HƏR
DUADAN BİR PARÇA PAY
Həmin
gün bir nəfərin yubileyi də yox, sadəcə
növbəti doğum
günü qeyd edilirdisə də, əslində bu, böyük bir sənət bayramına çevrilmişdi. Səbəbsiz
deyildi - masa arxasındakıların
hamısı ulduzlardı.
Böyük müğənni
İosif Kobzonun ad günü idi və məclisdəki
çox şöhrətli
qonaqların arasında
onun köhnə dostu Müslüm Maqomayev də vardı. Müslüm təbrik sözlərini yığnağın şux
ovqatına uyğun olaraq zarafatla başladı ki, Kobzon durmadan işləyən, yorulmayan müğənnidir
və o qədər sovet mahnılarını ifa edib ki, bu,
həmin mahnıların
əsl sayından da çoxdur. Ancaq indi mən bir
sovet bəstəkarının
nəğməsini ifa
edəcəyəm ki, əminəm,
bunu Kobzon məndən sonra oxuya bilməyəcək.
Və başladı Üzeyir bəyin "Sevgili canan"ını oxumağa.
Həmişəki kimi
sonsuz məlahətlə
oxuyurdu və Azərbaycan dilində oxuyurdu. Baxırdıq, fəxr edirdik. Qürrələnirdik ki, Moskva televiziyasının
göstərdiyi, yüz
milyonlarla insanın baxdığı həmin
məclisdə Azərbaycan
ucalardadır, ana dilimiz
səslənir.
O qədər ulduzun toplandığı, illah
da yazılmış, tarixləşdirilmiş
elə məclislər
təkrar-təkrar baxıldıqca
köhnəlməyən, doyulmayan
bədii filmlər kimidir. Müslümlü
o Kobzon axşamı
da dünya hörümçəyinin
- internetin yaddaşındadır,
bugünəcən hər
millətdən olan milyonlarla insan baxıb, bundan belə də milyonlar baxacaq.
Müslüm ilk gəncliyindən Azərbaycan çərçivəsindən
çıxaraq bütün
Sovet İttifaqınınkı
sayılan sənətçilər
mərtəbəsinə ucalmışdı
və illər ötdükcə çevrilib
oldu dünya səviyyəli. Dünyanın,
keçmiş SSRİ ərazisindəki
bütün xalqlarınkı
olan Müslüm Maqomayev o gün, o Kobzon axşamında ilk növbədə Azərbaycanınkı
idi, "Mən azərbaycanlıyam" deyirdi
və o anlarda necə iftixar duymayaydın?! Çoxdandır
ki, nə İosif Kobzon həyatdadır, nə Müslüm Maqomayev. Sonralar da həmin yadigar yazını dəfələrlə
seyr etmişəm, hər dəfə də eyni fərəhi
yaşamışam, hər
dəfə qəlbimdən
bu unudulmaz sənətkara minnətdarlıq
hissi keçib. Ancaq hər dəfə də eyni minnətdar duyğuyla Heydər Əliyevi anmışam. Müslümün ogünkü
könüllərimizi sevindirən
azərbaycançı davranışının
əsl səbəbkarı
Heydər Əliyevdir
ki var!
Heydər
Əliyev Müslümü
onun yolunun başlanğıcından, hələ
Xəzər Dənizçilərinin
Mədəniyyət Evinin
özfəaliyyət ansamblında
oxuduğu vaxtlardan tanıyırdı, həmişə
onu bəyənmişdi,
sevmişdi, əlində
səlahiyyətlər olandan,
1969-cu ildən, respublikaya
rəhbərlik etməyə
başladığı vaxtlardan
da ona daim qayğı, diqqət göstərmiş və özünün dəfələrlə
açıq bəyan
etdiyi kimi, himayədarlıq etmişdi.
Müslümün hansı
dərəcəli müstəsna
sənətkar olduğunu
müxtəlif illərdə
dönə-dönə söyləsə
də, 2002-ci ilin 8 sentyabrında müğənninin
60 illiyi şərəfinə
Bakı Əyləncə
Mərkəzində təşkil
etdiyi rəsmi qəbulda sanki bütün indiyədək
dediklərinə yekun
hesab ediləcək qiyməti verirdi: "Müslüm zəmanəmizin
böyük müğənnisidir,
mən bunu mübaliğəsiz deyirəm.
Dünyada elə bir təşkilat yoxdur ki, o, kimin böyük olduğunu müəyyənləşdirsin. Ancaq insanlar bunu özləri müəyyənləşdirirlər. O, tarixə böyük müğənni kimi daxil olmuşdur". Elə həmin gün bunu da deyirdi ki, 30 ildən çoxdur Müslümü
dinləyir, bütün
oxumuş olduqlarını
aralarında fərq qoymadan gözəl sayır, amma hər halda bir nəğməni seçdirir və bu mahnının üstündə ayrıca
dayanırdı: "Müslüm
çox mahnılar yaratmışdır, yəni
o özünü bəstəkar
kimi də gözəl tanıtmışdır.
Ancaq onun ən görkəmli mahnısı Azərbaycana
həsr etdiyi mahnısıdır. Bu mahnı
Azərbaycanın himni
kimi səslənir. O,
həmin mahnını,
musiqini 1970-ci illərin
ortalarında gözəl
şairimiz Nəbi Xəzrinin sözlərinə
bəstələmişdir. Amma ən başlıcası budur ki, Müslüm bu mahnını elə yaratmış, elə ifa etmişdir
ki, onu heç kim belə ifa
edə bilmir. Bu, müstəsna mahnıdır.
Bu mahnı ayrıca görkəmli bir əsər kimi tarixə daxil ola bilər və yəqin ki, daxil olacaqdır. Müslümün
ifasında bu mahnını mən hər dəfə böyük həyəcanla
dinləyirəm".
O mahnı ilə bağlı bir sirri isə Heydər Əliyev daha əvvəllər açmışdı. Söyləyirdi
ki, 1974-cü ildə həmin
mahnını Müslüm
ilk dəfə o vaxtlar
Leninin adını daşıyan sarayın səhnəsindən oxumuşdu,
elə həmin gün yeni nəğmənin
notlarının üstünə
imza ataraq Heydər Əliyevə təqdim etmişdi ki, bunu sizə həsr edirəm. Heydər Əliyevsə sovet dövrünün mühafizəkar partiya elitasının nəzərində
bu ithafın təşəxxüs, özünüreklam
kimi dəyərləndirilə
biləcəyini nəzərə
alaraq rica etmişdi ki, qəbul edirəm, sağ ol, amma bunu
bir sən bil, bir mən.
Və əsas onun həmingünkü başqa xahişi idi. Həm xahiş,
həm tövsiyə etmişdi ki, bu mahnını yalnız Azərbaycanda deyil, hər yerdə oxu və azərbaycanca
oxu.
Müslümün də o gündən
başlayaraq səhnədə
olduğu, insanlar qarşısında oxuduğu,
konsertlər verdiyi bütün sonrakı illərdə ən axırıncı günədək
repertuarında o mahnı
da, Niyazinin "Arzu"su
da, Üzeyir bəyin
"Sənsiz"i də
daimi yer aldı və hansı ölkədə,
hansı şəhərdə
çıxış etməsindən
asılı olmayaraq, bunları Azərbaycan dilində ifa etdi. Böyük idi və hər
belə ifası ilə də hər dəfə Azərbaycanı özü
böyüklükdə yüksəldirdi.
