AAK avtoritar yox, kollegial qurumdur
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının son illərdəki
fəaliyyəti Azərbaycan
elminin müasir tələblərə cavab
verəcək bir səviyyəyə yüksəltmək
kimi mütərəqqi
ideallara xidmət etsə də, bəzi dairələrdə
və ya elmətrafı kluarlarda yerli-yersiz söz-söhbətin
meydana çıxması
ilə müşayiət
olunur ki, bunu bir həddə qədər təbii saymaq lazım gəlir. Hər şeydən əvvəl ona görə ki, elm quruculuğunun kökündən həll
etməli olduğu intellektual, psixoloji və etik-əxlaqi problemlər yalnız elmi ictimaiyyətin deyil, bu və ya
digər dərəcədə
bütün cəmiyyətin
diqqət mərkəzindədir.
Məlum olduğu kimi, ali təhsilin
əvvəl bakalavr, sonra isə magistratura səviyyəsini
başa vurmuş şəxslərin çox
az qismi "böyük elm"lə məşğul olmaq üçün doktoranturaya
imtahan verir ki, əslində, bu cür iddiaçıların
nə dərəcədə
elmə layiq olduqları ilk növbədə həmin dövrdə müəyyənləşdirilməlidir. Doktoranturaya qəbuldan sonra isə üç- dörd il müddətində kifayət
qədər vaxt var ki, həm
iddiaçı-dissertant özünü
elmi ictimaiyyətə
göstərsin, həm
də elmi ictimaiyyət onun istedadına, səviyyəsinə
bələd olsun.
Doğrudur, dissertasiya müdafiə
etmək qərarına
gələn hər bir kəs müəyyən
"maneələr"dən keçir. Ancaq bu "maneələr",
təəssüf ki, bir
çox hallarda dissertantı elm adamı olaraq yetişdirmir... Və təsadüfi deyil ki, AAK-dan narazılıqların
böyük bir qismi, mahiyyət etibarilə, buradan irəli gəlir. "İşim elmi seminardan uğurla keçib, görkəmli
alim-mütəxəssislərin üzvü olduğu müdafiə şurasından
da əksəriyyətin səsini
almışam, ancaq
AAK-ın ekspert şurasında köhnə
bazara təzə nırx qoyub, elə suallar verirlər ki, adamın bildiyi də yadından çıxır"
deyənlər anlamalıdırlar
ki, müdafiə etdikləri dissertasiya
işi onların konkret bir mövzu
üzrə deyil, bu və ya
digər elm sahəsində
mütəxəssis olduqlarını
göstərir. Və
ona görə də ekspert şurasında "əlavə
suallar"ın verilməsi
dissertantın potensialını
üzə çıxarmaq,
seminarlarda, eləcə
də müdafiələrdə
buraxılmış səhvləri
aradan qaldırmaq məqsədini izləyir.
Əgər AAK da liberallıq
göstərib növbəti
(əslində, həlledici!)
səhvi edəcəksə,
onda belə bir quruma ümumiyyətlə
ehtiyac olmazdı.
Mən
AAK-ın o "tənqidçilər"i
ilə razılaşıram
ki, dissertant müdafiə
şuralarından elə
keçməlidir ki, əlavə
yoxlamaya o qədər
də ehtiyac olmasın. Ancaq nə edək
ki, mövcud təcrübə
hələ AAK-ın ekspert şuralarını
tam gücü ilə
işləməyə vadar
edir.
Elm adamlarının bir-birini tanıması, ünsiyyəti
baxımından Azərbaycan
Respublikası elə də hüdudsuz məkan deyil. Fəlsəfə doktorluğu
müdafiə edən
gənc tədqiqatçılar
yaxşı tanınmasalar
da, elmlər doktorluğu
üzrə iddiaçıların
səviyyəsi elə
əvvəldən həm
müdafiə, həm
də ekspert şurasının üzvlərinin,
demək olar ki, hamısına məlumdur:
müdafiə şuralarında
müəyyən həmkarlıq
hisslərinin doğurduğu
subyektiv "qayğıkeşlik"lə
ekspert şuralarında
daha çox elmin mənafeyinə xidmət edən obyektiv "sıxışdırma"
üz-üzə gəlir.
Əgər müdafiə
şuraları elmə
çox layiqli namizədlərlə yanaşı,
hələ yetişməmiş,
yaxud heç vaxt yetişməyəcək
"namizədlər"i də
tövsiyə edirlərsə,
onların qarşısını
ekspert şuraları
(AAK) almalıdır... Və
odur ki, müdafiə şuralarının
ekspert şuralarından
daha mötəbər
olmaları barədəki
geniş yayılmış
fikrə ehtiyatla yanaşmaq lazım gəlir.
Əlbəttə, müdafiə şuralarına
çox ciddi bir mesajdır ki, şuraya daxil olan
əsərlərin (və
dissertantların) elmi səviyyəsinə
ciddi yanaşsın, obyektiv qiymət versin. Əgər həmin əsərlərin
(və dissertantların),
demək olar ki, hamısı müdafiədən
yekdilliklə keçirsə,
bu, şübhə doğurmaya bilməz. Və bu cür
işlərin böyük
bir qisminin ekspert şuralarından
(AAK-dan) keçməməsinin səbəbi də, elə bilirəm ki, kiməsə qaranlıq, yaxud mübahisəli görünməməlidir.
Əminliklə deyə bilərəm
ki, AAK-da aparılan əsaslı
dəyişikliklər (mən
"inqilabi" deyib
"tənqidçilərimiz"i tamamilə həvəsdən
salmaq istəməzdim),
əlbəttə, hər
nə qədər intellektual, müasir dünyagörüşlü, işgüzar
bir şəxs olsa da, yalnız sədr Famil Mustafayevin xidməti
deyil. Həmin dəyişikliklər Azərbaycan
Prezidenti İlham Əliyevin
ölkədə həyata
keçirdiyi elm siyasətinin
üzvi tərkib hissəsidir ki, burada AAK-ın İdarə Heyətinin, Kollegiyasının,
hər bir əməkdaşının zəhməti
vardır.
Sədrin
fəaliyyətini ayrıca
"müzakirə"yə çıxaranlar gərək
unutmasınlar ki, Ali Attestasiya
Komissiyası avtoritar yox, kollegial qurumdur. Və burada ən kiçik məsələyə
də birlikdə baxılıb qərarlar ümumi razılaşma əsasında (və mövcud qanun- qaydalara uyğun olaraq!) qəbul edilir.
Nizami
CƏFƏROV
525-ci
qəzet.- 2023.- 23 sentyabr.- S.6.