Sərinlik səpən
ünvanın isti xatirələri
İndinin söhbəti deyil, 10 ildən də
bir az əvvəl baş verən hadisədir. Dərnəgül
səmtindəki bir mətbəəyə yolu
axtarırdım, orada kitabım çıxacaqdı,
soraqlaşa-soraqlaşa gedirdim və bir payız günü
idi. Oralar elə düzənlik kimi boşluq idi,
sağda-solda saralan tikanlıqlar, gendəki tək-tük
ağacın yarpaqları tökülmüş yalın
budaqları elə bil ki, bütün bu gördüklərimə
əlavə bir qüssə, darıxqanlıq qatırdı.
Gendəki suyu sovulmuş dəyirmana oxşayan nimdaş
binanın həzin görkəmi bu solğun mənzərəylə
çox oxşar idi. Bir zamanlar sevilmiş, əzizlənmiş,
indi tək qalıb kimsənin yadına düşməyən
adam necə olar, o bina da həmin təhər.
Bir vaxtlarsa həmin bina barmaqla göstərilərdi,
adı dillərdə əzbər idi, şöhrəti Azərbaycandan
çox uzaqlara da yayılmışdı. Haçansa bura Azərbaycanın
fəxr etdiyi bir məkan idi. Bura Heydər Əliyevin şah əsərlərindən
biri sayılmalı Bakı Məişət Kondisionerləri
Zavodu idi. O zavod ki, bir insan taleyinə oxşayan macəralı
ömür yolu varmış və yazan olsa, çəkən
tapılsa, həmin zavodun həyatı elə qurulu film kimidir.
İndi,
üstündən xeyli vaxt ötdükdən sonra
olub-bitmişləri hafizədə cərgəyə düzərkən,
ümumittifaq əhəmiyyətli bu zavodun məhz Azərbaycanda,
Bakıda tikilməsinə qərar verilməsinin, tikintinin
hansı ağlasığmaz sürətlə
aparılmasının, qarşıya çıxan maneələrin
birbaşa Kremllə, Sovet İttifaqının birinci şəxsi
ilə həll edilərək işlərin yoluna
qoyulmasının təfərrüatlarını
araşdıranda bir daha əmin olursan ki, bunun öhdəsindən
Heydər Əliyevdən başqa heç kəs gələ
bilməzdi.
Mübaliğəsiz! Olmuşları
bir-bir sadaladıqca özünüz şahid kəsiləcəksiniz
ki, məhz belədir və bu, hər çiyinin
daşıyacağı yük deyilmiş. Məhz Heydər
Əliyevin məqsədyönlü inadkarlığı,
sözükeçərliyi, sovet lideri Leonid Brejnevlə
qarşılıqlı hüsn-rəğbəti, nəhayət,
adilikdən uzaq təşkilatçılıq
gücü, təpəri və dəmir iradəsi səbəb
oldu ki, o vaxt belə mühüm layihə gerçəkləşdi.
Bakı Məişət Kondisionerləri Zavodu sovet dönəminin
vacib tikinti və sənaye uğurlarından biri idi. Zavod
ömrünü yaşadı, vaxt onu da qocaltdı, bu müəssisə
vəzifəsini ləyaqətlə yerinə yetirərək
getdi. Bu zavodun istehsal etdiyi sərinliksəpərlər -
kondisionerlər sovet istehsallı digər texnikalar kimi yekəpər
idi, səsli-küylü idi, amma həm də
dözümlü, etibarlı idi. Bugünəcən
Azərbaycanda da, vaxtilə keçmiş SSRİ-nin tərkibində
olub indi müstəqil yaşayan neçə respublikanın
şəhərlərində, kənd-kəsəyində də
Bakı istehsalı həmin köhnə və qocalmış,
ancaq xidmətini göstərməkdə davam edən
kondisionerlərdən qalanları var. Əlbəttə, sərhədlər açılandan, dünya dəyişməyə
başlayandan etibarən ölkəmizə ayaqları
açılan bir-birindən cazibəli, zərif, sərinlik
yayma gücü də çox, üstəlik, yalnız soyuq
deyil, istilik də verə bilən növ-növ kondisionerlərlə
bizim o köhnə sərinliksəpərlər heç
müqayisəyə gəlməz, daha müasir
texnologiyalar əsasında hazırlanmış bu təzələr,
təbii ki, üstündür. Ancaq XX əsrin son onillərində
bizim kondisionerlər insanların, idarə və müəssisələrin
həyatında əvəzsiz rol oynadı, yayın
qızmarlarında bağışladığı
rahatlığa görə bu gün də isti xatirələrlə
anılmaqdadır.
Sənə
yaxşılığı dəymiş köhnə dostları
unutmaq rəva deyil!
Azərbaycanın sənaye həyatında, Heydər Əliyevin dövlətçi tərcümeyi halında parlaq izi ilə qalan bu Əsərin taleyi əvvəldən-sonacan Azərbaycana həmişə xüsusi qayğıkeş münasibət bəsləmiş Leonid Brejnevin adı ilə birbaşa bağlıdır. Gərək bu xeyirxahlıq da yaddan çıxarılmaya. Ümumən SSRİ-də belə bir zavodun yaradılmasının təşəbbüskarı da, tarixi həqiqətə riayət naminə deyilməlidir ki, elə o özü imiş. Başqa istəkdə olanlar az deyilmişsə də, canfəşanlıq edənləri mağmın qoyaraq zavodun məhz Azərbaycanda yaradılmasının qəti hökmünü də o verib, zavodun müasir tələblərə uyğun qurulması üçün zamanına görə fantastik hesab edilən vəsaitin ehtiyac yaranarkən təcili olaraq ayrılmasını da hansısa uzun müzakirələrdən sonra deyil, şəxsi qərarı ilə təmin edən də məhz o olub.