Heydər
Əliyev siyasət və dövlət adamı idi. O qədər peşəkar
idi və bu vərdişlər onun iliyinədək işləyərək təbii
həyat, düşüncə
tərzinə elə çevrilmişdi ki, nə
edirdisə, nüvəsində
mütləq böyük
siyasət vardı.
Müslüm rusca təhsil almışdı, çox
vaxt rusdilli mühitdə olmuşdu, uzun müddət də Moskvada yaşamışdı, rusca
danışırdı. Amma qulaq asın onun ana dilimizdə oxuduqlarına. Nə qədər səlis, rəvan, dilimizin ruhunu incidəcək xırdaca sapıntı belə yox. Müslüm də, Heydər Əliyev də haqq dünyasındadırlar.
Heydər Əliyevin nəsihəti ilə Müslümün Azərbaycan
dilində oxuduğu nəğmələr yenə
diridir, yenə insanlara zövq bağışlamaqdan əlavə
yerinə yetirməli olduğu milli vəzifəni
yenə icra etməkdədir. Böyük
sənətkarın insanlara
sevinclər bağışlamaqda
davam edən ruhu şad olsun!
Müdrik nəsihəti
və yolgöstərməsi
ilə Müslümün
bizə yalnız zövq deyil, daimi qürur da bağışlamaqda davam
edən ana dilimizdəki
səs irsinin yaranmasının səbəbkarı
olmuş Heydər Əliyevə də, əlbəttə ki, bu alxışdan pay düşür.
...Bakımızın mərkəzində
misilsiz Cəfər Cabbarlının füsunkar
abidəsi ucalır. Heykəltəraş Mirəli
Mirqasımovun əsəridir.
Bu gün o heykəl orada olmaya bilərdi.
Varsa, hələ Azərbaycan durduqca ucalacaqsa, bunun da səbəbkarı yenə
Heydər Əliyevdir.
Heydər
Əliyev mənim məhəbbət bəslədiyim
şəxsiyyətdir, indi
haqqında yazıram. Qələmimin
qəhrəmanına çevrilənlərəsə
onsuz da xüsusi sevgim olur, ancaq
onun haqqında qiymətverici sözləri
insanların mühakiməsinə
çıxararkən bir
an belə hissə qapılmıram, yalnız
olanları çatdırıram.
Mirələsgər Mirqasımov şanlı bir nəslin övladı idi, istedadlı insandı, tale və təbiət bir tərəfdən ondan parlaqlığı, vergini
əsirgəməmişdisə, digər tərəfdən
umsuq qoymuşdu - eşitmirdi və danışmırdı. Vəfalı
və ötkəm ömür yoldaşı Gültəkin İsrafilova
onun həm dili, həm qulağı idi. Mirələsgər müəllim
təbiətcə nə
qədər yumşaq
idisə də, sənət məsələlərində
barışmaz, sözündən
dönməz idi. Cəfər Cabbarlı abidəsi üzərində
iyirmi il işləmişdi
və bu, onun ən əziz
əsəri idi. Abidənin istədiyi məkanda və arzuladığı kimi tökülərək ucaldılması
üçün o, illərlə
gözləmişdi və
bu heykəlin öz yerini tapanacan keçən həyəcan və sarsıntılarla dolu müddət ona iki infarkta başa
gəlmişdi.
Abidənin 1982-ci il martın 23-də açılışı oldu.
Abidənin üstündəki
örtük çəkildi,
elə həmin məkandaca cabbarlısevərlərin
iştirakı ilə
bir kiçik mərasim də keçirildi, çıxışlar
edildi, fotolar çəkildi, kinokameralar
baş verənləri
lentə aldı. O xronika da qalır, fotolar da. Ancaq kadr arxasında qalandan xəbəri olanlar tək-tükdür.
Bütün ayrıntıları
ilə əhvalatı
əvvəldən-sona mənə
vaxtilə Gültəkin
xanım söyləyib.
Amma siz Heydər Əliyevin öz dilindən eşidin.
1997-ci ilin 15 apreli Heydər Əliyev üçün həssas
gün idi. Bakı İncəsənət
Mərkəzində həmin
gün onun zövcəsi Zərifə
Əliyevanın görkəmli
heykəltəraş Ömər
Eldarovun yaratdığı
abidəsinin təqdimat
mərasimi idi. Heydər Əliyev söyləyirdi ki, təcrübəsində
iki dəfə olub ki, heykəltəraşlar
ondan yaradılacaq abidə üçün seçilmiş materialın
bütöv olmasını
əsas şərt kimi qoyublar. Sonuncusunu - böyük ölçülü bəyaz
mərməri Zərifə
xanımın abidəsi
üçün Ömər
Eldarov istəmişdi.
Heydər Əliyev
yada salırdı ki, o vaxt
Kremldə işləyirmiş,
sovet hökumətinin
rəhbərliyində olduğundan
belə məsələləri
həll etməsi müşkül deyilmiş.
Amma o biri əhvalat
1981-ci ildə baş vermişdi: "Mirqasımov
məsələ qoydu
ki, bu heykəli yaratmaq üçün gərək elə böyük qranit gətirəsiniz ki, bütöv
olsun. Mənə dedilər ki, bu, mümkün deyildir. Mirələsgər Mirqasımov
öz xanımı ilə mənim yanıma gəlib dedilər ki, əgər belə olmasa, biz bu heykəli qoymayacağıq. Şübhəsiz
ki, mən də istəyirdim Cəfər Cabbarlının heykəlini
yaradaq, şəhərin
gözəl bir guşəsində qoyaq. O
vaxt mən tədbir gördüm və Ukraynada belə böyük qranit tapıldı. Siz onu görmüsünüz,
rəngini də görmüsünüz. Mənə
dedilər ki, lazım
olan rəngdə və ölçüdə
qranit tapılıb, ancaq onu vaqona
qoyub gətirmək mümkün deyildir, elə vaqon yoxdur ki, bu ağırlığa
dözsün, onu mütləq parçalamaq
lazımdır. Yenə
də Mirələsgər
Mirqasımovun tələbləri
mənim qarşımda
durdu və dedim ki, nə edirsiniz edin, vəzifə yerinə yetirilməlidir. Və biz
buna nail olduq".
Necə
nail olunmuşdu?
"16 ildir ki, biz o heykəli qoymuşuq, hesab edirəm ki, Cəfər Cabbarlıya layiq olan bu heykəl
Bakının gözəl
guşələrindən birində
yüzillər yaşayacaq
və bizdən sonra gələnlər də birinci növbədə Mirələsgər
Mirqasımova dua edəcəklər. Ola bilər
duanın bir hissəsi də bizə çatsın".
Əlbəttə ki çatacaq! O zəhmətlər
və nəvazişlər
ki sizdən bu abidə və müəllifi görüb,
onları ayrı-ayrı
insanlar unutsa da, tarix yaddan çıxarmaz.
Gültəkin xanım
danışırdı ki, abidənin
yeri hələ elə heykəlin indiki yeri olaraq
1959-cu ildə seçilib
təsdiqlənmişdi, hətta
ora nişangah - heykəlin məhz burada qurulacağı haqda daş lövhə də qoyulmuşdu. Müsabiqə
keçirilmiş, Mirqasımovun
eskizləri də ən yaxşı kimi qəbul edilmişdi və o da başlamışdı işə.
