Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı elmi konfransın tezisləri çap olunub
AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm
xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə
Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr
edilmiş "Dəyişən dünyada qadın: Şərq
və Qərb baxışı" mövzusunda beynəlxalq
elmi konfransın tezisləri çapdan çıxıb.
Nəşrdə
Şərqşünaslıq İnstitutunun keçirdiyi
konfransda səslənən 154 məruzənin tezisi dərc
olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna
və Rusiyadan 11 alimin məruzəsinin tezisi də var. Burada həm
akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də
cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə
qadının yerinə, roluna, qadın problemlərinə dair
məruzələrin tezisləri yer alıb. Nəşrə
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq
İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın
"Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım
Əliyevanın 100 illiyinə ithafən", ukraynalı alimlər Oleq
Kupçik və Nataliya Zubun "Sona Axundova-Bağırbəyova
və Zərifə Əliyeva: oftalmologiyanın korifeyləri",
eləcə də Məryəm Seyidbəylinin "Tibb elmində
Azərbaycan qadınları", Çinarə Səfərovanın
"Gözəllik, sədaqət rəmzi olan böyük
alim - Zərifə Əliyeva" mövzularında tezisləri
də daxildir.
ŞAHANƏ
525-ci
qəzet.- 2023.- 23 sentyabr.- S.15.