Haqq yolunun yolçusu...

Mehman Eynulla oğlu Fərzullayev... İndi hamı ona "Hacı" deyə müraciət edir. Mən onu 1994-cü ildə "Hərbi nəşriyyat"ı yaratdığı vaxtlardan tanımışam - xeyirxah, əxlaqı, əqidəsi insan kimi.

Poliqrafiyada və həyatda özünə ustad saydığı Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun devizilə işləyib: "İşi görmək istəyən vasitə axtarır, görmək istəməyən bəhanə..."

Orta məktəbdə əla qiymətlərlə oxuyub. Ordu sıralarına kommunist kimi gedib. Üç ay sonra səhra şəraitində əl və ayaq gücünə işləyən çap maşınında dörd rəngli vərəqə - "Boevoy listok" çap edir, mətbəənin müdiri təyin olunur. Rəhbərlik etdiyi mətbəə ordu mətbəələri arasında birinci olur. Hərbi Dairənin "Leninskaya znamya" qəzetində yazıları çap edilir. Dairə Partiya aktivində müdafiə nazirinin birinci müavini, ordu generalı Sokolovla görüşür. Şəkli "Leninskaya Znamya" qəzetində çap olunur.

Komandanlıq ona Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun hazırlıq şöbəsinə göndəriş verir. Atası razı olmur. Bakıya qayıdır, Azərbaycan Dövlət Universitetinin mətbəəsində işə düzəlir. Sənədlərini ADU-nun jurnalistika fakültəsinə verir və qiyabi şöbəyə qəbul olunur. Azərbaycan və rus dilində 100-dən çox məqaləsi dərc edilir. Mətbəə işini bildiyindən müəllimlərinin sevimlisinə çevrilir. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Əliş Nəbili, Nurəddin Babayev, Tofiq Rüstəmov, Mahmud Mahmudov, Akif Rüstəmov, Cahangir Məmmədli, Nəriman Zeynalov və başqalarından hər zaman xoş xatirələr danışır. Mir Cəlal müəllimin insanpərvərliyini unuda bilmir.

Sumqayıtda diktor-müxbir kimi işə başlayır. Hazırladığı reportajlar respublika radio və televiziyasında yayımlanır. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri olmuş Elşad Quliyevlə və aparıcı işçiləri Ənvər Qafarlı, Valid Sənani, Nuhbala müəllimlə münasibətlərini xoş xatirələrlə anır. Bakı-Sumqayıt yolunun uzaqlığı səbəbindən belə xoş münasibətli mühitdən ayrılır.

"Yeni kitab" mətbəəsinin direktoru Şəddat Cəfərova müraciət edir. Mehman Fərzullayev yığım sexinə müdir göndərilir. Planı 70 faizdən artıq ödəyə bilməyən sex ilk ayda 120 faizi ötür. Sonrakı aylarda 170-180 faizə çatdırılır.

Ş.Cəfərov haqqında "İlk poliqrafçı alim" kitabını yazdığımdan bir fakta aydınlıq gətirim: SSRİ Mətbuat Komitəsinin sədri Boris Stukalin "Yeni kitab" mətbəəsinə Ş.Cəfərovu direktor təyin edəndə mətbəə acınacaqlı vəziyyətdə imiş. Poliqrafçı alim işləri elə yoluna qoyur ki, 11 aydan sonra mətbəə SSRİ mətbəələri arasında birinci yerə çıxır. Stukalin Keçici Qırmızı Bayrağı mətbəəyə təqdim etmək üçün Bakıya gəlir, Bayrağı şəxsən özü Şəddat müəllimə təqdim edir.

Planın ikiqat yerinə yetirilməsində yığım sexinin payı çox olduğundan Stukalin təqdimatdan sonra sexə gəlib işlərilə tanış olur.

M.Fərzullayev "Yeni kitab" mətbəəsində istehsalat-texniki şöbəyə rəis təyin olunur. Sonra köçürmə yolu ilə "İşıq" nəşriyyatına gedir.

"Azərbaycan miniatürləri" albomu 7 il əvvəl Moskvada çapa hazırlansa da, heç bir məsul şəxs nəşri imzalamır. Nəşriyyatın işçiləri 10 il idi, əmək haqqını vaxtında ala bilmirdilər. Moskvaya gedir. 20 günə səlahiyyəti öz üzərinə götürməklə kitabı çapa imzalayır və yüksək səviyyədə çapına nail olur. Tirajdan 100 nüsxə ilə Bakıya qayıdır. Kitab Azərbaycan KP MK-nın rəhbərinə təqdim olunur. Rəhbər kitabın yalnız gələn qonaqlara bağışlanmasını tapşırır.