Ancaq sovet dövlətinin ovaxtkı
başçısı Nikita Xruşşovun sənət
adamlarıyla mərəkəyə
başladığı, cılız
iddialarla rəssamlar, şair və yazıçılar kimi, heykəltəraşların da üstünə
düşdüyü əyyamlarda
onlara qarşı yürüdülən başlıca
tələblərdən biri
də Stalin epoxasına
xas olan iri ölçülərdən
vaz keçmək idi. İş dayanır. Xruşşov gedir, siyasət dəyişir, Azərbaycan
rəhbərliyinə Heydər
Əliyev gələndən
sonra Cəfər Cabbarlı heykəlinə
yenidən qayıdılır.
Ancaq yenə aşağılarda Mirqasımovun
səhhətini gəmirən
müzakirələrdə abidəni
Nizami kinoteatrının
arxasındakı Cabbarlı
bağında qoymağı
təklif və təkid edirlər. Bu növbəti maneəni də Mirqasımov qəti etirazla, gərili əsəblə
qarşılayır ki, orada
uzaqbaşı büst
qoyula bilər, bu ölçüdə abidəni ora qoymaq heykəli küncə sıxışdırmaq
kimidir. Heydər Əliyev qəti sözünü deyir, heykəltəraş haranı
arzulayırsa, abidə
orada da qoyulacaq. Bu höcətləşmə bitincə
obiri başlayır
ki, abidə beş metr yarım deyil, beş metr olsun. Rəssamlar
İttifaqında da, Bədii
Yaradıcılıq Fondunda
da bir az baxış başqalığından,
söz yox ki, bir qədər də paxıllıqdan heykəltəraşı hey cırnadırlar.
Axırı əlacı
yenə Heydər Əliyevə məktubla müraciət etməkdə
görür. Heydər
Əliyev gəlir emalatxanaya (zavallı Gültəkin xanım
"Emalatxana!" deyə-deyə
getdi dünyadan. Mən də ha çalışdım, ha ora-bura
Milli Məclis adından
məktublar yolladım,
oranı özəlləşdirməkdə
özünü ərinin
yaradıcılığına həsr etmuş bu diribaş qadına, heyiflər ki, yardım edə bilmədim), abidənin iki metrlik eskizinə
baxır, çox xoşuna gəlir, tam dəstək göstərəcəyini
vəd edir. Axıracan da vədinə
sadiq qalır. Heykəlin hündürlüyünün
də Mirqasımovun düşündüyü kimi
qalmasını, seçilən
qranitin də 280 tonluq bütöv qaya olmasını, o nəhənglikdə və
ağırlıqdakı daşın
Bakıya çatdırılmasını
da təmin edir. Azərbaycan bir sovet respublikası idi, Birinci katib
ən yüksək vəzifə idisə də, onun səlahiyyətləri
və imkanlarının
hüdudları vardı,
hər mühüm işi Moskva ilə razılaşdırmaq çətinliyi
ortada idi və belə olan təqdirdə bu məsələyə bu cür canıyananlıqla
yanaşaraq axıradək
getmək də hünərdir, qeyrət məsələsidir. Sovet
dönəmində bir
başqa müttəfiq
respublikada belə işlərin az-çox oxşarını etmiş
ikinci bir rəhbərin olmadığı
şəkk doğurmursa
da, bir az ehtiyatla yazıram ki, digər belə nümunə haqda nə oxumuşam, nə eşitmişəm.
Bütün ayrı köməkləri
bir qırağa, Heydər Əliyev öz şəxsi həkiminə tapşırıq
veribmiş ki, Cabbarlı
abidəsi ilə bağlı illərcə
sürən çək-çevirlərdə
sağlamlığı laxlamış
Mirəli Mirqasımovu
daim nəzarətdə
saxlasın, vaxtaşırı
müayinə, müalicə
etsin.
Başqalarına qiymət verməkdə
sərraf olan Heydər Əliyev özünə də gendən baxmaq gücündə idi və Cəfər Cabbarlı heykəli ilə bağlı arxada qoyulmuş aşırımlarda ara vermədən sənətkarın
dayağı ola bildiyi
üçün daxilən
məmnun idi: "Rəssam, heykəltəraş
- incəsənət ustası
öz istəyini yerinə yetirmək istəyəndə - əgər
bu istək doğrudan da yeni, böyük
bir əsərin yaranmasına kömək göstərəcəksə, - bunu etmək lazımdır. Dövlət
adamlarının, dövlət
işində olan insanların borcu odur ki, bunu etsinlər.
O vaxt mən bunu etdim və
öz həyatımda
gördüyüm çoxsaylı
işlərin ən dəyərlilərindən biri
hesab edirəm".
Daim düşüncəli Cəfər
Cabbarlı heykəlinin
yanından bundan belə keçərkən
yaddaşınızda bu
gerçəklər də
dolaşsın və onun da fikrini edin ki, heykəlin müəllifi də, onun hamisi də
məqsədə yetmək
naminə qranit kimi dayanmasaydılar, bu qranit abidə
də bu gün belə vüqarla dikəlməzdi.
...Sıra-sıra müşavirələrin,
Mərkəzi Komitə
bürosu və plenumlarının, irili-xırdalı
çoxsaylı iclas və müzakirələrin
qalaq-qalaq qovluqlarını
vərəqləyirəm. 1969-cu ilin yayından 1982-in payızınadək olan dövrün rəsmi şahidləridir. Hamısından
Heydər Əliyevin səsi gəlir. Bu fikir, rəy bölüşümlərinin, mübahisələrin, araşdırmaların
bəhrəsi olaraq əksəri bu gün də qalaraq faydalarını verməkdə davam edən neçə-neçə
müəssisələr, tikililər,
körpülər, yollar,
institutlar, laboratoriyalar,
muzeylər, sənət
əsərləri yaranıb.
Nəsillər dəyişir,
yaddaş korşalır,
müasirlər getdikcə
xatirələri də
özləriylə aparırlar
və bizə həqiqətləri əyan
edəcək cığırlar
da itir. Oxuyuram bu sənədləri, protokolları, stenoqramları,
söhbət yazılarını
və görürəm
ki, həmin yığıncaqların
heç birində Heydər Əliyev sadəcə hökm verən, danışılanları
dinləyən, hazır
qərarlara qol atan deyil. Əksinə,
hər müzakirədə
ən fəal surətdir. İdeyalar verir, məlum mövqeləri cilalayır,
yollar açır, səmti daha doğru tərəfə yönəldir və hər layihənin həmmüəlliflərindən birinə çevrilir. Üzdə olanı, hamının gördüyünü
deyək ki, hər kəsə aydın olsun. "Bir cənub şəhərində", "İstintaq", "Nəsimi",
"Atları yəhərləyin"
və Heydər Əliyevin sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi əsnada çəkilmiş
daha neçə başqa bədii film. Hamısı kino xəzinəmizin
inciləridir, birinin əvvəlində, hansınınsa
sonluğunda titrlər
gedir, filmi yaratmışların
adları qatarlanır.
O titrlərin heç
birində Heydər Əliyevin adı yoxdur. Ancaq Heydər
Əliyevin sinəsini
irəli verməsi, iradəsi, bir çox məsuliyyətləri
öz üzərinə
götürməsi olmasaydı,
o əsərlərin hansılarınınsa
yolu ekrana tamam qapalıydı, hansılarsa gərək ciddi şəkildə qayçılanaydılar. "Bir cənub şəhərində"
sonraların tanınmış
rejissoru, Xalq artisti Eldar Quliyevin
ilk işi idi. Heydər Əliyev buzu sındırmasaydı,
filmin dolaqları elə tamaşaçılara
görsənmədən rəflərdə
qalasıydı. "İstintaq"
da o cür.
