Qələmsiz yazılanlar
status-esselər
Prezident
İlham Əliyevin müraciətində
Qarabağdakı sadə
ermənilərə ünvanlanan
fikirlər humanistliyi və mərhəmətliliyi
ilə seçilir.
"Bu gün Qarabağda yaşayan sadə insanlar üçün
yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər" - deyən
Müzəffər Ali Baş
Komandanın fikirləri
sadə ermənilərə
də, uzun illər onların beynini zəhərləyən
"siyasətçilərə" də görk olmalıdır. Zəhərlənmiş
beyinlərini arıtlayıb
Prezidentin müraciətini
diqqətlə təhlil
etməli, soyuq ağılla düşünməli
və soyuqqanlı qərar verməlidirlər.
"İndi
isə əminəm
ki, bölgəmizdə yeni vəziyyətin yaranması
labüddür. Çünki
kriminal xunta rejimi təslim olandan sonra bu
gərginlik mənbəyi,
bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm
və bir daha demək istəyirəm, Qarabağın
erməni əhalisi bizim vətəndaşlarımızdır.
Sadəcə olaraq, erməni millətçiləri,
müharibə cinayətkarları,
Ermənistanın və
Qarabağın dırnaqarası
rəhbərləri o insanları
girov götürmüşdü,
onların beyinlərini
zəhərləmişdi. Azərbaycan
haqqında, Azərbaycan
xalqı haqqında olmazın yalanlarını
uydurub onların beyinlərinə doldurmuşdur,
onların beyinlərini
zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa
doğru dönüşü
görəcək. Çünki
bizim niyyətimiz sülh, qarşılıqlı
anlaşma, qarşılıqlı
hörmət əsasında
birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur
Bütün haqsızlıqlara baxmayaraq,
bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş
cinayətlərə baxmayaraq,
biz erməni xalqını
bu cinayətlərdə
heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasında,
qəbirlərin qazılmasında
biz erməni xalqını
günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda
duranlarını ittiham
etmişik və biz onları məsuliyyətə
cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar,
bəziləri də alacaqlar.
Yevlax şəhərində mənim
nümayəndəmlə Qarabağ
icmasının nümayəndələrinin
görüşü əsnasında
biz öz baxışlarımızı,
gələcək birgə
yaşayış baxışlarımızı
onlara çatdıracağıq.
Onların bütün
hüquqları təmin
ediləcək - təhsil
hüquqları, mədəniyyət
hüquqları, din hüquqları,
munisipal seçki hüquqları. Yəni Azərbaycan azad cəmiyyətdir, Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı
dövlətdir. Bu, bizim
böyük sərvətimizdir.
Azərbaycanda yaşayan
hər bir xalqın nümayəndəsi
bunu görür. Bunu izah etməyə
ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb
və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi.
Bütün millətlərin
nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri
bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona
görə, bax, bu gözəl ab-hava, bu, təbii
bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət
edirik. Biz müxtəlif
sosial proqramlar icra etməyə hazırıq. Biz bütün
Qarabağı və Şərqi Zəngəzuru
yenidən qururuq, görün, nə qədər böyük işlər görürük,
cəmi iki il ərzində. O bölgədə
bəlkə də 30
il ərzində heç
1 faiz də iş görülməyib
- elektrik stansiyaları,
körpülər, tunellər,
su anbarları, yaşayış binaları,
kəndlər, şəhərlər
qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci
Qarabağ müharibəsi
başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru
cənnətə çevirəcəyik
və çeviririk, hər gələn insan onu görür.
Eyni şəraiti biz Xankəndidə, Ağdərədə,
Xocavənddə, kəndlərdə
yaradacağıq, Əsgəranda
yaradacağıq. Bu, bizim
əlimizdədir. Ona görə
bizim təklifimiz budur və bu
gün dönüş
nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq
qaldırdılar!
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün
yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq
və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa
əsaslanan və gələcək inkişafa
hesablanan təklifdir.
Ermənistan bu dövr ərzində - dünən,
bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi
səriştə göstərib
və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş
vermiş hadisələr,
eyni zamanda, Azərbaycanla Ermənistan
arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".
lll
Tarixi şərait təsadüfən,
öz-özünə yaranmır.