...Əhvalat sanki bir təsadüfdən
başlayıb. 1972-ci ildə o vaxtlar SSRİ-də "ağ
qızıl" istehsalında birinci olan Özbəkistanda
pambıqçılıq üzrə ümumittifaq
müşavirəsi keçirilirmiş.
Pambıqçılıq respublikalarının
hamısının rəhbərlərinin
qatıldığı bu önəmli toplantıya Baş
katib Leonid Brejnev də gəlibmiş. Təbii
ki, dövlətin başçısı üçün hər
şəraiti olan iqamətgah ayrılmışdı, amma
Daşkənd də Daşkənd idi. İstilər yaz gəlcəyin
başlayar, elə digər, "günəşli" Orta
Asiya respublikalarında və Azərbaycanda olduğu kimi, burada
da yayda hərarət xeyli şiddətlənərdi.
İnsanlar sovetlər ölkəsinin əsas strateji məhsullardan
sayılan pambığı göydən od ələndiyi həmin
aylarda becərib toplayardılar. Və onların
arasında sovetin ən ali fəxri nişanı - Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülənlər az
deyildisə, bu, əlbəttə ki, qul əməyi qədər
çox ağır zəhmətə verilən haqlı dəyər
kimi qavranılmalıdır.
Hələ SSRİ-nin kondisionerlərsiz vaxtı idi. Yayın günəş
şaxıyan günlərində iş yerlərində, mənzillərdə
çarə pəncərələri taybatay açmağa
idi.
Leonid Brejnevin yerləşdirildiyi iqamətgahda kondisioner
olmağına varmış. Bəs SSRİ-də
kondisionerlərin istehsal edilmədiyi vaxtda bunu haradan
tapıblarmış? Ehtiyac adamı
tezdüşünən, yoltapan edir. Bakıdakı
kiçik aviasiya sənayesi zavodunda tez qızan müəyyən
texniki avadanlığı soyutmaq üçün istifadə
olunan detallardan yararlanmaqla məişətdə də tətbiq
olunması mümkün kondisionerlər bəsit üsullarla
düzəldilirmiş. Yəni bunların adı
kondisioner idi, onlar nə satışa
çıxarılırdı, nə respublikadan kənara
göndərilirdi, amma hər halda kara gəlirdi.
Yay günlərində əldən tuta bilən bu cür
qurğuların Bakıda olmasından xəbər alınca barı ən hörmətli qonaqların yerləşdirildiyi
iqamətgahı yayın qızmarında azacıq da olsa sərinlətməkçün
belə əldəqayırma kondisionerlərdən birini nə
təhərsə tapıb aparıblarmış Daşkəndə.
Müşavirənin keçirildiyi günlərdə
Daşkənddə dözülməz isti varmış, bərk
bürküymüş. Hava limanından
iqamətgaha gətirilən Brejnev bir neçə saat dincələndən
sonra müşavirəyə yollanacaqmış. İşin tərsliyindən (bəlkə də
avandından) iqamətgahda kondisioneri işə salır.
Və az
sonra müşavirəyə gəlib rəsmi
yığıncağın başlanmasından əvvəl
respublika rəhbərləri ilə söhbətləşən
Brejnev sözarası gülə-gülə Özbəkistanın
rəhbəri Şərəf Rəşidova sataşır ki,
bu nə qonaq qarşılamaqdır, otağımdakı
kondisioneri qoşdum ki, bir az sərin vursun, əksinə,
istilik gəldi. Şərəf Rəşidov da
Heydər Əliyevi göstərərək zarafatla
qayıdır ki, bizlik deyil, onluqdur, bunu Azərbaycan düzəldib.
Sonralar Heydər Əliyev onunçün xüsusilə əziz
olan Bakı Məişət Kondisionerləri Zavodu hekayətini
hər dəfə şövqlə nağıl elədikcə
bu əhvalatı da yada salar, deyərdi ki, mən dərhal
irada cavab verdim. Söylədim ki, biz kondisioner istehsal eləmirik, öz
daxili ehtiyaclarımız üçün tək-tək
düzəldirlər, o da respublikadan kənara verilmir,
çünki gərək bunların üstündə daimi nəzarət
ola, lazım gələndə əl gəzdirilə,
bu, necə olub ki, buralara gəlib çıxıb, bilmirəm.
Ancaq əsl
dövlət düşüncəli Leonid Brejnev zarafatı
ciddiyə çevirir ki, axı niyə də bizdə məişət
kondisionerlərinin istehsalı olmasın, bu qədər isti
iqlimli respublikamız var, gərək Moskvaya qayıdandan sonra
SSRİ-də ayrıca məişət kondisionerləri
zavodunun tikilməsi məsələsinə baxım.
O belə
deyəndə Heydər Əliyev sözü göydə tutur
ki, gözəl fikirdir, Leonid İliç, ancaq mən də təklif
edirəm bu zavodun inşasını Azərbaycana
tapşırasınız, ən qısa vaxtda tikib təhvil
verərik.