Hərəsinin neçə
nüfuzlu əleyhdarı
vardı. Eldar Quliyev də, Rüstəm İbrahimbəyov
da bunu dönə-dönə
söyləyiblər də,
yazıblar da, Heydər
Əliyevə qoruyuculuğuna,
yolaçıcılığına görə də təşəkkürlərini ifadə
ediblər. Yaxud biləsiniz, bunu rəhmətlik İsa Hüseynov
özü mənə
söyləyirdi ki, "Nəsimi"
bu cür təsirli alındısa, neçə nadan, suyu üfürə-üfürə
içən, amma əli qayçılı
və doğramaq ixtiyarlı məmurun caynağından itkisiz qurtardısa, səbəbkar
yenə Heydər Əliyevdir.
...Buna ki şəxsən şahidəm.
1994-cü il iyulun 9-da Heydər
Əliyevin rəhbərlik
etdiyi nümayəndə
heyəti Səudiyyə
Ərəbistanına səfərə
çıxdı. Heyətdə
xeyli elm, ədəbiyyat,
mədəniyyət xadimi,
tanınmış ziyalılar
vardı. Böyük
bəstəkarımız Arif
Məlikov da müqəddəs
torpağa yola düşənlərin arasında
idi. Heydər Əliyevin adəti idi. Onunla səfərə
çıxanların istisnasız
olaraq hamısı ilə təyyarədəmi,
ya səfər edilən ölkədəmi
imkan düşdükcə
hökmən ünsiyyətə
girərdi. Orada, elə yola düşdüyümüz
günün gecəyə
qovuşan saatlarında,
Məkkə ziyarəti
vaxtı Arif Məlikovdan soruşdu ki, bilirsən bura səni niyə gətirmişəm? Və
cavabı gözləmədən
elə özü davam elədi: "Gətirmişəm ki, burada
gördüklərinin təsiri
ilə bir yeni simfoniya yazasan". O anda "Əlbəttə,
cənab Prezident, yazaram" desə də, sonra qayğılı-qayğılı gileylənirdi ki, Heydər
Əliyeviç məni
yaman işə salıb. Bu yükün altından necə çıxacağam? Məkkə
hara, Kəbə hara, bu
ziyarət hara, simfoniya
hara?"
Ancaq üç müqəddəs
şəhərdə - Ciddə,
Məkkə və Mədinədə ötən
saatlarımız artdıqca
bizi bürüyən,
indiyəcən yaşamadığımız
dərin hisslər çox düşüncələr
oyadırdı, elə
bil ki, saatlar ötdükcə hamı daha artıq dalğınlaşırdı, öz
içərisinə dalırdı.
Mədinədə, iyulun 12-də Peyğəmbər
məscidindəydik. Hər
qarışı nur, ehtişam, təmtəraq saçan bu ziyarətgahın qübbələri
gecənin bir aləmində asta-asta açıldı. Qəribə
bir təzad yarandı - başdan-başa
ağ mərmərlə
döşənmiş, elə
sütunları, divarları
da bu cür olan, gur büllur
çilçıraqların par-par parlatdığı Məscid
ən-Nəbəvi birdən-birə
sanki səmaya qovuşdu, qat-qat böyüdü.
Göylər zil qaranlıq idi. Amma qapqara səmanın uzaq dərinliyində də adətən gördüyümüzdən daha
iri görünən ulduzlar sayrışırdı.
Sanki o anlarda kosmosa qovuşmuşduq. Arif müəllimlə yanaşıydıq.
Bu əsrarəngiz mənzərəni
görüncə sanki
yuxudan ayılan kimi oldu, heyranlıq
və heyrətqarışıq
bir səslə pıçıldadı: "Haqlıymış
Kişi, buranın özü elə möhtəşəm simfoniyaymış".
Üstündən xeyli sovuşdu.
1998-ci il dekabrın 12-si idi.
Prezident iqamətgahında
dövlətin yüksək
mükafatlarına layiq
görülmüşlərin təltifetməsi keçirilirdi.
"İstiqlal" ordeninə
layiq görülmüş
Arif Məlikovu dəvət etdilər. Heydər Əliyev ordeni, diplomu Arif Məlikova təqdim edincə ilk sözləri bu oldu: "Mən sənə cansağlığı,
yeni-yeni əsərlər arzulayıram!"
Və dərhal əlavə etdi: "Sən bir simfoniya
hazırlayırdın, deyəsən,
hələ qurtarmamısan?"
Yəni
etdiyim tövsiyə, verdiyim tapşırıq yadımdadır. Dörd
il əvvəl Məkkədə
o sözləri təsadüfən
söyləməmişdim.
Arif Məlikov "Yazıram, əsər böyük alınır", - dedi.
Yenə
xeyli müddət sonra rastlaşınca Arif Məlikovdan soruşdu ki, simfoniya nə yerdədir.
Yaradıcı mahiyyətli insan
idi, gözəlcə
anlayırdı ki, hansısa
əsərin meydana çıxması sənətkarın
daxilində cərəyan
edən yüz cür əhvalla bağlıdır, fəqət
məhz elə yaradıcı ruhlu olduğundan bundan da agah idi ki, sənətkarın
içəridən səfərbər
olmasına təkan verə biləcək belə yadasalmalara da hərdən lüzum var.
Sonra bir-iki dəfə
də belə gətirdi ki, Heydər Əliyevi görüncə
artıq sualı gözləmədən Arif
Məlikov özü qayıdırdı ki, cənab
Prezident, işləyirəm.
Heydər
Əliyev istədiyinə
çatmışdı, artıq
Arif Məlikov özünü simfoniyanı
yazıb başa çatdırmağa borclu
sayırdı. Yaradıcılığın
bir gizlinci də elə budur ki, "etməliyəm"
ovqatı artıq sənətkarladırsa, geci-tezi
var, əsər mütləq
doğulacaq.
Nə acı ki, Arif Məlikov həmin "Əbədiyyət" simfoniyasını
Heydər Əliyevin həyatda olmadığı
günlərdə başa
çatdırdı.
2004-cü
ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin müşayiəti ilə
Arif Məlikovun Heydər Əliyevin xatirəsinə həsr etdiyi və "Əbədiyyət" adlanan
8-ci simfoniyası səslənirdi.
Premyera tamaşaçıların
ayaq üstə, uzun zaman kəsilməyən
alqışları ilə
tamamlandı.
Yenə
konsertlər olacaq, yenə simfonik orkestrlər səhnələrdə
yerləşəcək, yenə
Arif Məlikovun Məkkə fəlsəfəsindən
deyən "Əbədiyyət"
simfoniyası səslənəcək,
yenə tamaşaçıların
o anda bu əsəri yaratmış
sənətkara verə
biləcəyi ən ali mükafat olan alqışlar qopacaq və əlbəttə ki, həmin
alqışlarda bu əsərin doğulmasının
səbəbkarı Heydər
Əliyevin də payı olacaq.
Heç
olarmı ki, sədaları
haqq-ədalətin müvazinət
nöqtəsinə, Allah Evi
Kəbəyə aparan,
niyyəti qutsal Məkkədə edilmiş
bu musiqi incisinin sehrinə dalanda insafsızlıq edərək bu əsərin yaranmasının
baisini, hər səslənişində anılmağa
layiqli haqqı olan insanı unudasan?
...Axı mən Heydər Əliyevin digər bir gözəl əsərin də müəllif şərikliyinə tam haqqı
olmasına bilavasitə
şahidəm.
Unudulmaz
xalça sənətkarımız
Kamil Əliyevlə dost idik.