Kitab beynəlxalq sərgidə 2-ci mükafata - gümüş medala layiq görülür. "İşıq" nəşriyyatının işçilərinə 38 min mükafat ayrılır.

Digər nəşrlər - açıqca dəstləri, 30 il əlyazma şəklində istifadə olunan F.Əmirovun "Sevil", C.Hacıyevin "Təntənə", A.Məlikovun "Məhəbbət əfsanəsi" və digər not ədəbiyyatları Moskvada yığılaraq Bakıda çap olunur. Vaxtında əmək haqqı almayan kollektiv mükafat və 14-cü maaş alır. M.Fərzullayevin adıyla bağlı olan bu uğur rəhbərliyin xoşuna gəlmir. Mükafatlandırılmalı olan işdən getməli olur.

Şəddat Cəfərovun rəhbər olduğu "Kommunist" ("Azərbaycan") nəşriyyatına gedir. Sinkoqrafiya sexində işə başlayır. Ona şilda istehsalı tapşırılır. Bütün avadanlıqlar üçün istifadə olunun bu etiket əvvəllər Saratov və Yaponiyada sifariş verilirdi. Qəzet çapında istifadə olunan qiymətli metallardan hazırlanmış bimetal lövhələr kilosu 20 qəpiyə Sibirə təkrar emala göndərilirdi. Şilda istehsalında istifadə olunan tullantı materialın hər kilosundan 20 manat təmiz gəlir əldə olunur. 10 adamla 20 min manat qazanc əldə olunurdu. Fəhlələr 700 manat maaş alırdılar. İstehsal üsulu sex rəisinin özünün tapıntısı idi.

Sahəni başqasına tapşırıb sexi köçürürlər. İki ay sonra istehsal dayanır.

Klişe ilə məşğul olur. Yenə haqsızlıqla üzləşdikdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin redaktoru Rəşid Mahmudovun yanına gedir. Qəzetdə buraxıcı yeri boş olduğundan redaktor Mehmanı o yerə təyin edir. Birgə iş fəaliyyətlərindən ömrünün sonuna kimi dost olurlar. Rəşid müəllimin vəfatından sonra haqqında kitab tərtib edib. Hacı Mehman uşaqlığından ağsaqqallarla dostluq edib. Yüksək vəzifələrdə çalışmış Sadıq Murtuzayev, akademik Mirməmməd Cavadzadə, Tofiq Aslanov, Kamran Hüseynov, Hüseyn Əliyev, İqrar Əliyev, Ənvər Nəzərli, Azad Talişoğlu, Kazım Ələkbərov və başqaları ilə dostluq münasibətlərində olub.

Rəşid Mahmudov Mətbuat Komitəsinin sədri olanda Təchizat və satış idarəsinə Mehman Fərzullayevi müavin göndərir.

Moskvada çap olunacaq "Panorama Azerbaydjana" qəzetinin nəşri yubanırdı. Qəzet 4 dildə çıxmalı idi. Nə səfirlik, nə başqa təşkilatlar işi yoluna qoya bilirlər. SSRİ Mətbuat Komitəsinin ermənipərəst sədri qəzeti Podolskda erməninin direktor olduğu mətbəədə çap etməyə icazə vermişdi. Mehman Fərzullayev bu işin təşkili üçün Moskvaya ezam olunur. Hələlik yalnız rus dilində çıxacaq qəzet çapa hazırlanır. Mehman Fərzullayev qəzeti "Pravda" nəşriyyatında çap etdirməyi planlaşdırır. Son anda arvadı erməni olan baş mühəndis "Mən nə qədər burdayam, qəzet bizdə çap oluna bilməz!" deyir. Direktor müavini Əli Əli oğlu Novruzovla dost olduğundan ona müraciət edir. Əli Əli oğlu direktor Leontyevə məktubu imzalatdırmaqla iş düzəlir.

Qəzet üçün 26 ton kağızı Juravleva familiyalı xanım hədiyyə edir. Ertəsi gün - 1991-ci il yanvarın 10-da baş redaktor rəhmətlik Fərhad Ağamalıyevin doğum günü qəzetin ilk nömrəsi 80 qramlıq ofset kağızında 4 rəngdə çap olunur.

Qəzetin "Soyuzpeçat" vasitəsilə yayım məsələsində Bakıdan olan Mayılova soyadlı bir erməni qadın: "Nə qədər ki, mən burdayam..." Mehman Fərzullayev SSRİ Rabitə nazirinin birinci müavini ilə görüşür və bir saatda iş həllini tapır. 30 min tirajla çıxan qəzet dünyanın çox yerinə yayılır.