Xoş ovqatla, deyə-gülə keçən bu bir
neçə dəqiqəlik söhbət elə qəfilcə,
təsadüfən başladığı kimi, müşavirə
başlanınca sanki yaddan çıxır. Amma görünür, həmin
məram Leonid Brejnevdə çoxdan varmış, Daşkənddə,
iqamətgahdakı kondisioner qəziyyəsi təkana
çevrilərək fikrini bir az da cəmləyibmiş ki,
çox kecmədən Siyasi Büroda məsələni qoyur,
ölkə əhalisinin ehtiyaclarını ödəyə biləcək
məişət kondisionerləri zavodunun tikilməsi qət
edilir.
Siyasi
Büronun həmin iclasından çox illər ötəndən
sonra, 1995-ci il dekabrın 25-də Bakı Məişət
Kondisionerləri Zavodunun 20 illik təntənələrində
iştirak edərkən Heydər Əliyev hamının bayram
içərisində olduğu dəqiqələrdə bu
günün təməlinin necə çətinliklə
qoyulmasını xatırlayırdı: "1960-cı illərin
sonunda, 1970-ci illərin əvvəllərində mən
müasir tipli maşınqayırma zavodlarının
yaradılması haqqında məsələlər irəliyə
sürərkən - bu məsələlərsə o vaxtlar Moskvada,
Sovet İttifaqının rəhbərliyində həll
olunurdu - Azərbaycana inam olmadığını
müşahidə edirdim. Təkliflərimi qiymətləndirirdilər,
mənə çox hörmətli münasibət göstərirdilər,
ancaq daim sübut etmək istəyirdilər ki, sizin
respublikanın kadrları, mütəxəssisləri bu
cür müəssisələrdən istifadə etməyə
hazır deyillər, çünki keçən illərdə
belə təşəbbüslər olub, ancaq bu cür
zavodların tikilməsi, başa çatdırılması
çox gecikdirilib, yaxud da ki, səviyyəsiz olub. Ona görə
də Sovetlər İttifaqının mərkəzi
planlaşdırma orqanlarında, yüksək səviyyələrdə
Azərbaycan haqqında, respublikamızın kadrları,
elmi-texniki səviyyəsi barədə belə fikir var idi ki,
biz geridə qalmış millətik, geridə qalmış
respublikayıq və belə müəssisələrin
yaradılıb istifadə olunması səviyyəsinə gəlib
çatmaq üçün bizə hələ çox vaxt
lazımdır. Mənim qarşımda çox
ağır və çətin vəzifə dururdu. Mən bir tərəfdən sübut etməliydim ki,
Azərbaycan xalqı yüksək səviyyəyə
qalxmış bir xalqdır. Azərbaycanın
kadrları, mütəxəssisləri, mühəndisləri
müasir səviyyədədirlər və bizə inanmaq
lazımdır. İkinci tərəfdən,
mən bu bəyanatlarımı həyata keçirməliydim.
Nəhayət, mənə və mənim sözlərimə
olan inam Azərbaycanda bu tipli müəssisələrin
yaranması üçün yol açdı. Biz bunu birinci
növbədə Bakı Məişət Kondisionerləri
Zavodunun tikilib başa çatdırılması ilə
sübut etdik. Biz bu zavodu 2 il müddətində
yaratdıq və bunu bütün dünyaya bildirdik. Mən 1975-ci ilin dekabrında Moskvaya, bütün
dünyaya bəyan etdim ki, Azərbaycan xalqı nəyə
qadirdir və necə böyük imkanları var".
Qazanılmış uğur 20 yaşına çatanda
bunları ürək dolusu, fərəhlə deyə bilməkçünsə
gərək gərgin mübarizəli, iş-güclə dolu
illəri yaşamış olaydın. Və belə bir yol da
keçilmişdi...
Siyasi Büro 1972-ci ildə İttifaq əhəmiyyətli
məişət kondisionerləri zavodunun tikintisinə
başlamaqçün qərar qəbul etmiş, bu
tapşırığın icrası SSRİ Elektrotexnika Sənayesi
Nazirliyinə həvalə olunmuşdu.
Dövlətin rəhbəri Siyasi Büroda məsələ
müzakirə edilərkən dilə gətirmişdi ki, Azərbaycan
bu zavodu tikmək təşəbbüsünü öhdəsinə
götürür. Amma bununla belə, aşağı qatda
olan Kreml məmurları və işin icrasının
tapşırıldığı nazirlik zavodun Azərbaycanda
deyil, Zaporojyedə tikilməsi üçün tədarükə
başlamışdılar.
Heydər Əliyev 1975-ci ilin 25 dekabrında Bakı Məişət
Kondisionerləri Zavodunun açılış lentini
SSRİ-nin elektrotexnika sənayesi naziri Aleksey Antonovla birgə
kəsəcək. 3 il əvvəlsə vəziyyət
tamam başqa idi.