Tez-tez görüşərdik,
dərdləşərdik. İçərişəhərin
girəcəyindəki evi,
emalatxanası, muzeyi təqribən gündəlik,
günaşırı baş
çəkdiyim ünvan
idi. Haqqında bir neçə dəfə yazmışdım
da. Ömrünün, yaradıcılığının
az qala hər
mərhələsinə, hər
mətləbinə aşina
idim. Görüşlərimizdə
hərəsini bir övlad bildiyi əsərlərinin hər
birinin necə yaranması tarixçəsini
mənə nağıl
eləmişdi. Xalçaşünaslığı
Azərbaycanda müstəqil
elm sahəsinə çevirmək
Lətif Kərimovun xidmətidirsə, yeni dövrdə
xalça rəssamlığını
bu sənət müstəvisində güclü
istiqamətə və
məktəbə döndərmək
də Kamil Əliyevin
hünəridir. Kamil müəllim
xüsusən portretli
xalçalar yaratmağın
ustası idi. Onun Nizami, Füzuli,
Nəsimi, Mirzə Fətəli Axundzadə, Şota Rustaveli, Aleksandr Puşkin,
Rabindranat Taqor,
Atatürk kimi klassiklərə
həsr etdiyi portret xalçalar öz yerində, amma müasirlərə həsr etdikləri ən xırda cizgilərinədək dəqiqliyi
və gerçəkçiliyi
ilə daha böyük təəccüb
və maraq doğururdu. Cavanlıq çağlarından dost və
qohum olduğu Heydər Əliyevin də portretləri olan xalçalar işləmişdi. Heydər
Əliyevin məşhur
sözü və əslində həm verdiyi ali qiymətdir
ki deyirdi: "Kamil mənim
portretimi xalçada rəssamların kətan üzərində işlədiyindən
daha yaxşı çəkir".
Xarici ölkələrin dövlət
başçılarına da Kamil Əliyevin onların portretləri ilə işlədiyi xalçalar
sovet dönəmində
də, müstəqillik
illərində də
Azərbaycan Respublikası
adından hədiyyə
edilmiş, xoş da təəssürat oyatmışdı.
Leonid Brejnevin, İndira Qandinin,
Səudiyyə Ərəbistanı
kralı Fəhd Əbdüləziz əl-Səudun,
Süleyman Dəmirəlin
və daha neçələrinin.
1997-ci ilin avqustunda Heydər Əliyev
ABŞ-da prezident Bill Klintonla
görüşüb vacib
sənədlər imzalamalıydılar.
Səfər ərəfəsində
Kamilə deyir ki, hərçənd vaxta az qalır, amma yaxşı olardı bir xalça hazırlayasan, sovqat aparım. Kamil dərhal dillənir ki, vaxta görə nigaran qalmayın, çox adam cəlb edərəm, gecə-gündüz işləyərik,
çatdırarıq. Heydər
Əliyev deyir: "Axı sən haradan bilirsən mən nə istəyirəm ki, artıq
toxumağa başladın?"
Kamil müəllim də
cavab verir ki, bunu bilməyə nə var, obiri dövlət başçılarına
etdiyimizdən edəcəyəm,
Klintonun portretini toxuyacağam.
- Yox, bu dəfə
başqa cür olmalıdır. Portret olsun, amma bir
yox, iki. Billi Klinton və arvadı Hillari Klinton.
Kamil müəllim danışırdı
ki, dedim, o cür yaramaz, adətən xalçada bir surət işlənir, əgər lazımdırsa,
xanımı da ayrıca
xalçaya köçürək.
- Ayrıca yox, bir yerdə olmalıdırlar.
Dedim, axı ənənə
var, xalçaçılıqda qəbul edilmiş qaydalar var, o cür olmaz.
Heydər
Əliyev yenə inad etdi ki, axı
o ənənəni də,
qaydaları da sənin
kimi xalçaçılar
yaradıb, indi sən də ənənə yarat, qayda qoy ki, belə
də olar.
Kamil müəllim dübarə
müqavimət göstərməyə
cəhd edir ki, axı portreti xalçada əks etdirməyin öz qəlibi var, ortada göl yaradırsan, portreti ora yerləşdirirsən.
Heydər
Əliyev sözündən
dönmür: "Sən,
həmişəki kimi,
bir göl yarat, o gölün içində də bir-birinə bağlı iki göl, ər-arvad
bunları yerləşdir
orada".
Və qələm-kağız götürüb
bunu necə gördüyünün eskizini
çəkir.
Kamil müəllim dünyanın
hər üzünü
görmüş bişkin
insan idi, onu mat qoymaq çətin idi. Ancaq etiraf edirdi
ki, saniyələr ərzində
Heydər Əliyev o cizgini belə sadəliklə çəkəndə
donub qaldım ki, əsrlərcə yaşı
olan xalça rəssamlığında yeni ülgünü
elə söhbət edə-edə, əlüstü
yaratdı və bu cizgi əsasında
düzəltdiyimiz xalça
qalacaq, kimlərsə
gələcəkdə də
buna uyğun başqa ikirəsmli, qoşasurətli
xalçalar toxuyacaq, kimsənin isə xəbəri olmayacaq ki, bu üslubu xalçaçılığa gətirən Heydər Əliyev oldu.
İxtiraçılara patent verirlər,
kəşf edənlər
ilkinliyin müəlliflik
haqqı şəhadətnaməsini
alırlar, ancaq onun işi "Balığı at dəryaya,
balıq bilməsə
də, Xaliq biləcək" düsturu
ilə idi. Amma Xaliq öz yerində,
bunu yazdım ki, "balıq" da gerçəyə
vaqif olsun, bilsin ki, Heydər Əliyevin xalça sənətində də
model qurucusu kimi izi var
Ancaq tək budurmu?
1982-ci il oktyabrın 13-də Azərbaycan
rəssamlarının IX qurultayı
keçirildi. Rəssamların
ali məclisi başa çatınca idarə heyəti toplandı və Heydər Əliyev orada geniş nitq söylədi. Onun o gün söylədiklərinin, verdiyi
və sonra rəssamlığımızda həllini tapmış ülgülərdən bircəsinin
işığını tutub
gedək. Vurğulayıram
- həmin nitqin içində bir yox, bir neçə
belə qəlib kimi götürülüb
davam etdiriləsi dərin fikirlər vardı. Həm də, sən demə, o gün o yığıncaqda söylədiyini
hələ bir neçə il öncədən
də deyibmiş, sadəcə, bu məclisdə, daha çox peşəkar qarşısında mülahizələrinin
hüdudunu genişləndirir
və nə istədiyini daha artıq əsaslandırırdı:
"Miniatür sənətini
inkişaf etdirməklə
dünyada daha çox tanına bilərik. Biz miniatür rəngkarlığının, çoxəsrlik zəngin
ənənələri olan
Azərbaycan miniatür
sənətinin inkişafından
dəfələrlə danışmışıq.
Bir neçə il əvvəl
mən bu barədə öz fikrimi söyləmiş,
Tahir Salahova demişdim
ki, biz bu məktəbi
inkişaf etdirməliyik,
həm də müasir zəmində inkişaf etdirməliyik".
