimində
iştirak etmək üçün Londona uçdum. Əvvəlcədən
hazırladığım nitq
auditoriya tərəfindən
çox yaxşı qarşılandı. Xüsusilə
bu səfər üçün kəlağayı
aldım. Mükafatlandırma
mərasimində tamamilə
tək olsam da, vətənimin bir parçasının çiynimdə
dayaq olmasını istəyirdim.
Mən çox istərdim ki, biz də ədəbiyyat üzrə beynəlxalq mükafat təsis edək və bu mükafat yer kürəsinin fərqli güşələrindən
olan gənc istedadları ölkəmizə
cəlb etsin.
- Səhv etmirəmsə, 6 kitab müəllifisiniz.
Kitablarınızın satışını
təşkil edirsiniz,
ya necə?
- Bəli, kitabların yerləşdirilməsini özüm
edirəm. Təəssüf
ki, heç bir kitab mağazası işləmək
üçün əlverişli
deyil. Bundan əlavə, kitablarımın
kağızının keyfiyyətinə,
çapına və dizaynına çox diqqətlə yanaşıram.
- Yazıçı kimi ən çox təsirləndiyiniz kitablar
hansılardır?
- Dərhal deyəcəyəm,
bu, inanılmaz üslub və sarkazm ustası olan Oskar Uayldın
"Dorian Qreyin portreti"
əsəridir. Uşaqlığı
götürsək, Artur Konan Doylun bütün əsərləri. Fikrimcə,
özünü şair
və ya yazıçı kimi inkişaf etdirmək istəyən hər kəs üçün onun əsərlərini oxumaq çox vacibdir. Dedektiv düşüncə ən
xırda detallara diqqət yetirməyi və diqqətli olmağı öyrədir.
2008-ci ildə Elif Şafakın kitablarını
kəşf etdim. Bu, yəqin ki, bəyəndiyim
və bütün əsərlərini oxuduğum
ilk qadın yazıçı
idi. Yeri gəlmişkən, karantin
başlayanda Orxan Pamukun "Qar" kitabından çox təsirlənmişdim.
Şairlər arasında sevdiyim
Vladimir Mayakovskini, Emili Dikinsonu
və təbii ki, Nəsimini qeyd edərdim. Amma Nəsiminin
bütün dərinliyini
bilmək üçün,
düşünürəm ki, hələ çox gəncəm. Təkcə
onun "ləməkan"ını
dərk etmək üçün bir ömür yaşamaq lazımdır, çünki
Nəsiminin şeirləri
metafizik anlayışlarla
doludur.
- Yaradıcılıqla bağlı
başqa hansı planlarınız var? Nə
vaxtsa Nobel almağı
xəyal etmisinizmi?
- Planlarıma yeni kitab çap
etdirmək, maraqlı
layihələrdə yerli
və xarici rəssamlarla əməkdaşlıq
daxildir. Elektron dünyaya etibar etmirəm və mənim üçün
real olan yalnız real həyatda toxunub görə biləcəyin
şeylərdir. Buna görə
də kitab çapı
çox mühüm
element olaraq qalır. Uzaq gələcəkdə
serverlər və məlumat mərkəzləri
ilə nə baş verə biləcəyini bilmirəm,
amma tədqiqatçılar
kitablarımı hardansa
çıxara biləcəklər,
buna daha çox inanıram. Şeir tədrisi ilə bağlı şəxsi kursumu davam etdirməyi
və ustad dərsləri keçirməyi
də planlaşdırıram.
Nobel mükafatı ilə
bağlı siz lap ən əziz xəyalıma toxundunuz. Əlbəttə ki, onu əldə etmək arzum var, amma bunun üçün bir az daha
böyümək lazımdır.
Mən Maqsud İbrahimbəyovun ev-muzeyində
onun Nobel mükafatına
namizəd göstərildiyi
ilə bağlı məktubu görəndə
xoş təəccübləndim.
Nefti ilə bu mükafatın fonduna töhfə verən ölkəyə
- Azərbaycana Nobel gətirən
ilk azərbaycanlı qadın
olacağıma ümidimi
itirmirəm.
- Atanız - tanınmış
kinoşünas, rejissor
Ayaz Salayevin yaradıcılığa
meyilli olmağınızda,
bu sahəyə maraq göstərməyinizdə
təsiri varmı?
- Xeyr, mənim yaradıcılıqda böyüməyimdə,
inkişafımda atamın
heç bir təsiri olmayıb. Düşünürəm ki, onun
mənə aşıladığı
tək şey - yaxşı, keyfiyyətlə
işləmək və
adımın arxasında
durmaq istəyi olub. Atam uşaq
vaxtı mənə kompas kimi istifadə
etdiyim bir məsləhət vermişdi:
Bu həyatda süpürgəçi
olmaq istəsən belə, ən yaxşı süpürgəçi
ol. Bilirsiniz, bu, eqo ilə
bağlı deyil, ilk növbədə sosial məsuliyyətlə bağlıdır,
öz işini yaxşı və keyfiyyətli yerinə yetirməkdir.
- Son olaraq oxuculara sözünüz?
- Oxuculara sözüm budur ki, kitablar arasından da dostlar tapmağa çalışsınlar.
Oxumaq konsentrasiyanı,
təxəyyülü və
emosional zəka kimi vacib elementləri
inkişaf etdirir. Bəzən kitablar ətrafda baş verən dəhşətli
və anlaşılmaz
şeylərdən yeganə
sığınacaq yeri
olur.
Təzə başlayan yazarlara
isə tövsiyə edərdim ki, boş vərəqdən qorxmasınlar.
Özünüzü, hisslərinizi,
ətrafınızdakı dünyanı
müşahidə edin,
yazın, təsvir edin. Kağız üzərinə köçürmək
üçün ən
yaxşı sətirlərin
doğulmasını gözləməyin.
Üfüqdən kənara
baxmaqdan qorxmayın, həmişə bildiklərinizi
yazın.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.17.