Heydər
Əliyev illər sonra belə yada salırdı:
"Eşitdim ki, Sovetlər İttifaqının Elektrotexnika
Sənayesi Nazirliyi, bizim hörmətli dostumuz Aleksey Antonov qərar
çıxarıb ki, bu zavod Bakıda yox, Ukraynanın
Zaporojye şəhərində tikilsin. Bunu biləndə
dəhşətə gəldim. Mən
xeyli vaxt idi mübarizə aparıram, bu zavodun tikilməsi
haqqında qərarlar çıxartdırmışam, indi isə
bu zavodu Ukraynada tikmək istəyirlər. Mən
onunla mübahisəyə girdim ki, siz bunu nə
üçün edirsiniz? Yenə həmin sözləri
eşitdim: "Siz bunu bacarmazsınız. Elektrotexnika
Sənayesi Nazirliyinin Azərbaycanda bir-iki zavodu var və onlar
yaxşı işləmir. Ona görə
bu zavod da o günə düşəcək". Dedim
ki, yox, düz demirsiniz. Sonra o dedi ki, Zaporojyedə buna bənzər
bir zavodumuz var, bunu onun yanında tikəcəyik və onu
istismar etmək də asan olacaqdır. Dedim,
doğru demirsiniz. Mübahisəmiz nəticə
vermədi, mən yenə də Nazirlər Sovetinin sədri
Kosıginin və Sovetlər İttifaqının rəhbəri
Brejnevin yanına getməli oldum. Bu zavodun
Zaporojyedə tikilməsi haqqında artıq qərar qəbul
edilmişdi. Brejnevin göstərişi ilə
həmin qərar ləğv edildi və yeni qərar qəbul
olundu ki, bu zavod yalnız Azərbaycanda, Bakıda tikilsin.
Siz bunları bilməlisiniz, bunlar tarixdir".
Həqiqətən tarixdir və şərəfli
tarixdir. Bu, mühafizəkar sovet dövlətinin
oçağkı idarəçiliyini göz önünə
gətirərkən ölünü diriltməyə bənzər
bir hadisədir.
Sovet
lideri ilə ikilikdə söhbətlərinin bu məqamı
da Heydər Əliyevin yaddaşına həmişəlik həkk
olunmuşdu: "O vaxt rəhmətlik Brejnev məndən soruşdu
ki, vaxt keçib, ancaq lazımdır ki, bu zavodun tikintisi
1975-ci ildə başa çatdırılsın, siz bunu təmin
edə biləcəksinizmi? Mən ona dedim ki, Sovetlər
İttifaqının heç bir yerində bu zavodu 1975-ci ildə
tikib təhvil verə bilməyəcəklər. Ancaq biz verəcəyik və mən buna söz verirəm".
...Hətta
Baş katib səviyyəsində müsbət rəy olanda belə
bizəxeyir məsələlərin həllinin Kremldə
büsbütün başqa səmtə yönəldilə
bilməsinin adi hal olduğu şəraitdə Heydər
Əliyevin istər kondisioner zavodu ilə bağlı, istərsə
də digər məsələlərlə əlaqədar əl
altından, səsə salmadan görülən işlərdən
daim xəbər tutaraq qabaqlayıcı addımlar
atmağı bacarması çox layihələrimizi, o
sıradan elə bu zavodu da bizimçün xilas etmişdi. Bu cür öncədən duyuq düşmənin
ardında isə Heydər Əliyevin incə tədbirliliyi
dayanır. O, dövlət təhlükəsizliyi şəbəkəsindəki
köhnə işindən mənimsədiyi vərdişlə
Kremldə də, ayrı-ayrı nazirliklərdə də
"öz adamlarımızın" olmasını təmin
edə bilmişdi və məqamı yetdikcə həmin
xeyirxahlarımız lazımi xəbərləri anındaca
Bakıya ötürürdülər.
Kondisioner
zavodunun bizə deyil, Zaporojyeyə yönəldilməsi hərəkətlənmələrindən
xəbər tutunca Heydər Əliyev Moskvaya uçur, əvvəlcə
Nazirlər Sovetində işi yoluna qoymağa cəhd edir, ancaq
birmənalı "Bu iş sizinçün çətin
olar, yarıtmazsınız" cavabını alınca burada
inadın əbəs olduğunu, sözün keçməyəcəyini
anlayır, üz tutur Brejnevə, onu mətləbdən hali
edir. İzah edir ki, Baş katibin iradəsinə
məhəl qoymadan belə hərəkətlər edirlər,
artıq layihələndirməni də başlamağa
hazırlaşırlar.
Brejnevin telefon zəngi bu mərhələdə, elə
ilk addımdanca yaranmış təhlükəni aradan
qaldırır. O, bütün başqa səbəblərdən əlavə,
gələcəkdə bu zavodda istehsal ediləcək
kondisionerlərin ən əvvəl Sovet İttifaqının
daha isti bölgələrinə yönəldiləcəyini,
buna görə də Azərbaycandan həmin respublikalara
daşınma və çatdırılma xərclərinin də
xeyli az olacağını əsas gətirir.
Heydər Əliyev bu işə də və
bütövlükdə həmin dövrdə gerçəkləşdirdiyi
oxşar təşəbbüslərinin heç birinə
yalnız istehsalat hadisəsi kimi yanaşmır, ilk növbədə
milli nüfuz, xalqın və respublikanın şərəfi,
İttifaq müstəvisində daha aparıcı, seçkin
mövqelərə çıxmaq məsələsi kimi
yanaşırdı. Sübutu yenə onun illər sonra söylədiyi bu
sözlərdən çıxan nəticədir: "O vaxt təkcə
Sovetlər İttifaqında yox, bütün Yaxın Şərqdə,
yəni bizi əhatə edən başqa ölkələrin
heç birində bu cür məhsul, cihaz istehsal edən zavod
yox idi".
Demək,
Azərbaycan birinci olacaq, digər yaxın ölkələrin
və sovet respublikalarının da ehtiyac duyduğu kondisionerlər
oralara da bizdən gedəcək və bununla da Azərbaycanın
boyu bir az da uca görünəcək.