Yalnız
arzu ifadə etmirdi, hər kəs arzulaya bilər. O, bu işi necə həll etmənin yolunu da göstərirdi:
"Bu yaxınlarda mən
müasir miniatür rəngkarlığına aid bir
neçə əsərə
baxdım. Lakin bunlar əslində orta əsr miniatürlərinin
rəngkarlıq vasitələri
ilə çıxarılan
surəti idi. Madam ki belədir, onda bu, miniatür sənətinin inkişafı
deyildir, onun sadəcə surətidir. Məlumdur ki, orta əsr Azərbaycan miniatür sənətinin
məkan perspektivi yox idi, bu
sənət ənginlik
təsəvvürü deyil,
müstəvi təsəvvürü
yaradırdı. Əgər
rəssamlar bu gün də hər işdə keçmiş sənətkarların
texnikasına riayət
etsələr, bu, tamaşaçılar tərəfindən
çətin ki, təqdir
olunsun. Deməli, bu məktəbi əsas götürmək,
onu yaradıcılıq
mənasında inkişaf
etdirmək, zənginləşdirmək,
insanın bugünkü
qavrayışını, rəngkarlığı
necə duyduğunu məkan perspektivini nəzərə almaqla keçmişlə bugünün
üzvi sintezini yaratmaq lazımdır. Belə olarsa, bizdə əsl miniatür məktəbi yaranar və siz bəlkə də öz yaradıcılığınızda hələ 500 il bundan əvvəl məşhur miniatür ustası Sultan Məhəmmədin çatdığı
səviyyəni ötüb
keçərsiniz".
Fikir verirsinizmi Azərbaycan rəssamları kiminlə
üzbəüzdürlər?! Bu, 1982-ci ildir. Hələ yarpaq tökümü başlamayıb. Artıq
o vaxt dünya şöhrətli, canlı
klassik sayılan neçə böyük rəssam oradadır. Heydər Əliyev də onların əksərinin yaradıcılığına
yetərincə bələddir,
hansı mötəbər
auditoriya qarşısında
dayandığının fərqindədir.
Və ustadlara ustad dərsi verməyi bacarır. Onun 40 ildən də bir az
əvvəl təklif
etdiyi düstura əməl edərək miniatür sənətimizin
intibahını gətirəcək
səmtə yönələn
rəssamlarımız və
onların yaratdıqları
milli zəminli çağdaş
miniatür örnəklərimiz
də artıq var.
Amma azdır. Heydər
Əliyevin o vaxt umduğu müasir Sultan Məhəmməd səviyyəsindən
hələ uzağıq.
Amma hər halda öndərdən qalan qəlib işləməkdədir.
Gözünüzü oxşayan,
qəlbinizi sevindirən,
məhz yeni zamanın
Azərbaycan miniatürləri
kimi qəbul edə biləcəyiniz lövhələrlə rastlaşıb
gülümsədiyinizdə bu uğurlara sizinlə birgə sevinəni, həm də bu uğurlarda
ən azı 40 ildən də bir az qabaq
irəli sürdüyü
təklif və təşəbbüslərlə payı olanı da xatırlayın...
Əfsanəvi Mixaylonun igidliyindən
bəhs edən "Uzaq sahillərdə" filminə kim neçə dəfə baxıb? Yəqin, elə mənim kimi əksəriniz o sevimli filmi dəfələrlə
seyr etməmiş deyil, hər halda buna "bəlkə"siz
əminəm ki, görməyən
yoxdur, görənlərsə
hökmən bəyənib.
Bu filmin də titrlərində Heydər
Əliyevin adı gözə dəymir, hətta lap müəlliflər
özləri təkid
də etsəydilər,
bu, mümkün olan iş deyildi.
Film 1958-ci ildə çəkilib
və Heydər Əliyev o zamanlar Dövlət Təhlükəsizlik
Komitəsində işləyirdi. Bəs necə olmuşdu ki, tale onu Mehdi Hüseynzadə və bu filmlə
bağlamışdı?
Dəhşətli 1941-45-ci illər müharibəsində
Azərbaycandan 600.000 insan
iştirak edib. Bu, rəsmi statistikada belədir. Əslində isə son illərin araşdırmaları göstərir
ki, cəbhəyə gedənlərimizin
miqdarı 700.000-dən çox
olub. Ən müdhişi isə budur ki, əksəri cavan insanlar olan bu 700.000-dən çox vətəndaşımızın
yarıdan çoxu cəbhələrdən geri
qayıtmayıb, həlak
olub, itkin düşüb. Sovet dönəmində həmin
müharibədə iştirak
edənlərə verilən
ən ali mükafat, ən yüksək fəxri ad
"Sovet İttifaqı
Qəhrəmanı" idi.
Azərbaycanın o dövrdən
42 Sovet İttifaqı
Qəhrəmanı var. 41-i bu adı elə
müharibə dövründəcə
qazanıb. 42-cisi isə
müharibədən xeyli
sonra - 1957-ci ildə. Həmin 42-cini bütün
Azərbaycan tanıyır:
Mixaylo - Mehdi Hüseynzadə.
Amma ola bilərdi ki, M.Hüseynzadə bu ada layiq görülməsin,
tam unudulsun. Çünki
Mehdi almanlara əsir düşmüşdü, həbs
düşərgəsində olmuşdu, sonra almanların yaratdığı
milli legionda xidmət eləmişdi. Sovet dövlətinin ölçülərinə
görə isə, davadan sonra hətta
sağ-salamat qayıtsaydı,
mütləq həbs ediləcəkdi, sürgünə
göndəriləcəkdi. Elə Mehdi Hüseynzadənin
də adına onu bir xain
kimi qələmə verən DTK-da ayrıca qovluq açılmışdı.
Lakin onun tam fərqli
tale yazısı varmış.
1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XIX qurultayı
keçirilirmiş. Adətən
belə qurultaylara müxtəlif ölkələrdəki
kommunist partiyalarının
təmsilçiləri də
gəlirdilər və
İtaliya Kommunist Partiyasının rəhbəri
Palmiro Tolyatti də qonaqlar arasındaymış.
Stalinlə görüşdə
o, 1944-cü ildə İtaliyada
faşistlərə qarşı
mübarizədə böyük
şücaətlər göstərmiş
bir qafqazlının adını çəkir:
"Mixaylo".
Stalin göstəriş verir, dərhal təhqiqat başlayır. Bu araşdırmalarla
o zaman Dövlət Təhlükəsizlik
Komitəsi məşğul
idi. İtaliyaya, Yuqoslaviyaya müraciət edilir, arxivlər qaldırılır və
həqiqətən də
Mehdi Hüseynzadənin qəhrəmanlıqlar
göstərmiş döyüşçü
olmasını təsdiqləyən
ciddi sənədlər
üzə çıxır.
Beləcə, unudulmuş
və düşmənlər
cərgəsinə qatılmış
bir insan yenidən həyata qayıdır, sonralar bütün Azərbaycanın
başucalığına çevriləcək
mərd bir övladımızı bu
minvalla tapırıq.
Təkan Stalin dövründə
verilmişdi, 1953-cü ildə
o, vəfat etsə də, dövlət maşını işləyirdi,
Mehdi Hüseynzadənin bəraəti
üçün SSRİ DTK-sının apardığı
araşdırmalara, təbii
ki, Azərbaycan da qatılmışdı.
O çağlar Azərbaycan
Dövlət Təhlükəsizlik
Komitəsində bu işləri aparmaq cavan çekist Heydər Əliyevə tapşırılmışdı. Heydər Əliyev ixaylo ilə bağlı həqiqətlərin
üzə çıxması,
qəhrəman haqda bədii əsərin yaranması, həmin "Uzaq sahillərdə" filminin çəkilməsi
yolunda çox səylər qoyur. Beləcə, unudulmuş qəhrəmanımız tarixə
qayıdır, həyata
qayıdır, olur bütöv xalqınkı.