Qəzetin işilə bağlı il yarım Moskvada qalır. Qəzetin ingilis dilində abunəsini 3 minə çatdırır. Bakıya qayıtdıqdan sonra min əziyyətlə Bakıdan aldığı RAF maşını səfirliyin həyətindən oğurlanır və qəzet fəaliyyətini dayandırır.

Rusiya Azərbaycana kağız, alüminium lövhələri, PVA və digər materialların göndərilməsinə qadağa qoymuşdu.

Moskvaya gedir. Qarşısına hər zaman özü kimi xeyirxah adamlar çıxır. Həmyerlimiz olan bəstəkar, ilk Azərbaycan rekviyeminin müəllifi Arif Mirzəyevin SSRİ Dövlət Plan Komitəsində yüksək vəzifədə çalışan həyat yoldaşı Tamara Anatoliyevnanın bir zəngi, tapşırığıyla bütün qapılar üzünə açılır. Şəxsi təşəbbüsü və imzasıyla 4000 ton kağızı ölkəyə gətirir. Qısqananlar tapılır: "Bu qədər kağızı biz harda saxlayacağıq?" Kağızın tonu 130 dollardan 700 dollara qalxanda...

Rəşid Mahmudovdan Müdafiə Nazirliyi üçün hərbi nəşriyyat yaratmaq təklifi alır. Əlaqədar təşkilatlara müraciət edir. 11 nazirin və Bakı şəhər İcra hakiminin razılığı ilə təsdiqlənən sənədlər hazır olduqdan sonra Nazirlər Kabineti qərar çıxarır. Nəşriyyat işə başlayır. Həmin illərdə "Hərbi nəşriyyat" ən "bərkgedən" poliqrafik müəssisələrdən idi. Bizim "Söz" jurnalı da bir neçə il "Hərbi nəşriyyat"da işıq üzü görüb.

Mehman müəllim yaratdığı nəşriyyata 6 il yarım rəhbərlik edir. Bu müddətdə 550 adda nizamnamə, hərbi-texniki, məxfi, tam məxfi xidməti və hərbi vətənpərvərlik mövzusunda kitabın çapına nail olur.

Nəşriyyat 2 beynəlxalq sərgidə iştirak edərək mükafata layiq görülüb.

Mehman müəllim həmin dövrdə Həccə gedib, müqəddəs yerləri ziyarət edib.

Dörd il Ədliyyə Nazirliyində "Qanunçuluq" jurnalının böyük redaktoru olub. Ədliyyə tariximizlə bağlı araşdırmalar aparır, ədliyyə xadimlərimiz haqda məqalələri çap olunur.

Hacı Mehmanın yetmişində "70 hələ bir bahardır" yazmışdım. 75-də də o ovqatda gördüm.

Deyir, "Allaha çox şükür edirəm. Övladlarımdan razıyam. 4 övladım 9 nəvəm var. Hər namazda Vətənimizə, xalqımıza, Ali Baş Komandana, ordumuza, şəhidlərimizə, yaralı qazilərimizə, yaxşı adamlara, ailəmə dua edə-edə şükür edirəm".

Onlarla kitaba redaktor, tərtibçi, tərtibatçı, naşir olan, 50-dən çox kitaba "Ön söz" yazan, bir neçə kitab müəllifi olan Hacı Mehmanın indi ən çox oxuduğu müqəddəs "QURAN"dır. Quranın, bütövlükdə islamşünaslığın, eləcə də digər səmavi kitablardan sual versən, Hacının mükəmməl, izahlı cavabları hazırdır.

Hacı Mehmanın 75 illik ömür yolunun çox az məqamlarını gətirdim yazıya. Tarix boyu zəka, düşüncə, ağıllı başlar nadanlığın qurbanı olub, Allaha sığınan, Allah eşqi, həyat eşqi güclü olanlar həmişə qalib gəlib. Hacı Mehman nəcib, saf əməllərilə həmişə kara gəlir, yardımçı olur, xeyirxahlıq edir, insanları haqqa, doğru yola çəkir. Bu işlərin davamı üçün Allahından kömək diləyir.

Mən də Hacı Mehmanın arzularının gerçəkləşməsi və 80 illiyində yeni bir təbrik yazmaq arzusu ilə yazıma nöqtə qoyuram.

 

Sevda ƏLİBƏYLİ

"Söz" jurnalının baş redaktoru

525-ci qəzet .- 2023.- 20 sentyabr.- S.15.