Hədəf
- bütün istiqamətlərdə Azərbaycanı
qaldırmaq!
1972-ci il oktyabr ayının 13-ü, Azərbaycan KP
MK-nın Büro iclası gedir. Bakıda məişət
kondisionerləri zavodunun tikilməsi haqqında qərar,
iş planı bu gün təsdiq ediləcək,
başlıca vəzifələr müəyyənləşdiriləcək.
İlk geniş müzakirə keçirilir.
Tikinti məsələləri ilə bu və ya
digər dərəcədə bağlı olan nazirliklərin
hamısının rəhbərliyi buradadır. Moskvadan
da qonaqlar var. Amma bu yığıncağa təhsil naziri də,
Texniki Peşə Təhsili Komitəsinin sədri də, Elmlər
Akademiyasının vitse-prezidenti də, Dövlət
Kinematoqrafiya Komitəsinin sədri də, Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin sədri də,
mədəniyyət naziri də
çağırılıblar. Zahirən
bunların bu işə nə dəxli sualı doğur.
Xeyr, heç bir dəvət səbəbsiz, təsadüfi
deyildi. Gələnlərin hər birinə
aid bu toplantıdan çatacaq söz,
tapşırılası vəzifə vardı.
Çevrənin
belə gen götürülməsinin özü
açıqca söyləyir ki, respublika rəhbərliyi bu
tikintiyə sadəcə zavod inşası kimi deyil,
ümummilli bir layihə kimi baxır və mahiyyətcə də
məhz elə belə idi.
İldə 400 min kondisioner buraxması nəzərdə
tutulan tayı olmayan bu zavod 2 ilə tikilib istifadəyə
verilməlidir.
Hələ nə belə tikintinin təcrübəsi
var, nə bu işi belə ifrat qısa zamanda görə biləcək
qədər mütəxəssis. Ortada olan
əzmdir, istəkdir və əslində bu layihə
respublikaya yenicə rəhbərliyə başlayan Heydər
Əliyevin böyük riskidir. Axı bu
işin nə şəkildə yerinə yetiriləcəyi tək
ondan asılı məsələ deyil, buradakı
qarşıya çıxa biləcək onlarca bürokratik
barıdan savayı, inşaatı yerinə yetirəsi yüzlərlə
insanın nə qədər məsuliyyətli, nə qədər
qabil olacağı amili də qaçılmazdır.
"Bizdə elektrotexnika sənayesi üzrə 17 zavod
var. Onlardan hər biri öz vəzifəsini yerinə yetirir. Amma ümumi
istehsal həcminə görə onların hamısı bu bircə
zavod qədər olmayacaq. Hələ mən
texniki səviyyəni və digər göstəriciləri bir
kənara qoyuram. Biz inanaraq ki, bütün
respublikamız, layihə təşkilatlarımız,
tikinti-quraşdırma müəssisələrimiz 2 il ərzində
belə bir zavodu istifadəyə buraxa bilər, həmin yəqinliklə,
həmin inamla da insanlarımıza cəsarətlə müraciət
etmişik, istədiyimizə də nail olmuşuq. Bu zavodun Azərbaycanda tikilməsi haqqındakı qərar
zavodun vəd edilən vaxtda inşa edilərək istifadəyə
verilməsi niyyətinin bünövrəsindəki ilk təməl
daşı kimi qəbul edilməlidir. Hesab
da edirəm ki, bu işi vaxtında yerinə yetirməyə
imkanımız vardır. Həm də
burada söhbət bircə gün belə ləngiməməkdən
gedir. Biz hansısa işi, - bu, layihələndirmə
olsun, ya digər məsələ, - beşcə gün
gecikdirsək, bu, bütövlükdə işimizi çətinləşdirəcək.
Elə dəqiq, operativ iş aparmalıyıq ki, heç bir
sahədə heç bir yubanmamız olmasın. Və bəri
başdan elan edirəm ki, Sərdarov kimi ovqatda olan
yoldaşlara biz heç bir iş tapşırmayacağıq.
Belə nəcib işi lap başlanğıcdan
belə süngüylə qarşılamaq və bu cür
çıxış etmək - bu, siyasi kallıqdır.
Bizsə siyasi cəhətdən yetkin olmayan
insanlara tapşırıqlar verməyəcəyik!"
Məhz
belə! Bu boyda işə bu müddətdə əncam
çəkməyin tək yolu elə bu cür hərbi
intizamdır. Başlanğıcda bunları bir nəfərə
deməklə bütün iştirakçılara dərs
verir ki, hansı iş rejimində çalışacağıq.
...Bu
sınaqdan zavod mütləq üzüağ
çıxmalı idi. Bu, Heydər Əliyevin də,
Azərbaycan xalqının da nüfuzu məsələsi idi.
2 il sonra gedişat kimin haqlı
olacağını göstərəcəkdi. İmkan vermək
olardımı ki, kimlərsə rişxəndlə "Biz
demirdikmi Azərbaycanın bu işin öhdəsindən gələcək
heyi yoxdur" desin?"