İstedadlı
yazıçı və
kinorejissor Həsən
Seyidbəyli xatırlayırdı
ki, günlərin birində
məni Bakıda Komsomolun Mərkəzi Komitəsinə dəvət
etdilər. Elə binaya yaxınlaşanda
İmran Qasımovla rastlaşdım.
Soruşdum ki, xeyir
ola, burada nə edirsən? Dedi ki, dəvət ediblər, səbəbini deməyiblər.
Söylədim ki, elə
mən də sənin kimi. İmran qayıtdı ki, yəqin,
ikimizə eyni tapşırığı vermək
istəyirlər, nəsə
oçerk-filan yazdırmaq
fikrindədirlər, ona
görə çağırıblar.
O dövrdə ikimizin
də işimiz çox, başımız
qarışıq idi,
İmran Rus Dram Teatrı üçün
pyes yazırdı, mənə də kinostudiyadan bir neçə vacib yazılar tapşırmışdılar,
onlarla məşğul
idim. Ona görə düşündük ki, bir
bəhanə gətirib
aradan çıxaq. Ancaq söhbəti başlayınca elə sözlər dedilər ki,
bizim bütün digər deyəcəklərimiz
qaldı kənarda.
Bir arayış oxudular.
Arayış hələ
o zamanlar tanımadığımız
Mehdi Hüseynzadənin - müharibə
illərində qəhrəmanlıqlar
göstərmiş azərbaycanlının
haqqında idi. Arayışı oxudular və dedilər ki, hələlik məlumatımız
bu qədərdir. Sizə imkan yaradılacaq, araşdırma
aparacaqsınız. Bu şəxsiyyət
haqqında bir əsər yazmaq lazımdır.
Çox
keçmir ki, İmran Qasımovla
Həsən Seyidbəyli
Mehdi Hüseynzadə haqqında
sonralar çox məşhur olacaq "Uzaq sahillərdə" povestini yazırlar. "Uzaq sahillərdə" povesti 1954-cü ildə işıq üzü görür, oxunur, əl-əl gəzir. Lakin Mehdi Hüseynzadəyə
əsl şöhrəti
Tofiq Tağızadənin
1958-ci ildə çəkdiyi
"Uzaq sahillərdə"
filmi gətirir. Ancaq bundan daha
əvvəl Mehdinin səhnəyə başqa
bir gəlişi də olmuşdu. Azərbaycan Dram Teatrının səhnəsində
Mehdi Məmmədovun rejissorluğu ilə bir pyes tamaşaya
qoyulmuşdu və Mehdini - baş rolu Möhsün Sənani ifa etmişdi. Və aparılan bütün geniş işlərin nəticəsi olaraq 1957-ci
ildə Mehdi Hüseynzadəyə ölümündən
sonra Sovet İttifaqı Qəhrəmanı
adı verilir.
1995-ci il dekabrın
16-da Heydər Əliyev
Azərbaycan Kinematoqrafçılar
İttifaqının üzvləri
ilə görüşürdü
və tarixin qapalı qatlarını belə açırdı:
"Mehdi Hüseynzadənin
kəşf olunmasında
mənim şəxsi xidmətim var. Mən o vaxt KQB-də işləyirdim. Bu, 50-ci illərin əvvəlləri idi. O vaxt biz faşist
Germaniyası ilə müharibə qurtarandan sonra o işlərlə çox məşğul olurduq. İstiqamət ondan ibarət idi ki, düşmənləri
- kim legionda olub, kim faşistlərə
qulluq edib, bunları tapaq. Orada kim qəhrəmanlıq
edib, onları axtaran yox idi.
Özü də o düşmən arxasındakı
qəhrəmanlar sonralar
məlum olub. Bunlarla məşğul olarkən Mehdi Hüseynzadə haqqında
materiallara rast gəldim. Öncə onu belə təqdim
edirdilər ki, əsir düşübdür,
faşistlərə xidmət
edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə haqqında
belə təsəvvür
yarandı. Ancaq xoşbəxtlik ondadır
ki, biz bunun
dərinliyinə getdik.
Ola bilər ki, bunu ilk
dəfə deyirəm.
Şəxsən mən
özüm məsələnin
dərinliyinə getdim.
Olan olub, keçən keçib. Bu materiallar meydana çıxanda fikirləşdik ki, biz bir oçerk
yaradaq. Verdik bizim iki-üç işçimizə, belə
işləri yaza bilən adamlara. Professional
deyildilər, onların
yazısından bir şey alınmadı. Sonra biz bunları
təqdim etdik Komsomola. Orada da rəhmətlik İmran Qasımovla Həsən Seyidbəyli o
vaxt gənc, bu sahədə fəaliyyət göstərən
adamlar idilər. Bu materialı
tez götürdülər
və biz onlara kömək etdik, materiallar verdik. Onlar da bunu yazdılar,
sonra da film çəkildi.
Yenə də mənə qismət oldu, mən respublika rəhbərliyinə
gəldim və Mehdi Hüseynzadənin xatirəsinə
bir abidə yaratdıq. Xatırlayıram,
gərək ki, 1973-cü ildə
abidəni yaratdıq və böyük təmtəraqla açılış
oldu. Sonra da həmin abidə 9 May - Qələbə
günündə bizim
ziyarət etdiyimiz gözəl yerlərdən
birinə çevrildi".
Mehdi Hüseynzadə 1944-cü il noyabrın
2-də həlak olub və doğma Vətən torpağından
uzaqlarda, indiki Sloveniyada dəfn edilib. 2011-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının orada keçirilən iclaslarında
iştirak edərkən
mənə uşaqlıq
illərimdən əziz
olan Mixaylonun məzarına baş çəkməyi qərara
aldım. Orada - Mehdinin bir müddət
sığındığı və böyük qəhrəman kimi yaddaşlara köçdüyü
Şempasda, Çepovanda
həmyerlimizə sonsuz
sevgi görüncə
danışıqlar apardım,
ona muzey yaratmaqla bağlı razılıq əldə etdim. Həmin ərəfədə Azərbaycan
Prezidenti İlham Əliyevin
də Serbiya və Sloveniyaya rəsmi səfəri gözlənilirdi. Var gücümü
sərf etdim, lazım olan bütün eksponatları,
hətta Mehdinin Novxanıdakı abidəsinin
surətini də ora apardım. 2011-ci ilin iyun ayının
10-da gözlədiyimiz əziz
gün gəlib çatdı. Tarixi hadisə baş verdi. İki ölkənin prezidentləri
Mehdi Hüseynzadənin hələ
həyatda olan bir sıra keçmiş
silahdaşları - köhnə
partizanlarla bərabər
həmin muzeyi açdılar.
2011-ci ilin iyun ayında
Mehdi Hüseynzadənin Sloveniyada
muzeyi açılarkən,
abidəsi ucaldılarkən
Heydər Əliyev həyatda yox idi. Amma o bayrama çevrilən saatlarda Heydər Əliyev də gəlmişdi ora. Təzə muzeyin divarlarından birində onun da şəkli, Mixaylonu kəşf edib xalqa qaytarmaq istiqamətində vaxtilə
apardığı vacib
işlər barədə
sözləri də vardı.
Ancaq tarixdir, gərək bu da bilinə. Mən Azərbaycan Prezidentinin Sloveniyaya gəlişinədək Mehdi Hüseynzadənin
muzeyini açılışa
hazırlamaqçün 2011-ci il iyun ayının 3-də yüklərimizlə bərabər
Bakıdan Milana uçdum. Milanda hava limanına enincə nəzərlərim,
irəlicədən danışdığımız
kimi, ayrıca yük maşını ilə məni orada gözləyəcək
novo-qoritsalı dostları
aradı. Onları tez də tapdım.