Bu şəraiti dahi siyasətçilər, nəyi
nə zaman, necə etməli olduğunu dəqiq bilən böyük liderlər yetişdirirlər. Addım-addım,
səbrlə, qətiyyətlə,
əzmlə...
Bugünkü tarixi şərait
də Azərbaycanın
böyük liderlərinin
- Ulu öndər Heydər
Əliyevin başlatdığı,
Müzəffər Ali Baş
Komandan cənab
İlham Əliyevin uğurla
davam və inkişaf etdirdiyi düzgün, inamlı, əzmkar siyasətin sayəsində mümkün
olub.
lll
Minnətdarlıq
Doğum
günü münasibətilə
məni təbrik yağışına tutan
bütün insanlara hədsiz təşəkkürümü
bildirirəm.
Hamıya
bir-bir cavab vermək imkanım olmadığından daha çox texnologiyanın gətirdiyi işarələrdən
bəhrələnməli oldum.
Üzrlü sayın.
Sözü hiss edən, istedadlı,
səmimi fikri "yeddi hasar o yandan"
duyan adam kimi ürəkdən gələn təbriklərdən
təsirləndim.
Amma düşündürücü məqamlar da oldu.
Belə
bir deyim var: "Balığı at dəryaya,
balıq bilməsə
də, Xalıq biləcək". Başqa
bir fəlsəfi düşüncə isə
buna qarşı çıxır:
"Əgər sən
Xaliqin biləcəyini
düşünürsənsə, qeyri-səmimisən, mənfəət
və minnətdarlıq
güdürsən". Təbrik
yazanların arasında
unutduğum hadisələri
yada salanlar da oldu. Mən bu hadisələrin
çoxuna adi hal kimi baxmışam.
Həyat normam belə olub, nəyisə minnətdarlığa
görə etməmişəm.
Amma insanların bunları
yadda saxlayıb, uzun illərdən sonra xatırlatmaları, minnətdarlıq
bildirmələri düşündürücü
və təsirləndirici
idi.
Zamanın böyük sürətlə,
çaparaq ötüb
keçdiyi, insan ömrünün az qala hər gününün,
hər saatının
qəlibləşdiyi bir
dövrdə təsirlənmək,
duyğulanmaq kimi mübhəm hisslərin itib-batmaması, diri qalması çox önəmlidir.
Bu hissləri haçansa yaşamaq istəyirsinizsə,
yaxşılıq etməkdən
yorulmayın və etdiyiniz yaxşılıqları
unudun. Belə daha rahatdır.
Təbriklərinizə, isti, səmimi sözlərinizə,
xoş arzularınıza
görə bir daha hər birinizə
təşəkkür edirəm.
lll
Voleybolçu qızlarımıza əhsən!
Həm yaxşı oynayırlar, həm də xoş və pozitivdirlər.
Bu gün Avropa çempionatının qrup
mərhələsində güclü
Almaniya yığmasına
məğlub olsalar
da, yaxşı müqavimət
göstərdilər. Dünən
isə Çexiya millisinə 3:0 hesabıyla
qalib gəlmişdilər.
Sabah da Türkiyə yığmasıyla
qarşılacaqlar. Maraqlı
oyun olacaq.
Voleybolun
futbol qədər geniş tamaşaçısı
olmasa da, yaxşı oyun və pozitiv
heyət rəğbət
oyadır. Voleybol üzrə qadınlardan ibarət yığmamızın
yeni məşqçisinin adı
da, özü də xarizmatikdir: Ataman Güneyliğil!
Yığmamıza uğurlar arzulayırıq.
İnanırıq ki,
çempionatın sonrakı
oyunlarında daha da şövqlə və inamla oynayacaqlar. Belə olacaqsa, uğur da qazanılacaq, tamaşaçı da artacaq.
lll
Feysbukda insanları
bezdirirlər. Çingiz
Abdullayev səmimi təbrik yazıb.
O, rusdilli olduğuna görə Azərbaycan dilində yazanda səhvlərə yol verir. Biz ona
demişik ki, bu tipli statuslar
yazanda azərbaycanlı
köməkçilərindən biri oxusun. Bu
təbriki lağlağıya
çevirmək bəzi
feysbuk istifadəçilərinin
səviyyəsini göstərir.