...Əməyin romantikasını nümayiş etdirən
köhnə sovet filmlərinin kadrlarını gətirin
göz önünə. Elə əsl o cür zərbəçi
tikinti sahəsi idi. Zavodun salınması
üçün ayrılmış yerdə saat
anlayışı yox idi, iş gecə-gündüz
gedirdi. Siyahılara baxıram. Tikintiylə
əlaqədar nazirliklərin hər biri ayrı-ayrı
inşaat birliklərindən müəyyən edilmiş say
üzrə ən püxtə mütəxəssisləri bura
ezam ediblər. Mərkəzi Komitənin Büro
iclaslarında, Nazirlər Sovetində Heydər Əliyevin
birbaşa göstərişi ilə mütəmadi diqqətdə
olan daha bir mövzu zavodu tikib-quran işçilərin məişət
qayğılarına həssas münasibətdir. Onlarçün yaxşı təminatlı yeməkxana,
həkim məntəqəsi, yataqxana təşkil edilib,
xüsusi imtiyazlı müəssisələrdən gəlmişlərin
məvaciblərində hər hansı itkinin olmamasına qədər
zahirən xırda görünə biləcək məsələlərə
də MK Bürosu səviyyəsində baxılır,
danışıqsız həll edilir.
Fəqət
Moskvadan gələn növbəti bəd xəbər yenə
qan qaraldır, ümidsizlik oyadır və belə
coşqunluqla davam etdiyi halda işin nəinki ləngiməsi,
yaxud boyun olunan vaxtda yerinə yetirilməməsi
hürküsü yaranır, daha artıq, ümumiyyətlə
zavod xülyasından əl çəkmək ehtimalı
meydana çıxır: xaricdən alınası
avadanlıqlarçün dövlətin planla nəzərdə
tutduğu vəsaitdən 20-30 faiz deyil, 5 qat artıq valyuta tələb
olunurdu.
Moskvadan zavodun tikintisinə bilavasitə cavabdeh
Elektrotexnika Sənayesi Nazirliyi də, SSRİ Nazirlər Soveti
də "Mümkün deyil, nə qədər vəsait
ayrılıb, odur" cavabı ilə bədbinliyi daha da
qatılaşdırırlar. Nicat yeri yenə şəxsi
qərarı ilə bu çarpaz düyünü
çözə biləcək yeganə şəxsə idi.
Rəqəm fərqi isə elə idi ki, müsbət həll
ümidi ilə hətta ona müraciət etmək belə
ağlabatmaz görünürdü: rəsmən ayrılan məbləğ
25 milyon, əlavə tələb olunansa nə az,
nə çox - daha 100 milyon dollar.
"Avadanlıq alınması üçün xarici
ölkələrin firmaları ilə danışıqlar
aparılırdı. O vaxt Amerikanın, Almaniyanın, İtaliyanın,
Yaponiyanın şirkətləri ilə danışıqlar
gedirdi. Biri 150 milyon dollar, biri 140 milyon dollar, biri
130 milyon dollar istəmişdi. Amma qəbul
edilən qərarda cəmi 25 milyon dollar vəsait
ayrılmışdı. Mənə dedilər ki,
bilirsiniz, 25 milyon dollar ayrılıb, amma bunu 120 milyon dollardan
aşağı qiymətə almaq olmaz, ona görə də
bu zavodu tikmək mümkün deyil. Dedim ki, gedin, sübut edin,
ölkənin rəhbərlərinə deyin ki, bu həcmdə
valyuta çatmır, 120 milyon dollar lazımdır. Dedilər
ki, biz bunu edə
bilmərik. Çünki qəbul edilmiş qərarı
dəyişdirmək olmaz. Bu vəzifə
yenə də mənim üzərimə düşdü.
Mən bunun üçün Moskvaya, rəhmətlik
Brejnevin yanına getdim. Ona dedim ki, sizin göstərişiniz
yerinə yetirilmir. Təəccüb etdi ki, nə
üçün? Dedim, qərar
çıxardınız, göstəriş verdiniz, amma yerinə
yetirmirlər. Səbəb də budur ki, 25 milyon
dollar ayırmısınız, mənə deyirlər, daha 100
milyon dollar lazımdır. Məndə isə
bir dollar da yoxdur, bunu siz verməlisiniz, ona görə də qərarı
dəyişməlisiniz.
Onun göstərişi ilə bir günün içərisində,
1973-cü ildə bu avadanlığı Yaponiyadan
"Toşiba" firmasından almaq üçün valyuta
ayrıldı.
Bundan sonra işlər hərəkətə gəldi".
...O vaxt -
Heydər Əliyevin xoşbəxtlərin xoşbəxti
olduğu 1975-ci ilin 25 dekabrında zavodun
açılış mərasiminə Tokiodan
"Toşiba"nın prezidenti Doko
Tosionun rəhbərlik etdiyi böyük nümayəndə
heyəti də gəlmişdi. Təqvimin dövranı elə
gətirmişdi ki, Bakı Məişət Kondisionerləri
Zavodunun açılışı ilində həm də
1875-ci il iyulun 1-də təsis edilmiş
"Toşiba"nın 100 yaşı tamam olurdu.
Cənab
Doko bu zavodun cəmi-cümlətanı 2 ilə tikildiyini
öyrənəndə heyrətlənmişdi ki, şirkətimizin
bir əsrlik varlığı ərzində dünyanın bir
çox ölkələrində böyük zavodlar
tikmişik, lakin birinci dəfədir ki, belə son dərəcə
qısa müddətdə belə irilikdə və bu gücdə
olan zavodun inşa edildiyini görürəm.