Çünki əllərində
adım yazılmış
lövhəcik tutmuşdular.
Görüşdük, söylədim
ki, az sonra təyyarəni boşaldacaqlar,
yükümüzü götürüb
gedərik. Uçuş
vaxtı qapatdığım
cib telefonumu açınca Bakıdan gələn zəng elə bil üstümə
qaynar su tökdü. Dedilər ki,
elə bu təyyarə ilə də qayıdın gəlin Bakıya. Sizin yükləri göndərə bilməmişik.
Necə yəni göndərə bilməmisiniz?
Mən təyyarənin
pəncərəsindən baxırdım,
görürdüm ki, bizim
qutular təyyarəyə
yüklənir. Dedilər,
bəzi qutuların ölçüsü uyğun
gəlmədi, onları
yük yerinə yerləşdirmək uyğun
olmadı. Dedim, axı bu da düzgün deyil. Mən bütün qutuları təyyarənin
qapısının, yük
yerinin ölçülərini
nəzərə alaraq
hazırlatdırmışam. Mümkün deyil ki, yerləşməsin. Dedilər,
hər halda başqa çıxış
yolu yoxdur, yükü göndərməmişik,
qayıdın gəlin.
Dedim, başqa çıxış yolu
var. Çünki bu tədbir keçiriləcək,
ölkə başçısı
gələcək, muzey
açılmalıdır, indi hər saat,
hər dəqiqə qızıla bərabərdir,
ləngiməyə ixtiyarımız
yoxdur. Odur ki, siz məsuliyyət daşıyırsınız, nəyin
bahasına olursa-olsun həmin yükləri bu gecə bir
başqa təyyarə
ilə göndərməlisiniz.
Uzun mübahisələr
getdi, saatlarla telefonla danışdıq.
Novo-qoritsalı dostlardan
xahiş etdim ki, qayıtsınlar getsinlər.
Və Bakı ilə - AZAL-ın rəhbərliyi ilə gecənin dərinliyinə
qədər gedən danışıqlardan sonra
artıq qərara alındı ki, onlar bir başqa təyyarə ilə həmin yükü göndərəcəklər. Səhərə
yaxın zəng vurdular ki, məsələ
artıq həll olunub, yüklərinizi Frankfurta göndərəcəyik.
Oradan da yük maşını ilə
Novo-Qoritsaya çatdırılacaq.
Dedim, axı siz müəyyən təfərrüatları nəzərə
almırsınız. Adi yük
kimi gələrsə,
gömrükdən keçməsi
bir neçə gün, bəlkə də bir həftə
vaxt aparacaq. Bu isə bizim planlarımızın pozulması
deməkdir. Bu, İtaliyaya
- Milana diplomatik yük kimi gəlirdi.
Bundan ötrü də üstündə müvafiq sənədlər
vardı. Buna görə
də İtaliyadakı
səfirliyimizin əməkdaşı
hava limanına həmin yükləri qəbul etməkçün
gəlirdi. İndi həmin
yük Frankfurta göndərilirsə, mütləq
bizim Almaniyadakı səfirliyimizdən aeroporta
yükü qəbul etməkçün nümayəndə
gəlməlidir. Eyni zamanda da Bakıdan, Xarici İşlər Nazirliyindən bunun Almaniyaya göndərilməsi
üçün müvafiq
sənədlər olmalıdır.
Xarici İşlər
Nazirliyinə zəng vurdum, müvafiq sənədləri hazırladılar,
ardınca bizim o vaxt Almaniyada fövqəladə və səlahiyyətli səfirimiz
olan Pərviz Şahbazova zəng vurdum. O da iki daş arasında çıxış yolu tapdı. Artıq elə saat idi
ki, Berlindən Frankfurta
uçan təyyarələr
yox idi. Ona görə səfirliyin maşınında bir əməkdaşı göndərdi
ki, gəlib yükü
qəbul etsin. Beləcə, artıq bizi üzən həyəcanlara son qoyuldu,
ertəsi gün dan üzü yük maşını Novo-Qoritsaya
yetişdi. Boşaltdıq
eksponatları və yenə dəhşətə
gəldim. Məlum oldu ki, bu dəfə
də Mehdi Hüseynzadənin
heykəlini göndərməyiblər.
Yenə AZAL-la uzun və gərgin telefon danışıqlarından
sonra buna da əncam çəkildi, sabahı gün heykəl də gəlib çıxdı.
Bu hadisədən bir neçə ay keçmişdi.
Növbəti xarici səfərlərimdən birinə
yenə Frankfurt hava limanında təyyarəmi
dəyişərək uçmalıydım.
Bizim gömrüyün
orada işləyən
köhnə tanışım
olan bir əməkdaşıyla rastlaşdıq.
Oturub qəhvə içə-içə söhbətləşirdik,
birdən soruşdu
ki, Kişinin heykəlinin
məsələsi necə
oldu, quraşdırdılarmı?
Anlamadım nəyi nəzərdə tutur, sual verdim ki, nə heykəl? Dedi, axı iyunda bizə təcili tapşırıq
vermişdilər ki, Bakıdan
heykəl gəlir, bütün imkanlarınızı
səfərbər edin,
təcili maşın
tapıb elə bu gecə Sloveniyaya,
Novo-Qoritsa şəhərinə
yola salın, biz də düşündük,
Heydər Əliyevin abidəsidir, məsələni
ən yüksək səviyyədə həll
etdik.
Bu da bir ayrı yazı
idi. Heydər Əliyev heç vəchlə gözlənilməyən
bir anda da yenə Mehdi Hüseynzadəyə
köməyə gəlibmiş...
2023-cü
ilin ilk may günləri
idi. Azərbaycandan gedən, tərkibinə mənim də daxil olduğum nümayəndə heyəti
Sloveniyada, Novo-Qoritsa şəhərində idi.
Burada iki xalqın - azərbaycanlıların
və slovenlərin ortaq övladı sayılan Mehdi Hüseynzadənin
105 illiyi qeyd edilirdi. Mərasim elə həmin Mixaylo muzeyinin yanındakı geniş meydanda keçirilirdi.
O gün orada, Vətəndən uzaqlarda,
ancaq bizə elə Mixayloya görə çox yaxın, simsar gələn Novo-Qoritsada qəhrəman Mehdi Hüseynzadə
rəhmətlər və
məhəbbətlərlə anılırdı, yaşarı
adına və ruhuna salamlar deyilirdi. O rəhmətlərdə,
o məhəbbətlərdə, o salamlarda Mehdinin dünənin qaranlıqlarında
itməyərək əsl
qəhrəman kimi insanlara yenidən qayıdışında tarixin
uzaqlarında çəkdiyi
qeyrətli əməkləri
unudulmayan Heydər Əliyevin də payı vardı.
Bir zamanlar xəfif ümid bəsləmişdi
ki, böyük insanların
xatirinə etdiyi hansısa nəcib əməllərə görə
bəlkə haçansa
o şəxsiyyətlərə yönələn dualardan ona da pay düşə.
2023-cü
ilin ilıq bir yaz günü
idi, Sloveniyada, Novo-Qoritsada ölməz Mehdi Hüseynzadənin ziyarətində
idik, o gün orada Mehdinin uğrunda zəhmətlər
çəkmiş Heydər
Əliyev də sayğı ilə anılırdı və Allahın bu işinə - Böyük
Azərbaycanlının qəlb
arzusunun növbəti
dəfə gerçəkləşməsinə
çox duyğulanırdım...
20 sentyabr 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.8-9-10.