Feysbukda çox adam səhv buraxır. Mən səhvsiz yazmağa çalışıram. Amma
korrektura səhvindən
heç kim sığortalanmayıb. Bəzi
adamlar dünənə
qədər "ə" əvəzinə "e" yazırdılar.
O qədər ciddi adamlar var ki,
"da, də"ni harada ayrı, harada bitişik yazacaqlarını bilmirlər.
"Grammar Azi" səhifəsi var. Mən onu çox
bəyənirəm. Hətta
məmurların səhvi
olanda belə irad tutur. Belə
qınaqlar feysbuku arıtlayacaq, istifadəçilərin
daha təmiz yazmasına gətirib çıxaracaq. Amma belə məqamlardan istifadə edən fürsətcillərin hörmətli
adamları məsxərəyə
qoyması, dəyərləri
hörmətdən salmağa
çalışması düzgün
deyil.
lll
Sosial şəbəkələrdən
ədalət, mərhəmət,
ağıl, məsuliyyət
ummağa dəyməz.
Təklikdə götürəndə
bəlkə çoxlarında
bu keyfiyyətlər var. Amma xora
qoşulanda bəzən
yoxa çıxır.
Çalışın özünüz
olun həmişə:
ədalətli, mərhəmətli,
ağıllı, məsuliyyətli
və soyuqqanlı.
lll
Tənbəllik istedadın qənimidir...
lll
Ana dilində
yaxşı danışmaq,
səlis yazmaq üçün uşaqlıqdan
şeir əzbərləmək
və bədii ədəbiyyat oxumaq lazımdır...
Elm və
təhsil naziri Emin Əmrullayevin bu gün Bakı
Təhsil işçilərinin
sentyabr konfransındakı
çıxışını diqqətlə dinlədim.
Nazir, həmişəki
kimi, təhsilimizdəki
köklü problemlərə
toxundu və onların həlli yollarından danışdı.
Nikbinliyə və ümidə əsas verən məqamlar yox deyil. Amma
yeni texnologiyaların gətirdiyi üstünlüklərlə
bərabər, yaratdığı
problemlər də var.
Bir neçə
il qabaq ali məktəblərin birində eşidəndə
ki, 700-ə yaxın bal toplayan tələbə
əlyazısı ilə
ərizə yaza bilməyib, heyrətlənmişdim.
Özünü də
belə müdafiə
edib ki, axı əlyazısı heç vaxt gərəyim olmayıb.
İndi nazir
çıxışında orta məktəb məzunlarının öz
düşüncələrini ana dilində çatdıra bilmədiklərini
deyəndə mən də gənclərlə görüşdə tez-tez
təkrarladığım, onlara təlqin etməyə çalışdığım
fikirləri - şeir əzbərləməyin, bədii
ədəbiyyat oxumağın
vacibliyi barədə söylədiklərimi bir
daha xatırladım...
lll
1992-ci ildə qəhrəman tankçımız Albert Aqarunovun Şuşa yolunda vurduğu tankı ermənilərin həmin yolda "abidə"yə çevirib postament üzərinə qoymaları və onun 30 ildən bəri orada qalması ürəyimizdə vaxtaşırı qövr edən bir yara açmışdı. İndi həmin bədnam "abidə"nin sökülüb oradan götürülməsini əks etdirən kadrlar qəlbimizə su səpdi, yaramıza məlhəm oldu. Həm də bu kadrlar mənə bir vaxt işğalçı sovet canişinlərindən Kirovun Dağüstü parkdakı nəhəng heykəlinin sökülməsini xatırlatdı. Kirovun heykəlinin sökülməsi milli oyanışımızın təzahürü kimi sovet rejimi və kommunist epoxasının sonundan xəbər verirdi. Bu mənfur tankın Xankəndi-Şuşa yolundan götürülməsi isə bir başqa ağır epoxanın - erməni separatizminin, işğalın, qanlı münaqişə dövrünün bitməsinin, suverenliyimizin tam bərpasının göstəricisi olsun.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş
redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
525-ci
qəzet.- 2023.- 23 sentyabr.- S.13.