...1974-cü
il yanvarın 7-sidir. Sabah Mərkəzi
Komitənin Büro iclası keçiriləcək və orada
müzakirəyə çıxarılacaq əsas məsələlərdən
biri tikilməkdə olan kondisioner zavodu ilə
bağlıdır. Ancaq Heydər Əliyev
bürodan bir gün öncə də həmin məsələ
ilə bağlı müşavirə təyin edib. Ancaq bundan əvvəl, ötən həftənin
şənbə günü də indi Heydər Əliyevin
topladığı şəxslər Nazirlər Sovetində
yığışıblarmış. Yəni
eyni məsələyə bu minvalla üç dəfə
baxılır. Ehtiyac vardımı buna?
Onsuz da həmin dövrə aid büroların, müşavirələrin,
görüşlərin arxivdəki izlərini
araşdırdıqca görürəm ki, iş başdan
aşır, hər gün Birinci katibin gündəliyində
bir yox, bir neçə günə sığacaq qədər
tədbirlər var, ancaq bu yandan da eyni məsələni, sanki
cavabları tam aydın olan sualları üç dəfə
dalbadal müzakirəyə çıxarır.
İliyinə qədər işləmiş cavabdehlik,
sözünə sadiqlik hissinin diktəsidir bunu etdirən. Belə olmasaydı və
belə etməsəydi, o qədər böyük işləri
bunca inanılmaz müddətlərdə də yerinə yetirə
bilməzdi: "Şənbə günü indi burada olan
bütün yoldaşlar Mərkəzi Komitənin sənaye
üzrə katibi Həsən Seyidovun yanında
yığışaraq sabah büronun müzakirəsinə
çıxarılacaq layihəni müfəssəl şəkildə
müzakirə ediblər. Mənə dedilər
ki, bütün irad və qeydlərə baxılıb,
bütün fikir ayrılıqları nəzərə
alınıb, hər şey cilalanıb, nizamlanıb, başqa
əlavə qeydlər də yoxdur. Sanki bu gün sizi
narahat etməmək və sabah büroda bu
sənədi hətta sizin iştirakınız olmadan qəbul
etmək mümkün idi. Ancaq məsələnin
mühümlüyünü nəzərə alaraq biz qərara
aldıq ki, sabah büroya çıxaracağımız layihənin
sizinlə tam razılaşdırıldığına əminlik
hasil etməkçün bir də görüşək,
ikincisi də, sizə MK Bürosu adından bir daha bu işin
vacibliyi və mənası haqqında mövqeyimizi bildirək".
Zavodun
tikintisi ilə bağlı cari problemlərdən
danışa-danışa sabahın da qeydinə qalır və
sabah da uzaqda deyil. Zavod tikilib qurtaracaq,
istehsal başlanacaq və zavod inşaatçılardan,
quraşdırıcılardan artıq bilavasitə burada daimi
çalışacaq insanların ixtiyarına keçəcək:
"Bizim qarşımızda zavodu işlədəcək
kadrların hazırlanması kimi mühüm vəzifə
dayanır. Bu məsələ ilə gündəlik
məşğul olmaq lazımdır. Zavodu
istehsalata buraxana kimi bizim tələb olunan miqdarda mühəndis-texniki
heyətimiz, ixtisaslı fəhlələrimiz, zavodun tam
gücü ilə işləməsindən ötrü
bütün istiqamətlər üzrə fəhlələrimiz
olmalıdır. İstehsalın həcminin
artacağı 1977-ci ildə tələb olunan qədər həm
sayca, həm keyfiyyətcə yüksək kadr ehtiyatına biz
artıq 1975-ci ildə sahib olmalıyıq. Bu, mürəkkəb, ağır vəzifədir.
Yəqin ki, həmin kadrların bir hissəsini
biz mövcud müəssisələrimizdən bura cəlb edəcəyik.
Amma başqa imkanlardan da yararlanmalıyıq, yüksəkixtisaslı
kadrların hazırlanması üçün ciddi iş
aparılmalıdır. Bu, bizim ikinci
imtahanımız olacaq. Bunu ona görə
deyirəm ki, respublikamız bu baxımdan bir-iki dəfə
axsayıb, ayrı-ayrı İttifaq nazirliklərində bizim
böyük, müasir müəssisələri işlədə
bilməyimizlə əlaqədar inamsızlıq vardır.
Məsələn, Sumqayıtdakı kompressorlar
zavodu. O da Yaponiya avadanlığı əsasında
quraşdırılıb, ancaq artıq görün neçə
ildir ki, biz nəinki tam güclə işləyə bilirik,
heç imkanlardan əlli faiz də istifadə edə bilmirik.
Nazirlər Sovetinin sədri Əli İbrahimov xatırlayar, biz
SSRİ Nazirlər Sovetində, Novikovun yanında olanda o, xəbər
aldı ki, siz Sumqayıtdakı yeni zavodu necə işlədəcəksiniz,
iş ondadır ki, o cür kompressor zavodlarından daha ikisi
Krasnoyarsk və Litvada inşa edilib, hər iki zavod artıq tam
həcmdə işləyir, Azərbaycandakı zavodsa yox.
Bu sözün müqabilində nəsə demək
çətin idi. Bu, haqlı irad idi, bu haqda hamınıza
da açıq deyirəm. Mən orada
söylədim ki, biz belə halın təkrarlanmasına bir
daha yol verməyəcəyik. Biz elə edəcəyik
ki, kondisioner zavodu elə əvvəldən sabit, ahəngdar
işləsin və tezliklə tam gücü ilə istehsalata
keçsin.
Xahiş edirəm bütün məsələlərə
ciddi yanaşasınız. Kadr
hazırlığı işi kiməsə böyük
görünməyə bilər. Ancaq bu
işin öz meyarları var. Hər ay üçün kadr
hazırlığı üzrə aydın, dəqiq plan tərtib
edilməlidir. Bilməliyik ki, hər ay nə
qədər kadrımız olacaq, Yaponiyada neçə kadr,
başqa respublikalarda, vilayətlərdə neçə kadr təcrübə
keçəcək - bütün bunlar kompleks halında
işlənməlidir. Əgər biz
1975-ci ildə bütün tikinti-quraşdırma işlərini
başa çatdıraraq zavodu hazır vəziyyətə gətirsək,
kadrlar isə olmasa, bu o deməkdir ki, işi zavala
uğratmışıq".
Xətt həmin xətt, üslub Heydər Əliyevə
ömrü boyu xas olan həmin üslubdur. Yenə məsələlərə
bir sabah qurucusu, memar kimi yanaşır. Yenə
sabahkı irəliləyişlərin rəhnini qabiliyyətli
insanlarda görür...
...1975-ci
ilin 24 dekabrında bu təbrik məktubu əvvəlcə
Ümumittifaq televiziyasının "Vremya" proqramında
oxunacaq, sabahı günsə həm o mətni SSRİ-nin bir
nömrəli qəzeti "Pravda" dərc edəcək, həm
də Azərbaycan qəzetləri təbrikə ilk səhifələrində
ən başda yer ayıracaq. Məktubun altında Baş
katibin imzası idi: "Bakı Məişət Kondisionerləri
Zavodunun inşaatçılarına,
quraşdırıcılarına, istismar işçilərinə,
layihəçilərinə, tikintinin bütün
iştirakçılarına.
Ölkədə məişət kondisionerləri
istehsal edən ən iri zavodun buraxılış kompleksinin
başa çatdırılması münasibətilə sizi səmimi
qəlbdən təbrik edirəm".
Bu sözləri mən indi oxuyuram, riqqətə gəlirəm. SSRİ böyük, əzəmətli
dövlət idi, dünyanın iki supergücündən biri
idi və bütün İttifaqa, dünyaya onun Birinci Şəxsinin
dili ilə car çəkilirdi ki, bu ölkənin əhalisi
üçün yeni məişət texnikasının
irimiqyaslı istehsalının mərkəzi indi Azərbaycandır!
Azərbaycanın adı orta əsrlərdə
yazıb-yaratmış klassik şairinin, kənd təsərrüfatındakı,
ya xalçaçılıqdakı nailiyyəti ilə deyil,
yeni texnika istehsalındakı hünəri ilə
vurğulanırdı.
1975-ci il dekabrın 25-i. Bu tarixi yadda saxlayın. Həmin gün Sovet İttifaqında Azərbaycanın
bir respublika və xalq olaraq çəki dərəcəsinin
dəyişən günü idi.
Bu, bir
dönüş nöqtəsi idi və həmin hünərin
əsas müəllifi Heydər Əliyev idi.
Tarixin istənilən dönəmində Azərbaycanın böyüklüyünü aləmə göstərməyə müvəffəq olmuş hər kəs qarşısında mən özümü borclu sayıram və belə insanlara qaibanə də olsa, daimi minnətdarlığım var!
Bu, Bakı Məişət Kondisionerləri
Zavodunun hələ olmadığı vaxtları, gələcək
zavod üçün ayrılan sahəyə baxmağa gəlmiş
anları yada salan Heydər Əliyevin artıq zavodun 20
yaşına dolduğu günlərdən gələn səsidir:
"Bu yer mənim yadımdadır. Mən ilk dəfə bura
gələndə bu yerlər çöllük-biyabanlıq
idi. Bura boş bir yer idi. Bu zavodda işləyənlər
bilirlər ki, burada yerin üstündə nə qədər
cihazlar varsa, altında da bir o qədər cihazlar yerləşdirilib.
Bunların hamısını mən inşaat vaxtı
görmüşəm. Mən bunların hamısını
müşahidə etmişəm. Ona görə də bu, bizim
üçün böyük sərvətdir".
...O zavodu vaxtın ehtiyacı yaratmışdı və işlədiyi onillər boyunca zavod ona çəkilən zəhmətin də, sərf edilən vəsaitin də qat-qat artığını ödədi, insanlara faydasını verdi. Başqalaşan zaman onun da taleyini dəyişdi. Günlərin birində o da "təqaüdə" çıxası oldu, keçdi ayrı əllərə, yerin altındakı cihazlarını da, yerin üstündəki qurğularını da işbazlar xırıd elədilər, metal qırıntısı kimi bir vaxtlar işğal altındakı ərazilərimizi ermənilərin icarəyə verdikləri müştərilərə satıb sərvətləndilər.
Bizə qalan sərvətsə, o zavodun mübarizəli yaranış tarixcəsi, 20 ildən artıq müddətdə insanlara göstərdiyi xidmət haqqında yada düşdükcə köks qabardan isti xatirələr, bir də böyük Heydər Əliyevin bu Əsərini araya-ərsəyə gətirərkən Azərbaycanı daha artıq tanıtmaq və yüksəltmək yolunda fədakar çalışmalarının hekayəti oldu.
17 sentyabr 2023
Rafael HÜSEYNOV,
akademik
525-ci qəzet 2023.- 20 sentyabr.- S.10.